Məhkəmə qərarları › İş №2-1(112)-4949/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4949/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4949/2023 17.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər X8 və X9) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. 19.01.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 8 ünvanında yerləşən 38 saylı mənzil İddiaçı (bundan sonra – İddiaçı) mülkiyyətindədir.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 8 ünvanında yerləşən 38 saylı mənzildə xx.xx.1984-cü il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 qeydiyyatdadırlar.

3. İddiaçı ərizə ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X3, X8 və X6 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli, 091-77504N-1222 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Buna görə də iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsində yerləşən 8 saylı evin, 3-cü girişinin, 38 saylı mənzilindən qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X3, X8 və X9 (bundan sonra üçüncü şəxslər) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

7. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, X8 və X6 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmiş, X1 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Tərəflərin əsaslandırması:

8. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 6 onun xüsusi mülkiyyətindədir. 2008-ci il tarixində onun oğlu Nəsibov Bəxtiyar Ticarət oğlu X3 ilə nikaha daxil olaraq, onun mülkiyyətində olan həmin evə gəlin köçmüş və onun evinə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 anadan olmuşlar və nəvələri də onun evinə yaşayış yeri üzrə qeydiyyata alınmışlar. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan aralarında müəyyən problemləri üzə çıxmış və onun əsasında münasibətləri kəskin şəkildə pisləşmiş və nəticədə 2016-cı il tarixindən keçmiş gəlini övladları ilə birlikdə atası evinə getmişdir. Oğlunun müraciətinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2017ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan övladları ananın yanında saxlanılmış, saxlanılması üçün oğlundan hər ay hər uşağa görə sabit pul məbləğində aliment tutulmuşdur. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət edərək, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, üçüncü şəxslər onun mülkiyyətində olan həmin mənzildə qeydiyyatda olsalar da, 2016-cı il tarixindən orada yaşamırlar, onların onun evinə dair heç bir istifadə hüquqları yoxdur və qeydiyyatları formal xarakter daşıyır. Üçüncü şəxslərin ona məxsus ünvanda qeydiyyatda olmaları onun mülkiyyətçi kimi hüquqlarını pozur. Mülkiyyətçi kimi, mənzilə dair hüquqlarından istifadə edə bilmir.

9. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. 11.Cavabdeh məhkəməyə göndərdiyi məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi

13. Məhkəmə tərəfi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

15. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

17. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

18. İddia həm də əsaslıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3, X8 və X6 ünvan 2 ünvanı üzərində mülkiyyət, istifadə və ya digər məhdud əşya hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir.

19. Yasamal Rayon Məhkəməsinin 2(004)-1602/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Nəsibov Bəxtiyar Ticarət oğlunun cavabdeh X4 qarşı “nikahın pozulması” tələbinə dair ilkin və iddiaçı X2 cavabdeh Nəsibov Bəxtiyar Ticarət oğluna qarşı “aliment” tələbinə dair iddiası təmin edilmiş, Nəsibov Bəxtiyar Ticarət oğlu ilə X7 arasında xx.xx.2008-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış və 71 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X6 anaları Nəsibova (İbrahimova) Ramilə Məhəmməd qızı qızının yanında qalması qət edilmişdir. Qətnamə 19 iyun 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır.

20. İşdə olan Mənzil-Kooperativ Tikinti Təsərrüfatı İdarəsi MTK-187 Yeni Yasamal-2 062 nömrəli, 28 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Yeni ünvan 3 ünvanında yerləşən 38 saylı mənzildə 2016-cı ildən etibarən X3, X8 və X9 yaşamırlar.

21. Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanına 3 saylı Asan xidmət mərkəzi tərəfindən qeydiyyata alınmış, xx.xx.2011-ci il təvəllüdlü X9 xx.xx.2019-cu il tarixdə 3 saylı Asan xidmət tərəfindən, xx.xx.2009-cu il təvəllüdlü X8 xx.xx.2016-cı il tarixdə ünvan 5 ünvanına qeydiyyata alınmaqla 3-1 saylı Asan xidmət mərkəzi tərəfindən şəxsiyyət vəsiqəsi almışlar.

22. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 8 ünvanında yerləşən 38 saylı mənzildə xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 qeydiyyatdadırlar.

23. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının yetkinlik yaşına çatmayan nəvələridir və iddiaçının razılığı ilə mübahisəli ünvana qeydiyyata alınmışlar. İddiaçı hazırda üçüncü şəxslərin mübahisəli mənzildə yaşamamasına istinad edərək onların mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir.

24. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:

25. 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

26. 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

27. 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;

28. 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;

29. 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

30. 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

31. Həmin Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

33. Məcəllənin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.

34. Həmin Məcəllənin 35.6-cı madəsinə əsasən yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına qəyyumluq və himayəçilik orqanının razılığı ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar və himayəçilər yaşayış yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə borcludurlar.

35. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər yetkinlik yaşına çatmayan şəxslər olduğundan onların yaşayış yeri valideynlərinin yaşayış yeridir. İşdən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə onlar anaları Ramilə İbrahimovanın himayəsinə verlmişlər, hansı ki, həmin şəxs hazırda ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxslərin mübahisəli ünvanda qeydiyyatda qalmaları üçün əsas aradan qalxmışdır. Bu səbəbdən iddia təmin edilməlidir.

36. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

39. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 ünvan 6 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar