Məhkəmə qərarları › İş №2-1(112)-4957/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4957/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4957/2020 20.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi Şükürov Ramin Ramiz oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3 və Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X4rşı diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X4rşı məhkəmədə iddia qaldıraraq, Ukrayna Respublikası Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli B-18 215318 nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ukrayna Respublikasının Simon Kuznets adına Xarkov Milli İqtisad Universitetində “İnsan resursları və əməyin iqtisadiyyatı” bölümü üzrə ali təhsil almış və təhsilini bitirdikdən sonra ona xx.xx.2018-ci il tarixli B-18 215318 nömrəli bakalavr diplomu verilmişdir. Diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə Təhsil Nazirliyinə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasını iddiaçının həmin ölkədə (Ukraynada) qısa müddət ərzində olması və diplomda qeyd edilən tədris yükünü yerinə yetirməsini qeyri-mümkün olması ilə əsaslandırmışdır. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Belə ki, diplomu tam qanuni əsaslarla almış, bütün sessiiyalarda şəxsən iştirak etmiş, ara imtahanlarını vermiş, kurs işlərini hazırlamış və diplomun tanınması üçün bütün sənədləri cavabdehə təqdim etmişdir. Bu hallar pasportunda giriş-çıxış qeydləri ilə də təsdiq olunur. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaya etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Agentlikdə iddiaçının sənədlər araşdırılarkən iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, Xarkov Milli İqtisad Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Belə ki, iddiaçı təhsil aldığı müddət ərzində ali təhsil müəssisəsinin yerləşdiyi ölkədə İ il – 20 gün; İİ il – 7 gün; İİİ il – 14 gün; İV-cü il – 12 gün; V il – 18 gün olmuşdur. Hesab olunur ki, bu qısa müddətdə diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Qeyd olunanlar əsasında iddiaçının adına ali məktəb tərəfindən verilmiş mütəxəssis diplomunun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - xx.xx.2018-ci il tarixli B-18 215318 nömrəli diplomun azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 2018-ci ildə Ukrayna Respublikası Simon Kuznets adına Xarkov Milli İqtisad Universitetində “İnsan resursları və əməyin iqtisadiyyatı” bölümü üzrə tam kursu bitirmiş və ona həmin ixtisas üzrə bakalavr dərəcəsi verilmişdir. Həmin diplom xx.xx.2018-ci ildə Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən apostil olunmuşdur. - Qeyd olunan diploma əlavənin azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı təhsil forması qiyabi, təhsil müddəti 4 il 10 ay, 240 AKTS kredit, tədris dili ukrayna dili, bakalavr ali təhsil dərəcəsi (Ukraynanın milli sisteminin 7-ci səviyyəsi) olmaqla Ukrayna Respublikası Simon Kuznets adına Xarkov Milli İqtisad Universitetində iqtisasiyyat və sahibkarlıq tədris sahəsi “İnsan resursları və əməyin iqtisadiyyatı” ixtisası üzrə təhsil alaraq təlim proqramını tədris planına müvafiq olaraq tamamlamışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2020-ci il tarixli S-73/03-TKTA nömrəli məktubundan və ona əlavə edilmiş elektron çıxarışdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli electron müraciəti ilə əlaqədar ona xx.xx.2019-cu il tarixdə müvafiq elektron xidmət vasitəsilə əlavədə qeyd olunmuş məlumat verilmişdir. Həmin əlavədə qeyd olunur ki, iddiaçının ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, X9 adına Xarkov Milli İqtisad Universitetində tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndinə əsasən iddiaçının müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. - Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2019cu il tarixil 41/1084 №-li arayışda bildirilir ki, “İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək həmin Universitetdə “İnsan resursları və əməyin iqtisadiyyatı” ixtisası üzrə qiyabi təhsil almışdır. Təhsilin qiyabi forması üzrə normativ müddət 5 il təşkil edir. İddiaçı aşağıdakı cədvəl üzrə imtahan sessiyalarını vermişdir: İ kurs – xx.xx.2014-xx.xx.2014; İİ kurs – xx.xx.2015-xx.xx.2015; İİİ kurs – xx.xx.2016-xx.xx.2016; İV kurs – xx.xx.2017xx.xx.2017; V kurs – xx.xx.2018-xx.xx.2018. xx.xx.2018-ci il tarixdə 177/2018 qeydiyyat nömrəli B-18 21531830 bakalavr diplomu verilmişdir.” - İddiaçının ümumvətəndaş paspotundan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən və İAMAS bazasından təqdim edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, İddiaçı 2013-2018-ci illər ərzində dövlət sərhədindən keçid tarixləri imtahan sessiyalarının tarixlərinə uyğundur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2013-cü ildə Ukrayna Respublikası Simon Kuznets adına Xarkov Milli İqtisad Universitetinin “İnsan resursları və əməyin iqtisadiyyatı” fakultəsinə qiyabi təhsil forması üzrə qəbul olunmuş, təhsil müddəti 4 il 10 ay təşkil etmiş, həmin fakultəni bitirdikdən sonra xx.xx.2018-ci il tarixdə təhsil müəssisə tərəfindən ona həmin ixtisas üzrə bakalavr dərəcəsinə dair diplom verilmişdir. Həmin diplom təhsil aldığı ölkənin səlahiyyətli şəxsləri tərəfindən apostil olunmuşdur. İddiaçı diplom üzrə ixtisasının tanınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan iddiaçının təhsil aldığı ölkədə təhsil dövründə qısa müddətdə olmasını, həmin müddət ərzində tədris yükünün yerinə yetirilməsinin qeyrimümkün olmasını əsas gətirərək müraciətini təmin etməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli, xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.28-ci bəndinə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Przidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsli sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentiliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: • -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; • -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; • -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: • -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; • -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); • -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barədə” Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli, 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Həmin Konvensiyanın: - 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). - 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. - 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. - 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin: - 1-ci maddəsinə əsasən bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. - 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. - 6-cı maddəsinə əsasən bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Məhkəmə qeyd edir ki, İddiaçı Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli B-18 215318 nömrəli diploma (təhsil sənədinə) Ukrayna Respublikasının səlahiyyətli orqanı tərəfindən xx.xx.2018-ci il tarixdə apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtinasını və etirazını iddiaçının qısa müddət ərzində müvafiq ölkədə olması ilə əsaslandırsa da, tədris yükünün yerinə yetirilməsi üçün tələb olunan müddətin nə qədər olması və həmin müddətin qarşılığında iddiaçının qısa müddətdə müvafiq ölkədə olmasını əsaslandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli, 147 nömrəli qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili qaydaları”na əsasən Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. Təhsil pillələri və səviyyələrində təhsilalma formalarının tətbiqi ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – partime) müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü bəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 3.2.4-cü bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Göründüyü kimi qanunvericiliklə qiyabi təhsil üzrə tədris ili 32 həftə, hər semestr 16 həftə (o cümlədən, 1 həftə imtahan sessiyası), hər semestrə 24 kredit müəyyən edilmişdir. İddiaçıya verilmiş bakalavr diplomuna əlavədən görünür ki, iddiaçının təhsil forması qiyabi təhsil olmaqla təhsil müddəti 4 il 10 ay, 240 kredit müəyyən edilmiş və iddiaçı həmin müddətdə tədris yükünü müvəffəqiyyətlə yerinə yetirmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırması iş materialları ilə öz təsdiqini tapmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. - 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Ukrayna Respublikası Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli B-18 215318 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq ekspert komissiyası tərəfindən yenidən ekspertiza keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin edilərək, İddiaçı Ukrayna Respublikası Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli B-18 215318 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq ekspert komissiyası tərəfindən yenidən ekspertiza keçirilməsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilir. İddiaçı Ukrayna Respublikası Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli B-18 215318 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq ekspert komissiyası tərəfindən yenidən ekspertiza keçirilməsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2 Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar