Məhkəmə qərarları › İş №2-1(112)-4957/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4957/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4957/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və digərlərinin cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları

1. İddiaçı2 ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, özünün, İddiaçı1 və İddiaçı3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmasını xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2021-ci il tarixdə 073-44192A-3221 saylı məktubla idiaçının tələbini təmin etməkdən imtina etmiş və onun ailə üzvləri ilə birlikdə (İddiaçı2, İddiaçı1 və İddiaçı3) qeydiyyatsız yaşadıqları Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, döngə 10, ev 242-də qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin QMB-nə təqdim olunmasının vacib olduğunu, göstərilən sənədlər təqdim olunmadığından onların müvafiq ünvana qeydiyyata alınmalarının imkan xaricində olduğunu bildirmiş, qeydiyyatla əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət etmələri tövsiyə edilmişdir.

3. Bundan sonra İddiaçı2, İddiaçı1 və İddiaçı3 (bundan sonra – İddiaçılar) xx.xx.2022-ci il tarixdə cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçıların ünvan 1-də yerləşən evə pasport qeydiyyatına alınmaları barədə öhdəliyin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. II. Tərəflərin əsaslandırması

4. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı2 ilə Sabunçu rayonu Maştağa Bələdiyyəsi arasında bağlanmış xx.xx.2002-ci il tarixli, 52 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən 1200 kv.m torpaq sahəsi onun istifadəsinə verilmişdir. Həmçinin Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli “Şəhadətnamə”sinə əsasən iddiaçı sözügedən torpaq sahəsinə görə vergi ödəyicisi kimi uçota alınmışdır. İddiaçılar ünvan 1-də yerləşən ünvanda xx.xx.2002-ci il tarixdən yaşayırlar. Uzun müddət ünvan 1 ünvanında yaşamaları, həmin əmlaka görə vergi ödədikləri, eləcə də həmin torpaq sahəsinin icarə müqaviləsi əsasında İddiaçı2 istifadəsinə verilməsi nəzərə alınaraq onların həmin evə pasport qeydiyyatına alınması barədə cavabdehin üzərinə öhdəlik qoyulmalıdır.

5. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublara işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. III. Tərəflərin mövqeyi

8. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

9. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

10. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda.

11. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, döngə 10 ünvanında yerləşən 242 saylı fərdi yaşayış evinə qeydiyyata alınmalarını xahiş etsələr də, qeydə alınmalarını tələb etdikləri həmin evə dair mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi, həmçinin onlara yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməmiş və bununla da aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişlər.

12. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-7639-1222 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir.

13. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, **********31 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

14. Göründüyü kimi, iddiaçıların qeydiyyata alınmalarını istədiklərini yaşayış sahəsi özbaşına tikilidir, həmin yaşayış sahəsinin səlahiyyətli orqan tərəfindən verilmiş ünvanı mövcud deyil.

15. İddiaçılar yaşaydıqları özbaşına tikilinin ünvanının ünvan 1 olduğunu iddia etsələr də, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 89 nömrəli məktubundan görünür ki, İddiaçı1, X2 və Abbasov X1 qəsəbəsi, Xanlar y/m ünvanında qeydiyyatsız yaşayırlar.

16. İddiaçıların təqdim etdiyi sənədlərə gəldikdə, İddiaçı2 ilə Sabunçu rayonu Maştağa Bələdiyyəsi arasında bağlanmış xx.xx.2002-ci il tarixli müqavilədən görünür ki, İddiaçı2 tərəfindən Xanlar küçəsinin sağ kənarında zəbt edilmiş 1200 kv.m torpaq sahəsi Maştağa Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 35 saylı qərarı ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən qısa müddətə onun istifadəsinə verilmişdir.

17. Göründüyü kimi, iddiaçının istinad etdiyi sənəd torpaq sahəsi ilə bağlı olmuş, orada əmlakın ünvanı kimi “Xanlar küçəsinin sağ kənarı” göstərilmişdir, hansı ki, həmin sənədlər Qanunun 5-ci maddəsində nəzərdə tutulan sənədlərə aid edilə bilməz.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür.

20. Məhkəmə qeyd edir ki, işin sadalanan hallarından müəyyən olur ki, iddiaçılar qeydiyyata alınma barədə hazırkı tələbi irəli sürsələr də, qeydə alınmalarını tələb etdikləri evə dair “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulan mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməmiş və bununla da aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişlər. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmamalıdır.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı :

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar