Məhkəmə qərarları › İş №2-1(112)-4944/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4944/2023

14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4944/2023 14.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 il 7 ay məhkəmə qərarı icra edilmədiyinə görə 15050 manat mənzil kirayə pulunun və 100 000 manat mənəvi ziyana görə kompensasiyanın cavabdehdən tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbayсan Respublikasının müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər mənzillə təmin olunurlar. O da bununla əlaqədar əlil olduğu üçün 2 azyaşlı uşağı və həyat yoldaşı ilə Xəzər rayonunda xx.xx.2001-ci il tarixdən mənzil növbəsinə dayanmışdır. Özü də kirayədə qalır. Qanunlara əsasən ona mənzil verilməli idi, növbəsi də gəlib keçmişdir. Bu haqda o, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Naziriliyinə qarşı məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1854/2019 saylı, 08 may 2019-cu il tarixli qərarı verilmiş və cavabdehin üzərinə ona mənzil verilməsinə dair öhdəlik qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsində 16 dekabr 2019-cu il tarixdə yenə də onun xeyrinə 2-1(103)- 2937/2019 saylı qərar qəbul edilmişdir ki, cavabdeh tərəfindən İddiaçı mənzillə təmin edilməsi barədə qərar qüvvədə saxlanılmışdır. Buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi 43 aydır ki, məhkəmə qərarını icra etməkdən boyun qaçırır. İcra Baş İdarəsi aparatına xx.xx.2020-ci ildə məktub gəlmişdir ki, tədbirlər davam etdirilir. Amma 3 il 7 ay ƏƏSMN tərəfindən məhkəmənin qərarı icra edilməmişdir. Məhkəmənin çıxardığı 08 may 2019-cu il qərarından indiyə qədər 15050 manat kirayə pulu vermişdir və mənəvi ziyan kimi 100 000 manat pul tələb edir.

3. Cavabdeh iddiaya yazılı etirazında qeyd etmişdir ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi yaradılmış və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığa götürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli və 2021-ci il 25 yanvar 2449 nömrəli Sərəncamları ilə, həmçinin Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində Azərbaycan R5espublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi prosesi həyata keçirilir. Adıçəkilən Sərəncamlarda hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər əhatə olunmadığı üçün İddiaçı məhkəmə qərarının icrası mümkün olmamışdır. Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş İddiaçı mənzillə təmin edilməsi barədə məhkəmə qərarının (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1854/2019 saylı 08 may 2019-cu il tarixli) Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən cari ilin büdcə xərclərinin qənaəti hesabına icra olunmasına razılıq verilməsi barədə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məktub ünvanlanmışdır. Lakin Maliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli MİHO/1.1-2-2021-8098 saylı məktubunda göstərmişdir ki, məsələyə Azərbaycan Respublikası 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanın tələbləri çərçivəsində baxılması məqsədəuyğun hesab olunur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında da Plenum izah etmişdir ki, “....mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Sözügedən Plenuma görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etdi və təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

7. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə əsasən müəyyən edilir ki: -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1854/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddiası təmin olunmuş, İddiaçı mənzillə təmin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunması qərara alınmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli məktubu ilə 2- 1(81)-1854/2019 saylı, xx.xx.2019-cu il tarixli qərar icra olunması üçün caabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu xx.xx.2019-cu il tarixli ********** saylı məktubla Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Sərəncamla əhatə olunmayan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Nazirliyin səlahiyyəti xaricindədir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə Məhkəmənin 2-1(81)-1854/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına dair icra vərəqəsi verilmiş, icra vərəqəsi icra olunması üçün xx.xx.2019-cu il tarixli məktubla Bakı şəhər Yasamal rayon icra şöbəsinə göndərilmişdir. - Həmin icra vərəqəsinə əsasən Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsi xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. - xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1854/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından apellyasiya şikayəti verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2937/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1854/2019 saylı 08 may 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini S.Mehdiyev tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə qərarı icra olunmadığı üçün qərarın icrası ilə bağlı göstəriş verilməsini, icra olunmadığı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cərimə olunmasını xahiş etmişdir. -Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1854/2019 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1854/2019 saylı 08 may 2019-cu il tarixli qərarı icra olunmaqla xx.xx.2022-ci il tarixli aktla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksində tələbkar İddiaçı mənzil verilməsi nəzərə alınaraq İddiaçı ərizəsi təmin olunmamışdır. - Sosial Xidmətlər Agentliyinin nümayəndəsi və İddiaçı tərəfindən tərtib edilmiş mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1854/2019 saylı 08 may 2019-cu il tarixli qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış kompleksində 3 otaqlı mənzil İddiaçı təhvil verilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixdə Yasamal rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, ona Sabunçu rayonu, Ramana qəsəbəsində 3 otaqlı mənzil təhvil verildiyini bildirərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1854/2019 saylı xx.xx.2019cu il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. -Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1854/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı üzrə icraata xitam verilmişdir.

8. İddiaçı hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1854/2019 saylı 08 may 2019-cu il tarixli qərarının 3 il 7 ay ərzində icra edilməməsinə istinad edərək, bu müddət ərzində kirayəçi olduğunu, buna görə də ödədiyi həmin kirayə haqqına görə dəymiş 15.050 manat maddi və 100.000 manat mənəvi zərərin əvəzinin ödənilməsini xahiş edir.

9. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmayaraq iddiaçının mənzillə təmin olunmaması nəticəsində ona ziyan dəyməsi ağlabatandır. Lakin dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün ilk növbədə onun tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsi müəyyən olunmalıdır.

10. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

11. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir.

12. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

13. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən, zərər cavabdeh tərəfindən hüquq pozuntusundan irəli gəlmişdir.

14. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

15. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

16. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur.

17. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.

18. İşin araşdırılan halları ilə belə bir məcmuu müəyyən edilmir.

19. Belə ki, cavabdehin iddiaya qarşı dəlilinin əsasını onun mənzillə təmin etmək vəzifəsi olan şəxslər siyahısında hərbi xidmət vəzifəsinin icrası ilə bağlı əlil olmuş şəxslər nəzərdə tutulmadığından, ona həmin şəxslərlə bağlı mənzil fondunun ayrılmaması təşkil edir.

20. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir.

21. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Sərəncamının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır.

22. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 saylı Sərəncamının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirilməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Həmin Sərəncamın 2-ci hissəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etmələri və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermələri qərara alınmışdır.

23. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s saylı sərəncamından görünür ki, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur.

24. Göründüyü kimi, qanunvericilik aşağıdakı kateqoriyadan olan şəxslərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsini nəzərdə tutmuşdur:

1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

2. şəhid ailələri;

3. Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

4. xx.xx.2021-ci il tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslər;

5. xx.xx.2021-ci il tarixədək uçotda olan uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları.

25. İstinad olunan normalardan görünür ki, həmin kateqoriyaya aid olan uçota alınmış şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir.

26. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-19656/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2003-cü il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır.

27. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1424 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı atəşkəsdən sonra, yəni xx.xx.1994-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən xəsarət aldığına görə MN MHHK-sı tərəfindən onun yaralanmasının hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi Travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilmişdir.

28. Belə olan halda aydın olur ki, iddiaçı hərbi xidmət vəzifələrinin (xidməti vəzifələri) yerinə yetirilməsi ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyin edilmiş şəxs olduğundan yuxarıda sadalanan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilməsi nəzərdə tutulan kateqoriya şəxslərin dairəsinə aid olmamışdır.

29. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Sərəncamının 3-cü hissəsinə əsasən həmin Sərəncamın 1-ci hissəsində göstərilən tədbirləri həyata keçirmək üçün tələb olunan ilkin vəsaitin Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsindən ayrılmasını, 2015-2028-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri vəsaitin dövlətin əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmasının təmin edilməsi və həmin Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatı əsasında Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunmuşdur.

30. Görüdüyü kimi, 20 iyun 2014-cü il tarixli 569 saylı Sərəncamla yalnız onun 1-ci hissəsində göstərilən şəxslərin mənzillə təmin edilmə tədbirlərinin görülməsi üçün dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulmuş və bu tədbirlərlə bağlı cavabdehin hər il hesab vermək vəzifəsi təsbit edilmişdir.

31. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

32. Məhkəmə qeyd edir ki, cavabdeh büdcədən maliyyəşən qurum olmaqla qanunvericilik tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində fəaliyət göstərir və son nəticədə onun icra etdiyi tədbirlər dövlət büdcəsindən həyata keçirilən ayırmalar hesabına maliyyələşir. Buna görə də cavabdeh tərəfindən hər hansı bir tədbirin görülməsi üçün ilk əvvəl ona həmin tədbirin yerinə yetirilməsi ilə bağlı müvafiq maliyyə vəsait verilməlidir.

33. İşdə olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı 30 dekabr 2021-ci il tarixli, MİHO/1.1-2-2021-8098 nömrəli məktubundan görünür ki, cavabdeh hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş İddiaçı, ümumi səbəbdən əlilliyi olan X3 mənzillə təmin edilməsi, X5 mənzillə təmin edilənədək kirayə pulunun ödənilməsi barədə məhkəmə qərarlarının Sosial Xidmətlər Agentliyi tərəfindən cari ilin büdcə xərclərinin qənaəti hesabına icra olunmasına razılıq verilməsi barədə Maliyyə Nazirliyinə müraciət etmiş, Maliyyə Nazirliyi isə cavab olaraq bildirmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 3.1.16-cı bəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlərin görülməsi Agentliyin vəzifələrinə aid edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, məktubda qaldırılan məsələyə sözügedən Fərmanın tələbləri çərçivəsində baxılması məqsədəuyğun hesab olunur.

34. Beləliklə, istinad olunanlardan müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsi nəzərdə tutulan şəxslər kateqoriyasına aid olmadığından və ona münasibətdə cavabdehə əlavə vəsait ayrılmadığından cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1854/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarını vaxtında icra edə bilməmişdir. Bu hal, cavabdehin təqsirli hüquqa zidd davranışı nəticəsində baş vermədiyindən iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz.

35. Bundan başqa, iddiaçı 3 il 7 ay məhkəmə qərarının icra edilməməsinə görə 15050 manat mənzil kirayə haqqı ödəmək məcburiyyətində qaldığını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

36. Belə ki, iddiaçı, X6 və kirayəçi X1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2021-ci il tarixli kirayə müqavilələrini təqdim etsə də, həmin müqavilələr notarial qaydada təsdiq edilməmiş, iddiaçı həmin müqavilələr üzrə kirayəçi olmamış, həmçinin hər ay kirayəverənə 350 manat kirayə haqqı ödənilməsini təsdiq edən sənədləri (qəbz və sair) məhkəməyə təqdim etməmişdir.

37. O da qeyd edilməlidir ki, işdə olan xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Mərdəkan yolunun sağ tərəfi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyəti hüququ 2017-ci il tarixdə qeydə alınmış və həmin tarixdən torpaq sahəsi onun mülkiyyətində olmuşdur.

38. İşdə olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2017-ci il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi mişar daş hasar daxilindədir. İki tərəf yol, iki tərəf qonşudur. Sahədə 1 mərtəbəli (10 kv.metr) həyət tikilisi var. Torpaq sahəsinin daxilindən və yaxınlığından yerüstü kommunikasiya xətti keçmir. Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 600 kv.metr, faktiki sahəsi 642 kv.metrdir. 39.Beləliklə, göstərilənlərə əsasən işin araşdırılan halları ilə cavabdeh inzibati orqanın hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin oluna bilməz. 40.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar