Məhkəmə qərarları › İş №2-1(112)-4950/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4950/2023

07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4950/2023 07.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir.

2. Cavabdeh 3697-05/15 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və göstərmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Belə ki, ərizəsində şəxsiyyət vəsiqəsinin olmadığını qeyd etmişdir. Şəxsiyyəti təsdiq edən sənəd olmadan müvafiq şəhadətnamənin əldə edilməsinin mümkün olmadığını nəzərə alaraq hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

3. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona, yəni xx.xx.1996-cı il təvəllüdlü İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması:

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ona doğum haqqında şəhadətnamə Bakı şəhəri Cavabdeh tərəfindən 12 sentyabr 2018-ci il tarixdə verilmiş və doğum haqqında 23 saylı akt qeydi tərtib edilmişdir. Ona məxsus doğum haqqında şəhadətnamə azyaşlı uşağı tərəfindən yararsız vəziyyətə salındığından, şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Dəfələrlə polis idarəsinə, qeydiyyat şöbəsinə müraciət edərək, doğum haqqında şəhadətnamə verilməsini xahiş etsə də, şəxsiyyət vəsiqəsi olmadığından, Cavabdeh ona təkrar doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. İddiaçıya məxsus doğum haqqında şəhadətnamənin əsli olsa da, yararsız vəziyyətdədir.

5. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad edərək iddianın qeydiyyat şöbəsində təmin edilməsinin mümkün olmadığını bildirmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Cavabdeh məktubla məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İİİ. Məhkəmənin mövqeyi

8. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

9. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(011)-1017/2018 nömrəli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində bir qız uşağının doğulması faktı müəyyən edilmiş, doğum akt qeydində soyadı “Gülməmmədova”, adı “Aysel”, ata adı “Afin” qızı, doğum tarixi xx.xx.1996-cı il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında “Gülməmmədov Afin”, ana qrafasında “X1" kimi qeyd edilməsi qət edilmişdir.

10. İşdə olan 0075 1 0023 12082018 nömrəli, xx.xx.2018-ci il tarixli bərpa doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur, atası kimi Gülməmmədov Afin, anası kimi X1 qeyd edilmiş, AZ-İV 117872 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Akt qeydində uşağın doğumunu təsdiq edən sənəd kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(011)-1017/2018 nömrəli qətnaməsi qeyd edilmişdir.

11. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AZ-İV 117872 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, şəhadətnamədə qaralamalar edilmişdir, mətni oxunmaz vəziyyətdədir.

12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-8550/2023 saylı məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat yoxdur.

13. Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-288/23 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı barəsində “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi”ndə digər akt qeydləri barədə məlumat aşkar edilməmişdir.

14. İddiaçı hazırda doğum haqqında şəhadətnaməsinin yararsız hala düşdüyünü, şəxsiyyət vəsiqəsinin isə olmadığını bildirməklə ona doğum haqqında təkrar şəhadətnamə verilməsi barədə hazırkı iddianı qaldırmışdır.

15. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd).

16. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir.

17. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

18. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

20. Hazırkı iddia cavabdehdən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

21. İddia mahiyyəti üzrə də əsaslıdır. Belə ki, «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktı tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydaların 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Qaydaların 9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır.

23. İşin hallarından müəyyən olur ki, iddiaçı xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, bu fakt məhkəmə qaydasında müəyyən edilmiş, məhkəmə qətnaməsinə əsasən iddiaçı barəsində doğum haqqında akt qeydi tərtib edilməklə AZ-İV seriyalı, 117872 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Cavabdeh iddiaçıya məxsus akt qeydini mübahisələndirmir və iddiaçının doğumunun qeydiyyatının artıq bir dəfə aparıldığını təkzib etmir. İddiaçıya imtina cavabının verilməsinin əsasını isə yuxarıda qeyd olunduğu kimi, şəxsiyyət vəsiqəsinin olmaması təşkil edir.

24. Məhkəmə qeyd edir ki, doğrudur, iddiaçının şəxsiyyət vəsiqəsi yoxdur, lakin doğum haqqında şəhadətnamə olmadan ona şəxsiyyət vəsiqəsinin verilməsi də mümkün deyil. Göründüyü kimi, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə təqdim edilməli, digər tərəfdən isə doğum haqqında şəhadətnamənin alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.

25. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Vətəndaşlıq hüququ, habelə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ insan hüquq və azadlıqlarının sırasında əhəmiyyətli yer tutur. Konstitusiyanın 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Vətəndaşlıq insan və dövlət arasında olan qarşılıqlı münasibətlər üçün əsasdır. Vətəndaşlıq dövlət daxilində insanın hüquqi vəziyyətinin başlıca əsası kimi bu vəziyyətə aydınlıq və müəyyənlik gətirir. Vətəndaşlıq mənsubiyyəti insan üçün müxtəlif hüquq və azadlıqlarından istifadə etmək imkanı verir. Dövlət öz vətəndaşlarını müdafiə və onlara hamilik edir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığını üç növ sənəd təsdiq edə bilərdoğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır. Doğum haqqında şəhadətnamə hüquqi cəhətdən doğum faktını rəsmiləşdirir və doğumla bağlı əhəmiyyətli hallara dair məlumatları özündə əks etdirir. Bu sənəd vətəndaşlıq hüququnun təsdiq edilməsi üçün ilkin vacib sənəd hesab olunur. Həmin sənəd Azərbaycan Respublikasının ərazisində, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Konstitusiyanın 52-ci maddəsinə müvafiq olaraq şərtsiz Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul olunmasına əsas verir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Göründüyü kimi, doğum haqqında şəhadətnamə şəxsiyyət vəsiqəsi kimi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənədlərdən biridir.

26. Hazırda iddiaçı nə şəhadətnamə, nə də şəxsiyət vəsiqəsi ala bilmir ki, bu da onun konstitusion hüquqlarını, eyni zamanda vəzifələrini həyata keçirməsinə mane olur.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası qanunsuz sayılmalı və iddiaçının tələbi təmin olunmalıdır.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. xx.xx.1996-cı il təvəllüdlü İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar