Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4959/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 20 oktyabr 1994- cü il tarixli 1463 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 23 nömrəli orderi ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 396e saylı bağ sahəsi iddiaçının mərhum anası X3 ayrılmışdır. xx.xx.2022-cu il tarixdə X6 vəfat etmişdir. Vəfat etmiş X1 adına Bakı şəhəri 27 saylı Xüsusi Notariat ofisində vərəsəlik işi açılmış və onun vərəsələrinin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri 27 saylı Xüsusi Notariat ofisinin 708 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 xx.xx.2022- ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında mərhumun qanun üzrə vərəsəsi oğlu İddiaçı Miirşüd oğlu olması, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağlar sahəsində 243 nömrəli BTK nəzdində yerləşən 0,12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. X3 ayrılan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə, tələb olunan sənədləri əlavə etməklə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi öz imtinasında bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin qonşu sahələrlə ümumi ərazidə yerləşdiyi məlum olmuşdur. Həmçinin torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından yerləşmənin düzgünlüyünü müəyyən etmək münkün olmamışdır. Təqdim olunan orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və mənim qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 3-52/2-İ-l 18- 112/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə müraciəti əsasında Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 6/333 saylı, 14 07.1988-ci il tarixli qərarının təsdiqlənmiş kserosurəti iddiaçıya göndərilmiş, həmçinin, bildirilmişdir ki, qərar X1 adınadır. Beləliklə, iddiaçı hesab edir ki, cavabdeh orqan əsasszı olaraq mənim müraciətini təmin etməmişdir. İddiaçı hesab edir ki, anasının vəfat etməsini nəzərə alaraq Zirə bağlar təsərüfatı idarəsinin 1463 saylı, 20 10.1988-ci il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin X3 məxsus olmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsinə uyğun olaraq müvafiq arayış verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zamanı iddiaçı ilkin olaraq bağ sahəsinin yerini tanımadığını bildirmiş, daha sonra yerli baxış zamanı göstərilən torpaq sahəsinin qonşu sahələrlə ümumi ərazidə yerləşdiyi və faktiki sahəsinin 0.1199 ha təşkil etdiyi məlum olmuşdur. Həmçinin torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından yerləşmənin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin bildirilir ki, ərizəyə əlavə edilən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1877/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdırCavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin və xx.xx.2023-cü il tarixli **********09 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. -Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı 286768 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. -Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin Zirə bağlar sahəsindəki 243 nömrəli kooperativin 23 nömrəli orderinin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 1463 nömrəli qərarına əsasən X4 (Искəндəрова Рейhан Мəммəд г) 0,12 ha torpaq sahəsindən ibarət 393e saylı bağ ayrılmışdır. -Bakı şəhər 27 saylı Xüsusi Notariat Ofisi tərəfindən tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar mərhumun qanun üzrə vərəsəsinin İddiaçı olması barədə məlumat verilmiş və Bakı şəhəri, Xəzər rayonu, Zirə bağlar sahəsində 243 №li BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 393e nömrəli bağa dair çıxarışın verilməsi xahiş edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəmənin sorğusuna verilmiş 24 yanvar 2024-cü il tarixli 3-52/2-80/2024 saylı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1463 saylı sərəncamından çıxarışdan görünür ki, “Bağ sahələrinin ayrılması, bölünməsi və ada keçirilməsi”nə dair bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1994-cü il tarixli 63 №li protokolu əsasında Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №li və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyul 1988-ci il 195 №li Qətnaməsinə əsasən İsgəndərova Rəhan (sənəddə olduğu kimi) Məmməd qızına Zirə BTK № 243, bağ 393e bağ sahəsi ayrılmışdır. -DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 15 fevral 2024-cü il tarixli məktubda bildirilmişdir ki, 243 nömrəli BTK-nın yerləşmə sxeminin arxiv qovluğunda aşkar olunmamışdır, qovluqda yalnız üzvlərin siyahısı mövcuddur. 396e (eləcə də 393e) bağ nömrəsi sxematik xəritədə qeyd olunmamışdır. Arxiv qovluğuna əlavə edilmiş sənədlərdən görünür ki, yalnız 243 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısı və Bakı şəhər İcra Hakimiyyətinin başçısının 20 oktyabr 1994-cü il tarixli 1463 nömrəli sərəncamdan çıxarışın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan siyahıda iddiaçının mərhum anası X5 adı siyahıda 2.23-cü sıra sayı ilə qeyd olunmuşdur. -Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2-(001)-1877/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısına qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli İ-74-112 saylı arxiv arayışının İddiaçı anası, mərhum X3 aid olması faktı müəyyən edilmişdir. -Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin məhkəmənin 2(001)-1877/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixli, 1463 nömrəli Order əsasında iddiaçının mərhum anasının adına Zirə bağlar sahəsindəki 243 №li BTK-nın nəzdində 0,12 ha torpa sahəsindən ibarət 393e saylı bağ sahəsi ayrılmışdır. Lakin cavabdeh inzibati orqan bağ sahəsinin qonşu sahələrlə ümumi ərazidə yerləşdiyi, göstərilən sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından yerləşməsinin düzgünlüyünün müəyyən edilməsinin mümkün olmadığı, təqdim edilmiş orderin nüsxəsinin idarənin arxivində aşkar edilmədiyinı əsas gətirərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı iş üzrə iddiaçının 393e saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş, iddiaçının vərəsəsi olduğu mərhum X1 adına verilmiş xx.xx.1994-cü il tarixli, 1463 nömrəli orderin əsli, həmçinin orderin verilməsi üçün əsas olmuş qərarın arxiv çıxarışı mövcuddur. Həmçinin qərarın və ya orderin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı, o cümlədən həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyatından imtina edilməsi üçün əsaslı saymır və aşağıdakıları bildirir. Belə ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.89-cu maddəsində təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. İddiaçının mərhum anasının adına ayrılmış 393e saylı bağ sahəsinin qonşu sahələrlə ümumi ərazi daxilində yerləşməsi iddiaçının məsuliyyət sferasına aid olmadığından və qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilə bilməz. Yuxarıda istinad olunan müddəalardan da göründüyü kimi, Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Bundan başqa qeyd olunan bağ sahəsinin bağların bölgüsünə dair dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi dair cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı dəlil təqdim edilməmişdir. 243 nömrəli BTK-nın arxiv qovluğunda bağların bölgü sxeminin aşkar edilmədiyi də nəzərə alındıqda cavabdeh tərəfindən bu uyğunsuzluğun hansı qaydada müəyyən edildiyi qeyrimüəyyəndir. Digər tərəfdən belə bir uyğunsuzluq varsa belə, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir. Ad uyğunsuzluğu məsələsinə gəldikdə isə Binəqədi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddiaolunan bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin X4 məxsus olması faktı təsdiq edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 243 saylı BTK nəzdində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 393e saylı bağ sahəsi üzərində hüququn mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 243 saylı BTK nəzdində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 393e saylı bağ sahəsi üzərində hüququn mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4959/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4959/2024
05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver