Məhkəmə qərarları › İş №2-1(112)-496/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-496/2022

01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-496/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X21 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2020-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və **********54 saylı, 23 oktyabr 2020-ci il tarixli məktubla göstərilən sahənin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etdiyini, həmçinin eyni nömrəli bağ sahəsinin digər şəxsin adına verilmiş müqavilədə təkrarlandığı bildirilmişdir. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1776 saylı bağ sahəsinə X12 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2828/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1776 saylı bağ sahəsinə X12 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İş üzrə cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2307/2021 saylı, xx.xx.2021 tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2828/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş və iş materialları məhkəmə icraatının davam etdirilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “ilk öncə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanının arayışı alınmalı, bundan sonra həmin arayış əsasında vərəsəlik sənədi (vərəsəlik şəhadətnaməsi) əldə edilərək qeydiyyat orqanına təqdim edilməklə vərəsənin birbaşa qeydiyyat orqanında əmlakı öz adına rəsmiləşdirmək hüququna malikdir. Yəni, konkret halda, Qanunun qeyd olunan tələbinə müvafiq olaraq iddiaçı cavabdehdən ilk öncə, mübahisəli bağ sahəsinin onun ölmsmüş atasına məxsus olması barədə arayış almalı idi, arayışın verilməsindən imtina olunduqda bununla bağlı məcburetmə qaydasında məhkəmədə iddia qaldıra bilərdi.” Təkrar məhkəmə baxışı zamanı məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya hüquqi yardım göstərilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə istinad olunaraq müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən arayış verildiyi, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirildiyi izah olunmuş, iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı, 0.25 ha bağ sahəsinə dair hüququn ölmüş şəxsə yəni, mərhum X17 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı 0,25 ha bağ sahəsi Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 16514 nömrəli, 04 dekabr 1978-ci il tarixli müqaviləsi ilə onun mərhum atası X12 istifadəsinə verilmişdir. X19 18 dekabr 2012-ci il tarixdə vəfat etmiş və həmin bağ sahəsinə dair vərəsəlik işi açılmışdır. O, həmin bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən məsələnin həllindən imtina edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı 0,25 ha bağ sahəsindən 42 ildən çoxdur ki, istifadə edirlər və qanunvericiliyin tələblərinə uyğun olaraq istifadələrinə verilmiş torpaq sahəsində bağ salmışlar. İmtinaya əsasən sözügedən bağ sahəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Bir qayda olaraq bağ sahələri ayrılarkən ayrılmış torpaq sahəsi naturada ölçülüb təhvil verilir. Bu səbəbdən imtina əsassızdır. Eyni zamanda Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı 0,25 ha bağ sahəsinə verilmiş 16514 nömrəli, 04 dekabr 1978-ci il tarixli müqavilə mövcuddur və onun etibarsızlığı barədə heç bir sübut yoxdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş, imtina məktubunda göstərilən dəlillərə istinad edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatı İdarəsi ilə X19 arasında imzalanmış 16514 nömrəli, 04 dekabr 1978-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhər X20 İK-nin 31 dekabr 1965-ci il tarixli 13 nömrəli protokoluna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,25 ha sahəsi olan 1776 saylı bağ sahəsi X12 istifadəsinə verilmişdir. Müqavilənin 16-cı bəndinə əsasən müqavilə xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək qüvvədədir. Müqaviləyə əlavə edilmiş cizgidən görünür ki, bağ sahəsi 3 tərəfdən 1936/1775 saylı, 1938/1777 saylı və 1799/1649 saylı bağ sahəsi ilə qonşu olmuş, bir tərəfdən yol ilə əhatə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü ildə verilmiş AZ-İ seriyalı 584774 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 32 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 35-ci dövlət notariat kontorunun X/143 saylı xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, X12 18 dekabr 2012-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı 0,25 ha torpaq sahəsinə çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilmişdir. İddiçı hazırda P.Safaraliyevin vərəsəsi kimi 1776 saylı bağ sahəsinin Polad Safaraliyevə məxsus olmasına dair arayış verilməsini xahiş edir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək aşağıdakı dəlillərə istinad edir:

1. idarənin arxivində eyni nömrəli bağ sahəsinin icarəyə verilməsinə (0,25 ha) dair X22 arasında bağlanmış xx.xx.1990-cı il tarixli 16578 saylı müqavilə mövcuddur;

2. göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, yəni 1776 saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur və naturada faktiki göstərilən yer 6082, 6083 və 6084 saylı bağların yerinə uyğun gəlir. Məhkəmə cavabdehin dəliləri ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan xx.xx.1968-ci il tarixli 16578 saylı bağ və binaların uzunmüddətli icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı şəhər X20 İK-nin xx.xx.1968-ci il tarixli 18 nömrəli protokoluna əsasən Ləhiş bağ massivində yerləşən 0.25 ha sahəsi olan 1776 saylı bağ sahəsi X4 icarəyə verilmişdir. Müqaviləyə əlavə edilmiş cizgidən görünür ki, bağ sahəsi 3 tərəfdən 1775/1623 saylı, 1777/1626 saylı və 1914/1752 saylı bağ sahəsi ilə qonşu olmuş, bir tərəfdən yol ilə əhatə edilmişdir. İş materiallarında olan 297464 nömrəli, 10 oktyabr 1990-cı il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 06 aprel 1985-ci ildə ölmüşdür. İşdə olan xx.xx.1990-cı il tarixli ərizədən müəyyən olunur ki, X9 İdarəsinə müraciət edərək əri X3 adına olan 1776 nömrəli bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. 16578 nömrəli, xx.xx.1990-cı il tarixli bağın icarəyə verilməsi haqqında müqavilədən müəyyən olunur ki, xx.xx.1990-cı il tarixli 113 nömrəli qərarı əsasından Ləhiş bağ massivində yerləşən 0.25 ha sahəsi olan 1776 saylı bağ sahəsi X15 icarəsinə verilmişdir. İş materiallarında olan 349208 nömrəli, xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan 266227 nömrəli, xx.xx.1956-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1956-cı il tarixdə doğulmuş, atası X6 və anası X22 göstərilmişdir. İş materiallarında olan 031759 nömrəli, xx.xx.2002-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 25 sentyabr 2002-ci il tarixdə ölmüşdür. X1 Fəxrənsə Şahpələng qızı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, atası X7 09 aprel 1985-ci ildə, anası X22 isə 09 avqust 2009-cu ildə ölmüşdür. X16 oğlu X8 2002-ci ilin oktyabr ayının 8-də vəfat etmişdir. X16 yeganə vərəsəsi özüdür. F.Haqverdiyeva Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı, 0,25 ha bağ sahəsinin onlara məxsus olub-olmamasını müəyyən etmək məqsədi ilə iddiaçı- İddiaçı vəkilinin təklifi ilə bağ sahəsinə getmiş və müəyyən etmişdir ki, bu bağ sahəsi heç vaxt onların istifadəsində olmamışdır. Bu bağ sahəsinin nədən anasının adında təkrarlanmasının səbəbləri isə ona məlum deyildir. Təxminən 1970-ci illərdə onların Bakı şəhəri, Sabunçu rayonu, Ləhişdəki Məscidin yanında bağı olmuşdur. Sonradan atası həmin bağı başqa şəxsə istifadəyə vermişdir. Təxminən 1980-ci illərdən sonra onların bağla əlaqəsi kəsilmişdir. Mübahisəli bağ sahəsində isə heç bir tikili və meyvə ağacları mövcud deyildir və mübahisəli bağ sahəsi onların vaxtı ilə istifadəsində olan bağ sahəsindən ən azı 2-3 km aralıda Məscidin yanında yerləşmişdir. Mübahisəli bağ sahəsinin daş hasarları onlar tərəfindən çəkilməmişdir. Bundan başqa Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1776 saylı, 0,25 ha bağ sahəsi anası X18 məxsus olmamışdır və bu bağ sahəsindən istifadə etməmişlər. F.Haqverdiyeva qeyd edir ki, hüquqi varis kimi bu bağ sahəsinə iddialı deyildir və nə indi, nə də gələcəkdə mübahisəli bağ sahəsinin anasına məxsus olması barədə tələb irəli sürməyəcəkdir. İş materiallarında olan X2 xx.xx.2022-ci il tarixli reyestrdə 8i-2795 nömrə ilə qeyd edilmiş ərizəsində qeyd olunmuşdur ki, onun anası X15 adına Bağ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, xx.xx.1990-ci il tarixli, 16578 saylı müqavilədə göstərilən 1776 saylı, 0.25 ha bağ sahəsinə dair gələcəkdə heç bir tələb və şikayəti olmayacaqdır. Beləliklə, işin istinad olunan hallarından məlum olur ki, Ləhiş bağ massivində yerləşən 1776 saylı bağ sahəsi eyni zamanda iki şəxsə ayrılmışdır, yəni həmin nömrəli bağ sahəsinə dair iki müqavilə mövcuddur. Belə bir halda, iddiaçının təqdim etdiyi müqavilənin hansı əsasla Ə.Haqverdiyeva ilə bağlanmış müqavilədən üstün olması, 1776 saylı bağın Ə.Haqverdiyevaya deyil, məhz P.Safaraliyeva məxsus olması müəyyən olunmur. Bir halda ki, işdən görünür ki, P.Safaraliyevlə bağlanmış müqavilənin müddəti 1988-ci ildə bitmiş, həmin tarixdən sonra müqavilənin müddətinin uzadılması ilə bağlı işdə heç bir sübut olmamışdır. Lakin 1776 saylı bağa dair Ş.Haqverdiyevlə 1968-ci il tarixdə müqavilə bağlandıqdan sonra 1990-cı ildə Ə.Haqverdiyeva ilə yenidən müqavilə bağlanmış, bu zaman yerində inventarizasiya həyata keçirilməklə akt tərtib edilmişdir. Göründüyü kimi, 1990-cı il tarixdə 1776 saylı bağ sahəsi P.Safaraliyevin deyil, Ə.Haqverdiyevin istifadəsində olmuşdur. Bundan başqa, cavabdeh iddiaçının hazırda naturada göstərdiyi bağ sahəsinin sxematik xəritəyə əsasən 1776 saylı deyil, 6082, 6083 və 6084 saylı bağların yerinə uyğun gəldiyini bildirmişdir. Cavabdehin **********74 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilərkən müəyyən olunmuşdur ki, göstərilmiş bağ sahəsi digər bağ sahəsi ilə birlikdə ümumi hasar daxilində yerləşir. İddiaçının iddia etdiyi bağ sahəsinin üç tərəfi mişar daşından olan hasardır. Ümumi ərazidə olan digər bağ sahəsi ilə olan ara sərhəd isə şərti olaraq ayrılmışdır. Bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, 1776 saylı bağın göstərilən əraziyyə aidiyyəti yoxdur. Bağların bölgü sxeminə əsasən 1776 saylı bağ sahəsi göstərilən ərazidən təqribən 3550 m aralı cənubqərq istiqamətdə yerləşir. Göründüyü kimi, iddiaçı təqdim etdiyi müqaviləyə əsasən P.Safaraliyevə 1776 saylı bağ sahəsinin ayrıldığını bildirsə də, naturada digər bağ sahəsinə uyğun gələn torpağı göstərmiş, 40 ildən artıq istifadə etməli olduğu bağ sahəsini yerində mərzləşdirməmiş, hər hansı bir tikinti işləri aparmamaqla birlikdə göstərdiyi bağ sahəsi digər bağlarla ümumi hasar daxilində yerləşmişdir. Halbuki müqavilənin bağlandığı vaxt qüvvədə olan (1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin əlində hər hansı bir hüquqmüəyyənedici sənədin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. Hazırda iddiaçının naturada 1776 saylı bağın uyğun gəldiyi ərazini deyil, digər bağ sahəsinə uyğun gələn ərazini göstərməsi torpaq ayrımanın başa çatmadığını, buna uyğun olaraq iddiaçının sənədlə atasına ayrılmış sahəyə deyil, digər sahəyə hüququn qeydə alınması üçün müraciət etdiyini təsdiq edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçı hüquqların dövlət qeydiyyatı üçün müvafiq sənəd təqdim etsə də, naturada göstərdiyi sahə hüquqmüəyyənedici sənəddə göstərilən sahəyə uyğun olmamış, habelə sənəddə göstərilən sahə ilə bağlı ləğv edilməmiş digər bir müqavilə mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar