Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4966/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yeni məlumat vərəqəsinin təqdim edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla 02.03.2000-ci il tarixdən ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün 2017-ci ilin mart ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətdən ehtiyata buraxılarkən tutduğu vəzifəyə (“AR Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi”) görə aldığı aylıq pul təminatının növlərini əks etdirən məlumat vərəqinin AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 02.03.2000-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmətdən ehtiyata buraxılmış və həmin tarixdən ona xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. O, 13.11.2013-cü il tarixdə yenidən hərbi xidmətə çağırılaraq, “AR Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi” vəzifəsinə təyin edilmiş və Azərbaycan Respublikası Prezidentinin 27.03.2017-ci il tarixli müvafiq sərəncamına əsasən AR Müdafiə Nazirinin 28.03.2017-ci il tarixli, 0213 №-li əmri ilə həmin vəzifədən də ehtiyata buraxılmışdır. Lakin ehtiyata buraxılarkən ona 02.03.2000-ci il tarixdən təyin edilmiş pensiyanın yenidən hesablanması üçün 2017-ci ilin mart ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətdən ehtiyata buraxılarkən tutduğu vəzifəyə (“AR Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi”) görə aldığı aylıq pul təminatının növlərini əks etdirən məlumat vərəqi AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməmişdir. 2017-ci ilin mart ayında AR Müdafiə Nazirliyində hərbi xidmətdən ehtiyata buraxılarkən tutduğu “AR Müdafiə Nazirlinin Kəşfiyyat Baş idarəsinin rəisi" vəzifəsində aldığı aylıq pul təminatının növlərini əks etdirən məlumat vərəqinin AR Maliyyə və Büdcə İdarəsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi xahişi ilə o, 16.11.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə 03.12.2021-ci il tarixli, 8/1260 №-li məktubla imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun xidmət illəri kifayət qədər, yəni 20 təqvim ili təşkil etmədiyi üçün o, hərbi qulluqçu kimi Müdafiə Nazirliyi xətti ilə yaşa (xidmət illərinə) görə əmək pensiyası hüququna malik deyildir. İmtinanı əsassız və qanunsuz hesab edir. Belə ki, o, hazırda yaşa görə (xidmət illərinə görə) AR Dövlət Təhlükəsizliyi Xidmətinin xətti ilə əmək pensiyası alır və pensiya almağı nümayəndəsi vasitəsi ilə cavabdehə ünvanladığı 16.11.2021-ci il tarixli ərizəsində göstərmişdi. Lakin cavabdeh göstərilənləri nəzərə almadan ona imtina cavabı vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 21.01.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxs DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair etirazını təqdim edərək, göstərmişdir ki, iddiaçı eytiyatda olan general-mayor İddiaçı 27.07.1985-ci il tarixdən 31.07.1987-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, 30.03.1992-ci il tarixdən 01,03.2000-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində və Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə-Hərbi Əks-kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. O zaman, mövcud qanunvericiliyə görə, yəni “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə müvafiq olaraq sonuncu xidmət yeri üzrə İddiaçı xidmət illərinə görə pensiya təyin edilmişdir. Belə ki, 13 sentyabr 2004-cü il tarixədək həmin Qanunun 12-ci maddəsinin “a” bəndinin müddəalarına görə xidmətdən buraxılanadək ümumi xidmət illəri (güzəştli şərtlərlə sayılan xidmət müddətləri daxil olmaqla) 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququ olmuşdur. Daha sonra, İddiaçı yenidən hərbi xidmətə çağırılaraq, 12.11.2013-cü il tarixdən 28.03.2017-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdə olmuşdur. Ona, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiya təyin olunması tələb olunan məlumat vərəqinin göndərilməsinə Nazirlik tərəfindən imtina edilmişdir. Belə ki, 13 sentyabr 2004-cü il tarixdən qüvvəyə minmiş ““Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Azərbaycan Respublikası Qanununa və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 sentyabr tarixli 122 nömrəli Fərmanına əsasən 1 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə müvafiq olaraq xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Bu maddənin müddəaları 1 yanvar 2007-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsində öz əksini tapmışdır. İddiaçı (20 təqvim ili müddəası qüvvədə olduğu dövrdə) sonuncu xidmət yeri olan Müdafiə Nazirliyindəki 12.11.2013-cü il tarixdən 28.03.2017-ci il tarixədək xidmət müddətini də nəzərə almaqla, o, ümumilikdə təqvim hesabı ilə 13 il 03 ay 21 gün həqiqi hərbi xidmətdə olmuşdur. Halhazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə müvafiq olaraq İddiaçı xidmət illəri 20 təqvim ili təşkil etmədiyinə görə, Nazirlik hesab edir ki, o, Müdafiə Nazirliyi xətti ilə sonuncu xidmət müddəti də nəzərə alınmaqla yaşa görə əmək pensiyası hüququna malik deyil. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 nömrəli 27 avqust 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"na əsasən iddiaçı barəsində "Məlumat vərəqi"nin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini qanuna müvafiq hesab etmirlər. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki iddiaçının iddiа tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AA0025427 №li şəxsiyyət vəsiqəsinin və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nizami rayonunda qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 25.02.2022-ci il tarixli **********2 saylı məktubla məhkəməyə təqdim olunmuş iddiaçıya aid pensiya işinin surətindən görünür ki; - 1962-ci il təvəlüdlü İddiaçı 2000-ci ildən yaşa görə pensiya təyin olunmuşdur. - Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 14.02.2007-ci il tarixdə verilmiş 002996 №-li “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi”ndən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 01.03.2000-ci ildə təxris olunmuş və təxris olunduğu müddətdə güzəştli xidmət illəri 14 il 10 ay 24 gün, təqvimi xidmət illəri 12 il 04 ay 24 gün, cəmi iş stajı 27 il təşkil etmişdir. Pensiya hesablanması üçün pul təminatı 888,75 manat, pensiyanın ümumi məbləği 647.11 manat hesablanmışdır. DSMF Hərbi qulluqçular və Xüsusi rütbəli Şəxslərlə iş Departamentinin Pensiyanın yenidən hesablanması barədə 000446 №li 31.03.2011-ci il tarixli qərarından görünür ki, İddiaçı təminat xərcliyi 1.149,40 manat olmaqla 01.09.2010-cu ildən ona ömürlük 827,07 manat pensiya təyin olunmuş, 31.03.2017-ci il tarixli qərarla isə 13.01.2016-cı ildən ömürlük 945,15 manat pensiya təy olunmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə idarəsinin sosial təminat və pensiya şöbəsi tərəfindən tərtib olunmuş Hərbi Qulluqçuların Xidmət illərinin hesablanması barədə çıxarışdan müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü general-mayor İddiaçı təqvim üzrə hərbi xidmət dövrü 13 il 03 ay 21 gün; mülki təhsil müəssisələrində təhsil müddəti 02 il 06 ay 00 gün; ümumi xidmət illəri 20 il 10 ay 22 gün,. bütöv xidmət illəri 20 il qeyd olunmuşdur. İddiaçı hazırki tələblə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, onun müraciətinə 03.12.2021-ci il tarixli 8/1260 saylı məktubla cavab olaraq bildirilmişdir ki, ehtiyatda olan general-mayor İddiaçı şəxsi (pensiya) işinə baxış zamanı məlum olmuşdur ki, İddiaçı hərbi xidmət illəri: təqvimlə - 13 il 03 ay 21 gün, ali təhsil dövrünün xidmət illərinə əlavə edilən müddət - 02 il 04 ay 0 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 05 il 01 ay 01 gün, ümumi xidmət illəri isə 20 il 10 ay 22 gün təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, general-mayor İddiaçı xidmət illəri kifayət qədər, yəni 20 təqvim ili təşkil etmədiyi üçün, o, hərbi qulluqçu kimi Müdafiə Nazirliyi xətti ilə yaşa (xidmət illərinə) görə əmək pensiyası hüququna malik deyildir. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin anlayışı müəyyən edilərək göstərilir ki, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.4-cü bəndində göstərilir ki, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinə pensiya təyin edilərkən iş stajı onların xidmət müddətinə dair məlumat vərəqi əsasında PAS-a daxil edilir. Həmin Qaydaların 2.4-cü bəndində deyilir ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə və ya onların ailə başçısnı itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə əmək pensiyası təyin edilməsi barədə İdarəyə müraciət olunur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur. "Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 3-cü bəndinə görə, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Bu Qaydalara əlavədə təminat xərcliyinə dair sənədin forma və məzmunu müəyyən olunmuşdur və həmin sənəd “məlumat vərəqi” adlandırılmışdır. Bu normalar o nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya məlumat vərəqini onun işlədiyi orqan verməlidir və verilmiş tələb üzrə cavabdehliyi məhz Müdafiə Nazirliyi daşıyır. İddiaçıya yeni məlumat vərəqinin verilməsindən imtinanı doğuran səbəb - iddiaçının xidmət illərinin kifayət qədər, yəni 20 təqvim ili təşkil etməməsidir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Azərbaycan Respublikası Qanununa və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 13 sentyabr tarixli 122 nömrəli Fərmanına əsasən 1 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə müvafiq olaraq xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Bu maddənin müddəaları 1 yanvar 2007-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsində öz əksini tapmışdır. İddiaçı (20 təqvim ili müddəası qüvvədə olduğu dövrdə) sonuncu xidmət yeri olan Müdafiə Nazirliyindəki 12.11.2013-cü il tarixdən 28.03.2017-ci il tarixədək xidmət müddətini də nəzərə almaqla, o, ümumilikdə təqvim hesabı ilə 13 il 03 ay 21 gün həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara- Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti- orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.02.2022-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin məzmununa əsasən, əmək pensiyası təyin edilmiş hərbi qulluqçu hərbi xidmətini davam etdirdiyi təqdirdə onun əmək pensiyası yenidən son təminat xərcliyi nəzərə alınmaqla hesablanmayacaq. Bu isə ondan irəli gəlir ki, pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçunun əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən son təminat xərcliyinə görə hesablanması, təminat xərcliyinin əvvəlkindən aşağı olduğu halda pensiyaçının pensiya məbləğinin azalmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 9-cu hissəsinə də əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Dövlət Sosial Müdafiə Fonduna ona dair yenilənmiş məlumat vərəqi göndərilmir. Lakin pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların təminat xərcliyindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ümumi qaydaya uyğun olaraq davam etdirildiyindən, qanunverici həmin şəxslərin əmək pensiyasının yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına əsasən yenidən hesablanmalı olduğunu müəyyən etmişdir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4966/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4966/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver