Məhkəmə qərarları › İş №2-1(112)-4943/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4943/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4943/2021 07.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “üzvlükdən xaric edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “üzvlükdən xaric edilmə” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı barəsində Bakı şəhəri Nəsimi Rayon məhkəməsindən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş müraciətlər əsasında cavabdeh barəsində intizam işləri başlanılmış və onlar bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın müraciəti belə əsaslandırılmışdır ki, icraata daxil olmuş 2(006)-3339/2020 saylı işin icraata qəbul edilməsinin mümkünlüyünə baxılarkən, iddia ərizəsinə əlavə edilmiş və cavabdeh tərəfindən tərtib olunmuş 05.06.2020-ci il tarixli ******* saylı vəkil orderinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən müəyyən edilmiş order formasına uyğun olmadığı şübhəsi yaranmışdır. Həmin məhkəmənin hakimi Ceyhun Tağıyevin müraciəti isə belə əsaslandırılmışdır ki, məhkəmənin icraatına daxil olmuş 2(006)- 5487/2020 saylı mülki işin icraata qəbul edilməsinin mümkünlüyünə baxılarkən iddia ərizəsinə əlavə edilmiş vəkil orderinin də Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən müəyyən edilmiş order formasına uyğun olmadığı şübhəsi yaranmışdır. Hər iki hakim tərəfindən uyğunsuzluqla bağlı araşdırmanın aparılması üçün orderin surəti Rəyasət Heyətinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş müraciətdə isə məhkəmənin müxtəlif hakimlərinin icraatında olan müxtəlif kateqoriyalı işlər üzrə vəkilin təqdim etdiyi orderlərin zahiri görünüşü və tərtibatı onun həqiqiliyinə şübhə yaratmış və aidiyyəti üzrə müvafiq araşdırmanın aparılması xahiş edilmişdir. Aparılan intizam icraatı üzrə vəkil yazılı izahatında qeyd etmişdir ki, dostu Rauf və onun bacısı iyun ayında onun yanına gəlmiş və Məmmədov Rövşənin nikahın pozulması haqqında ərizə verdiyini qeyd etmişlər. Maddi vəziyyətlərinin pis olduğunu bildiyindən dostunun bacısına pulsuz vəkil xidməti göstərəcəyinə söz vermişdir. Daha sonra xahiş etmişdir ki, müvafiq sənədlər ona təqdim edilsin. O, “Akkord” şirkətində işləmiş və Akkordun Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən ofis binasında oturduğu otaqda yanğın söndürmə sisteminin öz-özünə işə düşməsi səbəbindən bütün şəxsi sənədləri, o cümlədən 10 ədəd order, marka və müqavilələrin üzərinə yüksək təzyiqli su dağılmışdır. O, order və markaları saç qurutma feni ilə qurudub istifadə etmişdir. Məhkəmə təqdim edilən order və markasının rəngi fərqli olduğuna görə məhkəmənin diqqətini cəlb etmişdir. Daha sonra, nikahın pozulması üçün ərizə verən iddiaçı Məmmədov Rövşən onun mobil telefonuna zəng vuraraq, nikahın pozulmasını istəmədiyini bildirmişdir. Nərimanov Rayon Məhkəməsindən daxil olmuş müraciət barədə isə cavabdeh əlavə olaraq qeyd etmişdir ki, eyni nömrəli markaların yapışdırıldığı ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş vəkil orderləri həqiqtədən də ona aid olmaqla , onun tərəfindən tərtib edilmişdir. Ayrı-ayrı vəkil orderləri üzərində eyni nömrəli markaların olması onun səhvi üzündən olmuşdur. Həm diqqətsizlik edib, həm də eyni nömrəli markanın fərqli orderlərə vurulmasının lazım olduğuna məsuliyyətsiz yanaşıb. İddiaçı qeyd edir ki, cavabdehə bir-neçə dəfə müvafiq sənədlərin surətlərinin təqdim edilməsi təklif edilsə də, o, əvvəlcə bəzi işlərlə bağlı sənədlərin su basması nəticəsində yararsız hala düşdüyünü bildirsə də, digər sənədləri təqdim edəcəyini bildirmiş, lakin heç bir sənəd təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən aşağıdakı pozuntulara yol verilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilmiş 12.12.2018-ci il tarixli orderdə müqavilənin tarixi 12.12.2018-ci il nömrəsi 959 göstərildiyi halda, 31.12.2018-ci il tarixli orderdə müqavilənin tarixi 31.12.2018-ci il, nömrəsi isə 901 kimi qeyd olunmuşdur. Rəqəmlərin sıra sayının tarixlə uyğun gəlməməsi vəkil orderinin tərtibatının düzgün aparılmadığını təsdiq edir. Həmin məhkəməyə təqdim edilmiş 01.07.2019-cu il tarixli A001 nömrəli müqavilə üzrə verilmiş orderdə onun verilmə tarixinin göstərilməməsi, həmin tarixdən sonra 16.07.2019-cu il tarixdə verilmiş orderdə müqavilə nömrəsinin 1002 kimi qeyd olunması, 01.10.2019-cu il tarixdə verilmiş orderdə müqavilə nömrəsinin isə 0062 kimi qeyd edilməsi, tapşırığın məzmunun göstərilməməsi 31.08.2020-ci il tarixli və 21.09.2020-ci il tarixli orderlərdə müqavilə tarixlərinin fərqli sıra sayının isə eyni olaraq 00101 kimi göstərilməsi, o cümlədən 21.09.2020-ci il tarixli orderdə tapşırığın yerinə yetirildiyi təşkilatın adının göstərilməməsi onu təsdiq edir ki, vəkil orderinin tərtibatı qaydaları kobud şəkildə pozulmuşdur. İntizam araşdırması zamanı tərtib olunan orderlərin ikinci nüsxələrinin, orderlərin tərtib olunmasına əsas olmuş müqavilərin, qeydiyyat kitabının, müvafiq qəbzlərin surətinin təqdim edilməsi təklif olunsa da, sənədlər təqdim edilməmişdir. Sənədlər təqdim edilməsə də, 13.10.2020-ci il tarixli vəkil orderinin surətindən aydın olur ki, ayrı-ayrı şəxslərə hüquqi yardımın göstərilməsi ilə bağlı bir order tərtib edilmişdir. Bundan əlavə, Nərimanov Rayon Məhkəməsinə təqdim olunan 01.07.2019-cu il tarixli müqavilə əsasında tərtib olunmuş vəkil orderinin üzərinə nömrəsi ******* olan marka, 16.07.2019-cu il tarixli vəkil orderinin üzərinə isə Vəkillər Kollegiyasından götürmüş olduğu sonuncu ******* nömrəli markanı yapışdırmışdır. Belə olan halda 16.07.2019-cu il tarixdən sonra Kollegiyaya müraciət edilməklə digər işlər üzrə məhkəmələrə təqdim etdiyi vəkil orderlərinin həqiqiliyini müəyyən edən order markaları əldə etməli idi. Lakin Kollegiyadan almış olduğu ******* markasından 16.07.2020-ci il tarixdə istifadə etməsinə baxmayaraq sonrakı tarixlərdə istifadə olunan vəkil orderlərində Kollegiyaya müraciət etmədən naməlum mənbədən əldə olunan markalardan istifadə olunmuşdur. Həmçinin, Nərimanov və Nəsimi Rayon Məhkəmələrinə təqdim olunan müvafiq olaraq 01.07.2019-cu il tarixli müqavilə əsasında tərtib edilmiş vəkil orderi ilə 13.10.2020-ci il tarixli vəkil orderinin üzərinə yapışdırılmış order markasının eynilik təşkil etməklə ******* olması, həmçinin Nərimanov Rayon Məhkəməsinə təqdim etdiyi 01.10.2019-cu il tarixli müqavilə əsasında tərtib olunmuş vəkil orderi ilə 21.09.2020-ci il tarixli vəkil orderinin üzərinə yapışdırılmış order markasının eynilik təşkil etməklə ******* olması, yəni onun eyni bir order markasından iki fərqli vəkil orderlərində istifadə etməsi, bəzi order markalarının tərtibatı qrafikası və ölçülərinin qanunvericiliyin tələblərinə uyğun olmaması kobud pozuntu faktlarını bir daha təsdiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə gəldiyi nəticə ilə bağlı onun qeyd edilməsini zəruri hesab edir ki, iddia tələbinin təmin edilərək cavabdehin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərarın qəbulu 2 şərtin yerinə yetirilməsindən asılıdır. İlk şərt ondan ibarətdir ki, iddia tələbinin faktiki əsasları iş materiallarında mövcud olan və məhkəmə tərəfindən iş üzrə müvafiq araşdırma həyata keçirilərkən araşdırılmış intizam işi materialları ilə təsdiq edilirmi, başqa sözlə intizam məsuliyyətinin mövcudluğu üçün əsaslar yaranmışdır mı. İkinci şərt isə, onunla bağlıdır ki, iddia tələbinin faktiki əsasları iş materiallarında mövcud olan və məhkəmə tərəfindən iş üzrə müvafiq araşdırma həyata keçirilərkən araşdırılmış intizam işi materialları ilə təsdiq edilmişdirsə və intizam məsuliyyətinin yaranması üçün əsaslar mövcuddursa, qeyd olunan hal Vəkillər X2 tərəfindən vəkilə digər intizam tənbeh tədbirlərinin tətbiq edilməsinə ehtiyac duyulmadan birbaşa olaraq Vəkillər Kollegiyasından xaric edilmə ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdırmı. İşin faktiki halları ilə bağlı qeyd edilməlidir ki, məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan pozuntular iş materialları ilə, o cümlədən məhkəmə iclasında tətqiq edilmiş intizam işi materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan 22 oktyabr 2020-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Kollegiyaya ünvanlanmış müraciətindən görünür ki, müraciətdə 05.06.2020-ci il tarixli ******* saylı vəkil orderinin Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş order formasına uyğun olmadığı diqqətə çatdırılmışdır. (Orderin surəti iş materiallarına əlavə edilmişdir). Həmin tarixli növbəti müraciətlə 13.10.2020-ci il tarixli ******* saylı vəkil orderinin də Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş order formasına uyğun olmadığı diqqətə çatdırılmışdır. (Orderin surəti iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan 06 noyabr 2020-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Kollegiyaya ünvanlanmış müraciətindən görünür ki, müraciətdə 11 avqust 2020-ci il tarixli ******* saylı vəkil orderinin Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş order formasına uyğun olmadığı diqqətə çatdırılmışdır. (Orderin surəti iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli müraciətindən görünür ki, cavabdehin məhkəməyə təqdim etdiyi orderlərin zahiri görünüşündə və tərtibatında onların həqiqiliyinə şübhə yarandığı Kollegiyanın diqqətinə çatdırılmışdır. (Orderlərin surəti iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan 20 noyabr 2020-ci il tarixli cavabdeh barəsində daxil olmuş müraciətlər əsasında aparılmış intizam icraatı üzrə İntizam Komissiyasının rəyində iddia tələbində işin faktiki halları ilə bağlı qeyd olunanlar daha ətraflı məlumatlar qeyd edilməklə sadalanmış, Komissiya nəticədə hesab etmişdir ki, Rəyasət Heyətinə rəy müvafiq tədbirlərin görülməsi ilə bağlı təqdim edilməlidir. İş materiallarında olan 10.11.2020-ci il tarixli Vəkillər Kollegiyasının Maliyyə və təchizat şöbəsinin müdiri tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, cavabdeh fəaliyyət göstərdiyi dövrdə 10.11.2020-ci il tarixinədək Vəkillər Kollegiyasından 15.01.2019-cu il tarixdə 000101-dən 0000110-a dək 10 ədəd order markası götürmüşdür. Göstərilən tarixdən başqa tarixlərdə order markası götürülməmişdir. İş materiallarında olan 09 dekabr 2020-ci il tarixli, 19 saylı X4 Protokolundan çıxarışdan görünür ki, yekdilliklə qərara alınmışdır ki, cavabdehin pozuntulara yol veribverməməsi barədə İntizam Komissiyasının rəyi nəzərə alınsın, bununla bağlı məhkəməyə müraciət edilsin və qərar qanuni qüvvəyə minənədək cavabdehin vəkillk fəaliyyəti dayandırılsın. Göründüyü kimi cavabdehin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərarın qəbulu üçün zəruri olan ilkin şərt, yəni iddia tələbinin faktiki əsasları iş materiallarında mövcud olan və məhkəmə tərəfindən iş üzrə müvafiq araşdırma həyata keçirilərkən araşdırılmış intizam işi materialları ilə öz təsdini tapmışdır. Beləliklə intizam məsuliyyətinin yaranması əsasları sübut edilmişdir. Vəkillər X2 tərəfindən vəkilə digər intizam tənbeh tədbirlərinin tətbiq edilməsinə ehtiyac duyulmadan birbaşa olaraq Vəkillər Kollegiyasından xaric edilmə ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti ilə bağlı məhkəmə iddiaçının qeyd olunan prosessual xarakterli hərəkətinin qanuniliyinə qiymət verilməsi ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinin İİ hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Həmin Qanunun 16-cı maddəsinin İ hissəsinə əsasən peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır. Həmin Qanunun 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Həmin Qanunun 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkillər barəsində intizam icraatı Vəkillər X2ndə başlanır. İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər X2 tərəfindən vəkilə irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması kimi intizam tənbehləri tətbiq edilə bilər. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər X2 məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Azərbaycan Respublikası Vəkillər X1 27.09.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin giriş hissəsində qeyd edilmişdir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsini, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 8.2-ci bəndinin 16-cı yarımbəndini, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.2-ci maddəsini rəhbər turaraq Vəkillər Kollegiyasının üzvləri tərəfindən isifadə olunan vəkil orderi və order xərcinin forması, uçotu, əldə edilməsi və istifadəsi qaydasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Vəkillər X2 “Vəkil orderi və ondan istifadə qaydası haqqında” bu Əsasnaməni (bundan sonra – Əsasnamə) qəbul edir. Əsasnamənin: 1.5. Vəkil orderi dedikdə müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəd başa düşülür. 2.1. Order və order markası bu Əsasnamə ilə müəyyən olunmuş formaya uyğun şəkildə bir qayda olaraq mətbəədə order markasına unikal sıra nömrəsi verilməklə hər nömrədən cüt şəkildə çap edilir və orderin unikal nömrəsi ona yapışıdırılan order markası ilə müəyyən olunur. Unikal sıra nömrəsindən başqa, order markasının yuxarı sağ küncündə onun cütündən birində “1”, digərində “2” rəqəmi əks olunur. “1” rəqəmi əks olunmuş order markası aidiyyəti təşkilata təqdim olunan orderin, “2” rəqəmi isə vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) saxlanılan orderin üzərinə yapışdırılır. 2.6. Order markası onların nəzarətsiz istifadəsinə, zədəsinə və oğurlanmasına mane olan şəraitdə, Vəkillər X2nin inzibati binasında, bunun üçün ayrılmış seyfdə saxlanılır. Order markasının saxlanması, vəkil qurumlarına (fərdi qaydada fəaliyyət göstərən vəkilə) təhvil verilməsi və “Order markalarının təhvil verilməsinin uçot jurnalı”nın (bundan sonra - uçot jurnalı) (3 saylı Əlavə) aparılması Rəyasət Heyətinin bu işə təhkim olunmuş əməkdaşı (bundan sonra - məsul şəxs) tərəfindən həyata keçirilir. Saxlanc üçün seyfin açarlarının bir nüsxəsi məsul şəxsdə, digər nüsxəsi isə Vəkillər Kollegiyasının sədrində saxlanılır. Vəkillər Kollegiyasının sədrinin tapşırığına əsasən, istənilən vaxt məsul şəxsin fəaliyyəti təftiş oluna bilər. 3.1. Order markaları mərkəzləşdirilmiş qaydada vəkil qurumları və fərdi vəkillər tərəfindən Rəyasət Heyətindən verdikləri sifariş əsasında əldə olunur. Order xərci bu barədə müvəkkil məlumatlandırılmaqla vəkil qurumunun rəhbəri, vəkil qurumunun hüquqi yardım göstərəcək vəkili və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən hüquqi yardım göstərilməsi haqqında müqavilə məbləğinə əlavə edilir. 3.3. Order markasının əldə edilməsi vəkil qurumu (fərdi qaydada fəaliyyət göstərən vəkil) tərəfindən order markasının sayına uyğun olaraq Vəkillər Kollegiyasının müvafiq bank hesabına ödənilmiş məbləği təsdiq edən ödəniş sənədi məsul şəxsə təqdim edildikdən və bu barədə uçot jurnalında qeydlər aparılaraq imzalandıqdan sonra həyata keçirilir. 4.1. Order vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) və təqdim olunacaq təşkilatda qalmaq şərtilə 2 (iki) nüsxədə tərtib olunmaqla vəkil qurumunun rəhbərinin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin imza və möhürü ilə təsdiqlənir. Vəkil qurumunda (fərdi qaydada fəaliyyət göstərən vəkildə) qalacaq orderin nüsxəsi onun surətinin çıxarılması yolu ilə vəkil qurumunun rəhbəri (fərdi qaydada fəaliyyət göstərən vəkil) tərəfindən imza və möhürlə təsdiqlənir. 4.2. Orderdə qeyd olunan tapşırığın məzmunu göstərilməklə onların qeydiyyatı vəkil qurumunun rəhbəri və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən təmin edilir. 5.1. İstifadə edilməmiş, vizual cəhətdən köhnəlmiş (bundan sonra - qaytarılmalı) order markası Rəyasət Heyətinə geri qaytarılır və “Order markalarının qaytarılması barədə Akt”la (4 saylı Əlavə) rəsmiləşdirilir. Akt məsul şəxs və qaytarılmalı order və markalarını qaytaran şəxs tərəfindən imzalanmaqla təsdiq edilir. 4.4 Qaytarılmış order markaları məhv edilir. Qaytarılmış Order markalarının məhv edilməsi cavabdeh şəxs və Vəkillər Kollegiyasının sədri tərəfindən müəyyən edilmiş şəxslərin iştirakı ilə həyata keçirilir. Məhv edilməli order markalarının sayı, nömrələri və digər xüsusiyyətləri göstərilməklə Order markalarının məhvini həyata keçirilən şəxslər tərəfindən sərbəst formada akt tərtib olunaraq imzalanır. Adıçəkilən Əsasnamənin əlavələrindən göründüyü kimi Vəkil orderinin standart forması, həmçinin order markasının forması konkret olaraq forması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən 28.12.2020-ci il tarixdə qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin: 2.2. Vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 2.3. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması - Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. 2.4. Loyallıq - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. 4.1. Məhkəmələrdə, ibtidai istintaq və təhqiqat orqanlarında və digər dövlət qurumlarında öz peşə borcunu yerinə yetirən vəkil həmin məhkəmələrdə, ibtidai istintaq və təhqiqat orqanlarında və digər dövlət qurumlarında tələb olunan davranış qaydalarına riayət etməlidir. 4.2. Məhkəmə icraatının ədalətli həyata keçirilməsi üçün vəkil qanunauyğun davranış nümayiş etdirməlidir. 4.3. Vəkil məhkəməyə, ibtidai istintaq və təhqiqat orqanına və digər proses iştirakçılarına qarşı hörmət və nəzakətlə davranmaqla hüquqi yardım göstərdiyi şəxsin maraqlarını şərəflə, ləyaqətlə müdafiə etməli və bu zaman özünün və digər şəxslərin maraqlarını üstün tutmamalıdır. 4.4. Vəkil heç vaxt məhkəməyə, ibtidai istintaq və təhqiqat orqanına bilərəkdən yanlış və ya çaşdırıcı məlumat verməməlidir. 6.4. Bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Vəkillər və vəkillik fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərindən aydın olur ki, peşə fəaliyyətini həyata keçirərkən vəkil peşə etikasına uyğun rəftar etməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verməməli, yalnız bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş unikal nömrəli orderdən istifadə etməli, order markalarının sifarişlə əldə edilməsi, bununla bağlı müəyyən edilmiş məbləğin ödənilməsi, yararsız hala düşmüş order və markalarla bağlı prosessual hərəkətlərlə bağlı nəzərdə tutulmuş tələblərə riayət etməlidir. Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük nümayiş etdirməli, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməli, peşə fəaliyyətini həyata keçirərkən vəkillik fəaliyyətini tənzimləyən qanunvericiliyə zidd vasitə və üsullardan istifadə etməməli, qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, məhkəmələrdə öz peşə borcunu yerinə yetirən vəkil tələb olunan davranış qaydalarına riayət etməli, hüquqi yardım göstərdiyi şəxsin maraqlarını müdafiəsi ilə bağlı və bu zaman özünün maraqlarını üstün tutmamalı, məhkəməyə bilərəkdən yanlış və ya çaşdırıcı məlumat verməməlidir. İşin faktiki hallarından isə göründüyü kimi cavabdeh tərəfindən vəkillik fəaliyyətinin həyata keçirilməsini müəyyən edən qeyd olunan tələblərə riayət edilməmiş, vəkil orderindən və markasından istifadə ilə bağlı kobud pozuntulara (ayrı-ayrı vəkil orderlərinə eyni markaların yapışdırılması, order və markalarda sıra saylarının, müqavilə tarixlərinin düzgün qeyd edilməməsi, orderin verilmə tarixinin göstərilməməsi, tapşırığın məzmunun göstərilməməsi, müqavilə tarixlərinin fərqli sıra saylarının isə eyni olması, tapşırığın yerinə yetirildiyi qurumun adının göstərilməməsi, ayrı-ayrı şəxslərə eyni vəkil orderin tərtib edilməsi) yol verilmişdir ki, qeyd olunan pozuntuların mövcudluğu da hazırkı iddia tələbi ilə müraciət edilməsinin qanuniliyinin əsası qismində çıxış edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin vəkillik fəaliyyətinə və bu fəaliyyətdən irəli gələn hüquq və səlahiyyətlərinə müdaxilə vəkillərin yuxarıda istinad edilən normalarda nəzərdə tutulmuş davranış qaydalarının tələblərinin təmin olunması, o cümlədən vəkillərin və vəkil qurumlarının nüfuzunun və vəkillərə etimadın qorunması naminə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada edilmiş, müdaxilə qanuni məqsəd güdmüş, həmin məqsədə mütənasib və zəruri olmuşdur. Beləliklə cavabdehin peşə borcunu həyata keçirərkən yuxarıda qeyd edilən “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanunun, "Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin və “Vəkil orderi və ondan istifadə qaydası haqqında” bu Əsasnamənin tələblərinin pozulması halları aşkar olunduğundan və sadalanan hallar Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsasolduğundan məhkəmə hesab edir ki, cavabdehin Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi barədə iddia tələbi qanuni və əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar