Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4967/2022 29.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası müəllimdir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşunas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması” haqqında 02 dekabr 2021-ci il tarixli, **********3 nömrəli qərarın ləğv edilməsi və 2021-ci il oktyabr ayından 806 manat pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdeh tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması” haqqında 02 dekabr 2021-ci il tarixli, **********3 nömrəli qərarın ləğv edilməsi və 2021-ci il oktyabr ayından 806 manat pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 01 iyun 2006-cı il tarixdən yaşa görə əmək pensiyası 531 manat məbləğində hesablanmaqla yaşa görə əmək pensiyası təyin olunmuşdur. 2017-ci ildən sonra pensiya məbləği artırılmış, 806 manat olmuşdur. Sonradan isə cavabdeh orqan iddiaçının yaşa görə əmək pensiyasını 702 manat məbləğində hesablamışdır. İddiaçı məsələnin aydınlaşdırılması məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh orqan Bakı şəhəri 3 saylı “DOST” mərkəzinə müraciət etməsini bildirmişdir. İddiaçının 3 saylı “DOST” mərkəzinə müraciəti nəticəsində onun sənədləri tələb edilərək cavabdeh orqana göndərilmişdir. Cavabdeh bir sıra səbəblər göstərməklə bildirmişdir ki, o, 2017-ci ildən işdən çıxmış və 2018-ci ildə işə düzəlmişdir. Lakin o, işdən çıxmamışdır və hazırda da işləyir. Sənədlərin 11.11.2021-ci ildən cavabdehə təqdim edilməsinə baxmayaraq, nəticə olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya etirazını təqdim edərək göstərmişdir ki, hesablanma zamanı məlum olmuşdur ki, iddiaçının ilkin təyinat zamanı sosial sığorta stajı düzgün hesablanmamış və nəticədə artıq ödəmə aşkar edilmişdir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən 01.06.2005-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 saylı Fərmanı əsasında 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi tətbiq edilməklə vətəndaşın əmək pensiyasının ödənişi davam etdirilmişdir. Qanunun 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş 37.3.1-ci maddəsinə uyğun olaraq pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxlər pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 saatdan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanılır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alnmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı əmək pensiyasının 6 illiyə görə yenidən hesablanma hüququ 01.10.2017-ci il tarixdə yarandığından 01.01.2006-01.10.2017-ci illər üzrə 21.236,40 manat pensiya kapitalına əsasən yenidən hesablanmalı olduğu halda 01.01.2006-01.01.2018-ci illər üzrə 23.876,14 manat pensiya kapitalına əsasən yenidən hesablanmışdır. Nəticədə 01.10.2017-ci il tarixindən 30.09.2021-ci il tarixinədək 1064,82 manat məbləğində artıq ödəmə yaranmışdır. **********3 nömrəli qərar ilə 01.01.2006-01.10.2017-ci illər üzrə vətəndaşın fərdi hesabında qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi 294,95 manat hesablanmışdır. İddiaçıya 01.06.2005-ci il taixdən təyin olunan əmək pensiyasının 01.10.2017-ci il tarixinə məbləği 146,74 manat təşkil edir. 01.10.2017- 146,74+294,95+110(baza hissə)=551,69 manat, 01.01.2018-551,69+5,7%=583,13 manat, 01.01.2019-583,13+3%=600,63 manat, 01.01.2020-600,63+16,6%=700,33 manat, 01.01.2021- 700,33+11%4=780,15 manat hesablanmışdır. İddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasınını məbləği Mərkəzi Filialın 02.12.2021-ci il tarixli **********3 saylı qərarına əsasən 780,15 manat müəyyən olunmuşdur. Onun əmək pensiyasının məbləği 01.01.2022-ci il tarixindən indeksləşdirilərək 806,67 manata çatdırılmışdır. Bu barədə iddiaçıya məlumat verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.–ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı 1939-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 02 dekabr 2021-ci il tarixli, **********3 nömrəli “artıq ödənilmiş əmək pensiya məbləğinin tutulması haqqında” qərarına əsasən, İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği dəyişdirilərək 780,15 manat müəyyən edilmiş, 01.10.2017-ci il tarixindən 30.09.2021-ci il tarixinədək artıq ödənilmiş 1064,82 manat bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvaladığı 22 yanvar 2022-ci il tarixli, **********2 nömrəli artıq ödənilmiş pensiya məbləğinin tutulması haqqında məktubuna əsasən, iddiaçının 3 saylı “DOST” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılmışdır. İddiaçının müraciətinin araşdırılması zamanı onun pensiyasının 01.11.2017-ci il tarixində Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulmuş müddət (6 il və daha çox) ərzində fərdi hesabda qeydə alınmış pensiya kapitalına əsasən yenidən hesablanması zamanı pensiya kapitalının düzgün müəyyən edilməməsi nəticəsində əmək pensiyasının artıq ödənildiyi aşkarlanmışdır. Belə ki, pensiya kapitalı 01.10.2017-ci il tarixinədək nəzərə alınmalı olduğu halda, 01.01.2018-ci il tarixinədək nəzərə alınmışdır. Nəticədə 01.10.2017-ci il tarixindən 30.09.2021-ci il tarixinədək 1064,82 manat məbləğində artıq ödəmə aşkarlanmışdır. 02.12.2021-ci il tarixli **********3 nömrəli qərara əsasən artıq ödənilmiş 1064,82 manat məbləğ bölünərək aylıq əmək pensiyasından tutularaq X2 hesabına bərpa olunacaqdır. Əmək kitabçasının surətinə əsasən, İddiaçı 01.12.1957-ci il tarixdə əmək fəaliyyətinə başlamış, 02.02.1998-ci il tarixdən hal-hazıradək N.Tusi adına ADPU-da ümumi coğrafiya kafedrasında dosent vəzifəsində işləyir. İddiaçı əlavə sübut qismində məhkəməyə bank hesabından çıxarışını təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən, cavabdeh orqan tərəfindən İddiaçı pensiya işinə dair sənədlərin təsdiq olunmuş surətləri təqdim edilmişdir, o cümlədən cavabdehin 02.12.2021-ci il tarixli **********3 nömrəli “artıq ödənilmiş əmək pensiya məbləğinin tutulması haqqında” qərarı, 22.01.2022-ci il tarixli, **********2 nömrəli artıq ödənilmiş pensiya məbləğinin tutulması haqqında məktubu, pensiyanın hesablanma qaydası haqqında çıxarış, iddiaçının cavabdehə ünvanladığı elektron müraciət vərəqəsi və 3 saylı “DOST” Mərkəzinə ünvanladığı ərizə, iddiaçının adına olan onun vəzifəsi, əmək haqqı və digər bu kimi məlumatları özində əks etdriən sosial arayış, onun əmək kitabçası, pensiya kapitalında artıq məbləğin hesablanma qaydası, iddiaçının 01.01.2006-01.01.2018-ci illər üzrə 11 il, 9 ay sosial sığorta stajı, aylıq ödənilən məbləğ (806,69 manat) ilə aylıq ödənilməli məbləğ (780,04 manat) arasında 26,65 manat fərqini özündə əks etdirən sənəd, fərdi hesabın sığorta hissəsində 23.876,14 manat pensiya kapitalı olmasına dair Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin 07.03.2018-ci il tarixli arayışı, məcburi dövlət sosial sığorta haqqı üzrə iddiaçı haqqında məlumatın təsdiq olunmuş surətləri təqdim olunmuşdur. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə uyğun olaraq 60 yaşına çatmış və azı 25 il iş stajı olan kişilərin yaşa görə əmək pensiyası almaq hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Əmək pensiyaları haqqında qanunvericilikdə cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş yaşa görə əmək pensiyasının cavabdeh inzibati orqanın özü tərəfindən dayandırılması kimi norma nəzərdə tutulmamışdır. İşin faktiki hallarına əsasən iddiaçıya 01.06.2005-ci il tarixdən, yəni 66 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqanın təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının 01.10.2017-ci il tarixdən cavabdeh tərəfindən pensiyası artırılaraq 806,69 manat təyin olunmuşdur. İddiaçı 2021-ci ilin oktyabr ayınadək pensiyanın təyin olunduğu miqdarda əmək pensiyasını almağa davam etmişdir. Cavabdeh orqan iddiaçının 2017-2018-ci illər arasında fasilə verdiyinə görə pensiya kapitalı 01.10.2017-ci il tarixinədək nəzərə alınmalı olduğu halda 01.01.2018-ci il tarixinədək nəzərə alınmasının yanlış olduğunu qeyd edərək, cavabdeh 01.10.2017-ci il tarixindən 30.09.2021-ci il tarixinədək 1064,82 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin tutulması və əmək pensiyasının 780,15 manat müəyyən olunması barədə 02 dekabr 2021-ci il tarixli qərar qəbul etmişdir. Halbuki, iddiaçının əmək kitabçasından göründüyü kimi onun həmin dövrlərdə işdən çıxma halı mövcud deyildir. “Əmək pensyaları haqqında” Qanunun 39.1–ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2. –ci maddəsinə əsasən, bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən, bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Həmin Qanunun 39.4-cü maddəsinə əsasən, borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya pensiyanın indeksləşdirilmiş miqdarda ödənilməsinin dayandırılması ilə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunları pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Qanunvericiliyə görə artıq ödənilmiş pensiyanın tutulması şəxsin razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında və razılığı olmadıqda məhkəmə qaydasında mümkündür. Bu halların heç biri mövcud deyil. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanununun 37.3.1-ci maddəsinə əsasən 01 oktyabr 2017-ci ildən yaşa görə əmək pensiyası məbləği artırılaraq 806,69 manat təyin edilmiş, lakin 02 dekabr 2021-ci il tarixli, **********3 nömrəli qərar ilə pensiya məbləği azaldılmış, ondan artıq ödənilmiş pul vəsaitinin bölünərək aylıq əmək pensiyasından tutulması tələb olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsində göstərilmişdir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi (artırılması) barədə qərarın ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.(64.3). “İnzibati icraat haqqında” Qanunun 21-ci (inzibati icraatda maraqlı şəxsin iştirakı ) maddəsinə əsasən, (21.1) qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda;21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda;21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən, inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) tərəfindən İddiaçı münasibətdə artıq ödənilmiş əmək pensiya məbləğinin tutulması barədə tələbi yuxarıda sadalanan inzibati icraat haqqında hüquq normalarına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması” haqqında 02 dekabr 2021-ci il tarixli, **********3 nömrəli qərarın ləğv edilməsi və 2021-ci il oktyabr ayından 806 manat pensiya məbləğinin bərpa edilməsi öhdəliyi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması” haqqında 02 dekabr 2021-ci il tarixli, **********3 nömrəli qərarın ləğv edilməsi və 2021-ci il oktyabr ayından 806 manat pensiya məbləğinin bərpa edilməsi vəzifəsi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4967/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4967/2022
29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver