Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4951/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndələri X1 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixindən etibarən ödənilməyən və yığılmış pensiya ödənişinin hesablanaraq birdəfəlik qaydada (tam şəkildə) ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, 2024cü ilin 30 avqustunda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qəbul etdiyi 3-17-1/3- 3- 13425/2024 nömrəli qərarın ləgv edilməsi, xx.xx.2008-ci il tarixdən etibarən ödənilməyən və yığılmış pensiya ödənişini 2006-2008-ci illərin orta aylıq əmək haqqı əsasında (Möhtəbər hesab olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6489 nömrəli ekspert rəyində olduğu kimi) hesablanaraq birdəfəlik (tam) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Dövlət Sosial Müdafiə Fondu Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 2010-cu ilin fevral ayından ona təyin edilmiş əmək pensiyasının (əvvələr qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 17-ci maddəsinin tələblərinə müvafiq) yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onun müraciətinə baxaraq xx.xx.2012-ci il tarixli, 2in(82)-1945/2012 nömrəli qərar qəbul edərək iddia tələbini təmin etmişdir. Qərardan narazı qallan cavabdeh orqan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında apellyasiya şikayətinə baxaraq, xx.xx.2013-cü il tarixli, 2-1 inz(103)-281/2013 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir qərar isə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Baki Apellyasiya Məhkəməsinin qərarından narazı qalaraq cavabdeh orqan kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2- 2(102)-498/2013 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qanuni qüvvəsini almış qərarım icra edilməsi hüquqi varisi olan cavabdeh orqan üçün qanuna əsasən məcburi olmasına baxmayaraq bu günə kimi icra edilməmişdir və beləliklə xx.xx.2013-cü ildə qanuni qüvvəsini almış qərar icra edilmədiyindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Qərarın icra edilməməsi ilə bağlı o dəfələrlə Xətai rayon icra şöbəsinə şikayət edəndən sonra, Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə inzibati xəta haqqında məlumatlarla bağlı müraciət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qeyd olunan məlumatlara baxaraq xx.xx.2023-cü il tarixli, 3(011)-2738/2023 saylı qərar qəbul edərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 3000 (üç min) manat məbləğində cərimə etmişdir. Cavabdeh orqan qeyd olunan cərimədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 3(103)-1883/2023 saylı qərarı ilə apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə tərəfindən təyin olunmuş cərimə məhkəmə qərarın icra edilməsinə köməklik göstərməmişdir və bunun əsasında Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə inzibati xəta haqqında məlumatlarla bağlı yenidən müraciət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qeyd olunan məlumatlara baxaraq xx.xx.2023-cü il tarixli, 3(011)-4858/2023 saylı qərar qəbul edərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 5000 (beş min) manat məbləğində cərimə etmişdir. Cavabdeh orqan qeyd olunan cərimədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, 3(103)-134/2024 saylı qərarı ilə apellyasiya şikayətini təmin etməmişdir. Cavabdehə tətbiq edilən cərimələrin effekti olmamışdır və faktiki olaraq Bakı İnzibati-İqtisadi Məhkəməsin xx.xx.2012-ci il tarixli, 2in(82)-1945/2012 nömrəli qərarda qeyd olunan formada icra edilməmişdir. Məcburi icra edilməsi hərəkətləri ilə bağlı Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru Yusifli Türkay cavabdeh orqan tərəfindən ödənilməli olan məbləği müəyyən edilməsi məqsədilə ekspertiza təyin etmişdir və ekspertizanın keçirilməsini AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə havalə etmişdir. Təyin olunan ekspertiza nəticəsində xx.xx.2021-ci il tarixli, 9/6489 nömrəli ekspert rəyi AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmişdir. Ekspert rəyinə əsasən xx.xx.2008-ci il tarixində ona 664 manat məbləğində pensiya hesablanmalı idi, xx.xx.2021-ci il tarixinə onun pensiyası 1358,56 manat təşkil edir və ona cavabdeh orqan bu illər ərzində xx.xx.2021-ci il tarixinə kimi ödənilmiş pensiyanı nəzərə alaraq. xx.xx.2021-ci il tarixinə cavabdeh orqan tərəfindən ona 106733.13 manat pensiya borcun ödənişini həyata keçirilməlidir. Lakin qeyd olunan məbləğ ona ödənilməmişdir və cavabdeh orqan tərəfindən ona ödənilməli olan pensiya borcu artıq qeyd etdiyi rəqəmdən yüksəkdir. Cavabdeh öz qanunsuz hərəkətləri nəticəsində onun hüquqlarını kobud surətdə pozmuşdur və onun qanuni hüququ var ki, məhkəmə qərarın icra edilmədiyinə görə cavabdehin ona yaranmış pensiya ödəniş borcumu tam şəkildə birdəfəlik qaydada ödənilməsini tələb etsin. Ona pensiya 2010-cu il tarixində təyin edilmişdir və qeyd olunan tarixdə əmək pensiyaları haqqında qanunda pensiya ödənişin 3 ilə geri tələb edilməsi maddəsi mövcüd deyildir və bu səbəbdən nəzərə alaraq ki, cavabdehin hərəkətsizliyi nəticəsində ödənilməli olan pensiya məbləği yüksəkdir, hesab edir ki, ona ödənilməli olan pensiya məbləğin tam şəkildə birfdəfəlik qaydada ödənilməsini tələb etmək hüququ vardır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-319068/2024 №-li iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2008-ci il tarixində Fondun Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2-1(82)-1945/2012 nömrəli qərarının icrası məqsədilə tərəfimizdən "xxxx" QSC-yə göndərilmiş sorğular nəticəsində verilmiş İddiaçı əmək haqqına dair məlumatlara əsasən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 994,07 manatdan 1455,86 manata artırılmış, həmçinin ona ümumilikdə ötən dövr üzrə ödənilməli olan 24772,37 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd edilən ötən dövr üzrə fərq məbləği cari ilin aprel ayından etibarən hissə-hissə adıçəkilən şəxsin pensiyasının (1455,86 manat) üzərinə əlavə edilərək ödənilir. Həmin vəsaitin xx.xx.2027-ci il tarixinədək ödənilib başa çatdırılması nəzərdə tutulub. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materaillarında olanlar: Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2-2(102)-498/2013 №-li Qərarında göstərilmişdir ki; - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2012-ci il tarixli, 2inz(82)- 1945/2012 saylı qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia tələbi təmin edilərək, İddiaçı 26 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, 26 fevral 2008-ci il tarixdən təyin edilərək ödənilən əmək pensiyasının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin tələblərinə müvafiq olaraq yenidən hesablanması və yaranacaq məbləğ fərqinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, 3 (üç) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2013-cü il tarixli, 2-linz(103)-281/2013 saylı qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin və 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2012-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2013-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2-2(102)-498/2013 №-li Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 19 fevral 2013- cü il tarixli, 2-1 inz( 103)281/2013 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 323667/2024 №-li cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2-1(82)-1945/2012 nömrəli qərarının icrası məqsədilə "xxxx" QSC-yə göndərilmiş sorğular nəticəsində verilmiş İddiaçı əmək haqqına dair məlumatlara əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2024-cü il tarixli 2-1(102)-365/2024 nömrəli qərarına uyğun olaraq onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmaqla 994,07 manatdan 1455,86 manata artırılmış, həmçinin ona ümumilikdə ötən dövr üzrə ödənilməli olan 24772,37 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd edilən ötən dövr üzrə fərq məbləği cari ilin aprel ayından etibarən hissə-hissə adıçəkilən şəxsin pensiyasının (1455,86 manat) üzərinə əlavə edilərək ödənilir. Həmin vəsaitin xx.xx.2027-ci il tarixinədək ödənilib başa çatdırılması nəzərdə tutulmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılması və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndələri məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu; … 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tələbini zahirən ayrıca inzibati mübahisə kimi qiymətləndirsə də, belə deyildir. Belə ki, iddiaçının irəli sürdüyü tələb məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından meydana gəlmişdir ki, bu zaman mübahisəyə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Belə ki, İPM-nin 78-ci maddəsində deyilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli, 10 №-li qərarının:
25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.
28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.
29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır. Göründüyü kimi inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılmış qərarların vaxtında və düzgün icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. İddiaçı isə hazırkı iddianı irəli sürməklə məhkəmə qərarının icrasından kənar yeni məhkəmə qərarının qəbul edilməsini tələb edir ki, həmin hal istər inzibati prosessual qanunvericilik, istərsə də prosessual qənaət baxımından yol verilməzdir. Belə ki, iddiaçı məhkəməyə ərizə təqdim etməklə qərarın icrasına yönələn tədbirlərin həyata keçirilməsini tələb etmək hüququna malikdir ki, yeni iddiaya baxılması isə, əlavə vaxt və resurs itkisinə səbəb olmaqla faktiki olaraq iddiaçının hüquqi marağına xidmət etmir. Təbii haldır ki, məhkəmə qərarının icrası məcburidir və həmin qərarın qüvvədə olması halında inzibati orqan yeni mövqe nümayiş etdirmək və qərarın icrasından yayınmaq kimi səlahiyyətə malik olmamaqla qərarın qüvvədə olduğu halda onun icrasını həyata keçirməlidir. Bu həyata keçirilmədikdə məhkəmə yuxarıda qeyd olunan icra tədbirlərini həyata keçirmək, icra edilmədiyi təqdirdə ehtiyac olarsa cərimə tətbiq etmək kimi səlahiyyətə malikdir. Lakin məhkəmə bir dəfə baxılan işə qəbul edilən qərarın icra edilməməsi ilə bağlı yenidən baxmaq səlahiyyətinə malik deyil. Əks yanaşma isə məhkəmə qərarlarının formal sənəd hesab edilməsi, eyni məsələ ilə bağlı çıxarılmış məhkəmə qərarı icra edilmədiyinə görə yeni məhkəmə qərarlarının qəbul edilməsi və icrasız qalması kimi məntiqə uyğun olmayan nəticəyə səbəb olacaqdır ki, göstərilənlər nəzərə alınmaqla iddiaçıya qərarın icrasının təmini üçün sadə formada ərizə verilməsi hüquqi izah edilmiş, ayrıca iddianın qaldırılmalı olmaması diqqətinə çatdırılmışdır. Yuxarıda qeyd olunanlara əsasən, icra sənədinin icra olunması ilə bağlı hər hansı tədbirlərin görülməsi bilavasitə məhkəmə qərarından irəli gəldiyindən, sözügedən məsələlər məhz məhkəmə qərarının icrası çərçivəsində, yəni mübahisəyə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Bu səbəbdən də hazırki mübahisənin inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Əlavə olaraq nəzərə alınmalıdır ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçıya pensiya təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, pensiyanın dayandırılması məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalarına münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Belə olduqda məhkəmə hesab edir ki. məhkəmə qərarının icrası qaydasında təyin edilmiş pensiya ödənişlərinin aparılması üçün yenidən eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəməlində kargüzarlığın aparılmasına” dair Qaydalarının 147-ci bəndinə əsasən “məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat” 8 indeks çərçivəsində baxılır. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin göstərilən formada təmin edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
Beləliklə məhkəmə iddiaçıya izah edir ki, iddiaçı icrasının düzgün icra edilmədiyini hesab etdiyi məhkəmə qərarının icrasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə icraya nəzarət edən məhkəməyə icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməyən pensiya məbləğinin ödənilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev