Məhkəmə qərarları › İş №2-1(112)-4941/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4941/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4941/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2017-ci ildə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci ildə ümumi xəstəlik səbəbindən 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin edilmiş əlillik 5 illik müddətə təyin edilmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi şəxsə 2-ci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik 2019-cu ildə Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş və müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Bundan başqa qeyd edilmişdir ki, hazırkı mübahisə üzrə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin mövcud praktikası vardır. Həmin praktika bu mübahisələrin vətəndaşların xeyrinə həll olunmasını özündə ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yanaşmasına və mövqeyinə əsasən hazırkı mübahisə üzrə əsas diqqət yetirilməli 4 məqam vardır. 1. İnzibati icraat aparılıbmı? Yəni inzibati icraatın başlanılması barədə qərar qəbul edilibmi? 2. İnzibati icraat aparılan zaman vətəndaşın yəni maraqlı şəxsin iştirakı təmin edilibmi? 3. Əlilliyin etibarsız hesab edilməsi barədə yekunda inzibati akt formasında qərar qəbul edilibmi? 4. Hətta inzibati icraat aparılmış olsaydı belə yəni müvafiq sorğular verilmiş olsaydı belə əlilliyin qiymətləndirilməsinə əsaslı şübhələr yalnız qiymətləndirilmiş əlilliyin qərarının ləğv edilməsinə yönələ bilərdi. Etibarsız hesab edilməsinə yox. Hazırkı mübahisə üzrə göründüyü kimi yuxarıda sadalanan dörd məqamın heç biri cavabdeh inzibati orqan tərəfindən yerinə yetirilməmiş və bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olduğundan iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə yönəlmiş hərəkətlər də qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2017-ci il tarixindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya təyin edilmiş əlillik xx.xx.2019-cu il tarixində Əlillik alt sistemində etibarsız hesab edilərək, ləğv edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2017-ci ildə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2019-cu il tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. İddia müddətinə əməl edilib edilməməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi iddiaçıya xx.xx.2017-ci il tarixdə təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu xx.xx.2019-cu ildən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 5 il müddətinə təyin edilmiş 2-ci dərəcəli əlillik cavabdeh orqan tərəfindən heç bir inzibati araşdırma aparılmadan və bununla bağlı hər hansı inzibati akt qəbul edilmədən əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı da hazırda öhdəliyin icrası haqqında iddia növündə iddia qaldırmaqla, həmin hərəkətlərin etibarsız hesab edilməsi və ona təyin edilmiş 2-ci qrup əlilliyin etibarsız hesab edildiyi tarixdən, yəni xx.xx.2019-cu ildən əlillik altsistemində bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, faktiki və hüquqi əsasları oxşar olan digər iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2-1 (112)-10384/2023 nömrəli qərarı ilə “iddiaçıya 2017-ci il tarixdə təyin edilmiş İİİ dərəcə əlilliyin xx.xx.2019-cu il tarixdə ləğv edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz hesab edilməsi, İİİ dərəcə əlilliyin İİ dərəcəli əlilliyin verilməsi tarixinədək, yəni xx.xx.2021-ci il tarixədək bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə” iddia tələbinin mümkünlüyü yoxlanılarkən iddia tələbinə öhdəliyin icrası haqqında iddia növü kimi hüquqi qiymət verilmiş, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-1245/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2- 1 (112)-10384/2023 nömrəli qərarından verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolelgiyasının 2-1(102) 1841/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-1245/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 20 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0002 №-li xx.xx.2017-ci il tarixli qərarından görünür ki, xx.xx.1963cü il təvəllüdlü İddiaçı xx.xx.2017-ci ildə ikinci dərəcəli əlillik təyin edilmişdir. Səbəb: ümumi xəstəlik. Növbəti müayinə tarixi: xx.xx.2022 ci ildir. TSEK-in diaqnozu: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, stabil gərginlik stenokardiyası, İİİ FS, durğunluq ürək çatışmamazlığı İİİ FS Ekstrasistolik aritmiya, essensial hipertenziya, Hipertoniya xıstıliyi İİİ dərəcə, Aşağı ətraf venaların vakrikoz genəlməsi, hər iki aşağı ətrafların səthi venaların varikoz genişlənməsi. Əlilliyin müəyyən olunması meyarı: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13- İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33), Əlillliyin qiymətləndirilməsi nəticəsi ləğv edilmişdir: Ləğv edilmə səbəbi: **********7 nömrəli məktubu. Ləğv edilmə tarixi: xx/xx/2019 Cavabdehin tərəfindən etiraza əlavə edilmiş İddiaçı barədə alt sistemdən çıxarışlarından görünür ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 029-3854-1219/5 №-li məktubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər çarəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması ilə əlaqədar müraciətə baxılmış və müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin (iddiaçının adı da həmin siyahlya əlavə edilmişdir) Daxili işlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqıdar olaraq göndərişlərin etibarsız hesab olunmasın nəzərə alınması xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu tənzimləyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. tibbi reabilitasiya- orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemi. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2 Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5.Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra– TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra– altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Qeyd edilmiş qanunvericiliyin normasından göründüyü kimi, əlilliyin qiymətləndirilməsi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Nəzərə alınmalıdır ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2017-ci ildə müayinə edilmiş və ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il qeyd edilmişdir. Buna baxmayaraq iddiaçının əlilliyi xx.xx.2019-cu ildən dayandırılmışdır. İddiaçı xx.xx.2022-ci və xx.xx.2024-cü illərdə iddiaçı əlilliyin təyin edilməsi üçün yenidən müayinə edilmiş, lakin cavabdeh tərəfindən ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sonradan iddiaçı xx.xx.2017-ci ildə ona təyin edilmiş ikinci dərəcə əlilliyin bərpa edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. İlkin olaraq məhkəmə, mövcud qanunvericilik çərçivəsində iddiaçıya 5 il müddətinə təyin olunmuş ikinci dərəcə əlilliyin növbəti qiymətləndirmə tarixi çatmadan cavabdeh qurum tərəfindən ləğv edilməsi və etibarsız sayılması ilə bağlı Agentliyin səlahiyyətinin olub-olmadığı, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə isitnad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. İddiaçıya ikinci dərəcə əlilliyin 5 il müddətinə təyin edilməsi barədə xx.xx.2017-ci il tarixli qərarının düzgünlüyünü şubhə altına alan əsaslı sübutları təqdim etməmişdir. Belə olan halda iddiaçının sağalmasına əsaslı sübutlar olmadığı halda, iddiaçının əlilliyi (xəstəliyi, qoyulmuş diaqnozu) ilə bağlı mövcud olmuş sübutları təkzib edən, inzibati orqan tərəfindən daha əvvəl müəyyən edilmiş, diaqnozlarda əks olunan əlilliyin təyinatına əsas verən xəstəliklərdən sağalmasını sübuta yetirən sənəd və sübutlar mövcud olmadığı halda cavabdeh iddiaçının tam reabilitasiya olunmasına dair qərar qəbul etmişdir, bununla da cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır, eyni zamanda inzibati orqanların inzibati praktikasına fiziki və hüquqi şəxslərin etimadının qanunla qorunması prinsipi pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.6. inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.1. inzibati orqan- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.8. qarşılıqlı etimad- inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə cavabdehin yuxarıda sadalanan iddiaçıya münasibətdəki hərəkətləri ilə bağlı onu da qeyd edir ki, ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda isə ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Sosial təminat insanların həyatının müxtəlif dövrlərində qarşılaşdıqları iqtisadi çətinlikləri aradan qaldırmaq və sosial rifahı təmin etmək məqsədini güdür. Bu sahədə düzgün və ədalətli yanaşma, cəmiyyətin sosial ədalətini təmin etmək və zəif təbəqələrin müdafiəsini gücləndirmək üçün vacibdir. Dövlətin sosial siyasəti, cəmiyyətin zəif və həssas qruplarının həyat şəraitini yaxşılaşdırmaqla, cəmiyyətin ümumi inkişafına və stabilliyinə mühüm təsir göstərir. İnzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə, inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan prinsip və qaydalara (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki,” ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2017-ci ildə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2019-cu il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilsin. İddiaçı xx.xx.2017-ci ildə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2019-cu il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar