Məhkəmə qərarları › İş №2-1(112)-495/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-495/2023

03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-495/2023 03.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və plan ölçünün verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin yanında keçmiş “X2 və İstismarı Birliyi” ilə aralarında bağlanmış 17 dekabr 2001-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” 30044 saylı müqaviləyə əsasən istifadəsinə verilmiş və faktiki istifadəsində olan, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan, 6002 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün tərtib edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin yanında keçmiş “X2 və İstismarı Birliyi” ilə aralarında bağlanmış 17 dekabr 2001-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” 30044 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən və ümumi sahəsi 0.12 ha-dan ibarət, 6002 saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Elə həmin vaxtdan da bağ sahəsinin ətrafı tərəfindən daş hasara alınaraq, təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirilmişdir ki, hal-hazırda da həmin bağ sahəsi onun istifadəsindədir. İstifadəsinə verilmiş 6002 saylı bağ sahəsi üzərində öz mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün tərtib edilərək verilməsi ilə bağlı rəsmi qaydada DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, həmin İdarənin 14 oktyabr 2021-ci il tarixli, **********29 saylı məktubu ilə “Göstərilən bağ sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, 6002 nömrəli bağ sahəsinin göstərilən əraziyə aidiyyətinin olmaması, həmçinin bu hissədə sxematik xəritədə bağ nömrəsinin qeyd olunmaması” ona bildirilərək müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina əsassız və qanunsuz sayılmalı və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazidə bağ nömrələri qeyd edilməyib. Bununla bağlı iddiaçıya **********36 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********65 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktublar ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan: -Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi X3 ünvanlanmış xx.xx.2021-ci il tarixli **********29 saylı məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6002 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə xx.xx.2021-ci il tarixli müraciətinə aidiyyatı üzrə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, göstərilən sahənin yerləşməsi keçmiş X2 və İstismarı Birliyinin yardımçı vasitə kimi istifadə etdiyi Ləhiş bağlar massivinə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 6002 nömrəli bağ sahəsinin iddia olunan əraziyə aidiyyatı yoxdur. Həmçinin bu hissədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmayıb. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının X4 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 30044 saylı 17 dekabr 2001-cı il tarixli müqavilədən görünür ki, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6002 saylı bağ sahəsi İddiaçı verilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/19 saylı mütəxəssis rəyi ilə bildirilmişdir ki, İddiaçı istifadəsində olan Sabunçu rayon, Ləhiş bağları ərazisində yerləşən 0.12 ha bağ sahəsi olan 6002 saylı bağ sahəsinə yerində mütəxəssis tərəfindən baxılmış, CPS aparatı ilə həmin torpağın döngə nöqtələri təyin edilmişdir. 1) X-413524.78 Y- 4492588.99, 2) X-413547.50 Y-4492578.02 3) X-413529.75 Y-4492534.01 4) X-413506.23 Y-4492544.56. Təyin olunan döngə nöqtələrinə əsasən həmin torpağın ortofoto görüntüsünə baxılmışdır. Mütəxəssislər tərəfindən baza məlumatlarına əsəsən müəyyən olunmuşdur ki, İddiaçı istifadəsində olan 0.12 ha torpaq sahəsi Sabunçu rayonunun Ləhiş bağlarının hüdudları daxilindədir. Əlavə olaraq bildirilmişdir ki, göstərilən ərazidə qeyri bağ nömrəsi qeyd edilməyib. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********44 №-li, xx.xx.2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən bağ sahəsi sənəd üzrə 1200,0 kv.m olsa da, faktiki olaraq 1208,0 kv.m təşkil edir. Bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Qeyd olunan bağ nömrəsi göstərilən əraziyə aid deyil. Bu ərazilərin bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrəsi qeyd olunmayıb. Həmçinin sözügedən bağ sahəsinə digər fiziki şəxsin (6001 saylı bağ sahəsi kimi) və BİM-in müraciətləri mövcüddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (bağ sahələrinə dair verilən icarə müqaviləsi) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunün 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtinar edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin şərh edilən hallarından müəyyən olunur ki, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının X2 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 30044 saylı 17 dekabr 2001-cı il tarixli müqavilə ilə Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6002 saylı bağ sahəsi İddiaçı verilmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı bağ sahəsinin bağlar massivinə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyindən tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin sənəd sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Qeyd olunmalıdır ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Sxematik xəritə ilə bağlı uyğunsuzluq olduğu dəlilinə münasibətdə ilk növbədə qeyd edilməlidir ki, cavabdeh bildirdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Məhkəmə, həmçinin, iddia olunan torpaq sahəsinin Sabunçu rayonu, Ləhiş bağlarının hüdudları daxilində olması mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Məhkəmə iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş **********44 №-li, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyini də mötəbər sübut kimi qəbul etmir. Sözügedən bağ sahəsinə digər fiziki şəxsin (6001 saylı bağ sahəsi kimi) və BİM-in müraciətləri mövcüd olması barədə mütəxəssis rəyində qeyd edilmiş dəlilə münasibətdə məhkəmə qeyd edir ki, işə əlavə edilmiş sənədlərə əsasən Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 6001 və 6003 saylı bağ sahələri ilə bağlı həmin işlərdə də cavabdeh İdarə eyni dəlili irəli sürmüş və məhkəmə araşdırması zamanı həmin dəlillər öz təsdiqini tapmamış, qeyd olunan məhkəmə qərarları yuxarı instansiya məhkəmələrində mübahisələndirilərək qanuni qüvvəsini almışdır. Cavabdeh İdarə hazırkı işdə 6002 saylı bağ sahəsinə digər fiziki şəxsin (6001 saylı bağ sahəsinin) və BİM-in müraciətlərinin olması dəlilini irəli sürmüş, həmin mübahisələrdə isə analoji etirazla məhkəməyə müraciət etmişdir. Lakin qeyd edilən bağ sahələrinin (6001, 6002, 6003) bir-biri ilə üst-üstə düşməsi, həmin bağ sahələrinin istifadəçilərinin digərinin bağ sahəsinə iddiasının olması işdən müəyyən edilməmişdir. Göründüyü kimi cavabdehin dəlilləri və imtinası əsassızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin yanında keçmiş X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 17 dekabr 2001-ci il tarixli “Bağın istifadəyə verilməsi haqqında” 30044 saylı müqaviləyə əsasən uzun müddət istifadəsində olan və Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 6002 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün tərtib edilərək verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar