Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4949/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, müavinətinin əvvəlki illərinin hesablanıb ona ödənilməsini xahiş etmişdir. Cavabdeh 18 oktyabr 2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.2024-cü il tarixindən əvvəlki dövr üzrə əlilliyi qeydə alınmadığından ona ərizədə qeyd etdiyi dövr üzrə əlilliyə görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlilliyi müəyyən edildiyi dövrdən əvvəlki üç il üçün pensiya verilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi, əlilliyi müəyyən edildiyi dövrdən əvvəlki üç il üçün pensiya ödənişlərinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, o, 2011-ci ildə baş vermiş qəza nəticəsində görmə qabiliyyətini zədələmiş və getdikcə sağ gözünün görməsi tamamilə itmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə müayinə olunaraq ona pensiya təyin edilmiş və həmin tarixdən hal-hazıradək 150 manat məbləğində pensiya alır. Dövlət Sosial Müdafiə Fonduna “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən son üç il üçün təyin edilmiş pensiya məbləğinin ödənilməsi ilə bağlı etdiyi müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üçün əlilliyin müəyyən edilməsi əsası ilə həmin müddət üçün ödəmənin mümkün olmadığı qeyd edilmişdir. Halbuki o, əlillik təyin edilməsinə səbəb olan xəstəliyi 2011-ci ildə almışdır, həmin vaxt həkim müayinələrindən keçməsi barədə sənədləri mövcuddur. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuş və etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən iddiaçıya ilkin müayinə nəticəsində xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş və həmin tarixdən proaktiv qaydada 150 manat məbləğində olmaqla əlilliyə görə sosial müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçının mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üzrə əlilliyi qeydə alınmadığından həmin tarixdən əvvəlki dövrə əlilliyə görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan “Əlillik” altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2024cü il tarixdə “Arxa qütbün və ləkənin degenerasiyası, Monokulyar korluq, Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, İOL subluksasiyası cərrahi əməliyyat (2011). İntraokulyar İmzanın olması, İntraokulyar linzanın olması” diaqnozu üzrə ilkin olaraq müddətsiz 50 faiz orqanizmin funksiyalarının pozulmasına görə ümumi xəstəlik səbəbindən əlillik təyin edilmişdir. İşdən görünür ki, cavabdeh həmin tarixdən iddiaçıya əlilliyə görə sosial müavinət təyin etmişdir. İddiaçı hazırda əlillik təyin edilməsinə səbəb olan xəsarəti 2011-ci ildə aldığına görə, ona 20.052024-cü ildən əvvəlki üç il üçün sosial müavinətin təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun: - 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 4.0-ci maddəsinə əsasən həmin Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.3. əlilliyə görə müavinət. - 7.0-ci maddəyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlə aşağıdakı hallarda təyin edilir: 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda. - 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə görə mmüavinət-əlillik müddətinə; İstinad olunan normalardan görünür ki, şəxsə əlilliyə görə müavinət təyin edilməsi üçün:
1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında onun əlilliyi müəyyən edilməlidir;
2. onun əmək pensiyası hüququ olmamalıdır. Qanunvericiliyin tələbinə əsasən yalnız bu iki şərt olduqda şəxsin əlilliyə görə müavinət almaq hüququ yaranır və ona müavinət təyin edilərək ödənilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: - 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. - 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Beləliklə, istinad olunan normalardan görünür ki, şəxsin əlil olması həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müəyyən edilir və yalnız həmin qərar qəbul edildikdən sonra şəxs üçün müvafiq hüquqi nəticələr yaradır. İşin yuxarıda sadalanan halları ilə müəyyən edilir ki, iddiaçı 2011-ci ildən etibarən müvafiq xəstəlikdən əziyyət çəksə də, ona əlillik xx.xx.2024-cü il tarixdə təyin edilmiş, deməli, onun əlilliyə görə müavinət hüququ da məhz həmin tarixdən yaranmışdır. Belə olan halda, nə qədər ki, iddiaçının müavinət almaq hüququ xx.xx.2024-cü il tarixdən əvvəlki dövr üzrə mövcud olmamışdır, deməli, onun əvvəlki üç il üçün müavinət tələb etmək hüququ da yoxdur. Bununla da İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə iddiaçının üzərinə qoyulan ilkin sübutetmə vəzifəsi yerinə yetirilməmiş olur ki, bu da eyni zamanda onun arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova