Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4955/2025 19.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “X13” Şirkəti zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlaka dair məxsusluq barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs “X13” Şirkətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “X13” Şirkəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsinə dair məxsusluq barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi, 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 600 kv. metr bağ sahəsinə dair hüququn mərhum X7 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Hacıyeva (Quliyeva) Zəhra Həsənpaşa qızı ilə X6 arasında xx.xx.1981-ci il tarixdə nikah bağlanılmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin 302 saylı. xx.xx.2000-ci il tarixli sərəncamı ilə X7 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv. metr bağ sahəsi mərhum əri X7 ayrılmışdır. AZ-İİ № 380282 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən də göründüyü kimi X10 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Vəfat etmiş X6 adına 27 Saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsinə dair 27 Saylı Notariat Ofisinin 187 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan bildirilmişdir ki, İddiaçı 27 saylı notariat ofisinə müraciət edərək xx.xx.2008-ci il tarixdə vəfat etmiş əri X5 qalmış miras əmlaka Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvanında yerləşən 600 kv.metr olan bağ sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X6 hüquqları Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmadığından “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı verilməsini təmin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi məktubda göstərilənləri təmin etməkdən imtina etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi Oyl şirkətinin) istifadəsinə verilmiş kontrakt ərazidə yerləşməklə, həmin sahənin bir hissəsi yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasına düşür. Bundan başqa, torpaq sahəsinin yerləşmə mövqeyi ilə arxiv cizgisi arasında uyğunsuzluq mövcuddur. Həmçinin təqdim edilmiş cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi vardır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Üçüncü şəxs “X13” Şirkətinin ddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Üçüncü şəxs “X13” Şirkətinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ məlum “X12 haqqında” saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan daha öncə dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə “X13” şirkətinin qanuni istifadəsinə verilmişdir. Belə ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X12 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X16 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxanda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Sazişin 4-cü bəndinə əsasən, Bu Sazişin məqsədləri baxımından Kontrakt sahəsi dedikdə, bu Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar pertimetri daxilində qalan, ARDNŞ-in balansında olan sahələr, habelə həmin perimetr hüdudlarında şaquli yeraltı formasiya, yeraltı lay və horizontlar, Qüvvəyə minmə tarixənədək ARDNŞ-in kəşf etdiyi Karbohidrogen ehtiyatları həmçinin, bu Sazişin həyata keçirilməsi nəticəsində kəşf edilə biləcək bütün Karbohidrogen ehtiyatları başa düşülür. Yuxarıda qeyd olunanların məzmunundan aydın olur ki, iddiaçının onun mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi ARDNŞ-nin balansında olmuş, sonradan “X12 haqqında” Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun X3 adma daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması isə Şirkətin hüquq və təminatlarının - istifadə hüququnun pozulmasına səbəb olacaqdır. Vətəndaş öz iddiasında qeyd edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti 302 saylı xx.xx.2000-ci il tarixli Sərəncamla mərhum ərinə (X10) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv.m bağ sahəsi ayrılmışdır. Daha soma, xx.xx.2008-ci il tarixində iddiaçının əri (X10) 27 sayh Notariat ofisində vərəsəlik işi açılmışdır. Diqqətinizə çatdırılır ki, iddiaçı tərəfindən təqdim olunmuş Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin 302 sayh xx.xx.2000-ci tarixli Sərəncamı etibarsız inzibati aktdır. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu İcra Hakimiyyətinin iddiaçının mərhum ərinə (X10) fərdi yaşayı evinin tikintisi üçün ayrılmış 302 sayh xx.xx.2000- ci il Sərəncamı Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən əvvəl qəbul edildiyi üçün etibarsızdır. Göstərilənlərə əsasən üçüncü şəxs iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs “X13” Şirkətinin nümayəndəsi məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: 1 saylı Bakı “ASAN Xdimət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/7-1850/2023 №-li arayışında göstərilmişdir ki, xx.xx.1922-ci il təvəllüdlü X10 ilə xx.xx.1957-ci il təvəllüdlü X2 nikaha daxil olması barədə Bakı şəhəri Nərimanov Rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə 142 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-48-2F/2- H-07790/2023 №-li məktubu ilə təqdim edilmiş Binəqədi Rayon İcra Hakimiyyətinin “Vət.H.Ə.Hacıyev tərəfindən uzun müddət bağ-bostan kimi istifadə edilən torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün ona ayrılması haqqında icazə verilməsi barədə” xx.xx.2000-ci il tarixli, 302 saylı sərəncamının surətindən müəyyən olunur ki, vət. X7 Biləcəri qəsəbəsi ərazisində yerləşən üzun müddət bağ-bostan kimi istifadə etdiyi ərazidən fərdi yaşayış evinin tikintisi üçün eskiz cizgiyə uyğun olaraq 600.0 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ № 380282 “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X10 xx.xx.2008-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin 11 ayının 13-cü günündə 1135 № ilə qeyd edilmişdir. ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli, 197 №-li məktubunda göstərilmişdir ki, X6 adında qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 27 saylı notariat ofisinə İddiaçı tərəfindən müraciət olunmuşdur. X6 xx.xx.2008-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvanındakı 600 kv.m torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün daşınmaz əmlakın hüquqmüəyyəneidici sənədin verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu ilə 5-10/2-H-40-091/2024 №-li məktubu ilə Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 302 saylı sərəncamı əsasında X7 ayrılmış Biləcəri qəsəbəsi ərazisində 600.0 kv.metr torpaq sahəsinin yerləşmə cizgisi tərtib və təsdiq olunmuşdur. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********43 saylı cavab məktubunda göstərilmişdir ki, “... elektron kadastr məlumatına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi Oyl şirkətinin) istifadəsinə verilmiş kontrakt ərazidə yerləşməklə, həmin sahənin bir hissəsi yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zonasına düşür. Bundan başqa, torpaq sahəsinin yerləşmə mövqeyi ilə arxiv cizgisi arasında uyğunsuzluq mövcuddur. Həmçinin təqdim edilmiş cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi vardır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-1163/2025 №-li məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən hüquqmüəyyənedici sənəd üzrə 600 kv. metr və faktiki olaraq 753 kv. metr təşkil edir. Faktiki göstərilən torpaq sahəsi iki hissədən ibarət olmaqla mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarı ilə sərhədlənib, ara sərhədləri ilə mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənib. Torpaq sahəsi üzərində 1 ədəd 2 mərtəbəli yaşayış evi, qaraj, bir ədəd 1 mərtəbəli yaşayış, talvar mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin bir tərəfindən 5.0 m məsafədən 35 və 110 kv-lıq YG elektrik hava xətti keçir. “X13” Şirkətinin xx.xx.2025-ci il tarixli, 03/195 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 302 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində vətəndaş İddiaçıa ayrılmış torpaq sahəsinin Şirkətin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi ilə əlaqədar Şirkətin aidiyyəti əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilərək həmin ərazinin plan-xəritəsi (ortofotoplanı) hazırlanmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, sorğuda qeyd edilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 302 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində vətəndaş İddiaçı ayrılan torpaq sahəsi “X12 haqqında” Sazişə və “X11”nə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, UTM WGS 84 koordinat sistemində aşağıda göstərilən kordinatlar daxilində yerləşir. Əlavə olaraq vətəndaş İddiaçı ayrılan torpaq sahəsi Şirkətə məxsus 151253 saylı neft quyusunun 49 metrliyində və neft xəttinin 4 metrliyində yerləşir. “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu”na və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edildiyindən “X13” şirkəti sözügedən torpaq sahəsinin bu və ya digər halda başqa məqsədlər üçün istifadə olunmasına və özgəninkiləşdirilməsinə etiraz edir. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə təyin edilmiş məhkəmə tikninti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasi Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/3918/2025 №-li cavab məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 10/3918 №li ekspert rəyində göstərilmişdir ki; Bakı şəhəri Binəqədi Rayon, Biləcəri qəsəbəsində yerləşən, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin faktiki ölçüsü 752 m2 təşkil edir. Qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi” ilə üst-üstə düşür. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 302 saylı sərəncamı ilə X7 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi yaşayış evi üçün ayrılmış 600 m2 torpaq sahəsinin yerini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Həmçinin qeyd olunur ki, baxış zamanı təqdim olunmuş torpaq sahəsi Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin inzibati ərazi vahidi hüdudları daxilində yerləşir. Bakı şəhəri Binəqədi Rayon, Biləcəri qəsəbəsində yerləşən, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin, yerləşmə mövqeyinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş torpaq sahəsinin cizgisinə uyğun olmadığı, perimetrik ölçülərdə və sahələrdə fərqlər olduğu müəyyən olundu. Bakı şəhəri Binəqədi Rayon, Biləcəri qəsəbəsində yerləşən, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin, “X12 haqqında” Sazişi və “X11”nə əsasən neft-qaz əməliyyatlarının aparılması üçün “X13” Şirkətinin istifadəsinə ayrılmış “Kontrakt sahəsi”nin hüdudları daxilinə düşdüyü müəyyən olundu. Torpaq sahəsinin neft quyularından hansı məsafədə yerləşdiyinin və həmin torpaq sahəsinin neft quyularının, elektrik xəttinin mühafizə zonasında yerləşib-yerləşmədiyinin müəyyən olunması və s. məsələləri xüsusi bilik tələb etməməklə hər hansı tədqiqat metodu ilə həll edilmir və tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Bakı şəhəri Binəqədi Rayon, Biləcəri qəsəbəsində yerləşən, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin, eyni zamanda həmin torpaq sahəsinə bitişik, şimal, cənub, qərb və şərq sərhədlərində qonşu torpaq sahələrinin ətrafında yaşayış yerlərinin olduğunu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin torpaq sahələrinin “X1” kateqoriyasına aid olduğu müəyyən olundu. Tədqiqat obyektinin yerləşdiyi əraziyə dair baza məlumatları təqdim olunmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 46 №- li qərarı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu ilə 5-10/2-H-40-091 /2024 №-li məktubu ilə iddiaçıya təqdim edilmiş Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 302 saylı sərəncamı əsasında X7 ayrılmış Biləcəri qəsəbəsi ərazisində 600.0 kv.metr torpaq sahəsinə dair Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş yerləşmə cizgisi ilə baxış zamanı təqdim olunmuş torpaq sahəsi arasında perimetrik ölçü, konfiqurasiya və sahə fərqi vardır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Torpaq Məcəlləsi. Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə) ...
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi. 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.
MƏHKƏMƏNİN MÖVQEYİ:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda 8.0.1-ci maddəsində təsbit edilmiş hüquq müəyyənedici sənədə - yerli icra hakmiyyətinin qərarına (sərəncam) istinad etmişdir. Məhkəmə razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5ci maddəsinə istinadla təqdim edilmiş yerli icra hakimiyyətinin qərarı əsasında mübahisəli torpaq sahəsi üzərində iddiaçının mərhum ərinə məxsus olması haqqında qeydiyyatı aparılmalıdır. Lakin işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi faktiki 752 m2 təşkil etməklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi” ilə üst-üstə düşür və həmin torpaq sahəsinin yerini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş torpaq sahəsinin, yerləşmə mövqeyinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş torpaq sahəsinin cizgisinə uyğun olmadığı, perimetrik ölçülərdə və sahələrdə fərqlər olduğu müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə görə isə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsi Maddə 68.). Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq iddiaçıdan 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev