Məhkəmə qərarları › İş №2-1(112)-4942/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4942/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4942/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranlarına verilən müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə müraciət edərək, xx.xx.2019-cu ildən təyin olunan Prezident təqaüdünün 3 il geriyə ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********9 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmiş, lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və “Sosial müavinətlər haqqında" Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibədə iştirakı ilə bağlı ödənilməmiş 27 illik veteran pulunun hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək, iddia tələbinin “xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək müharibədə iştirakı ilə bağlı veteran pulunun hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini buonunla əsaslandırmışdır ki, 14 noyabr 2017-ci il tarixdən ona Prezident təqaüdü təyin edilmişdir. Əvvəlki dövr üçün, yəni 2016-cı ilin yanvar ayınadək veteran adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 manat ödənilirdi. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən bu məbləğ hazırda 80 manat təşkil edir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar İdarəsinin 19 sentyabr 2016-cı il tarixli, 12/227 saylı arayışına əsasən o, AZ SSR Dövlət Təhlükəsizlik Komitəsində xidmət keçdiyi dövrdə DTK-nın 27 iyul 1991ci tarixli 0141 və 0142 nömrəli əmrləri əsasında Goranboy rayonuna ezam olunaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir və müharibə veteranıdır. Ancaq veteran vəsiqəsi və veteran pulunun verilməsi ona 14 noyabr 2017-ci il tarixdən başlanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********2 nömrəli iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və bildirmişdir ki, iddiaçı veteran vəsiqəsini xx.xx.2017-ci il tarixdə almış, xx.xx.2018-ci il tarixdə müharibə veteranları üçün qanunla nəzərdə tutulan müavinətin təyin olunması tələbi ilə müvafiq orqana müraciət etmiş və ona veteran vəsiqəsinin verildiyi tarixdən sosial müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəadan da göründüyü kimi qanunverici sosial müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. 28 iyun 1994cü il tarixli “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində və Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndində təsbit olunmuşdur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.” Bu onu göstərir ki, şəxsin sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Belə ki, vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, yəni xx.xx.2017-ci il tarixdən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Bu fakt öz təsdiqini müharibə veteranı vəsiqəsində yazılan “vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir” müddəasında da tapır. Yəni güzəşt və imtiyazlardan istifadə hüququnun yaranması vəsiqənin sahibi olmaq anıyla şərtləndirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətin edilməsinə dair hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə iclasında tədqiq olunan işə əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki: - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Kadrlar İdarəsinin xx.xx.2016-cı il tarixli 12/227 nömrəli arayışına əsasən iddiaçı Az SSR Dövlət Təhlükəsizlik Komitəsində xidmət keçdiyi dövrdə DTK-nın 27 iyul 1991-ci il tarixli 0141 və 0142 nömrəli əmrləri əsasında Goranboy rayonuna ezam olunaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir. - Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə iddiaçıya “Müharibə veteranı” adı və buna müvafiq olaraq MV seriyalı 090060 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. - “Sosial ödənişlər” Alt sistemindən çıxarışdan görünür ki, iddiaçı ona müharibə veteranı kimi müavinət ödənilməsi üçün xx.xx.2018-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2018-ci il tarixli 1738 saylı qərar ilə iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2017-ci il tarixdən sosial müavinət təyin etmişdir. İddiaçı hazırda ona müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2017-ci il tarixdən əvvəlki 3 il üçün, yəni xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək müavinətin hesablanaraq ödənilməsini tələb edir. Cavabdeh isə müavinət hüququnun müharibə veteranı vəsiqəsinin verilməsi tarixindən yarandığını, habelə hazırda müharibə veteranlarına müavinət deyil, Prezident təqaüdü ödənildiyini bildirməklə iddiaçının tələbini təmin etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilmiş və bu məqsədlə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin doqquzuncu abzasının əvvəlinə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə,” sözləri əlavə edilmiş, həmin Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minmişdir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1.6-cı maddəsində qeyd olunmuşdur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinətlər ödənilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq həmin Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 373 saylı Fərmanının 3-cü hissəsinə əsasən ...bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə ... müavinətlərin məbləği Azərbaycan Respublikası Prezidentinin ... “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ...ilə tənzimlənir. “Veteranlar haqqında” Qanunun 1-ci maddəsinə əsasən, veteranlar barəsində dövlət siyasətinin əsaslarından biri də sosial və hüquqi müdafiənin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İşin sadalanan halların müəyyən olunur ki, iddiaçı 1991-ci ildə Goranboy rayonuna ezam olunaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, bu səbəbdən də ona xx.xx.2017-ci il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Məhkəmə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına görə, şəxs üç il əvvəl üçün yalnız o halda sosial müavinət ala bilər ki, onun hüququ azı üç il əvvəl yaranmış olsun. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçıya buna səlahiyyətli olan dövlət orqanı tərəfindən veteran statusunun və vəsiqəsinin vaxtında verilməməsi iddiaçının veteranlar haqqında qanunvericilikdən irəli gələn hüquqlarına təsir etməli deyil. 1991-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci abzasına uyğun olaraq müharibə veteranıdır. Lakin müharibə veteranı statusundan irəli gələn hüquqlarını (o cümlədən, sosial təminat hüququnu) həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, o, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu (onun iradəsindən asılı olmayaraq) müraciət edilməzdən əvvəlki üç il üçün müavinətin ödənilməsini tələb edə bilər. Hazırkı işin hallarına əsasən aydın olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2017-ci il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, xx.xx.2018-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni xx.xx.2017-ci il tarixdən müavinət təyin etmiş və ödənişlər həyata keçirilməyə başlamış, lakin əvvəlki üç il üçün ödəniş etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya müvafiq ödənişi xx.xx.2017-ci il tarixdən deyil, müraciət etdiyi xx.xx.2018-ci il tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2015-ci il tarixdən həyata keçirməli idi. Buna görə də iddia tələbi xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ödəniş edilməsi hissəsində əsaslıdır və bu hissədə təmin edilməlidir. Qanun daha əvvəl yaranmış hüquqlara münasibətdə əvvəlki üç il üçün ödəniş edilməsi tarixini müraciət tarixindən asılı etdiyindən, iddiaçıya vəsiqə xx.xx.2017-ci il tarixdə verilsə də, o cavabdehə xx.xx.2018-ci il tarixdə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək ödəniş edilməsi hissəsində təmin oluna bilməz. Cavabdehin hazırda müharibə veteranlarına müavinət yox, Prezident təqaüdü ödənilməsi barədə dəlilinə gəldikdə məhkəmə qeyd edir ki, qanunvericliyə edilmiş bu dəyişiklik iddiaçının müharibə veteranı adı və vəsiqəsi almasından (xx.xx.2017-ci il) sonra, yəni xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. Bu səbəbdən həmin müddəalar iddiaçıya tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin olunsun. xx.xx.1964-cü il təvəllüdlü İddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş və xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ödənilməmiş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar