Məhkəmə qərarları › İş №2-1(112)-496/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-496/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-496/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X5 işə cəlb edilməklə “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə. Cavabehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X5 işə cəlb edilməklə “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş texniki pasporta əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi iddiaçının faktiki istifadəsində olan ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş texniki pasporta əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X15 ayrılmışdır. Bakı şəhəri 25 saylı notariat ofisinin 20 iyun 2023-cü il tarixli məktubundan da, göründüyü kimi, o, atasının vərəsəsidir. Torpaq sahəsində fərdi yaşayış evi ilə birlikdə uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd edir ki, həmin torpaq sahəsinin daxilində yerləşən, orta hissədən digər şəxsə satmışdır. O, isə öz növbəsində həmin hissəyə dair çıxarış ələ etmişir. Lakin, qalan hissənin və fərdi yaşayış evinin özəlləşdirilməsi üçün cavabdehə müraciət etsə də, onlar xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə imtina cavabları vermişlər. İmtinanın əsasları kimi göstərmişlər ki, elektron kadastr məlumatına əsasən texniki pasportun baş planında göstərilən ərazi daxilində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş JN-27914 saylı şəhadətnamənin baza məlumatı mövcuddur. Bundan əlavə texniki pasportla torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçülərində fərq mövcuddur. Onun torpaq sahəsinin daxilində digər şəxsə satmış olduğu məxsus hissəsinin özəlləşdirilməsini deyil, yerdə qalan faktiki sahənin özəlləşdirilməsi üçün müraciət etmiş və həmin şəxsə məxsus mülkə heç bir iddiası yoxdur və onun da, faktiki istifadəsində olan sahənin özəlləşdirilməsinə heç bir etirazı yoxdur. Həmçinin, cavabdeh texniki pasportla torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçülərində fərqin mövcud olmasına istinad etsə də, həmin “fərqin” ifadəsi altında nəzərdə tutduğu halı ifadə edə bilməmişdir. Cavabdehin ikinci əsası formal xarakter daşıyır və hər hansı hüquqi əsasa söykənmir, imtina əsaslı deyildir.

3. Məhkəmənin 2-1(112)-3310/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Sonuncu dəfə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1972-ci ildə tərtib edilmiş texniki pasporta əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 3543,8 kv.m olan torpaq sahəsindən 3-cü şəxs X3 məxsus 1200 kv.m torpaq sahəsi istisna olmaqla yerdə qalan 2343,8 kv.m torpaq sahəsinə və həmin arxiv texniki pasporta əsasən torpaq sahəsində faktiki mövcud olan tikililərə dair mülkiyyət hüququnun mərhum X15 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli və xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********68 saylı və xx.xx.2023-cü il tarixli, **********16 saylı xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən texniki pasportun baş planında göstərilən ərazi daxilində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin (X7) adına verilmiş JN-27914 saylı şəhadətnamənin baza məlumatı mövcuddur. Həmçinin, texniki pasportla torpaq sahəsinin konfiqurasiyası və perimetrik ölçülərində fərq mövcuddur. Məlumat üçün bildirilmişdir ki, müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, texniki pasporta əsasən A yaşayış evinə bitişik əlavə sahə tikilmişdir. Torpaq sahəsində əlavə 3 ədəd yaşayış evi mövcuddur və İ və İİ tikililəri sökülmüşdür. Torpaq sahəsi mişar daşla 3 hissəyə bölünmüşdür.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

10. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-26968/2023 **********68 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- Q-0621-8/203 **********16 nömrəli məktublarla imtina edilmişdir.

11. İş materiallarına X13 adına verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1972-ci ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”, iddiaçının X13 vərəsəsi olması barədə Bakı şəhəri 25 saylı Xüsusi Notariat Ofisinin notariusu tərəfindən verilmiş x/o 384/23 nömrəli, 20 iyun 2023-cü il tarixli məktub əlavə edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfifndən xx.xx.2023-cü il tarixli, 3- 21-3-30/2-45569/2023 **********9 nömrəi məktubla bildirilmişdir ki, JN-27914 saylı şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müştərək qaydada araşdırma aparılmışdır və bununla bağlı, Mərkəzin arxivində olan, habelə sözügedən torpaq sahəsinə dair və ünvan 2 ünvanında dair İdarənin arxivində saxlanılan sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 21-3-30/2-34715/2024 **********15 nömrəli məktubla bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılmışdır. Müayinə zamanı məlum olmuşdur ki, müraciətdə qeyd olunan ünvan 2 ünvanına dair tərtib edilmiş texniki pasportun baş planında göstərilən ərazi daxilində yerləşən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-27914 (0.12 ha) saylı şəhadətnamənin sahibi X4 istifadəsində olan torpaq sahəsi faktiki olaraq 0.1150 ha təşkil edir.

14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 09 aprel 2025-ci il tarixli, 3- 21-3-30/2-13435/2025 nömrəli məktubla bildirilmişdir ki, texniki pasportun baş planında göstərilən ərazi daxilində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-27914 saylı şəhadətnamənin baza məlumatı mövcuddur (X4 adına). Həmin torpaq sahəsi faktiki hasardaxili 1158.8 kv.m təşkil edir. Bundan əlavə yerdə qalan torpaq sahəsi iki hissədə 1205.0 kv.m və 1180. Kv.m olmaqla əlavə 1276 kv.m sahəsi istifadəsindədir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi üzərindəki tikililər iddiaçının vərəsəsi olduğu X15 məxsus olmuş, onun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1972-ci il tarixli texniki pasport tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi və üzərindəki tikililərə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən elektron kadastr məlumatlarına əsasən texniki pasportun baş planında göstərilən ərazinin daxilində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin (X7) adına verilmiş JN-27914 saylı şəhadətnamənin baza məlumatının mövcud olmasına, həmçinin, texniki pasportla torpaq sahəsinin konfiqurasiyası və perimetrik ölçülərində fərqin mövcud olmasına, müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı texniki pasporta əsasən A yaşayış evinə bitişik əlavə sahənin tikilməsinə, torpaq sahəsində əlavə 3 ədəd yaşayış evinin mövcud olmasına və İ və İİ tikililərin sökülməsinə, torpaq sahəsinin mişar daşla 3 hissəyə bölünməsinin müəyyən olunmasına istinad edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir.

22. Cavabdehin imtinasının əsaslarının hər tərəfli araşdırılması məqsədilə aidiyyəti qurumlara sorğular ünvanlanmış və əldə edilmiş sorğuya cavab məktubları, eləcə də, mütəxəssis rəylərinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1972-ci il tarixli texniki pasporta əsasən iddiaçınn mərhum atası X15 məxsus olmuş ünvan 2 ünvanda yerləşən 3543.8 kv.m torpaq sahəsinin 1200 kv.m hissəsi alqı-satqı qaydasında X1 və sonuncu tərəfindən sözügedən torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin mişar daşla 3 hissəyə bölünməsi isə həmin torpaq sahəsinin sözügedən alqısatqı müqaviləsinə əsasən başqasına satılması nəticəsində olmuşdur. Hazırda yerdə qalan torpaq sahəsi isə iki hissəyə bölünməklə üzərindəki tikililərlə birlikdə iddiaçının istifadəsindədir.

23. Göründüyü kimi, torpaq sahəsi və üzərindəki tikililər uzun illərdir iddiaçının və onun ailə üzvlərinin istifadəsindədir və məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarına əsasən torpaq sahəsinin digər fiziki şəxsə satılması, torpaq sahəsində konfiqurasiya və perimetrik ölçülərdə fərqin olması, tikililərin bəzilərinin sökülməsi, torpaq sahəsinin yerdə qalan hissəsində və üzərindəki tikililər üzərində iddiaçının mərhum atasına məxsus hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz.

24. Belə ki, iddiaçının tələbindən də, göründüyü kimi, iddiaçının digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsinə və eləcə də, artıq sökülmüş tikililərə dair hər hansı bir iddiası yoxdur.

25. Torpaq sahəsinin konfiqurasiyası və perimetrik ölçülərində fərqin olması isə ümumiyyətlə daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz. Çünki, həmin fərqlilik və uyğunsuzluğun aradan qaldırılması da, elə bir başa cavabdehin özünün vəzifəsidir.

26. Məhkəmə iddiaçının tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair - üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur.

27. Göründüyü kimi, iddiaçının vərəsəsi olduğu X2 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki tikililərə dair istər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsində nəzərdə tutulan, istərsə də, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi mövcud olmuşdur.

28. Beləliklə göründüyü kimi, mübahisəli topaq sahəsi və üzərindəki tikilər qanuni əsaslarla mərhum X13, sonradan isə onun vərəsəsi olan iddiaçının qanuni istifadəsində olmuşdur.

29. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının vərəsəsi olduğu mərhum X2 torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

31. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, mərhum X2 torpaq sahəsi və üzərindəki tikililərə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

34. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X13 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

35. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

36. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

37. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1972-ci ildə tərtib edilmiş texniki pasporta əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 3543,8 kv.m olan torpaq sahəsindən 3-cü şəxs X3 məxsus 1200 kv.m torpaq sahəsi istisna olmaqla yerdə qalan 2343,8 kv.m torpaq sahəsinə və həmin texniki pasporta əsasən torpaq sahəsində faktiki mövcud olan tikililərə dair mülkiyyət hüququnun mərhum X15 məxsus olmasına dair arayışın (çıxarışın) iddiaçı X14 verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar