Məhkəmə qərarları › İş №2-1(112)-495/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-495/2024

10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-495/2024 10.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli reyestr nömrəsi **********63-11301, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda düzəliş edilməsi, ilkin sənədlərlə iddiaçıya ayrılmış torpaq sahəsinin qalan bir sotunun iddiaçının adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “verilmiş xx.xx.2022-ci il tarixli reyestr nömrəsi **********6311301, qeydiyyat nömrəsi ********** olan Dövlət Reyestrindən çıxarışda düzəliş edilməsi ilkin sənədlərlə iddiaçıya ayrılmış torpaq sahəsinin qalan 0,0098 kv.m onun adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçının anası X2 adına Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin torpaq sahəsi X11 kitabında xx.xx.2011-ci il tarixdə 25925 nömrə ilə uçota alınmışdır. Plan və ölçü sənədlərindən görünür ki, adı çəkilən torpaq sahəsi 2500 kv metr ölçüdə 2968 saylı bag evinin tikintisi üçün Bakı şəhəri İcra Hakimiyyəti Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli Protokolu ilə ayrılmışdır. 2500 kv metr ölçüdə torpaq sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti Bağlar təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə anam X6 arasında xx.xx.2001-ci il tarixli bağın icarəyə verilməsi haqqında 16498 №-li müqavil bağlanmışdır. İddiaçının anasının adına torpaq sahəsi verilərkən ilkin olaraq onun ölçüsü 0,25 ha olmuş, sonradan plan və ölçü tərtib edilərkən və çıxarış verilərkn hansısa səbəbdən 0,25 ha deyil, 0,2402 ha torpaq sahəsi göstərilmişdir. Həmin torpaq sahəsi vərəsəlik yolu ilə iddiaçının adına rəsmiləşdirilmişdir, mən adıma Dövlət Reyestrindən çıxarış verilmişdir. Beləliklə torpaq sahəsi ilkin sənədlərlə iddiaçıya ayrılan bir sot əksikdir. İddiaçı hazırki tələblə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı onun adına verilmiş xx.xx.2022-ci il tarixli reyestr nömrəsi **********63-11301, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda düzəliş edilməsi ilkin sənədlərlə ona ayrılmış torpaq sahəsinin qalan bir sotunun onun adına rəsmiləşdirilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müraciəti ərizəçi tərəfindən imzalanmadığından, ərizə baxılmamış saxlanılmış və sənədlər geri göndərilmişdir. Tərəflər izahatları: İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə iddianın mümkünlüyü ilə bağlı bildirir ki, cavabdeh iddianın mümkün sayılmaması ilə bağlı mövqeyi irəli sürsə də, hazırki halda cavabdehin istinad etdiyi həmin hallar iddianın mümkünlük şərtlərinin ödənilmədiyini demək üçün əsas vermir. Belə ki, cavabdeh iddaçı tərəfindən orqana olunan müraciətlərin imzalanmadığını əsas gətirərək həmin ərizəni baxılmamış saxlamışdır. Halbuki, buna dair hər hansı sənəd təqdim edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müraciət cavabdehə ünvanlanmış, eləcə də məhkəmə icraatı gedişində cavabdehə buna dair sərəncam və aidiyyəti digər sənədlər göndərilmiş, müraciətin məhkəmə icraatı çərçivəsində yenidən araşdırılması təklif edilmiş, iş üzrə cavabdehin özü tərəfindən mütəxəssis rəyi və s əldə edilmiş, tam və obyektiv araşdırma da bir-neçə məhkəmə iclasları təşkil edilməklə aparılmışdır ki, cavabdeh tərəfindən müraciətin təmini istiqamətində hər hansı tədbir həyata keçirilməmişdir ki, məhkəmə hesab edir ki, iş üzrə 17 oktyabr 2022-ci il tarixdən aparılmış araşdırmanın iddianın mümkünsüz sayılması ilə yekunlaşdırılması formal məzmun daşımaqla, iddianın mahiyyəti üzrə qiymətləndirilməsinə maneə olmamaqla, cavabdehin müraciətin təminindən imtina xarakterli mövqeyini istisna etməməkdədir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bağın icarəyə verilməsi haqqında 25 yanvar 1991-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,25 ha ölçüdə olan 2968 nömrəli bağ sahəsi X1 icarəsinə verilmişdir. Bağın icarəyə verilməsi haqqında 26 iyun 2001-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,25 ha ölçüdə olan 2968 nömrəli bağ sahəsi X3 icarəsinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,2402 ha ölçüdə olan 2968 nömrəli bağ sahəsi üzərində xx.xx.2021-ci il tarixdə X3 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mərhum X3 mülkiyyətində olan 2968 saylı bağ sahəsinin faktiki ölçüsü 2402,44 kv.m təşkil edir. Notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, İddiaçı Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 2968 nömrəli bağ sahəsinin 2500 kv.m-dən azalaraq 2.402,44 kv.m olmasına etiraz etməmiş və gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0,2402 ha ölçüdə olan 2968 nömrəli bağ sahəsi üzərində xx.xx.2021-ci il tarixdə İddiaçı xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçı adına tərtib olunmuş plan sxemnən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 2968 nömrəli bağ sahəsinin faktiki ölçüsü 0,2387 ha təşkil edir. Ekspert rəyində qeyd olunmuşdur ki: -Göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0,2402 ha təşkil edir. Bağ sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planında qeyd olunan, eyni zamanda mövcud vəziyyətdə hasar daxilində olan 0,2402 ha torpaq sahəsinə əsasən qeydiyyat aparılmışdır. Sözügedən torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatları plan-ölçüdə öz əksini tapmışdır. -Hazırda İddiaçı istifadə etdiyi (mülkiyyətinə verilmiş) Ləhiş bağ sahəsi, 2968 saylı bağ sahəsinin 0,2402 ha koordinatları mövcud hasarlanmaya uyğundur. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planında qeyd olunan koordinatlar naturada faktiki istifadə olunan ölçülərə uyğun gəldiyi müəyyən edilmişdir. -xx.xx.1991-ci il tarixli bağın icarə müqaviləsən əsasən mərhum X3 istifadəsinə verilmiş 0,25 ha torpaq sahəsinin 0,0098 ha hissəsi hasarlanma düzgün aparılmadığından cənub-şərq qonşu ərazisində iddia edilir. xx.xx.1991-ci il tarixli bağın icarə müqaviləsən əsasən mərhum X3 istifadəsinə verilmiş 0,25 ha torpaq sahəsinin iddia edilən 0,0098 ha hissəsi olmaqla cənub-şərq qonşusunun bağ sahəsinin qeydiyyatdan keçmədiyi müəyyən olunmuşdur. -Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi X5 adına olan **********3369 nömrəli ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı əsasında dövlət reyestrində qeydiyyata alınaraq daha sonra özgəninkiləşdirilmişdir (torpaq sahəsi xüsusi mülkiyyətdədir Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (-)

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (t həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə bildirir ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Doğrudur ki, bağ sahələrinə dair verilən icarə müqavilələri hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə hüququn qeydiyyata alınması üçün əsas qismində çıxış etsə də, hazırkı iş üzrə istinad müqavilə əsasında iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 2968 nömrəli bağ sahəsinin qalan 0,0098 kv.m hissəsinə mülkiyyət hüquqlarının qeydiyyatının aparılması mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 204.1. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. 204.2. Daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün mülkiyyətçi bu barədə yazılı elan verməli və ya həmin əmlaka hər hansı hüququnu saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə yetirməlidir. Torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Nəzərə alınmalıdır k, MM-də daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi hüququ verilmişdir ki, bu zaman ixtiyarlı şəxs bu barədə ərizə təqdim edir və həmin ərizə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır, nəticədə həmin ərizə məcburi qüvvədə alır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 2968 nömrəli bağ sahəsinin 2500 kv.m-dən azalaraq 2.402,44 kv.m olmasına etiraz etməmiş və gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacağını bildirmişdir. Göründüyü kimi iddiaçı faktiki olaraq iddia olunan torpaq sahəsinin 0,0098 ha hissəsinə münasibətdə hüquqlarından imtina etmişdir ki, həmin ərizənin mövcudluğu MM-nin 204.1-ci maddəsinin tələblərinə görə onun torpaq sahəsinə münasibətdə hüquqlarından imtina edildiyini göstərir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçı həmin ərizəsi cavabdehin inzibati orqan kimi inzibati icraat çərçivəsində aparılan araşdırmanın və nəticədə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı icraatın düzgün olduğuna dəlalət edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.[ 31.1. İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. 31.2. İnzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə borcludur. 31.3. İnzibati orqan vəsatəti qəbul etməyə və icraat materiallarına əlavə etməyə borcludur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Eyni zamanda inzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalı, həmin ərizəni icraat materiallarına əlavə etməlidir. Məhkəmə icraatı zamanı təqdim olunmuş inzibati icraat materiallarında iddiaçının həmin ərizəsi sənədlər arasında olduğu görünür. Yəni, cavabdeh iddiaçının həmin ərizəsini nəzərə almış və iddia olunan torpaq sahəsi üzərində iddiaçının mərhum anasının mülkiyyət hüquqlarının qeydiyyatını apararkən torpaq sahəsinin 0,2402 ha ölçüsünə münasibətdə araşdırma aparmışdır. Məhkəmə göstərilən hallara məcmu şəkildə qiymət verərək hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 2968 nömrəli bağ sahəsinə dair tərtib olunmuş müqavilədə torpaq sahəsinin ölçüsü 0,25 ha olsa da və qeydiyyata alınmamış, yəni 0,25 ha torpaq sahəsinin qalan 0,098 kv.m hissəsi üzərində hər hansı şəxsin mülkiyyət hüquqları qeydiyyata alınmasada, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyatı zamanı cavabdehə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq bir başa həmin hüquqlarından imtina etdiyini təsdiq etmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, müqavilədə 0,25 ha ölçü göstərilsə də, müqaviləyə əlavə kimi Bakı Ərazi İdarəsi tərəfindən 08 fevral 2011-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin sxemindən, eləcə də DTXK tərəfindən tərtib edilmiş 26 may 2011ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədindən də göründüyü kimi torpaq sahəsinin faktiki ölçüsü 2500 kv.m yox, daha az olmuşdur. Göründüyü kimi iddiaçının faktiki və texniki sənədlər əsasında istifadəsində olan torpaq sahəsi 2500 kv.m ölçüdə olmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Adıçəkilən müddəaların tələbindən də göründüyü kimi həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarında olan yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlərdən, DTXK tərəfindən tərtib edilmiş plan və ölçü sənədi, o cümlədən cavabdeh tərəfindən tərtib edilmiş plan sxemdən isə görünür ki, iddiaçının istifadəsində heç bir zaman 2500 kv.m torpaq sahəsi olmamış, faktiki və qanuni istifadədə olan torpaq sahəsi az olmuşdur ki, hal-hazırda qanuni və ya qanunsuz olmasından asılı olmayaraq digər şəxsin faktiki istifadəsində olan 0,098 kv.m sahəyə dair imtina edilmiş hüquqların göstərilən müddəaların tələblərinə, yəni yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlərə, eləcə də DTXK tərəfindən tərtib edilmiş plan və ölçü sənədi, o cümlədən cavabdeh tərəfindən tərtib edilmiş plan sxemə uyğun olmadan iddiaçının mülkiyyətinə verilməsi işin faktiki halları ilə uyğunluq təşkil etməməklə iddianın təminini istisna edir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarından görünür ki, 50 manat ekspertiza xərci mövcud olmuş, iddianın isə rədd edilməsi qərara alınmışdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. X4, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************hesaba ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində prosessual xərc iddiaçı tərəfindən ödənilsin.

Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar