Məhkəmə qərarları › İş №2-1(112)-4962/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4962/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4962/2025 06.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra - iddiaçılar) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən və 18 il müddətində faktiki istifadələrində olan (mərhumə X4 adına açıq saxlanmış 0,0625 hektar torpaq sahəsinin) və tərəflərindən abad və təmir edilmiş ev üzərində mülkiyyət hüququnun təmin edilməsi və cavabdeh tərəfindən rəsmiləşdirilmiş ******* seriyalı çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar uzun illərdi faktiki yaşadıqları və onlara məxsus olan, ünvan 2 ünvanında yerləşən (BAĞ-582) həyət evi Cavabdeh2 adlı şəxs tərəfindən Bilgəh Bələdiyyəsin havadarlığı və qanunsuzluqları ilə əllərindən alınaraq mənimsənilir. Belə ki, Bilgəh Bələdiyyəsi qanunsuz olaraq özəl mülkiyyətdə olan əmlaka qanunsuz olaraq vergi ödənişlərinə dair X3 adına tədiyə bildirişləri göndərir və sonrada Cavabdeh2 havadarlıq edərək əmlakı iddiaçıların əlindən almağa çalışır. Belə ki, qeyd olunan evi iddiaçı Səbinə X1 mərhumə nənəsi Rzayeva Raziyyədən iddiaçının həyat yoldaşına qalmışdır. Faktiki uzun illərdir ki, (təqribən 18-ildən artıq müddətdir ki,) X5 və övladları qeyd olunan mənzildə yaşayırlar. İddiaçı1 hal-hazırda da həmin mənzildə yaşayır. Qeyd olunan mənzilin həyətyani sahəsinin ümumi ölçüsü 26-sot olsada, lakin 20sot sahədə olan ölçüsü, X3 əmisi olan Cavabdeh2 adlı şəxs mənimsəyib satmışdır və faktiki yaşadıqları evin ərazisində qalmış 6-sot hissənidə satmağa çalışır. X2 uzun sürən ağır xəstəlikdən sonra xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Cavabdeh2 adlı şəxs qanunsuz olaraq, qeyd olunan evin komunal xətlərini (Qaz və Su) öz adına rəsmiləşdirmişdir. İddiaçının tələbi fiziki şəxsə yönəldiyindən, habelə ərizəsində tələbi aydın göstərilmədiyindən iş üzrə xx.xx.2025-ci il tarixə mümkünlük iclası təyin edilmiş, iddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçının iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Məhkəmə tərəfindən həmçinin iddiaçıya hüquqi yardım məktubu göndərilmiş, məktubda Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq tələbinin dəqiqləşdirilməsi, Cavabdeh2 cavabdehlər siyahısından çıxarılması təklif edilmiş, habelə iş üzrə 06 mart 2025-ci il tarixə saat 17:30-a təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddianın mümkünlük məsələsinə baxılacağı bildirilmişdir. Lakin iddiaçı həmin məhkəmə iclasında iştirak etməmiş və müvafiq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim etməmişdir. İş materiallarından görünür ki, həmin məktub iddiaçının ünvanına çatdırılmışdır. Həmçinin, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, məhkəmə iclasının tarixi və vaxtı barədə sms xəbərdarlıq iddiaçının mobil nömrəsinə çatdırılmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçıların və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, həmin fərdi ev mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçılar onun qardaşı oğlunun keçmir həyat yoldaşı və uşaqlarıdır. O, əvvəllər iddiaçılara icazə verib ki, gəlib həmin evdə yaşasınlar. İddiaçılar isə hazırkı iddianı qaldırıblar. Qeyd edilənlərə əsasən cavabdeh iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Öncə qeyd edilməlidir ki, iddiaçılar cavabdeh qismində inzibati orqanlar yanaşı fiziki şəxsi də göstərmiş, həmçinin öz tələblərini aydın şəkildə ifadə etməmişlər. Bu səbəbdən onlara hüquqi yardım məktubu göndərilərək idddia ərizəsində qeyd edilən məsələlərin aradan qaldırılması təklif edilmişdir. Lakin, iddiaçılar məhkəmə iclasında iştirak etməmiş və qeyd olunan çatışmazlıqları aradan qaldırmamışlar. Yuxarıda qeyd edilən Plenum Qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir (3.2). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4). Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququ dedikdə hər kəsin özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə etmək hüququ nəzərdə tutulur. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, iddiaçılar ünvan 1nin onların sahibliyində və istifadəsində olduğunu əsas gətirərək, həmin evə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsini və ev üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş edirlər. Qeyd edilməlidir ki, həmin tələblər bir iddia ərizəsində birləşdirilə bilməz. Belə ki, iddiaçılar (buna subyektiv hüquqlarının olduğu təqdirdə) öncə həmin evə dair mülkiyyət hüququna dair reyestr qeydini mübahisələndirməli, həmin iddia təmin edildikdən sonra isə evə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edə bilərdilər. Digər şəxsin mülkiyyətində olan fərdi yaşayış evi üzərində iddiaçıların öz mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmələri yolverilməzdir. Eyni zamanda iddiaçılar Cavabdeh2 adına reyestr qeydini mübahisələndirərkən yalnız fərdi evdə uzun müddət yaşamalarına əsaslanmışlar. Qeyd edilən hal isə onların fərdi evə dair aparılmış reyestr qeydini mübahisələndirməyə əsas vermir. Belə ki, iddiaçıların həmin evdə yaşamaları, onlara həmin evlə bağlı hər hansı fövqəladə hüquq vermir. Yəni iddiaçıların həmin evə dair aparılmış reyestr qeydini mübahisələndirmək üçün subyektiv hüquqları yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın ləğv edilməsi” barədə iddiaları mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar