Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4961/2023 11.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Sankt X4 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun “mühasibat uçotu və audit” peşəsi, iqtisadçı ixtisası üzrə 16 iyul 2001-ci il tarixdə 2506 qeydiyyat nömrəsi ilə “ДВС” seriyalı ******* nömrəli diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2001-ci ildə Rusiya Federasiyası Sankt X4 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun “mühasibat uçotu və audit” peşəsi üzrə bitirmiş və ona iqtisadçı ixtisası, 16 iyul 2001-ci il tarixdə 2506 qeydiyyat nömrəsi ilə “ДВС” seriyalı ******* nömrəli diplom verilmişdir. Həmin diplom 16 may 2014-cü il tarixdə təsdiq edilmiş, 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil olunmuşdur. Bundan başqa, Rusiya Federasiyası Sankt X4 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən ona verilmiş diplom əsasında Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasına daxil olmuş və həmin universitetin 21 fevral 2006-cı il tarixli qərarı ilə İqtisadiyyat və İdarəetmə istiqamətinin marketinq ixtisaslaşması üzrə magistr dərəcəsi verilmişdir. Həmçinin, 2-ci ali təhsil üzrə Azərbaycan Respublikasının Prezidenti yanında X2 daxil olmuş və 2012-ci ildə Dövlət attestasiya komissiyasının 20 iyun 2012-ci il tarixli qərarı ilə dövlət və bələdiyyə idarəetməsi ixtisası verilmişdir. Cavabdehin etirazı: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı xarici ali təhsil ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq İddiaçı Rusiya Federasiyası Sankt Peterburq “X5, İqtisadiyyat və Hüquq” İnstitutunun qeyri-qanuni fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı müraciət edən zaman ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında olmadığı məlum olmuşdur. Bu səbəbdən də həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyri-mümkün hesab edilmişdir. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə qeyd edilməlidir ki, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha sonra etiraza əlavə təqdim edərək, bildirmişdir ki, iddiaçının təhsil aldığı illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq əmrləri ilə bir sıra xarici ali təhsil müəssisələrin filiallarına müvafiq lisenziyaların verilməsi halları mövcud olsa da, Sankt X4 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun hər hansı bir filialına təhsil fəaliyyəti göstərməsi üçün xüsusi razılıq (lisenziya) verilməmişdir. İcraat zamanı məhkəmənin müvafiq sorğusu əsasında Elm və Təhsil Nazirliyindən alınmış və iş materiallarına əlavə olunmuş məktubdan müəyyən olunur ki, Sankt X4 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı İnstitutun rektorunun xx.xx.1999-cu il tarixli, 68/1 saylı əmri ilə yaradılaraq fəaliyyətə başlamışdır. Filial qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və akkreditasiyadan keçmədən fəaliyyət göstərdiyi üçün, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2393/5-497 saylı qətnaməsi ilə Sankt X4 Əlaqələr, İqtisadiyyat və Hüquq institutunun Bakı filialının fəaliyyəti dayandırılmışdır. Lakin iddiaçının icraat zamanı və məhkəməyə təqdim etdiyi diplom və diploma əlavədən, həmçinin özünün də bildirdiyinə əsasən 1996-2001-ci illərdə Bakı filialında təhsil aldığını göstərmişdir. Belə olan halda Sankt X4 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialının müvafiq əmr əsasında xx.xx.1999-cu ildən sonra yaradıldığını nəzərə alsaq, iddiaçının 1999-cu ildən qabaqkı dövri əhatə edən müddət ərzində təhsil proqramlarını necə və harada yerinə yetirməsi böyük sual doğurur və bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Rusiya Federasiyası Sankt X4 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş ““ДВС” seriyalı ******* nömrəli, 16 iyul 2001-ci il tarixli diplomunun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Dövlət Attestasya Komissiyasının 19 iyun 2001-ci il tarixli qərarı ilə İddiaçı “İqtisadçı” ixtisası verilmişdir. Diplom xx.xx.2014-cü ildə 153489 nömrə ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir; Rusiya Federasiyası Sankt X4 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş 2506 qeydiyyat nömrəli, 16 iyul 2001-ci il tarixli diploma əlavənin azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, əyani formada təhsilin normativi 5 il olsa da, İddiaçı daxil olmuşdur 2000-ci ildə, bitirmişdir 2001-ci ildə. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Sankt X4 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı İnstitutun rektorunun xx.xx.1999-cu il tarixli, 68/1 saylı əmri ilə yaradılaraq fəaliyyətə başlamışdır. Filial qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmamış və fəaliyyətinə Elm və Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmişdir. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2393/5-497 saylı qətnaməsi ilə Sankt X4 Əlaqələr, İqtisadiyyat və Hüquq institutunun Bakı filialının fəaliyyəti dayandırılmışdır. Tətbiq edilən hüquq: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: ... 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; ... 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. ... “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının: 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin: 8.27-8.28-ci bəndlərinə əsasən, nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın: 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”: 1.1. bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 1.5. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Qeyd olunmalıdır ki, qanunvericilik (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”) ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün mənfi rəyin olmasını mütləq sayır və həmin rəylərdən biri də “ekspert rəyi”dir. Mənfi rəyin verilməsi üçün əsaslara gəldikdə isə, hansı ki yuxarıda göstərilən Qaylararın 3.7-ci bəndində nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən olunur ki, iddiaçının təhsil aldığı Filial qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmamış və fəaliyyətinə Elm və Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmişdir. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2393/5-497 saylı qətnaməsi ilə Sankt X4 Əlaqələr, İqtisadiyyat və Hüquq institutunun Bakı filialının fəaliyyəti dayandırılmışdır. Bundan əlavə iddiaçının diplom əlavəsində əyani formada təhsilin normativi 5 il göstərilsə də, onun təhsil müəssisəsinə 2000-ci ildə daxil olması və 2001-ci ildə bitirməsi qeyd edilmişdir. Yəni diplom əlavəsinə əsasən iddiaçı əyani formada ixtisası üzrə cəmi 1 il təhsil almışdır. Bu müddət Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin dövlət standartlarına uyğun olmadığı nəticəsini yaradır. Lakin iddiaçı məhkmə icraatı zamanı diplom əlavəsində göstərilənlərin əksinə olaraq 1996-2001-ci illərdə Bakı filialında təhsil aldığını bildirmişdir. Belə olan halda isə, Sankt X4 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialının müvafiq əmr əsasında xx.xx.1999-cu ildən sonra yaradıldığını nəzərə alsaq, iddiaçının 1999-cu ildən qabaqkı dövri əhatə edən müddət ərzində təhsil proqramlarını necə və harada yerinə yetirməsi qeyri-müəyyəndir. İddiaçının diplomuna Apostille şəhadətnaməsinin əlavə olunması ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 595-İİQ nömrəli Qanunla qoşulduğu, xx.xx.1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın: 3-cü maddəsinə əsasən, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin «Apostille (Convention de la Haye du 5 octobre 1961)» adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə əsasən, şəhadətnamə sənədi imzalamış şəxsin və ya hər hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur. Göründüyü kimi, iddiaçının diplomuna Apostille şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4961/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4961/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver