Məhkəmə qərarları › İş №2-1(112)-4961/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4961/2021

21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4961/2021 21.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğvi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:

1. Mənzilə ciddi ehtiyacı olan aztəminatlı ailələr, həmçinin valideyn himayəsindən məhrum olmuş və uşaq evində yaşamış gənclərin sosial şəraitlərinin yaxşılaşdırılması məqsədilə X19 ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (bundan sonra -SOCAR) birgə layihə həyata keçirmiş, layihə çərçivəsində valideyn himayəsindən məhrum olmuş və uşaq evində yaşamış bir qrup gənc SOCAR-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində peşə təhsili alaraq SOCAR-ın idarə və müəssisələrində müvafiq işlə və X15 təşəbbüsü ilə 2013-cü ildə Nizami rayonu ərazisində tikilmiş yaşayış binasında yeni mənzillərlə təmin olunmuşlar.

2. Mənzillə təmin olunan həmin aztəminatlı ailələr və uşaq evində böyümüş gənclər pasport qeydiyyatına düşə bilmədikləri üçün yaşadıqları çətinliklər nəzərə alınaraq SOCAR tərəfindən 26.11.2015-ci il tarixdə Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) SOCAR/15-1000/29-05-000021 saylı müraciət ünvanlanmış və müraciətə mənzillə təmin olunan şəxslərin siyahısı əlavə olunmaqla həmin şəxslərlə sosial kirayə müqaviləsinin bağlanması və onların qeydiyyata alınma məsələsinə köməklik göstərilməsi xahiş olunmuşdur.

3. SOCAR tərəfindən Cavabdehə təqdim olunan 26.11.2015-ci il tarixli “Uşaq evində yaşamış və SOCAR-da peşə təhsili alaraq SOCAR-da işləyən və mənzillə təmin olunanların Siyahısı”nda 61 nəfərin adı qeyd olunmuş, X5 adı 23-cü sırada qeyd edilmiş, həmin Siyahıda İddiaçı (bundan sonra – İddiaçı) adı göstərilməmişdir.

4. Cavabdeh həmin müraciəti əsas götürülməklə 28 aprel 2016-cı il tarixdə “Aztəminatlı ailələr, həmçinin valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində yaşamış şəxslər üçün Nizami rayonu, ünvan 1 ünvanında tikilmiş yaşayış binasından ayrılmış mənzillərin kirayə müqaviləsinin onların adına bağlanılması haqqında” 50 nömrəli sərəncam vermiş, Siyahıda göstərilən 56 nəfərin (X9, X16, X4, X12 və X8 adı göstərilməmişdir) adına onlara ayrılmış mənzillərə dair kirayə müqaviləsinin bağlanması (mənzillərin özəlləşdirilməməsi şərti ilə) və həmin şəxslərin mənzillərin kirayəçisi hesab edilməsi müəyyən olunmuşdur.

5. Daha sonra isə Cavabdehin 26 aprel 2018-ci il tarixli 1-1/58 nömrəli sərəncamı ilə X2 rayonu, ünvan 1 ünvanı, blok A, mərtəbə 4, sahəsi 71,6 kv.metr olan 2 otaqlı 23 saylı mənzilin (bundan sonra - mübahisəli mənzil) kirayəçisi hesab edilmiş, həmin şəxslə sosial kirayə müqaviləsinin bağlanılması müəyyən edilmişdir.

6. 2020-ci ilin aprel, may, iyun aylarında İddiaçı Cavabdehə bir neçə müraciət ünvanlamış, ona məxsus mübahisəli mənzilin qanunsuz olaraq uşaq evinin məzunu olmayan şəxsə verilməsini bildirərək onun mənzillə təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh İddiaçının müraciətlərinə cavab olaraq yalnız SOCAR tərəfindən təqdim olunan Siyahıda göstərilən şəxslərlə sosial kirayə müqaviləsinin imzalandığını, Siyahıda olmayan hər hansı bir şəxslə müqavilə bağlanmadığını bildirmişdir.

8. Bundan sonra 11.03.2020-ci il tarixdə İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının 26.04.2018-ci il tarixli 1- 1/58 saylı sərəncamının əsassız olduğundan ləğv edilməsi və ünvan 2 ünvanında blok A, 4-cü mərtəbə 2 otaqlı 23 saylı mənzilin ona ehtiyacı olan şəxs kimi verilməsi və təyinat üzrə onun adına rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı 1994-cü il tarixdən 2007-ci il tarixədək Bakı şəhəri Xətai rayonu 3 saylı uşaq evində böyümüşdür. 2016-cı ildə SOCARa işə düzəlmiş və kimsəsiz olduğu üçün mənzil növbəsinə durmuşdur. Adı ciddi ehtiyacı olan aztəminatlı ailələr, həmçinin valideyn himayəsindən məhrum olmuş və uşaq evində yaşamış gənclərin sosial şəraitlərinin yaxşılaşdırılması məqsədilə Nizami rayonu ərazisində tikilmiş yaşayış binasında mənzil alacaq şəxslərin Siyahısında olmuşdur. Cavabdeh 50 nömrəli 28.04.2016-cı il tarixli Sərəncamı ilə 2016-cı ildə SOCAR tərəfindən təqdim olunmuş Siyahı üzrə 56 nəfərlə kirayə müqaviləsi bağlanmışdır. Göstərilən binada boş qalan mənzil sahələrinin olmasını və mənzil növbəsində olduğunu nəzərə alaraq ünvan 2 ünvanındakı 23 saylı mənzilin onun istifadəsinə verilməsi barədə SOCAR-a və Cavabdehə müraciət ünvanlamışdır. Cavabdeh orqanın müvafiq arayışında həmin mənzilin X7 verildiyi göstərilmişdir. Halbuki həmin şəxs uşaq evində böyüməmişdir. Bunu 1 saylı uşaq evinin direktorunun İddiaçının ərizəsinə “1996-cı il təvəllüdlü X6 adı Nizami rayon 1 nömrəli uşaq evinin siyahısında yoxdur” məzmununda verdiyi cavab məktubu təsdiq edir. Həmçinin Nizami rayon Mənzil-Kommunal İstismar Sahəsinin apardığı araşdırma nəticəsində X1 mənzildə yaşamadığı və evi başqa şəxslərə kirayə verdiyi müəyyən edilmişdir. Eyni zamanda mənzilin kommunal xidmətləri üzrə də heç kimin adı qeydiyyatdan keçməmişdir. Göstərilənlərə əsasən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

11. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi.

12. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.

13. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.

14. İddiaçının hazırkı iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri iləbağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 35.1-ci maddəsinə əsasən, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28.12.2015-ci il tarixli qərarı).

17. Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən edir ki, İddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia üçün müəyyən olunan xüsusi mümkünlük şərtlərinə əməl edilməmişdir.

18. Belə ki, birincisi, İddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

19. Məhkəmə qeyd edir ki, hazırkı qərardadın 1-6-cı bəndlərində sadalanan işin hallarından da aydın olur ki, mübahisəli mənzilin yerləşdiyi bina xüsusi olaraq aztəminatlı ailələr, valideyn himayəsindən məhrum olmuş və uşaq evində yaşamış, SOCAR-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində peşə təhsili alaraq SOCAR-ın idarə və müəssisələrində müvafiq işlə təmin olunan şəxslər üçün 2013-cü ildə inşa edilmiş, bina istismara verildikdən sonra SOCAR bu meyarlara cavab verən şəxsləri mənzillə təmin etmiş, həmin şəxslər mənzillə təmin olunduqdan sonra onlarla sosial kirayə müqaviləsinin bağlanması üçün SOCAR tərəfindən 26.11.2015-ci il tarixdə Siyahı tərtib olunaraq cavabdehə təqdim olunmuş, Cavabdeh isə SOCAR-ın təqdim etdiyi siyahı əsasında 28.04.2016-cı il tarixdə (davamı olaraq 26.04.2018-ci il tarixdə) siyahıda göstərilən şəxslərlə sosial kirayə müqaviləsinin bağlanması üçün Sərəncam vermişdir.

20. İddiaçı nə mübahisəli mənzilin inşa olunduğu 2013-cü il tarixdə, nə Siyahının tərtib edildiyi 2015-ci il tarixdə, nə də Cavabdehin 28.04.2016-cı il tarixli Sərəncamı qəbul olunarkən SOCAR-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində peşə təhsili almamış, SOCAR-ın hər hansı bir qurumunda işləməmişdir. İş materiallarında olan SOCAR tərəfindən məhkəmənin sorğusuna verilmiş 08.05.2021-ci il tarixli cavabdan görünür ki, İddiaçı 15.08.2016-cı il tarixli qərara əsasən SOCAR-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili mərkəzinə “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə qəbul edilmiş, 15.09.2016-cı il tarixdə tədrisə başlamış, 10.03.2017-ci il tarixdə tədrisin bitməsi ilə əlaqədar Kadr hazırlığının təşkili mərkəzinin şagirdlərinin siyahısından xaric edilmişdir.

21. SOCAR-ın 26.11.2015-ci il tarixli Siyahısında mənzillə təmin olunan 61 nəfər şəxsin adı göstərilmiş, bu şəxslər arasında İddiaçının adı olmamış, həmin şəxslərdən 56 nəfərlə sosial kirayə müqaviləsi bağlanmış, Siyahıda göstərilən 5 nəfər şəxs – X9, X16, X4, X12 və X13 isə Cavabdehin çağırışına gəlmədiyindən və zəruri sənədləri təqdim etmədiyindən (məhkəmə iclasında cavabdehin nümayəndəsinin izahatına əsasən) onlarla kirayə müqaviləsi bağlanmamışdır. Sonradan həmin şəxslər Cavabdehə müraciət etdikcə, onlar barəsində də Sərəncam verilməklə sosial kirayə müqaviləsi bağlanmışdır – 08.09.2016-cı il tarixli Sərəncamla Nizami rayonu, ünvan 1 ünvanı, blok A, mərtəbə 5, sahəsi 50,7 kv.metr olan 1 otaqlı 28 saylı mənzilə dair X16 ilə, 26.04.2018-ci il tarixli Sərəncamla mübahisəli mənzilə dair X9 ilə. Həmin Sərəncamların əsası 28.04.2016-cı il tarixli Sərəncamın əsası ilə eyni olmuşdur (SOCAR-ın 26.11.2015-ci il tarixli SOCAR/15-1000/29-05-000021 saylı məktubu və həmin məktuba əlavə olunmuş Siyahı)

22. İddiaçı eyni zamanda yaşayış sahəsinə ehtiyacı olan qismində Cavabdehndə mənzil növbəsinə dayanmamışdır.

23. Beləliklə, həm 28.04.2016-cı il tarixli Sərəncamın, həm də İddiaçının hazırda mübahisələndirdiyi 26.04.2018-ci il tarixli Sərəncamın qəbul edilməsi üçün əsas təşkil edən mübahisəli mənzilin yerləşdiyi binanın tikintisini həyata keçirən SOCAR-ın tərtib etdiyi 26.11.2015-ci il tarixli “Uşaq evində yaşamış və SOCAR-da peşə təhsili alaraq SOCAR-da işləyən və mənzillə təmin olunanların Siyahısı”nda İddiaçının adı olmadığından məhkəmə hesab edir ki, mənzillə təmin edilmiş və rəsmiləşdirilməsi üçün adı həmin Siyahıya daxil edilərək Cavabdehə təqdim edilən şəxs (E.Sarafrazi) barəsində verilən sərəncamı mübahisələndirmək üçün İddiaçının subyektiv hüququ mövcud deyil.

24. Məhkəmə onu da qeyd edir ki, təkcə SOCAR tərəfindən 26.11.2015-ci ildə tərtib edilmiş Siyahıda deyil, İddiaçının SOCAR-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində peşə təhsili aldığı dövrə təsadüf edən 23.12.2016-cı il tarixdə tərtib edilmiş və Cavabdehə ünvanlanan Siyahıda da İddiaçının adı mövcud olmamışdır.

25. İddiaçı 2017-ci ildə mənzillə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı SOCAR-a müraciət etmiş, SOCAR tərəfindən ona 22.08.2017-ci il tarixdə verilmiş cavab məkubunda göstərilmişdir ki, SOCAR-da peşə təhsili almış və SOCAR-da işlə təmin olunmuş uşaq evinin məzunlarından ilk növbədə ailəli olanlar müstəsna qaydada ailə tərkiblərinə uyğun olaraq yaşayış sahəsi ilə təmin edilmişdir.

26. Məhkəmə bir daha qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Hazırkı halda da İddiaçının müvafiq tələb irəli sürmək üçün subyektiv hüququ olmamış, İddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.

27. Bundan əlavə, iddiaçı hazırkı iddianı qaldırmaq müddətinə də əməl etməmişdir.

28. Belə ki, işdən görünür ki, İddiaçının hazırda mübahisələndirdiyi 26.04.2018-ci il tarixli Sərəncamdan ən geci 05.06.2020-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı tərəfindən çəkilmiş mübahisəli Sərəncamın fotoşəklində tarix olaraq 05.06.2020-ci il, saat olaraq 10:53 qeyd olunmuşdur.

29. Məhkəmə İPM-in 13-cü maddəsinə istinad edərək iddiaçıya 15.03.2021-ci il tarixli məktubla, habelə məhkəmə iclasında hüquqi yardım göstərmiş, prosessual müddətin ötürüldüyü, müddətin bərpası üçün ərizə təqdim edilməsinin zəruriliyini tərəfin diqqətinə çatdırılmış, lakin İddiaçı məsələ ilə bağlı ilk növbədə aidiyyəti qurumlara müraciət etdiyini bildirməklə müddəti ötürmədiyini göstərərək müddətin bərpası barədə ərizə təqdim etməkdən imtina etmişdir.

30. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

31. Göründüyü kimi, İddiaçının mübahisəli aktı ən geci 05.06.2020-ci il tarixdə aldığı qəbul edilsə, onun ləğvi barədə iddia ərizəsi ilə 11.03.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyindən qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürdüyü aydın olur.

32. Məhkəmə bu zaman onu da nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

33. İstinad olunan norma inzibati icraat çərçivəsində yuxarı inzibati orqana verilən inzibati şikayətlə bağlı müddəti tənzimləsə də, İPM-də hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmayan inzibati aktlara münasibətdə fərqli müddət (30 günlük müddətdən) müəyyən olunmadığından, analogiya əsasında bu müddəanı həmin inzibati aktları məhkəmədə mübahisələndirmə halına şamil etdikdə belə, İddiaçının həmin müddəti də ötürdüyü aydın olur.

34. İddiaçı qanunda nəzərdə tutulmuş bu müddətləri təqsiri olmadan buraxılması ilə bağlı hər hansı sübut, habelə müddətin bərpası barədə ərizə təqdim etməmişdir.

35. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21).

36. Beləliklə, hazırkı iddia xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) cavab vermir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar