Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4968/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin dublikatının verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) Xəzər rayon qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir.
2. Cavabdeh 05/15-826 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, iddiaçının şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsinin olmamasını əsas gətirərək doğum haqqında təkrar şəhadətnamənin verilməsinin mümkün olmadığını, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olduğu təqdirdə müraciətin təmin olunacağını bildirmişdir.
3. Bundan sonra İddiaçı 12 mart 2021-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi, ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2021-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə vermiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6918/2021 saylı qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilərək, iddia tələbi “iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavbdehin üzərinə qoyulması” kimi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması:
5. İddiaçı tələbini bununla əsaslandırılmışdır ki, o, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası X1. Təxminən 2003-cü ildə anası onu internat məktəbinə qoymuşdur. 2008-2009-cu illərdə iddiaçı xalasının himayəsinə verilmiş və internat məktəbini tərk etmişdir. 2011-ci ildə xalası rəhmətə getmişdir. Bundan sonra ona məxsus sənədlər itmişdir. Buna görə də o, hazırda şəxsiyyət vəsiqəsi ala bilmir. İddiaçı cavabdeh idarədə onun doğumu haqqında akt qeydinin olduğunu bildirmişdir.
6. Cavabdeh iddia ərizəsinə münasibətində iddiaçıya ünvanladığı imtina məktubundakı eyni əsaslara istinad etmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəməyə göndərdiyi məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
9. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
10. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 05/15-316 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş İddiaçı məxsus xx.xx.1996-cı il tarixli 117 saylı doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur, atası X6, anası isə X2 qeyd edilmiş, 2 nömrəli doğum evinin xx.xx.1996-cı il tarixli doğum haqqında arayışına xx.xx.1996-cı il tarixdə 19-JQ seriyalı 263846 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir şəhər Uşaq və X4 xx.xx.2021-ci il tarixli 16 saylı məktubuna əsasən, tərbiyəçilərin şifahi məlumatına görə İddiaçı mərkəzə xx.xx.2008-ci il tarixindən sentyabr ayına qədər “Save the children” təşkilatının 5 aylıq layihəsinə əsasən cəlb olunmuşvə onun şəxsiyyətini təsdiq edən heç bir sənəd olmamışdır.
12. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021ci il tarixli 018-5292-1221 saylı məktubdan görünür ki, İddiaçı anket məlumatları ilə yaşayış yeri üzrə qeydiyyatda olan və şəxsiyyəti təsdiq edən sənədlə sənədləşdirilən şəxs müəyyən edilməmişdir.
13. İddiaçı hazırda doğum haqqında şəhadətnaməsini itirdiyindən ona təkrar doğum haqqında şəhadətnamə verilməsini istəyir.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir.
16. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
17. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
19. Hazırkı iddia cavabdehdən ona şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
20. İddia mahiyyəti üzrə əsaslıdır. Çünki işin sadalanan hallarından görünür ki, iddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinin tələblərini rəhbər tutmaqla iddiaçının şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığından müraciətin təminindən imtina etmişdir.
21. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktı tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydaların 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Qaydaların 9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır.
23. İşin hallarından müəyyən olur ki, iddiaçının doğumu barədə akt qeydi mövcuddur, akt qeydinə əsasən iddiaçı Bakı şəhəri 2 nömrəli doğum evində doğulmuşdur. Akt qeydi cavabdeh tərəfindən mübahisələndirilmir və iddiaçının doğumunun qeydiyyatının artıq bir dəfə aparıldığı təkzib edilməmiş, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir.
24. Məhkəmə iclasında iddiaçının izahatına əsasən onun yaşadığı sosial müdafiə mərkəzlərinə müraciət edilmiş, Mingəçevir şəhər Uşaq və X4 xx.xx.2021-ci il tarixli 16 saylı məktubu ilə şifahi məlumata əsasən İddiaçı mərkəzdə xx.xx.2008-ci il tarixindən sentyabr ayına qədər “Save the children” təşkilatının 5 aylıq layihəsinə əsasən cəlb olunduğu və şəxsiyyətini təsdiq edən heç bir sənədin olmadığı bildirilmiş, habelə Daxili İşlər Nazirliyinin məlumatına əsasən İddiaçı anket məlumatları ilə yaşayış yeri üzrə qeydiyyatda olan və şəxsiyyəti təsdiq edən sənədlə sənədləşdirilən şəxs müəyyən edilməmişdir.
25. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə ki, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə təqdim edilməli, digər tərəfdən isə doğum haqqında şəhadətnamənin alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. xx.xx.1996-cı il təvəllüdlü İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova