Məhkəmə qərarları › İş №2-1(112)-4949/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4949/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4949/2021 09.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra mətndə - DSMF) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 tərəfindən 2011-ci il tarixdə dövlət büdcəsinə dəymiş ziyan adı altında DSMF-nin Suraxanı rayon şöbəsinə “xxxx” ASC vasitəsi ilə ödənilmiş 153.000 manat məbləğində pulun cavabdeh DSMF-dən alınaraq iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra mətndə - iddiaçı) ilə mərhum X3 birgə nikahda olmuşlar. X3 xx.xx.2017-ci il tarixdə ölmüşdür. O, xx.xx.2008-ci ildən 2011-ci il tarixə qədər keçmiş DSMF-nin Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini icra etmişdir. Vəzifəsinin icrası zamanı aparılmış yoxlamalar nəticəsində Şöbənin bir sıra vəzifəli şəxsləri ilə yanaşı onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri üzrə cinayət işi başlanılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək ona cinayətlərin məcmusu üzrə qəti olaraq 2 il dövlət orqanlarında yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə idarə və təşkilatlarında, habelə digər kommersiya və ya qeyrikommersiya təşkilatlarında təşkilati sərəncam verici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmək hüququndan məhrum edilməklə əmlakı müsadirə olunmamaqla 11 il müddətinə azadlıqdan məhrum etmə təyin edilmişdir. X3 istintaq təcridxanasında olduğu müddətdə yəni 2011-ci ildə onun qardaşı X2 tərəfindən “Kapital Bank”ın Suraxanı filialı vasitəsi ilə DSMF-nin Suraxanı rayon şöbəsinin “Kapital Bank”da olan hesablaşma hesabına 153.000 (yüz əlli üç min) manat pul vəsaiti ödənilmişdir. Səfər Hüseynov istintaq təcridxanasında olduğundan pulu qardaşı ödəmişdir. İddiaçı tək qadın olaraq qorxub və çəkindiyindən həmçinin himayəsində olan övladı yaşca kiçik olmasından banka getməkdən qorxmuşdur. Səfər Hüseynov barəsində istintaq davam edən müddətdə DSMF-nin keçmiş rəhbərliyi onu aldadaraq dəymiş ziyanı ödəyəcəyi təqdirdə məsuliyyətdən azad olunmasına köməklik edəcəklərini bildirmişlər. Səfər Hüseynov həmin vədə aldanaraq dövlət büdcəsinə heç bir ziyan vurmadığı halda (bu hal cinayət işi üzrə qəbul edilmiş yekun məhkəmə qərarı ilə öz təsdiqini tapır) 153.000 manat məbləğində vəsaiti DSMF-nin Suraxanı rayon şöbəsinin “Kapital Bank”dakı hesablaşma hesabına köçürmüşdür. Cinayət işi yekunlaşdıqdan sonra müəyyən olmuşdur ki, Səfər Hüseynov tərəfindən dövlət büdcəsinə hər hansı məbləğdə ziyan vurulmamış, həmin zərərlər Şöbənin müvafiq vəzifəli şəxsləri tərəfindən vurulmuş, həmin şəxslər də DSMF qarşısında notarial qaydada təsdiq olunmuş razılaşma əsasında ziyanın ödənilməsini öhdələrinə götürmüşlər. Səfər Hüseynovun əməli isə şöbə müdiri kimi səhlənkarlıqdan ibarət olmuşdur. X5 öldüyündən onun hüquqi varisi kimi arvadının həmin pulu tələb etmək hüququ vardır. Qeyd edilənlərdən Səfər Hüseynov vurmadığı zərərə görə DSMF-nin Suraxanı rayon şöbəsinin “Kapital Bank”ın Suraxanı rayonunda yerləşən filialındakı hesabına 153.000 manat məbləğində vəsaiti ödəməsi faktı müəyyən edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmlər nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.” İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi DSMF-yə yönəlmişdir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən edilməsi üçün iddia tələbinin faktiki əsasının aydınlaşdırılması zəruridir. İddiaçının iddia ərizəsindən və iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında izahatından məlum olur ki, iddiaçının etirazı, narazılığı və şikayəti məhz iddia ərizəsində qeyd edilən, onun mərhum əri X1 barəsində olan cinayət işi ilə əlaqədar dəymiş ziyanın ödənilməsi adı altında hazırkı iş üzrə cavabdeh olan DSMF-yə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlıdır. Hüquq münasibətinin mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə cavabdeh inzibati orqan DSMF-yə qarşı iddia irəli sürsə də, cavabdeh orqan ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törənmiş olsun. Çünki, iddia ərizəsində qeyd edilən pul məbləği cavabdeh inzibati orqana hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar deyil, cinayət işi ilə əlaqədar dəymiş ziyanın ödənilməsi adı altında verilmişdir. Başqa sözlə, hazırkı işdə cavabdeh orqan özünün publik funksiyası çərçivəsində deyil, xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etmişdir. Tərəflər arasındakı münasibət mülki hüquq xarakterli, daha dəqiq, öhdəlik hüquq münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçı aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etməlidir. Məhkəmə həmçinin vurğulayır ki, hazırkı iddia mülki məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə mümkün sayılmadığından iddianın digər ümumi və xüsusi mümkünlük şərtlərinin yoxlanılması üçün əlavə araşdırılma aparılmasına zərurət görmür və özünün bu mövqeyini “prosessual qənaət” prinsipinə uyğun hesab edir. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar