Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4950/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “artıq ödəmənin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödəmənin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Araz Motor MMC” tərəfindən **********5775 nömrəli gömrük bəyannaməsi tərtib edilərkən texniki səhvə yol verilmiş, nəticədə 17.646 manat artıq vəsait gömrük rüsumu olaraq dövlət büdcəsinə ödənilmişdir. Texniki səhv ondan ibarət olmuşdur ki, bəyannamənin tərtibi zamanı “Əlavə xərclər” bölməsində nəqliyyat xərci qeyd olunarkən ümumi brutto çəkisi 8253,16 kq əvəzinə səhvən 339,30 kq qeyd olunub. Bunun nəticəsində rüsumun ödənilməsini hesablayan proqram 17.646 manat məbləğində artıq rüsum hesablamışdır. Bunun üçün dəfələrlə Dövlət Gömrük Komitəsinə müraciət edilsə də müsbət cavab verilməmişdir. Təqdim edilmiş birinci cavab 12.10.2020ci il tarixli, 1000-120/120-25/019912 saylı məktubla Dövlət Gömrük Komitəsi tərəfindən verilmişdir. Həmin cavab məktubunda müraciətin araşdırılması Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən 28.09.2020-ci il tarixli müraciətlərinə 06.11.2020-ci il tarixli, 1400-012/004-24/008582 saylı məktubla cavab verilmiş, sadəcə bildirilmişdir ki, **********5775 nömrəli gömrük bəyannaməsi təqdim edilmiş sənədlərə əsasən qanunamüvafiq qaydada rəsmiləşdirilərək, yükün buraxılışı təmin edilmişdir. Bundan sonra iddiaçı tərəfindən 24.11.2020-ci il tarixində Gömrük Komitəsinə müraciət edilmişdir. Qeyd edilən müraciətə AR Gömrük Komitəsi tərəfindən 27.11.2020-ci il tarixli, 100-170/170-25/023318 saylı cavab məktubu ilə bildirilmişdir ki, müraciətin araşdırılması Bakı Baş Gömrük İdarəsinə tapşırılmışdır. Bakı Baş Gömrük İdarəsi tərəfindən 30.01.2021-ci il tarixli, 1400-018/004-26/000634 saylı imtina cavabı verilmişdir. Belə ki, cavab məktubunda qeyd edilmişdir ki, **********5775 nömrəli gömrük bəyannaməsi üçün ödənilən artıq vəsait VAİS proqramında aşkar edilməmişdir. Qeyd edilən cavab iddiaçıya rəsmi qaydada 21.02.2021 -ci il tarixində təqdim edilmişdir. 08 iyun 2020-ci il tarixli, 432-05 saylı invoysa əsasən ölkəyə gətirilən yükün brutto çəkisi 8253,16 kq olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi həmin çəki səhvən 339,30 yazılmış və nəticədə deyilən VAİS proqramı artıq rüsum hesablamışdır. Lakin cavabdeh təşkilat indiyə kimi artıq ödənişi qaytarmamışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, yalnız 30.01.2021-ci il tarixdı imtina məktubu verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi və vəkili 05.11.2021-ci il tarixdə, məhkəmə iclasında “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “iddiaçı "xxxx" MMC tərəfindən artıq ödənilmiş 13.179,29 manat X8nin qaytarılması barədə rəy tərtib edilməsi, artıq ödənilmiş 3.469,44 manat gömrük rüsumunun qaytarılması barədə rəy tərtib edilməsi və 360 manat gömrük yığımının qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 05 noyabr 2021-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında həmin dövrdə heç bir mübahisə mövcud olmamışdır. Belə ki, **********5775 sorğu nömrəli gömrük bəyannaməsi iddiaçı tərəfindən təsdiqlənmiş və gömrük orqanına təqdim edilmiş, iddiaçı tərəfindən gömrük ödənişləri ödənilmiş, həmin bəyannamə gömrük orqanı tərəfindən öz növbəsində təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Hazırda isə, iddia ərizəsində göstərilir ki, iddiaçı tərəfindən gömrük bəyannaməsi tərtib edilərkən “Əlavə xərclər” bölməsində texniki səhvə yol verilməsi nəticəsində 17646 manat miqdarında artıq rüsum ödəmişdir. **********5775 sorğu nömrəli gömrük bəyannaməsi iddiaçı tərəfindən təsdiq edilərkən bəyannamənin əsas vərəqinin 35-ci qrafasında brutto çəki 7871.82 kq., əlavə vərəqinin 35-ci qrafasında brutto çəki 381.30 kq. olaraq cəmi, 8253.12 olaraq göstərilmiş, bu isə iddiaçının elektron qaydada təqdim etdiyi bəyannaməyə əlavə etdiyi sənədlərdə göstərilən məlumatlarla eynilik təşkil etmişdir. Eyni zamanda, gömrük bəyannaməsində “Əlavə xərclər” adlı bölmə yoxdur. Gömrük ödənişləri malın gömrük dəyəri əsas tutulmaqla, bəyannaməçi tərəfindən hesablanılaraq ödənilir. Bakı Baş Gömrük İdarəsi iddiaya cavab verməli olmayan şəxsdir. Eyni zamanda iddiaçı “artıq” ödədiyini iddia etdiyi vəsaitin tərkibinin gömrük rüsumu, yaxud X4 dəqiqləşdirməmişdir. İddia qaldırılanadək iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda sözügedən 25 və 48 nömrəli Qərarlarında göstərilmiş tələblərə cavab verən ərizə ilə gömrük orqanına müraciət etməlidir. Belə ki, 25 nömrəli qərar ilə təsdiq edilmiş Qaydalara əsasən iddiaçı cavabdehə ilk növbədə artıq ödədiyini irəli sürdüyü gömrük ödənişlərinin qaytarılması barədə rəyin tərtib edilməsi barədə müraciət etməlidir. Gömrük ödənişlərinin qaytarılması yalnız müvafiq rəy alındıqdan sonra mümkün ola bilər. Gömrük orqanına müvafiq rəyin tərtib edilməsi barədə iddiaçının müraciəti sübut qismində iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmadığından, eyni zamanda iddiaçı artıq ödəmələrin geri qaytarılması ilə bağlı müvafiq rəyin tərtib edilməsi ilə əlaqədar cavabdehə müraciət etmədən hazırkı iddia ilə məhkəməyə müraciət etdiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hazırkı iddianın mümkün sayılmaması ilə bağlı cavabdeh inzibati orqanın dəlillərinə (iddiaçının qanunvericiliyin tələblərinə cavab verən ərizə ilə gömrük orqanına müraciət etməməsi) münasibətdə məhkəmə vurğulayır ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, iddiaçı tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı bir neçə dəfə müraciət etmiş, cavabdeh tərəfindən də 30 yanvar 2021-ci il və 09 fevral 2021ci il tarixli məktublarla müraciət edənə bildirilmişdir ki, gömrük bəyənnaməsi üzrə ödənilən artıq vəsait VAİS proqramında aşkar olunmadığı üçün məktubun icrası mümkün olmamışdır. Cavabdeh tərəfindən müraciətlərin təmin edilməsindən imtina edildiyindən hazırkı iddia ərizəsinə məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin adına idxal olunan invoys dəyəri 25310,68 ABŞ dolları olan yüklərə görə tərtib edilmiş **********5775 sorğu nömrəli, 03.08.2020-ci il tarixli gömrük bəyyannaməsi üzrə hesablanmış ümumi gömrük dəyəri 115.391,95 manat əsas götürülməklə gömrük ödənişləri aşağıdakı kimi hesablanmışdır: Gömrük yığımları - 600.00 manat, idxal gömrük rüsumu – 5769,60 manat, X8 – 21.917,08 manat, elektron gömrük xidmət haqqı – 60,00 manat, elektron gömrük xidməti üzrə ƏDV – 10,80 manat olmaqla cəmi 28.357,48 manat. İddiaçı tərəfindən gömrük ödənişləri ödənilmişdir. Hazırda isə, iddiaçı gömrük bəyannaməsi tərtib edilərkən “Əlavə xərclər” bölməsində texniki səhvə yol verilməsi nəticəsində 17.646 manat miqdarında artıq vəsaitin ödənildiyini irəli sürür. Daha sonra iddia tələbini dəqiqləşdirərək, artıq ödənilmiş vəsaitin 13.179,29 manatının X8, 3.469,44 manatının gömrük rüsumu və 360 manatının gömrük yığımı olmasını bildirmişdir. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad etmişdir ki, gömrük bəyannaməsi elektron qaydada tərtib edilərkən texniki səhvə yol verilmiş, və “Əlavə xərclər” bölməsində nəqliyyat xərci qeyd olunarkən yüklərin ümumi brutto çəkisi 8253,16 kq əvəzinə səhvən 339,30 kq qeyd olunmuşdur. İş üzrə əhəmiyyətli halların araşdırılması məqsədi ilə, **********5775 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə ümumi gömrük dəyərinin 115.391,95 manat hesablanmasına dair müfəssəl arayışın verilməsi cavabdeh inzibati orqandan sorğu edilsə də, müvafiq məlumatlar məhkəməyə təqdim edilməmiş, o cümlədən Azərbaycan Respublikası Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) və elektron xidmətlər üzrə mütəxəssisin məhkəmə iclasında iştirakının təmin edilməsi tələb olunsa da, icra edilməmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 224.1-ci maddəsinə əsasən, bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. X8 ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 266.1-ci maddəsinə əsasən, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; 266.2-ci maddəsinə əsasən, gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 266.3-cü maddəsinə əsasən, şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər; 267.1-ci maddəsinə əsasən, Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2-ci maddəsinə əsasən, gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; 269-cu maddəsinə əsasən, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır; 270.1-ci maddəsinə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; 270.3-cü maddəsinə əsasən, gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın: 2.1-ci bəndinə əsasən, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 6.1-ci bəndinə əsasən, gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir; 6.7-ci bəndinə əsasən, gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir; 6.8-ci bəndinə əsasən, tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır; 6.9-cu bəndinə əsasən, gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir; 7.1-ci bəndinə əsasən, maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir; 7.2-ci bəndinə əsasən, gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 1.2.1-ci bəndinə əsasən, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar – tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanlarıdır; 4.1-ci bəndinə əsasən, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.9-cu bəndinə əsasən, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər; 4.10-cu bəndinə əsasən, vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, ərizənin və şəxsi vərəqədən çıxarışın surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, Qanun inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçilərin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. İşin faktiki hallarından göründüyü kimi, **********5775 sorğu nömrəli, 03.08.2020-ci il tarixli gömrük bəyyannaməsi üzrə hesablanmış 28.357,48 manat gömrük ödənişləri (gömrük yığımları – 600,00 manat, idxal gömrük rüsumu – 5769,60 manat, X8 – 21.917,08 manat, elektron gömrük xidmət haqqı – 60,00 manat, elektron gömrük xidməti üzrə ƏDV – 10,80 manat) ümumi gömrük dəyəri kimi 115.391,95 manat əsas götürülməklə hesablanmışdır. İddiaçının adına idxal olunmuş malların invoys dəyəri 25.310,68 ABŞ dolları olduğu (valyuta məzənnəsi 1,7000) halda ümumi gömrük dəyərinin 115.391,95 manat hesablanması cavabdeh tərəfindən izah edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X2 qəbulu” üzrə elektron sistemindən çıxarışdan görünür ki, “Əlavə xərclər (daşıma, şığorta və s)” bölməsində mallara aid məlumatlar daxil edilərkən, “malın ümumi brutto çəkisi (kq)” qrafasında 8253,12 əvəzinə 339,30 daxil edildikdə sistem tərəfindən hesablama üçün əsas qismində 115.391,95 manat müəyyən edilmiş və 28.357,48 manat gömrük ödənişləri hesablanmış, lakin malların brutto çəkisi doğru (8253,12) daxil edildikdə hesablama üçün əsas qismində 46.003,15 manat müəyyən edilmiş və ümumilikdə 11.348,75 manat gömrük ödənişləri (gömrük yığımları – 240,00 manat, idxal gömrük rüsumu – 2.300,16 manat, X8 – 8.737,79 manat, elektron gömrük xidmət haqqı – 60,00 manat, elektron gömrük xidməti üzrə ƏDV – 10,80 manat) hesablanmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən elektron qaydada gömrük bəyənnaməsi doldurularkən malların ümumi brutto çəkisinin düzgün daxil edilməməsi gömrük ödənişlərinin səhv hesablanmasına səbəb olmuşdur. Həmçinin, qeyd edilənlərlə bağlı cavabdeh tərəfindən tutarlı bir əks arqument irəli sürülməmişdir. Məhkəmənin qənaətinə görə, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 267.1.2 və 269-cu maddələrinin tələbləri təmin edildiyindən, başqa sözlə gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi sübuta yetirildiyindən, artıq ödənilmiş 13.179,29 (21.917,08-8.737,79) manat X8, 3.469,44 (5769,60-2.300,16) manat gömrük rüsumu və 360,00 (600,00-240,00) manat gömrük yığımı qaytarılmalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli və "xxxx" MMC tərəfindən artıq ödənilmiş 13.179,29 (on üç min yüz yetmiş doqquz manat, iyirmi doqquz qəpik) manat X8nin qaytarılması barədə rəy tərtib edilməsi, artıq ödənilmiş 3.469,44 (üç min dörd yüz altmış doqquz manat, qırx dörd qəpik) manat gömrük rüsumunun qaytarılması barədə rəy tərtib edilməsi və 360,00 (üç yüz altmış) manat gömrük yığımının qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. "xxxx" MMC tərəfindən artıq ödənilmiş 13.179,29 (on üç min yüz yetmiş doqquz manat, iyirmi doqquz qəpik) manat X8nin qaytarılması barədə rəy tərtib edilməsi, artıq ödənilmiş 3.469,44 (üç min dörd yüz altmış doqquz manat, qırx dörd qəpik) manat gömrük rüsumunun qaytarılması barədə rəy tərtib edilməsi və 360,00 (üç yüz altmış) manat gömrük yığımının qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4950/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4950/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver