Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4948/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinası qanunsuz və əsassız hesab edilməklə, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına ilkin hüquqi qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006-cı il tarixli “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın icrası ilə əlaqədar iddiaçının yaşadığı bina qəzalı vəziyyətdə olduğu üçün yenidən tikilməsi məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən akt əsasında alınaraq sökülmüşdür və bunun əvəzində həmin bina sakinlərinin yeni mənzillərə köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli sərəncamında da qeyd olunduğu kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ Rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktubu ilə müraciət edərək, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilməsini xahiş etmişdir. Bu müraciət və Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında İctimai Mənzil Komissiyasının təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarı təsdiq edilmişdir. Bununla Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən ev 46, 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, 71.06 kv.m olan 5 saylı mənzil 4 (dörd) nəfər ailə tərkibi olmaqla İddiaçı oğluna verilmişdir. 150 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən müvafiq mənzilin plan cizgisi də tərtib edilərək təsdiq edilmişdir. 2012-ci ildən fasiləsiz olaraq müvafiq mənzildə yaşayır. Bundan başqa, 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş “Forma 2” arayışından da görünür ki, müvafiq mənzil tam kommunal şəraitlidir. Mənzilin bütün kommunal xərcləri mütəmadi olaraq iddiaçı tərəfindən ödənilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 219 saylı sərəncamı ilə təsdiq olunmuş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı ilə ünvan 2 ünvanı) yerləşən yaşayış binası dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir. Hətta müvafiq binada yerləşən bəzi mənzilər daşınmaz əmlakın reyestrində ilkin hüquqi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışlar və texniki sənədlər verilmişdir. Yaşadığı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi ilə bağlı tələb olunan sənədlərlə cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə rəsmi müraciət etsə də inzibati orqan müvafiq mənzil üzərində hüquqlarının dövlət qeydiyyatından qanunsuz olaraq imtina etmişdir. Cavabdeh inzibati orqan **********40 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda müraciətinin imtina səbəbi kimi ona mənzil verilməsi haqqında Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli sərəncamının 2012-ci ildə verilməsi göstərilmişdir (müvafiq yaşayış binasının 2012-ci ildə istismara qəbul edilməsinə baxmayaraq, xx.xx.2015-ci il tarixli əvvəlki müraciətinə cavab olaraq verilən imtina məktubunda isə, sözügedən mənzil yerləşdiyi yaşayış binasının istismara qəbul aktının Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməməsi səbəbi kimi göstərilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. İnzibati orqanın bu qanunsuz hərəkəti onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən mənzil, mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2021-ci il tarixli müraciəti İdarəyə daxil olmuşdur. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 saylı evin 5 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən əlavə edilən qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 136 saylı sərəncamından çıxarış xx.xx.2012-ci il tarixdə verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********40 saylı, xx.xx.2021ci il tarixli məktub ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 136 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ Rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli 29-780 BB saylı məktubu ilə müraciət edərək Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarının təsdiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətini və Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında “İctimai mənzil komissiyası”nın təklifini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublikası Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarının təsdiq edilməsi (28 fevral 2012-ci il tarixli 2 №-li protokol): 1.5. İddiaçı - xx.xx.1991-ci ildən 4 nəfər ailə tərkibi ilə ARDNŞ üzrə mənzil növbəsindədir. Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46, 1-ci giriş, 2-ci mərtəbə, 2 otaqlı, sahəsi 40,3 kv.m olan 5 saylı mənzilin 4 nəfər ailə tərkibinə verilməsi: İddiaçı 1965 özü, X3 1964 h/yoldaşı, X8 1991 oğlu, X4 1993 qızı. İddiaçı mənzil uçotundan çıxarılması qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 2456 nömrəli arayışına əsasən İddiaçı Qaradağ rayon, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 nömrəli, 6 mərtəbəli evin 2-ci mərtəbəsində, sahəsi 40.3 kv.m olan, 5 nömrəli, 2 otaqlı mənzildə yaşayır. Mənzilin qısa təsviri - tam kommunal şəraitli. Evin sahibi - Qaradağ rayon MKTB-i. Mənzil (mülkiyyətçi) icarəyə götürən - İddiaçı. Vətəndaş İddiaçı ailəsi 3 nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar: özü İddiaçı, qeydiyyata götürülmə tarixi xx.xx.2012, h/yoldaşı X6 qeydiyyata götürülmə tarixi xx.xx.2012, oğlu X11 oğlu qeydiyyata götürülmə tarixi xx.xx.2012. İş materiallarına əlavə edilmiş X12 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlandığı xx.xx.2021-ci il tarixli, **********708 nömrəli ərizəsində ünvan 5 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə razı olduğunu, etirazı olmadığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş X11 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********707 nömrəli ərizədə qeydiyyatda olduğu ünvan 5 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə razı olduğunu, etirazı olmadığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********706 nömrəli ərizədə qeydiyyatda olduğu ünvan 5 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə razı olduğunu, etirazı olmadığını bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA-00523-2022 nömrəli məktubu ilə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaradağ Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2012-ci il tarixli, 29-780 BB nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının təsdiq edilməsi haqqında” 27 fevral 2006-cı il tarixli 1338 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan qamış konstruksiyalı yaşayış evlərinin sökülməsi və yerində bu binalarda yaşayan ailələrin köçürülməsi üçün yeni yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Qeyd olunan Sərəncamın bu maddəsinin icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə həvalə edilmişdir. “Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2006-cı il tarixli 1338 №-li Sərəncamının icrası haqqında” ARDNŞ prezidentinin 13 iyun 2006-cı il tarixli 101 №-li Əmri ilə tədbirlər proqramı təsdiq edilmişdir. Belə ki, ARDNŞ-nin Sosial inkişaf İdarəsinin sifarişi əsasında ünvan 7 ünvanında 5 mərtəbəli 2 girişli 20 mənzilli və S.Orucov küçəsi 46 ünvanında 6 mərtəbəli 4 girişli 60 mənzilli yaşayış binaları inşa edilmişdir. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən kəskin qəzalı qamış konstruksiyalı binalarda yaşayan sakinlərin bir hissəsi qeyd olunan yeni tikilmiş yaşayış binalarına köçürülmüş, nəticədə digər qəzalı evlərdə yaşayan sakinlərin köçürülməsi məqsədilə yeni yaşayış evlərinin tikintisi üçün 3 qəzalı ev tamamilə, 1 qəzalı ev isə qismən sökülmüşdür. Yeni yaşayış binalarına köçürülənlərdən 32 nəfəri ARDNŞ üzrə, 2 nəfəri isə yaşayış yeri üzrə mənzil növbəsindədir. 44 ailə isə yeni yaşayış binalarının tikintisi məqsədilə sökülmüş qamış konstruksiyalı evlərdə yaşayan ailələrdir. Qamış konstruksiyalı kəskin qəzalı evlərdə yaşamış sakinlərin yeni mənzillərə köçürülməsi və müvafiq hüquqtəsdiqedici sənədlərin verilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitesinin birgə iclası keçirilmiş, bununla bağlı müvafiq protokol tərtib edilmişdir. Qəbul edilmiş qərarların təsdiq edilməsi üçün qeyd olunan protokol və mənzil uçotunda olanların mənzil uçot qovluqları göndərilir. ARDNŞ (iş yeri) üzrə mənzil uçotunda olmaqla yeni mənzillərə köçürülənlər: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 46, (.....) İddiaçı 2-ci sıradadır. Məhkəminin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30490089X00009 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1988-ci ildə Əmirov adına Neft Qazçıxarma İdarəsi (NQÇİ) tərəfindən 4 nəfər (özü, həyat yoldaşı, oğlu, qızı) ailə tərkibi ilə mənzil uçotuna götürülmüşdür. SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx.xx.2012-ci il tarixli 02 nömrəli Protokolu ilə İddiaçı 4 nəfər olmaqla (özü, h/y, qızı, oğlu) ünvan 8 ünvanında inşa edilmiş 60 mənzilli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbəsində 2 otaqdan ibarət 40,3 kv.m. yaşayış sahəsi olan 5 nömrəli mənzillə təmin olunması qərara alınmış və o, mənzil uçotundan çıxarılmışdır. Həmin mənzilə hüquq təsdiqedici sənəd verilməsi üçün İddiaçı mənzil uçot qovluğu Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 136 nömrəli sərəncamı ilə yuxarıda qeyd edilən qərar təsdiq olunmuşdur. Hazırda İddiaçı mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətindədir. Zəruri sənədlərin əldə edilməsi üçün aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğun hesab edilir. Məlumat üçün bildirilir ki, sorğuda qeyd edilən mənzil nə SOCAR-ın, nə də ki, onun strukturuna daxil olan müəssisələrin balansında olmamışdır. Həmin məktuba əlavə edilmiş ANQSİHİ Respublika Komitəsinin xx.xx.2012-ci il tarixli 2 nömrəli Protokolunun 5-ci bəndində qeyd olunmuşdur ki, ünvan 9 ünvanında yaşamış, özü ünvan 10n yataqxanada, ailə üzvləri Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, ev 2, mənzil 17 ünvanında qeydiyyatda olan, xx.xx.1991-ci ildən 4 nəfər (özü, həyat yoldaşı, oğlu, qızı) ailə tərkibi ilə ARDNŞ üzrə mənzil növbəsinə dayanmış, ünvan 8 ünvanında inşa edilmiş 60 mənzilli yaşayış binasından 1-ci giriş 2-ci mərtəbədə yaşayış sahəsi 40.3 kv.m olan 2 otaqlı 5 nömrəli mənzilə köçürülmüş İddiaçı müvafiq hüquqtəsdiqedici sənədlərin verilməsi üçün Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət edilsin: İddiaçı (xx.xx.1965) - özü; X6 (xx.xx.1964) - həyat yoldaşı; X11 (xx.xx.1991) - oğlu; X7 (xx.xx.1993) - qızı. 5.1. İddiaçı mənzil uçotundan çıxarılsın. 5.2. Mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğu Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilsin. Məhkəmənin soğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2-2022-1155 nömrəli məktubu ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 saylı yaşayış binasının istismara qəbul edilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 219 saylı sərəncamı ilə Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktının təsdiq edilmiş surəti göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 2/57 nömrəli məktubunda bildirilmişdir ki, “İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə Siyahı”sına əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün saxlanma müddəti 5 ildir. Siyahıda saxlanma müddəti “daimi” göstərilmiş sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra müvafiq dövlət arxivlərinə təhvil verilir. Bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46, 5 saylı mənzilin kimin balansında olması barədə məlumat, İddiaçı aid mənzil uçot qovluğunun təsdiq olunmuş surəti, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012ci il tarixli, 136 nömrəli sərəncamının, sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri barədə rayon icra hakimiyyətində heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 6-401 nömrəli məktubunda bildirilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”na əsasən qeyd edilir ki, iş yeri və ya yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş vətəndaşların uçot dəftərləri, uçot qovluqları və siyahılar, orada adları yazılan bütün vətəndaşlara mənzil sahəsi verildikdən və ya onlar həmin uçotdan çıxarıldıqdan sonra on il ərzində saxlanılır və bu müddət keçdikdən sonra məhv edilir. Məlumat üçün bildirilir ki, qeyd olunan mənzil uçot qovluğu Rayon İcra Hakimiyyətinin arxivində aşkarlanmamışdır. Məhkəmin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 216 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 46 saylı ev əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin balansında və 21 saylı Mənzil İstismar Sahəsinin xidməti dairəsində olmuşdur. 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (müvafiq tabeli qurumunun) balansına verilmişdir. İddiaçının yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 46 saylı ev dövlət mənzil fonduna aid olmaqla Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 83 saylı sərəncamına əsasən Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. 150 saylı MKİS-nin yaşayış binaları, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə tərəfimizdən mövcud vəziyyətdə təhvil alınmışdır. Həmin məktuba əlavə edilmiş Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli 83 nömrəli sərəncamına əsasən 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Qaradağ rayonunun ərazisində yerləşən və müvafiq olaraq 150, 152, 156 saylı məınzil-kommunal istismar sahələrinin istismarındakı yaşayış binalarının, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə bu sərəncamın 1 saylı əlavəsində göstərilən siyahı üzrə (Siyahının 141-ci bəndi: Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi 46) Qaradağ rayon Mənzil-Kommunal Təsərrüaftı Birliyinin balansına və xidmət dairəsinə verilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********40 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46 ünvanında yerləşən 5 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021 -ci il tarixli ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətiniziə əiaqədar olaraq Dildiririk ki, qeyd olunan mənzilin Sizin adınıza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1 -dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ Rayon İcra Hakimiyyətinə ünvanladığı 19 mart 2012-ci il tarixli, 29- 780 BB nömrəli məktuba, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 15 oktyabr 2012-ci il tarixli 136 nömrəli sərəncamına əsaslanaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46 ünvanında yerləşən 5 saylı mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan sözügedən mənzilin verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli sərəncamından çıxarışın xx.xx.2012-ci il tarixdə verildiyinə istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslərin ərizəsi. -və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Hazırkı iş üzrə cavabdeh öz imtina əsasını, etirazını onunla əsaslandırmışdır ki, sözügedən mənzil iddiaçıya Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli sərəncamı xx.xx.2012-ci il tarixdə verilmiş, bununla da iddiaçı barəsində hüquqmüəyyənedici sənəd olan sərəncam 2009-cu ildən sonrakı tarixli olmaqla “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən özəlləşməyə əsas vermir. Məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının iddia predmeti olan mənzil özəlləşdirmək hüququ xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin aşağıdakı normalarına əsasən yaranmışdır. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: -28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. -33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. -36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: iş yerində uçota götürülmüş vətəndaşlar barəsində, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. -37-ci maddəsinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Siyahıda sonrakı dəyişikliklər haqqında müəssisə, idarə, təşkilat rəhbəri siyahını təsdiq etmiş icraiyyə komitəsinə məlumat verməlidir. -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Sadalanan normalardan müəyyən olunur ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçota götürülmə əsaslarından biri də iş yerində müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülmədir. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Mənzillər müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və bu barədə müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Qeyd edilən normaların tələblərini hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, İddiaçı hələ xx.xx.1988-ci ildə Əmirov adına Neft Qazçıxarma İdarəsi (NQÇİ) tərəfindən 4 nəfər (özü, həyat yoldaşı, oğlu, qızı) ailə tərkibi ilə mənzil uçotuna götürülmüşdür. Həmin vaxtdan 2012-ci ilədək İddiaçı iş yerindən mənzillə təmin edilməmişdir. SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx.xx.2012-ci il tarixli 02 nömrəli Protokolu ilə İddiaçı 4 nəfər olmaqla, (özü, h/y, qızı, oğlu) ünvan 8 ünvanında inşa edilmiş 60 mənzilli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbəsində 2 otaqdan ibarət 40,3 kv.m yaşayış sahəsi olan 5 nömrəli mənzillə təmin olunması qərara alınmış və o mənzil uçotundan çıxarılmışdır. Həmin mənzilə hüquq təsdiqedici sənəd verilməsi üçün İddiaçı mənzil uçot qovluğu Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 136 nömrəli sərəncamı ilə yuxarıda qeyd edilən qərar (28 fevral 2012-ci il tarixli 2 nömrəli protokol) təsdiq olunmuşdur. 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 46 saylı ev Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Hazırda isə iddiaçının yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 46 saylı ev dövlət mənzil fonduna aid olmaqla xx.xx.2015-ci il tarixli 83 nömrəli sərəncamına əsasən Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 219 saylı sərəncamı ilə sözügedən 46 saylı yaşayış binası istismara qəbul olunmuşdur. Göründüyü kimi iddiaçı xx.xx.1988-ci il tarixdən ailə tərkibi ilə ARDNŞ üzrə mənzil növbəsinə götürülmüş, lakin işin faktiki hallarına əsasən mənzil ddiaçının istifadəsinə 24 ildən sonra, yəni 2012-ci ildə verilmişdir. İddiaçıya mənzil işlədiyi müəssisənin müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilmiş, o, iş yeri üzrə mənzil uçotundan çıxarılmış və yalnız bundan sonra ona təhvil verilmiş mənzil Qaradağ RİH-nin xx.xx.2012-ci il tarixli 136 nömrəli sərəncamı ilə onun adına rəsmiləşmişdir. Başqa sözlə, iddiaçının mənzillə təmin olunmağa qanuni gözlənti hüququ olmuş və bu hüquqdan irəli gələn nəticələri yalnız 2012-ci ildə realizə edə bilmişdir. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Beləliklə, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X13 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X10-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına fərq qoyulması, başqa sözlə eyni vaxtda mənzil növbəsinə götürülmüş şəxslərin, onların iradəsindən asılı olmayan hallardan irəli gələrək müxtəlif vaxtlarda mənzillə təmin edilmələri səbəbindən, sadəcə tarixə əsaslanmaqla ədalətli olmayan differensasiyanın aparılması eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Belə ki, həmin tarixdən yeni Mənzil Məcəlləsi tətbiq edilsə də, o tarixdən əvvəlki və sonrakı vaxtda verilmiş sərəncamlar predmet, tərəflərin hüquq və vəzifələri baxımından eynilik təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni kirayə müqaviləsinin bağlanması barədə müvafiq icra hakimiyyəti orqanının xx.xx.2012-ci il tarixli 136 nömrəli sərəncamını, eləcə də mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını, mənzil üzrə qeydiyyatda olan şəxslərin mənzilin özəlləşməsinə dair razılıq ərizələrini təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 nömrəli evin 1-ci giriş, 2-ci mərtəbəsində 2 otaqlı, yaşayış sahəsi 40,3 kv.m olan 5 saylı mənzilə dair İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 nömrəli evin 1-ci giriş, 2-ci mərtəbəsində 2 otaqlı, yaşayış sahəsi 40,3 kv.m olan 5 saylı mənzilə dair İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4948/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4948/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver