Məhkəmə qərarları › İş №2-1(112)-4956/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4956/2020

26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4956/2020 26.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Cavabdeh2 açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Cavabdeh2 açıq səhmdar cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 açıq səhmdar cəmiyyətinə və Azərbaycan Respublikası Mərkəzi Bankına (bundan sonra mətndə Mərkəzi Bank) qarşı “kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” X5 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə “xxxx” İKB ASC) ilə aralarında xx.xx.2014-cü il tarixdə bağlanmış 27-M-1-0-244-15 saylı kredit müqaviləsinə əsasən yaranmış 12.648 manat (7.440 ABŞ dolları) kreditin qalıq məbləğinin Fərmanın qaydalarına əsasən illik 1% olmaqla 5 illik restrukturizasiya olunması vəzifəsinin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə Cavabdeh2 ASC) və Mərkəzi Bankın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx İKB” ASC ilə aralarında xx.xx.2014-cü ildə bağlanmış 27-M-1-0-244-15 saylı kredit müqaviləsinə əsasən yaranmış 12.648 manat (7440 ABŞ dolları) kredit qalıq məbləğinin Fərmanın qaydalarına əsasən illik 1% olmaqla 5 illik restrukturizasiya siyahısına daxil olunması vəzifəsinin cavabdeh Mərkəzi Banka (üçüncü şəxs qismində Cavabdeh2 ASC cəlb olunmaqla) həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xxxx İKB ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli 27-M-1-0-244-15 saylı kredit müqaviləsinə əsasən ona 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixə onun yuxarıda qeyd edilən kredit üzrə 7.440 ABŞ dolları əsas borcu qalmışdır. Kredit 2014-cü ildən sonra verilmişdir. Həmin kreditlər dünyada baş verən iqtisadi böhranla əlaqədar ən əsası isə ölkədə baş verən devalivasiya ilə əlaqədar tərəfindən ödənilməmiş və problemli kredit kimi adında qalmışdır. O, hər iki krediti 2014-cü ilin sonunda almış və hər iki kredit 360 gündən çox gecikmədədir. Lakin həm “xxxx” İKB ASC, həm də X6 palatası onun gecikmə günlərinin 360 gündən az olduğuna əsaslanaraq kreditinin qalıq məbləğinin restrukturizasiya edilməsindən imtina etmişdir. Dəfələrlə müraciətlərinə baxmayaraq Palata və Banklar tərəfindən ona güzəştlərin tətbiq olunması məhdudlaşdırılmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 5.1-ci bəndinə deyilir: Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X2 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 7.1.banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; Lakin hər iki Bank və Palata onun manatla olan kreditlərinin restrukturizasiya edilməsinə maneçilik törətmiş və əsassız məktublarla onun müraciətlərinə imtina cavabı vermişdir. Təqdim etdiyi cavablardan göründüyü kimi Palata və banklar hər ikisi onun siyahıya salınmasına mənfi cavab versələr də, əsas kimi göstərdikləri 360 gündən az gecikmə günü məsələsini açıqlama verməmişlər. Aşağıdakılara əsasən hesab edir ki, onun krediti Fərmanın əhatə dairəsinə düşür və cavabdehlərin əsas kimi götürdükləri 360 gündən az gecikmə gününün olması həm cavabdeh Bankın Palataya təqdim etdiyi arayışları və həmçinin məhkəmə qətnaməsi ilə təkzib edilir. Hər iki cavabdeh özlərinin tərtib etdiyi və istənilən vaxt dəyişdirə biləcəyi lakin 3-cü şəxslərin, ən əsası da onun ora müdaxilə edə bilməyəcəyi Mərkəzi Kredit Reyestri Məlumatlarına əsaslanaraq onun tələbini təmin etmirlər. Halbuki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli 2(004)- 1745/2019 saylı qətnaməsinin təvsiri hissəsində bankın özünün təqdim etdiyi arayışa sübut kimi qiymət verilmiş və onun son ödənişinin xx.xx.2017-ci il tarixdə olduğu sübuta yetirilmişdir. Qətnamə üzrə qeyd edilən son ödəniş tarixi nəzərə alınarsa Fərman qəbul edilən tarixə onun 525 gün gecikmə günlərinin sayı olmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının aşağıdakı 8.6-cı bəndi ilə gecikmə günlərinin hansı kriteriyalarla müəyyənləşdirilməsi açıq aydıq qeyd edilmişdir. Həmin bənddə deyilir: 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar. Yəni 360 gün gecikdirilmiş kredit dedikdə qeyd edilən müddətdə verilmiş kreditlər üzrə həm faiz həm də əsas borca gecikmə günlərinin sayı 360 gündən yuxarı olan kreditlər başa düşülür. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydalarının 6-cı bəndində deyilir: 6.1. Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1.həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10.000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10.000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3.fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Qaydalara və təqdim etdiyi rəsmi sənədlərə əsasən onun krediti bu qaydaların restrukturizasiya olunan kreditlərin əhatə dairəsinə düşür. Mərkəzi Banka və Cavabdeh2a müraciətlərinin hamısı cavabsız olaraq qalmaqdadır. Hazırda bu səbəbdən məhkəmə qaydasında cavabdehə Fərmanın icrası vəzifəsinin qoyulması ilə bağlı müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Mərkəzi Bankı məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli 16-03735- 2020 №li iddiaya dair yazılı etirazında göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Barəsində sorğu edilmiş şəxs-İddiaçı ilə “xxxx” ASC (rebrendinqdən sonra “xxxx” ASC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (Fərman) təsir dairəsinə düşməmişdir. Belə ki, Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə bankın təqdim etdiyi məlumatlara əsasən müəyyən edilmişdir ki, Fərmanın qüvvəyə mindiyi tarixə - xx.xx.2019-cu il tarixinə borclunun əsas kredit borcu cəmi 7.440,82 ABŞ dolları təşkil etsə də, həmin borcun ödənilməsi yalnız 334 gün gecikdirilmişdir. Fərmana əsasən xx.xx.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə xx.xx.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh2 ASC-nin nümayəndəsi X8 mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Mərkəzi Bankın nümayəndəsi- X9 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; İddiaçı məxsus xx.xx.2014-cü il tarixdə Ordubad RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.1986-ci ildə Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı ilə “xxxx İKB” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 27-M-1-0-244- 15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən illik 28% olmaqla 24 ay müddətinə xx.xx.2017-ci il tarixinədək İddiaçı 14.000 ABŞ dolları kredit verilmiş və bu barədə ödəniş cədvəli tərtib edilmişdir. xx.xx.2015-ci il tarixli 27-M-1-0-244-15 saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, kredit müqaviləsi üzrə kreditin verilmə müddəti 24 aydan 66 ay 5 günə, müqavilənin bitmə tarixi xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə, faiz dərəcəsi ilə 28 faizdən 26 faizə dəyişdirilmiş və tərəflər öz imzaları ilə bu Sazişi təsdiq etmiş və borcalan barəsində yeni ödəniş cədvəli tərtib edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1745/2019 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı və X1 müştərək qaydada “xxxx İKB” ASC-nin xeyrinə 7.440,82 ABŞ dolları əsas, 6.954,07 ABŞ dolları faiz və 127,14 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14.522,03 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və “xxxx İKB” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. İddiaçı hazırkı tələblə Azərbaycan Respublikası Maliyyə X2 Apellyasiya Komissiyasına müraciət etmiş və ona xx.xx.2019-cu ildə elektron qaydada cavab məktubu verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Onun kredit borcu üzrə gecikmə günləri 360 gündən az olduğu üçün onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Cavabdeh2 ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubla Cavabdeh2 (“xxxx” İKB) ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 27-M-1-0-244-15 saylı kredit müqaviləsinin surəti və xx.xx.2015-ci il və xx.xx.2019-cu il tarixli maliyyə arayışları məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan məktubda göstərilmişdir ki, İddiaçı borun ödənilməsinin gecikmə günləri xx.xx.2019-cu il tarixinə 163 gün təşkil etmişdir. Məktuba əlavə olunmuş; -Cavabdeh2 ASC-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, İddiaçı xx.xx.2015-ci il tarixinə 11.960,06 ABŞ dolları əsas, 25,91 ABŞ dolları faiz və 0 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 11.985,97 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. - Cavabdeh2 ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixinə 7.440,82 ABŞ dolları əsas, 6.954,07 ABŞ dolları faiz və 127,14 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14.522,03 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Qeyd olunan maliyyə arayışına əsasən İddiaçı tərəfindən qrafik üzrə aparılan son ödənişlər aşağıdakı kimi olmuşdur: xx.xx.2017-ci il tarixdə əsas borc üzrə ödəniş 4.000 (dörd min) ABŞ dolları; cari faiz üzrə ödəniş xx.xx.2016-cı il tarixdə 231,98 ABŞ dolları. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə X3 həvalə olunmuşdur (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı). İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixə borcun ödənilməsinin gecikmə günləri 163 gün təşkil etməklə, Fərmanın tələblərində nəzərdə tutulmuş 360 gündən azdır. Ona görə də cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar