Məhkəmə qərarları › İş №2-1(112)-4957/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4957/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4957/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşı tamam olduğu, yəni 09 noyabr 2020ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1960-cı il tarixdə Cəbrayıl şəhərində doğulmuşdur. 09.05.1979-cu il tarixdən 05.06.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 24.08.1981-ci il tarixdən 30.11.1982-ci il tarixədək “Aznefteximzavodremont” TTİ-də 4 dərəcə elektrik qaynaqçısı peşəsində, 09.12.1982-ci il tarixdən 1985-ci il arixədək fermer təsərrüfatında 5 dərəcəli elektrik qaynaqçı peşəsində, 04.04.1985-ci il tarixdən 01.02.2000-ci il tarixədək “Azərtransstroy” Tİ-də (sonradan “Azərnəqlyoltikinti” Səhmdar Cəmiyyəti 5 dərəcəli elektrik qaynaqçı peşəsində, 04.03.2003-01.12.2007-ci il tarixədək “xxxx” Birgə Müəssisəsinin (bundan sonra “xxxx”BM) Azf-063 layihəsində qaynaqçı peşəsində, 04.12.2007-ci il tarixdən 07.05.2009cu il tarixədək “xxxx” BM-nin Azf-073 layihəsində qaynaqçı peşəsində, 20.02.2010-cu il tarixdən 13.06.2013-cü il tarixədək “xxxx” BM-nin Azf-081 layihəsində qaynaqçı peşəsində və qaynaq ustası vəzifəsində, 21.06.2013-cü il tarixdən 05.03.2014-cü il tarixədək “xxxx” MMC-də polad boru qaynaqçısı peşəsində, 07.03.2014-cü il tarixdən 16.05.2016-cı il tarixədək “xxxx” BM-nin Azf-086 layihəsində qaynaq ustası və metalqızdırıcı usta vəzifəsində, 21.07.2016-cı il tarixdən 09.09.2016-cı il tarixədək “xxxx” MMC-də qaynaqçı peşəsində, 20.02.2020-ci il tarixdən hal-hazırki dövrə qədər “xxxx” BM-nin Azf-099 layihəsində qaynaq ustası vəzifəsində çalışmışdır. Müəyyən vaxtlarda işlədiyi qaynaqçı, qaynaq ustası vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Hal-hazıradək təqribən 40 il ümumi və 12 il 8 aydan çox xüsusi stajı vardır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, sonuncunun 01.02.2021-ci il tarixli məktubu ilə müraciətindən imtina olunmuşdur. Hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 29.03.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi 22.04.2021-ci il tarixli **********5 №li yazılı etirazında göstərmişdir ki, iddiaçı 30 dekabr 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları və metal emalı bölməsində (11) metal qızdırıcıları (qaynaqçıları) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 07 sentyabr 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və “xxxx” BM-nin ona dair 21 dekabr 2020-ci il tarixli AZF-2020/37/K nömrəli arayışında qeyd olunan 04.03.2003-07.05.2009-cu il tarixləri arasındakı dövr ərzində qaynaqçı, 20.02.2010- 13.06.2013-cü il tarixləri arasındakı dövr ərzində qaynaqçı və qaynaq ustası, 07.03.2014- 16.05.2016-cı il tarixləri arasındakı dövr ərzində qaynaq ustası və metalqızdırıcı usta, 20.02.2020-ci il tarixindən bugünədək qaynaq işləri üzrə usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi qaynaqçı və qaynaq ustası vəzifələri yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə uyğun deyil. Eyni zamanda onun işlədiyi sahə metal emalı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 məhkəmə iclasında verdyi yazılı etiraza uyğun olaraq verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə Cəbrayıl şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - NZ seriyalı 393756 saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 09 may 1979-cu ildən 05 iyun 1981-cı ilədək hərbi xidmətdə olmuşdur. - notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı ******* nömrəli 07.09.1981-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 24.08.1981-ci ildə “Azneftkimyazavodtəmir” trestinin 5 saylı TTİ-nin tikinti-quraşdırma sahəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 30.11.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir; 09.12.1982-ci ildə şifer istehsalatına 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 14.03.1985-ci ildə işdən azad edilmişdir; 04.04.1985-ci ildə “Azərbaycan Nəqliyyattikinti” trestinin 445 saylı Tİ-də sement və keramika məmulatları kombinatından köçürmə yolu ilə 5-ci dərəcəli elektrik qaynaqçı işinə qəbul olunmuş, 10.01.2000-ci ildə işdən azad olunmuş; “xxxx” BM-də 04.03.2003-cü ildə qaynaqçı peşəsi ilə işə qəbul edilmiş, 01.12.2007-ci ildə əmək müqaviləsinə xitam verilmişdir; 04.12.2007-ci ildə qaynaqçı peşəsinə qəbul edilmiş, 07.05.2009-cu ildə əmək müqaviləsinə xitam verilmişdir; 20.02.2010-cu ildə qaynaqçı peşəsinə işə qəbul olunmuş, 21.09.2010-cu ildə qaynaqçı ustası vəzifəsinə keçirilmiş, 13.06.2013-cü ildə əmək müqaviləsinə xitam verilmişdir; 21.06.2013-cü ildə “xxxx” MMC-də cəmiyyətin Texniki işlər Departamentində inşaat sahəsinə polat boru qaynaqçısı peşəsinə qəbul olunmuş, 05.03.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir; 07.03.2014-cü ildə “xxxx” BM-də qaynaq ustası vəzifəsinə qəbul edilmiş, 10.02.2015-ci ildə metalqızdırıcı ustası vəzifəsinə keçirilmiş, 16.05.2016-cı il tarixdə əmək müqaviləsinə xitam verilmişdir; 21.07.2016-cı ildə “xxxx” MMC-də qaynaqçı vəzifəsinə qəbul edilmiş, 09.09.2016-cı ildə tutduğu vəzifədən azad edilmişdir; 28.09.2016-cı il tarixdə “xxxx” MMC-də qaynaqçı briqadir vəzifəsinə işə qəbul edilmiş, 30.08.2018-ci il tarixdə işdən azad olunmuşdur; 07.01.2019-cu ildə “xxxx” MMC-də Metal konstruksiya işləri üzrə departamentin qızdırıcı vəzifəsinə qəbul edilmiş, 23.07.2019-cu ildə briqadir vəzifəsinə keçirilmiş, 28.10.2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. 29.10.2019-cu ildə “xxxx” MMC-də qaynağ işləri üzrə briqadir vəzifəsinə qəbul edilmiş, 19.02.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. “xxxx” BM tərəfindən verilmiş AZF-2021/08/K №li 22.02.2021-ci il tarixli “güzəştli arayış”da göstərilmişdir ki, İddiaçı “xxxx” BM-nin layihələrində qaynaqçı və qaynaq ustası vəzifələrində işləmişdir. Onun “xxxx” BM-də güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: 04.03.2002-01.12.2007 “xxxx” BM-nin Azf-063 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsində 04 il, 08 ay, 28 gün; 04.12.2007-07.05.2009 “xxxx” BM-nin Azf-073 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsində 01 il, 05 ay, 04 gün; 20.02.2010-13.06.2013 “xxxx” BM-nin Azf-081 layihəsində qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynaqçısı) peşəsində və usta (qaynaq ustası) vəzifəsində 03 il, 03 ay 24 gün; 07.03.2014-16.05.2016 “xxxx” BM-nin Azf-086 layihəsində qaynaq ustası və metalqızdırıcı usta vəzifəsində 02 il, 02 ay, 10 gün; 20.02.2020-ci ildən hal-hazırda işləyir “xxxx” BM-nin Azf-099 layihəsində usta (qaynaq ustası) vəzifəsində 01 il, 03 gün, cəmi 12 il 08 ay 09 gün. X6 Sistemindən çıxarışdan müəyyən olunur ki, iddiaçının pensiya kapitalı 98.122,45 manat təşkil edir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 07 sentyabr 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və “xxxx” BM-nin ona dair 21 dekabr 2020-ci il tarixli AZF- 2020/37/K nömrəli arayışında qeyd olunan 04.03.2003-07.05.2009-cu il tarixləri arasındakı dövr ərzində qaynaqçı, 20.02.2010-13.06.2013-cü il tarixləri arasındakı dövr ərzində qaynaqçı və qaynaq ustası, 07.03.2014-16.05.2016-cı il tarixləri arasındakı dövr ərzində qaynaq ustası və metalqızdırıcı usta, 20.02.2020-ci il tarixindən bugünədək qaynaq işləri üzrə usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi müraciətçinin işlədiyi qaynaqçı və qaynaq ustası vəzifələri yuxarıda qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə uyğun deyil. Eyni zamanda onun işlədiyi sahə metal emalı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. İddiaçının 60 yaşına çatması və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları və metal emalı bölməsində (11) metal qızdırıcıları (qaynaqçıları) vəzifələri nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunduğu kimi “xxxx” BM-də 04.03.2003-07.05.2009-cu il tarixləri arasındakı dövr ərzində qaynaqçı, 20.02.2010-13.06.2013-cü il tarixləri arasındakı dövr ərzində qaynaqçı və qaynaq ustası, 07.03.2014-16.05.2016-cı il tarixləri arasındakı dövr ərzində qaynaq ustası və metalqızdırıcı usta, 20.02.2020-ci il tarixindən hazırki vaxtadək qaynaq işləri üzrə usta işlədiyi vəzifələr yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə uyğun deyil. Eyni zamanda onun işlədiyi sahə metal emalı sahəsinə aid deyil. Bu isə o, deməkdir ki, iddiaçıya 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar