Məhkəmə qərarları › İş №2-1(112)-4953/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4953/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4953/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X20 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz və əsassız hesab edilməklə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46 ünvanında yerləşən 27 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına ilkin hüquqi qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006-cı il tarixli “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqram”nın icrası ilə əlaqədar yaşadığı binanın qəzalı vəziyyətdə olduğu üçün yenidən tikilməsi məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən akt əsasında alınaraq sökülmüşdür və bunun əvəzinə həmin bina sakinlərinin yeni mənzillərə köçürülməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli sərəncamında da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaradağ rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktubu ilə müraciət edərək, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilməsini xahiş etmişdir. Bu müraciət və Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında İctimai Mənzil Komissiyasının təklifi nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarı təsdiq edilmişdir. Bununla da, ona Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən ev 46, 2-ci giriş, 4-cü mərtəbə, 2 otaqlı, sahəsi 71.06 kv.m olan 27 saylı mənzil 5 (beş) nəfər ailə tərkibi ilə ona verilmişdir. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən müvafiq mənzilin plan-cizgisi də, tərtib edilərək təsdiq edilmişdir. 2012-ci ildən fasiləsiz olaraq müvafiq mənzildə yaşayır. Bundan başqa, 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş “Forma 2” arayışından da, görünür ki, müvafiq mənzil tam kommunal şəraitlidir. 04.12.2012-ci il tarixdən müvafiq mənzildə pasport qeydiyyatına alınmış və mənzilin bütün kommunal xərcləri mütəmadi olaraq tərəfindən ödənilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.05.2011-ci il tarixli, 219 saylı sərəncamı ilə təsdiq olunmuş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı ilə ünvan 1 ünvanı) yerləşən yaşayış binası dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir. Hətta, müvafiq binada yerləşən bəzi mənzillər daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışlar və texniki sənədlər verilmişdir. Yaşadığı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi ilə bağlı tələb olunan sənədlərlə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət etsə də, inzibati orqan, müvafiq mənzil üzərində hüquqlarının dövlət qeydiyyatından qanunsuz olaraq imtina etmişdir. Cavabdeh inzibati orqan **********77 nömrəli, 02.03.2021-ci il tarixli imtina, məktubunda müraciətinin imtina səbəbi kimi ona mənzil verilməsi haqqında Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli sərəncamının 2012-ci ildə verilməsi göstərilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İnzibati orqanın bu qanunsuz hərəkəti onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən mənzil, mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 'Haqqında Əsasnamə”nin tələblərinə əsasən 3.0.6 hüquqları dövlət qeydiyyatına alınaq, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlaka və onun hissələrinə mülkiyyət hüququnu və onun ipoteka ilə yüklülüyünü qabaqcadan qeydiyyata almaq; 3.0.11 hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; 3.0.24 tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirtmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək DƏDX-nin vəzifəsidir. Lakin, qanunvericiliyin yuxarıda qeyd olunan müvafiq maddəsindən göründüyü kimi, cavabdeh inzibati orqanın imtina məktubunda 15-ci maddədə göstərilən imtina əsaslarından hər hansı biri yoxdur. Bu səbəbdən də, cavabdeh inzibati orqanın imtina məktubu qanunsuz hesab edilməlidir. Əlavə olaraq qeyd etmişdir ki, müvafiq binada onunla qonşu olanlara da, eyni ildə eyni sənədlər əsasında mənzillər verilmiş və həmin sənədlər əsasında onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və dövlət reyestrindən 0475128, ******* və ******* saylı çıxarışlar verilmişdir. Lakin, o, eyni sənədləri cavabdeh inzibati orqana təqdim etsə də, ona qanunsuz olaraq imtna verilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfidnən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı İddiaçı qeyd olunan mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 136 saylı sərəncamın, 15.10.2012-ci il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli sərəncamından çıxarışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaradağ rayon İcra Hakimiyyətinə 19 mart 2012-ci il tarixli, 29- 780 BB saylı məktubu ilə müraciət edərək, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarının təsdiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətini və Qaradağ rayon İcra hakimiyyəti başçısı aparatı yanında “İctimai mənzil komisisyası”nın təklifini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublikası Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbəli, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarı təsdiq edilmiş (28 fevral 2012-ci il tarixli, 2 №-li protokol), 11.12.2000-ci ildən 4 nəfər ailə tərkibi ilə ARDNŞ üzrə mənzil növbəsinə dayanmış İddiaçı - Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46, 5-ci mərtəbə, 2 otaqlı, yaşayış sahəsi 37.3 kv.m olan 27 saylı mənzil 4 nəfər ailə tərkibi ilə (İddiaçı – özü, X1 – həyat yoldaşı, X9 – qızı, X10 - oğlu) verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02.03.2021-ci il tarixli, **********77 saylı imtina məktubundan görünür ki, İddiaçı müraciətindən ona mənzil verilməsi haqqında Qaradağ rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 136 nömrəli sərəncamın 15.10.2012-ci il tarixdə verilməsi səbəbindən imtina edilmişdir. İşdə olan 150 saylı MKİS tərəfindən verilmiş 1191 nömrəli, 11.03.2021-ci il tarixli arayışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46 ünvanında yerləşən, 6 mərtəbəli evin 5-ci mərtəbəsində yerləşən, sahəsi 37.3 kv.m olan 27 saylı, 2 otaqlı mənzil İddiaçı məxsusdur. Daimi qeydiyyatda 8 nəfər vardır: İddiaçı (xx.xx.1969-cu il təvəllüdlü) – özü, X2 (01.09.1971-ci il təvəllüdlü) – həyat yoldaşı, X9 (01.05.1991-ci il təvəllüdlü) – qızı, X10 (22.07.1992-ci il təvəllüdlü) – oğlu, X11 (20.10.2010cu il təvəllüdlü)- nəvəsi, X12 (10.02.1991-ci il təvəllüdlü) – gəlini, Dadaşov Ömər kamran oğlu (30.08.2014-cü il təvəllüdlü) – nəvəsi, X6 (28.07.2019-cu il təvəllüdlü) – nəvəsi. İşdə olan “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısnın 17.05.2011-ci il tarixli 219 nömrəli Sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının aktına əsasən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binası istismara qəbul olunmuşdur. İşdə olan notarial qaydada təsdiq edilmiş **********695, **********531, **********144 və **********145 nömrəli razılıq ərizələrindən görünür ki, X4, X12, X1 və X10 ünvan 3 ünvanda yerləşən mənzilin İddiaçı adına özəllədirilməsinə razıdırlar, etirazları yoxdur. Eləcə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə eyni binada yerləşən mənzillərə digər sakinlərə çıxarış verilmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, işin bu cür halında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmasına dair cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuzdur. Belə ki, mübahisəli daşınmaz əmlak X5 ailə üzvləri ilə birlikdə Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15.10.2012-ci il tarixli sərəncamı əsasında ayrılsa da, X5 mübahisəli mənzilə hüquqları 15.10.2012-ci il tarixdən deyil, əvvəllər malik olduğu mənzilin ona verilməsi vaxtından yaranmışdır. Lakin, sonradan Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006cı il tarixli “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair Tədbirlər Proqramı”nın icrası ilə əlaqədar yaşadıqları bina qəzalı vəziyyətdə olduğu üçün yenidən tikilməsi məqsədilə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən akt əsasında alınaraq sökülmüşdür və bunun əvəzində həmin bina sakinlərinin yeni mənzillərə köçürülməsi qərara alınmışdır. İddiaçı qanuni əsaslarla mübahisəli mənzilin sahibi və istifadəçisidir, həmin mənzilə dair onun adına hüquq müəyyənedici sənədlər mövcuddur. Məhkəmə hesab edir ki, dövlət mənzil fondunda olan mübahisəli mənzil Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15.10.2012-ci il tarixli, 136 nömrəli Sərəncamı əsasında İddiaçı verildiyindən sonuncunun mübahisəli mənzili əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqularını saxlayırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qanuni qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli Fərmanına əsasən Mənzil Məcəlləsinin 62.2-ci maddəsində nəzərdə tutulan orqanın funksiyasını Nazirlər Kabineti həyata keçirməlidir. Göstərilən qanuna və normativ akta əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsində göstərilən sosial kirayə müqaviləsinin birtipli forması müəyyən edilmədiyindən, hazırda yaşayış sahəsinin birtipli kirayə müqaviləsinin bağlanması mümkün deyildir. Odur ki, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınması göstərilən mənzilə dair birtipli kirayə müqaviləsi bağlanmadan da həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46 ünvanında yerləşən 27 saylı mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar