Məhkəmə qərarları › İş №2-1(112)-4963/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4963/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4963/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, iddiaçının nümayəndəsi, vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinə qarşı “inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə iddia tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsi məsələsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinə qarşı “inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şəhram Şəmmədlinin icraatında 2(008)-262/2020 saylı icra sənədi vardır. Həmin icra sənədinə görə İddiaçı tələbkar X1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, qılman Salahov küçəsi, döngə 2,5 saylı mənzildən çıxarılmalıdır. İddiaçının faktiki istifadəsində 23 və 27 kv.m-dən ibarət iki otaq vardır. Sabunçu rayon məhkəməsinin 05.03.2020-ci il tarixli 2(008)-262/2020 saylı qətnaməsində qeyd edilmişdir ki, X2 istifadə etdiyi otaqlardan sahəsi 23 kv.m olan otaq ilə RX seriyalı,1390946 saylı çıxarışa əsasən X1 mükiyyətində olan daşınmaz əmlak və torpaq sahəsi ilə üst- üstə düşür. Digər 27 kv.m. –lik otaq X1 mülkiyyət hüququ ilə əhatə olunmadığından məhkəmə həmin otaqla bağlı qərar qəbul etməmişdir. Məhkəmə aktlarında tam və aydın qeyd edilmiş işin bu hallarına baxmayaraq, sbunçu rayon İcra şöbəsinin icra mmuru Şəhram Şəmmədli tələbkar X3 ilə qanunsuz əlaqəyə girərək hər iki otaqdan çıxmağı tələb edir. İcra məmurunun bu hərəkətləri qanunsuzdur. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi iddia tələbi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-262/2020 saylı, 05.03.2020-ci il tarixli qətnaməsinin icra edilməsinə dair cavabdeh Sabunçu rayon İcra və probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və bu hərəkətlərin edilməsi cavabdehə qadağan edilməsi barədə qərar çıxarılması tələbindən ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədi üzrə icraatı zamanı məcburi hərəkəti etmədikdə və ya qanuna zidd hərəkətləri etdikdə, həmin hərəkətləri məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır, bu halda icra vərəqi Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün həmin hərəkətlərlə (hərəkətsizliklə)bağlı məsələyə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə (Sabunçu Rayon Məhkəməsi) tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarında icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilməsi hüququ təsbit edilmişdir ki, bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Odur ki, icra sənədinin (məhkəmə qərarının) icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və həmin məsələyə mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə (Sabunçu rayon Məhkəməsi) tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sabunçu rayon İcra və probasiya Şöbəsinə qarşı “inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə iddia tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sabunçu rayon İcra və probasiya Şöbəsinə qarşı “inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə iddia tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar