Məhkəmə qərarları › İş №2-1(112)-4941/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4941/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4941/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1972-ci ildə anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra ali təhsilini gecə növbəsi ilə oxumuşdur. Gecə ali təhsilini donduraraq 1990-cı ildən 1992-ci ilə qədər hərbi xidmətə getmişdir. Hərbi xidməti bitirdikdən sonra ali təhsilini gecə növbəsi ilə bitirmişdir. Bundan əlavə 1993-1995-ci il tarixində Daxili işlər orqanlarında xidmət edərkən xx.xx.1994-cü il tarixində Fizuli rayonunda 10(on) gün müddətində ezam olunmuşdur. X2 Obyektlərinin mühafizəsi üzrə Polis Alayının xx.xx.1994-cü il tarixli 111 ş/h nömrəli əmri ilə ezam olunmuşdur. İİİ qrup əlildir. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayə xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada ödəyirlər. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, ailə üzvləri ilə birlikdə qohumunun evində müvəqqəti yaşayırlar. Qeyd etmək istəyir ki, Bakı şəhəri Xətai rayon İcra hakimiyyətinin başçısının 07 noyabr 2023-cü il tarixli, № 5-11/2-11-169-068/2023 nömrəli imtinasında bildirilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində mənzil tikintisi aparalımadığmdan və sərəncalarında boş mənzil fondu olmadığından mənzil məsələsinin həllinə köməklik göstərilməsi mümkün deyildir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Sərəncama əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 5-11/2-22/2024 nömrəli məktubla bildirilmişdir ki, iddiaçının tələbi ilə razı deyillər. Belə ki, İddiaçı iddia ərizəsində mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş edir. İddiaçı müxtəlif dövlət qurumlarına müraciət edərək, mənzillə təmin olunmasına müvafiq köməklik göstərilməsini xahiş etmiş, lakin, güzəştli mənzil növbəsinə götürülməsi barədə istər ərizəsi, istərsə də, hüquqi sənədləri araşdırılması üçün rayon İcra Hakimiyyətinə daxil olmadığından müraciətinə baxılması imkan xaricində olmuşdur. İş üzrə İddiaçı hüquqi sənədləri rayon İcra Hakimiyyətinə daxil olduğu təqdirdə müraicətinə mahiyyəti üzrə baxıla bilər.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. X1 Sistemindən çıxarışdan görünür ki, iddiaçıya “Yaşlılarda inkişaf edən Still xəstəliyi, Revmatoid artrit. Aktiv mərhələ.Ağır gedişli.Oynaqların ortopedik implantatlarının olması, Sağ bud çanaq oynağının endoproteziəşməsi.Cərrahi əməliyyatdan sonrakı vəziyyət.” diaqnozu əsasında xx.xx.2021-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 2 ünvanı xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 14 saylı notariat kontorunun 4Ə-1038 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarə hüququ əsasında xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Abşeron rayon 2 saylı notariat kontorunun 3M-218 reyestr nömrəli xx.xx.2022-ci il tarixli “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi”nə əsasən özgəninkiləşdirilmişdir.İddiaçı adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4941/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası üzrə sənədlərinin ərizəsinə əlavə olunmaqla Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə və İnzibati Prossessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə 30 (otuz) gün müddət təyin edilmişdir.

9. Məhkəmə qərardadının icrası ilə əlaqədar cavabdeh tərəfindən təqdim olunmuş 10 sentyabr 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra mahiyyəti üzrə baxıla biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021 -ci il tarixli Sərəncamının 1.1-ci bəndinə əsasən 2014-cü ilin yanvar ayının 1-dən 2020-ci ilin yanvar ayının 1-dək yerli İcra Hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəratinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən qüvvədə olan mövcud qanunvericiliyin tələbləri yalnız əlilliyi müəyyən olunmuş şəxslərə şamil edilir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı yaşayış sahəsini yaxşılaşdırmağa ehtiyacı olan şəxs qismində uçota alınması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə istinad edilməklə dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot normasının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmədiyinə istinad edilməklə imtina edilmişdir.

17. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

18. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılması normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 459 nömrəli qərarı (-) Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılması norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kv.m müəyyən edilsin.

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq şikayət edə bilər.

20. Göründüyü kimi, mənzil növbəsinə götürülmədən imtinanın konkret əsasları müəyyən edilmişdir ki, həmin əsaslar iddiaçıya şamil edilmir. Belə ki, iş materiallarında olan sənədlərdən də, göründüyü kimi iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxsdir.

21. Məhkəmə cavabdehin imtina məktubunun əsası ilə bağlı isə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2009-cu il tarixli Fərmanına əsasən 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinin uyğunlaşdırılması və icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq hüquqi aktın forması hal-hazırda təsdiqlənməmişdir. Buna görə də, yeni Mənzil Məcəlləsinin uyğunlaşdırılması və icrası ilə bağlı hüquqi aktların formasının müvafiq icra hakimiyyəti orqanı tərəfindn təsdiqlənməməsi vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə olan hal iddiaçının qüvvədə olan qanunvericiliyə əsasən mənzil siyahısına alınma hüququ yarandığından, cavabdehin mənzil siyahısına alınmasından imtinası qanunsuz və əsasız olmuşdur.

22. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin məhkəmə qərardadının icrası ilə əlaqədar məhkəməyə ünvanlandığı məktubda qüvvədə olan mövcud qanunvericiliyin tələblərinin yalnız əlilliyi müəyyən olunmuş şəxslərə şamil edildiyinə istinad etmiş, lakin iddiaçıya ikinci dərəcəli əlilliyin müddətsiz təyin olunmasını, onun hal-hazırda əlil olmasını nəzərə almamış, bununla da “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun tələblərini pozmuşdur.

23. Məhkəmə eləcə də qeyd edir ki, işdə olan cavabdehin imtina məktubu həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.5-ci maddəsinin tələbinə zidd olaraq qərar formasında tərtib olunmamışdır. Halbuki, qanunvericinin uçota alınma və ya uçota almaqdan imtina haqqında məsələ ilə bağlı göstərişi qətidir.

24. Beləliklə, cavabdehin imtinası inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun, eləcə də, qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olmuşdur.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır; 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir

26. Göründüyü kimi, cavabdehin imtinası həm Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur.

27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina məktubu qanunsuzdur. Cavabdeh iddiaçının sosial vəziyyətini nəzərə alaraq onun statusuna uyğun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürməmişdir. Bu səbəbdən də, cavabdehin iddiaçının arzuladığı inzibati aktı qəbul etməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsin əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

29. Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri baxımından məhkəmə icraatının gedişatında iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu göstərilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar