Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4948/2025 11.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə və 5 saylı Bakı Cavabdeh2nə qarşı “vurulmuş zərərin ödənilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra-iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə və 5 saylı Bakı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik hüququnu pozduğuna görə 5 saylı Bakı Cavabdeh2ndən 4000 (dörd min) manat verilməsi və sürücülük vəsiqəsinin dəyişdirilməsi, Baş X1 İdarəsinin qanunsuz hərəkətlərinə görə ondan 4000 (dörd min) manat və sürücülük vəsiqəsinin dəyişdirilməsi barədə iddiaçının xeyrinə qərar verilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixində 5 saylı Asan Xidmətə müraciət etmişdir ki, sürücülük vəsiqəsinin vaxtı bitdiyi üçün yenilənsin. Onlar iddiaçıya bildirmişdir ki, iddiaçının sürücülük vəsiqəsini yeniləyə bilməzlər. Baş X1 İdarəsindən iddiaçının 6 aylıq maşın sürmək qadağası var. İddiaçı da məhkəmənin qərarını gətirib göstərmiş, borcunun olmadığını demişdir. Qanunsuz cərimə barəsində xx.xx.2024-cü il apelyasiya məhkəməsinin qərarı gəlmədən Xəzər rayonu qanunsuz olaraq ona cəriməni dəbbə ilə ödəmədiyi üçün 6 aylıq qanunsuz həbs qoymuşdur. Bu haqda iddiaçı həmin gün vəsatət vermişdir. Amma iddiaçı cəriməni ödəmişdir. Apelyasiya məhkəməsinin qərarı gəlmədən iddiaçı cəriməni dəbbə ilə ödəmişdir. Xəzər rayonu məhkəməsi 6 aylıq qadağanı ləğv etmişdir. Bu barədə də Baş X1 İdarəsinə məktubla məlumat vermiş, qərarı da göndərmişdir. Buna baxmayaraq qərarı ləğv etməmişlər. İddiaçının sürücülük vəsiqəsini verməkdən boyun qaçırırlar. İXM məcəlləsinin 27-ci maddəsinə əsasən iddiaçının əlillik hüququnu 5 saylı Asan Xidmətlə və Baş X1 İdarəsi kobudcasına pozaraq iddiaçını mənəvi və psixoloji ziyan vurduqları üçün hərəsindən 4000 (dörd min) manat təzminat tələb etmişdir. Cavabdeh 5 saylı Bakı Cavabdeh2 iddiaya yazılı münasibətini təqdim edərək göstərmişdir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən, “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Həmin Fərmanın 5-ci hissəsinə əsasən, “ASAN xidmət” mərkəzlərində sürücülük vəsiqələrinin dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Müvafiq xidmətlə əlaqədar vətəndaş İddiaçı 3-45-5/1-T-10xxxx/2024 qeydiyyat nömrəli müraciəti xx.xx.2024-cü il tarixli 3-45-5/2-T-1080-42-997/2024 qeydiyyat nömrəli məktubla aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Baş X2 İdarəsinə yönləndirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Baş X2 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Nazlifan” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində xx.xx.2024-cü il tarixdə İXP- ******* nömrəli inzibati xəta haqqında protokol üzrə xx.xx.2024-cü il tarixdə TP- ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İşdən görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 3(003)-2041/2024 nömrəli qərarı ilə İddiaçı nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 3(003)-2041/2024 nömrəli qərarından görünür ki, İddiaçı cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən nəqliyyat vasitələrini idarə etmə hüququn 06 (altı) ay müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 3(003)-2041/2024 nömrəli qərarına xitam verilmişdir. Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin xx.xx.2025-ci il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, DİN-in Baş X1 İdarəsinin Qeydiyyat imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) AD 172883 nömrəli "B" kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İddiaçı nəqliyyat vasitələrini idarə etmək hüququ Xəzər Rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılmış, sonradan həmin qərara xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Beləliklə, işin qeyd olunan halları ilə müəyyən edilir ki, iddiaçıya məxsus sürücülük vəsiqəsinin etibarlı olma müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, xx.xx.2024-cü il tarixdə məhkəmə qərarına əsasən nəqliyyat vasitəsini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmış, sonradan xx.xx.2024-cü il tarixdə cərimə və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən nəqliyyat vasitələrini idarə etmə hüququn 06 (altı) ay müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 3(003)-2041/2024 nömrəli qərarına xitam verilmişdir. İddiaçı hazırda ona yeni sürücülük vəsiqəsinin verilməsini və vəsiqə verilməsindən imtina edildiyinə görə vurulmuş zərərin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsinə əsasən: I. Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. V. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. V. Sürücülük vəsiqəsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən 30 dəqiqə ərzində verilir. Sürücülük vəsiqələrinin verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir Vİ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 1) onun etibarlıq müddətinin qurtarması; ... Vİİ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir. Vİİİ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir: 1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla); 3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd; 4) bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2–4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış. Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir. Xİ. Hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən, habelə yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara onun buraxılmasından imtina edilməsindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Xİİİ. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: 1) nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 2) nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “04” avqust 2012-ci il tarixli Q16- 001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimata əsasən: -bənd 1.7. Sürücülük vəsiqəsinin verilməsi işini aparan mərkəzi orqan - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi (BDYPİ) tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir: 1.7.1. sürücülük vəsiqəsi blanklarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsi; 1.7.2. sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların uçota alınması, nəzəri və təcrübi imtahanların qəbul edilməsi, imtahanlardan müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsinin verilməsi; 1.7.3. verilmiş sürücülük vəsiqələrindəki məlumatların regional və mərkəzləşdirilmiş uçotunun aparılması; 1.7.4. özünün struktur hissələrinin sürücülük vəsiqələri blankları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsi; 1.7.5. bu struktur hissələrə buraxılmış sürücülük vəsiqəsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsi və onların vaxtaşırı təftiş edilməsi. -bənd 1.7-1. BDYPİ tərəfindən nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi BDYPİ-nin mərkəzi informasiya sistemi vasitəsilə həyata keçirilir. Göründüyü kimi, qanunverici sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarmasını onun dəyişdirilməsi üçün əsas kimi müəyyən etmiş, habelə nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən az məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün sürücülük vəsiqəsinin qaytarılmasını müəyyən etmişdir. İşdən görünür ki, iddiaçıya məxsus sürücülük vəsiqəsinin müddəti xx.xx.2024-cü ildə bitmiş, həmin müddət bitənədək, xx.xx.2024-cü ildə isə iddiaçının nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Hazırda həmin qərar ləğv olunmuş, iddiaçı ona tətbiq edilmiş cərimə və dəbbə pulunu ödəmişdir. Belə olan halda aydındır ki, iddiaçının etibarlıq müddəti bitmiş sürücülük vəsiqəsini dəyişməsi üçün hər hansı bir mane qalmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh Baş X2 İdarəsi tərəfindən sürücülük vəsiqəsinin dəyişdirilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələbə gəldikdə, məhkəmə qeyd edir ki, dəymiş ziyanın əvəzinin cavabdehlər tərəfindən ödənilməsi üçün ilk növbədə onlar tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsi müəyyən olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi cavabdeh tərəfindən hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Yəni vurulmuş zərərin əvəvzinin ödənilməsi məzmununda iddianın təmini üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Onlardan birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur. Hazırkı işin halları ilə cavabdehlərin hər hansı bir təqsirli hərəkəti müəyyən edilmir. Belə ki, işin yuxarıda da göstərilən hallarından görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 3(003)-2041/2024 nömrəli qərarı ilə İddiaçı nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmış, həmin qərara Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 3(003)-2041/2024 nömrəli qərarı ilə xitam verilmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə ona yeni sürücülük vəsiqəsi verilməsi üçün cavabdehlərə müraciət etmiş, hansı ki, həmin vaxt onun nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarı qüvvədə olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, işin araşdırılan halları ilə cavabdeh inzibati orqanların hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmədiyindən iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin olunsun. İddiaçı verilmiş sürücülük vəsiqəsinin dəyişdirilməsi vəzifəsi cavabdeh Baş X1 İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-4948/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4948/2025
11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver