Məhkəmə qərarları › İş №2-1(112)-4964/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4964/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4964/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaç İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X4 Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən İddiaçı adına çıxarışın verilməsi öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, mənzil 5, mənzil 4, mənzil 6 və mənzil 2 1/2 olmaqla çıxarışlara əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzillər sökülərək üstündə qeyri-yaşayış binası tikilmişdir. Qeyri-yaşayış binası tikilməmişdən əvvəl layihəsi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılaraq, təsdiq edilmişdir. Qeyri- yaşayış sahəsinə çıxarışın alınması üçün ərizə ilə cavabdehə müvafiq sənədlərlə müraciət etmişdir. Lakin, ona imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən tikiliyə keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən mənzillər sökülmüş, yerində 4 mərtəbəli, zirzəmili, mansardlı qeyri-yaşayış binası inşa edilmişdir. Təqdim edilən qeyri-yaşayış binasına dair eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Belə ki, eskiz layihədə mansard və zirzəmi mərtəbəsi öz əksini tapmamışdır, açıq eyvanlar bağlanaraq faydalı sahəyə çevrilmişdir. Layihəyə əsasən qeyri-yaşayış binasının ümumi sahənin 843 kv.m olduğu göstərilsə də, faktiki 1243.60 kv.m təşkil edir. İdarədə mövcud olan məlumatlara əsasən ünvan 2 ünvanında yerləşən yaşayış binasında mövcud olmuş 6 mənzildən 2 (paylı olmaqla), 4,5,6 saylı mənzillərin ərizəçiyə məxsus olduğu aşkar edilsə də, digər mənzillər haqqında məlumat aşkar edilməmişdir. ünvan 2 ünvanında yerləşən 2,4,5,6 saylı mənzillərin sökülməsi ilə əlaqədar hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizələri təqdim edilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər tam təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********35 saylı xx.xx.2021 -ci il tarixli məktub ünvanlanmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə xx.xx.2021-ci il tarixli məktubu. - ünvan 3 ünvanda yerləşən 2 nömrəli mənzilin X6 və X2 paylı mülkiyyətində olmasına dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surəti. - ünvan 3 ünvanda yerləşən 4 nömrəli mənzilin X6 mülkiyyətində olmasına dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surəti. - ünvan 3 ünvanda yerləşən 5 nömrəli mənzilin X6 mülkiyyətində olmasına dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surəti. - ünvan 3 ünvanda yerləşən 6 nömrəli mənzilin X6 mülkiyyətində olmasına dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surəti. - Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə ünvan 3 ünvana dair təqdim edilmiş arxiv qovluğunda olan sənədlərin təsdiq edilmiş surəti. - Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları ərazisində daşınmaz əmlakın layihəsinin surəti. - mənzillərin sökülərək, yerində ofis binasının tikintisinə etirazın olunmaması və təqdim olunmuş memarlıq-planlaşdırmasının həllinin razılaşdırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli məktubu. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2009-cu il tarixli Rəyi. - ünvan 3 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi 375.3 kv.m torpaq sahəsinin istifadəyə verilməsinə dair “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 1754 nömrəli xx.xx.2022-ci il tarixli Müqavilə.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslıdır. İddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənədin (torpaq sahəsinin istifadəyə verilməsi barədə müvafiq Müqavilənin) və istismara icazə sənədinin (Tikinti obyektinin istismarına İcazənin) mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə tikintiyə icazə sərəncamı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, müvafiq Qanunda tikintiyə icazə sərəncamı yox, qərarın qəbul edilməsi tələbi nəzərdə tutulmuşdur ki, həmin qərarın forma və məzmunu həmin vaxt qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmadığından, yuxarıda qeyd edilən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2008-ci il tarixli məktubu (obyektin inşa edilməsinə icazə verilməsi ilə bağlı məktubunda yerli icra hakimiyyəti tərəfindən "xxxx" MMC-nin təqdim etdiyi eskiz layihəsinə baxıldığı və etiraz edilmədiyi qeyd edilmişdir) tikintiyə icazə verilməsinə dair iradə ifadəsi inzibati akt kimi qəbul edilməlidir. Belə ki, məhkəmədə (yuxarı instansiya məhkəmələrində) digər işlərlə bağlı formalaşmış hüquqi mövqeyə əsasən qüvvədə olan qanunvericilikdə hər hansı məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilməli olan inzibati akt qəbul edilmədikdə və həmin inzibati orqanın qeyd edilən məsələ ilə bağlı öz iradə ifadəsini məktubda göstərdiyi hallarda həmin məktub inzibati akt kimi qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsinin inşa edilməsinə müvafiq icra hakimiyyəti orqanının icazəsinin olması, həmin tikilinin layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması, həmçinin qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunda və iddiaya dair yazılı etirazında göstərdiyi digər dəlillərlə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən İddiaçı ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinə mülkiyyət hüquqları əldə etmişdir və onun müvafiq qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Belə olan halda, məhkəmə cavabdehin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar