Məhkəmə qərarları › İş №2-1(112)-4960/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4960/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4960/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 4 saylı evin, 414 saylı mənzili üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli, **********47 nömrəli məktubla bildirmişdir ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 27/1 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Əlavə olaraq, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 21 saylı evin, 414 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alındığı qeyd olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 414 saylı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 414 saylı mənzil uzun illərdir ki, onun istifadəsindədir. Ona Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 27/1 saylı Sərəncama müvafiq olaraq ünvan 1 ünvanında yerləşən, 24 kv.metr yaşayış sahəsi olan, 2 otaqlı 414 saylı mənzil onun və övladları olmaqla 3 nəfər ailə üzvləri ilə birlikdə yaşamaqları üçün daimi kirayəyə verilmişdir. Belə ki, sözü gedən sərəncama əsasən, onun adına kirayə müqaviləsi bağlanılmış və o, ünvan 1 ünvanında yerləşən 414 saylı mənzilin kirayəçisi hesab edilmişdir. Göründüyü kimi sözü gedən mənzil onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. O, uzun müddətdir ki, istifadəsində olan mənzilə dair onun mülkiyyət hüquqlarını təsdiq edən müvafiq sənədin alınması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin İdarə tərəfindən ona təqdim edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli, məktubla müraciətinə cavab olaraq tələbinin təmin edilməsindən imtina edilmişdir. Halbuki sözü gedən mənzilə dair kirayə müqaviləsi təqdim edilmişdir. Bundan savayı, mənzilə dair sxem də mövcuddur ki, həmin sxemin surəti cavabdeh orqana verilmişdir. Həmçinin, sözü gedən mənzildə yaşadığı ailə üzvləri-qızı X2 və oğlu X6 ünvan 1 ünvanında yerləşən 414 saylı mənzilin onun adına özəlləşdirilməsinə öz razılıqlarını da bildirmişlər. Cavabdehin onun müraciətindən əsassız imtina etməsi onun qanunla qorunan hüquqlarının kobud surətdə pozulmasına səbəb olur. Belə ki, o, istifadəsində olan sözü gedən mənzil üzərində sərəncam verə bilmir, mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir, Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin 27/1 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Həmçinin “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim edilməmişdir. Əlavə olaraq, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 21 saylı evin, 414 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alındığı qeyd olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - “Ulduz” X7 5 nömrəli, xx.xx.2004-cü il tarixli orderindən görünür ki, Cavanşir küçəsindəki 21A saylı evdə yerləşən 2 saylı ailəlilər üçün yataqxananın 4-cü mərtəbəsindəki binanın yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı 413-414 nömrəli mənzilində İddiaçı və onun 3 nəfərdən ibarət ailə üzvü yaşamaq hüququn malikdir. - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 27/1 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21A saylı evin, yaşayış sahəsi 24,0 kv.metr olan 2 otaqlı 414 saylı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, oğlu və qızı) İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1987-ci il tarixdən hazıradək, xx.xx.1996-cı il təvəllüdlü X4 isə xx.xx.2012-ci il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. - X3 və X1 xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, onlar qeydiyyatda olduqları ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarışın verilməsinə etiraz etmirlər. - 01.09.2023-cü il tarixli daşınmaz əmlakın müayinə aktından görünür ki, Cavanşir küçəsi, ev 21a, mənzil 414 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq müəyyənedici sənəd üzrə 2 otaqlı, yaşayış sahəsi 24.0 kv.m, faktiki olaraq 2 otaqlı, yaşayış sahəsi 24.0 kv.m, ümumi sahəsi 36.4 kv.m müəyyən olunmuşdur. İcazəsiz tikili yoxdur. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 703s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 543 saylı Sərəncamı ilə özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin balansında olan sosialmədəni və kommunal-məişət təyinatlı obyektlər, o cümlədən ləğv edilmiş Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin "Ulduz" İstehsalat Birliyinin balansında olan, ünvan 4 ünvanında yerləşən keçmiş yataqxana binası və orada yerləşən mənzillər, o cümlədən 414 saylı mənzil 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Qeyd edilən binanın 414 saylı mənzili xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növünə aid deyildir və İddiaçı mənzil uçotuna alınıbalınmaması barədə balans saxlayan təşkilatda heç bir məlumat yoxdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********58 nömrəli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, işin istinad edilən hallarından görünür ki, mübahisəli yaşayı sahəsi “Ulduz” X7 balansında olmuş, iddiaçı həmin müəssisədə işləyərkən ona verilmiş, daha sonra müəssisə özəlləşdirildiyindən onun balansında olan yataqxana Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, yeni balanssaxlayıcə 2022-ci ildə iddiaçı ilə kirayə müqaviləsi bağlamışdır. İddiaçı hazırda həmin mənzilin onun adına özəlləşdirilməsini xahiş edir, cavabdeh isə iddiaçının hüquqlarının xx.xx.2009-cu il tarixdən sonra yaranmasına istinad edərək müraciəti təmin etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - - 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. - Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. - -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. - -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. xx.xx.2009-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasından görünür ki, mənzilin özəlləşdirilməsi üçün mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir ki, iddiaçı müvafiq sərəncamı cavabdehə təqdim etmişdir. Cavabdeh həmin sərəncamın Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyinə istinad edərək imtina etsə də, mübahisəli mənzilin 2004-cü ildə iddiaçının istifadəsinə verildiyini, iddiaçının həmin tarixdən mübahisəli mənzildə yaşamaqla qeydiyyatda olduğunu, 2022-ci ildə isə yeni balanssaxlayıcı tərəfindən onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya mənzil ayrılarkən qüvvədə olan Mənzil Məcəlləsinin 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən idarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. Həmin Məcəllənin 33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda vətəndaşlar uçotdan çıxarılırlar. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Məhkəmə qeyd edir ki, “Ulduz” X5 xx.xx.2004-cü il tarixli 5 saylı orderinin etibarsız olması barədə işdə hər hansı bir sübut mövcud deyil. Həmçinin iddiaçının həmin tarixdən etibarən mübahisəli mənzildə qeydiyyatda olması işin mübahisələndirilməyən halıdır. Belə olan halda, mübahisəli mənzilə iddiaçının hüquqları 2004-cü ildə yarandığından, sonradan balanssaxlayıcının dəyişməsinə görə iddiaçının yeni balanssaxlayıcı ilə müqavilə bağlaması onun mövcud olan hüquqlarına təsir etmir. Çünki dövlət mülkiyyətində olan yataqxanalar yerli icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələrinin özəlləşdirilməsi üçün mənzil fondunun mülkiyyətçisi ilə yeni mənzil kirayə müqaviləsinin bağlanması qanunvericiliyin tələbi olmuşdur. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə hüququ xx.xx.2009-cu il tarixə qədər yarandığından cavabdehin müvafiq sərəncamın həmin tarixdən sonra qəbul edilməsi barədə əsasa istinad etməsi düzgün olmamışdır. Məhkəmə həmçinin vurğulayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Yəni 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilən müdafiə müəyyən hallarda əmlakın əldə ediləcəyi ilə bağlı qanuni gözləntiyə də şamil olunur. Bunun üçün qanuni gözlənti sadəcə ümiddən ibarət olmayaraq konkret xarakter daşımalı və qanunvericilik normasına və ya hüquqi akta, məsələn, məhkəmə qərarına əsaslanmalıdır, hansı ki, hazırda belə bir akt olmuşdur. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə hüququ xx.xx.2009-cu il tarixə qədər yarandığından cavabdehin müvafiq sərəncamın həmin tarixdən sonra qəbul edilməsi barədə əsasa istinad etməsi düzgün olmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21A saylı evin yaşayış sahəsi 24 kv.metr olan iki otaqlı 414 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar