Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4968/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdehnə “doğum haqqında akt qeydinə düzəliş edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək onun barəsində tərtib edilmiş doğum akt qeydində uşaq haqqında məlumat qrafasında doğum tarixinin “xx.xx.1981-ci il” əvəzinə “xx.xx.1980-ci il” kimi qeyd edilməsi cavabdeh Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı doğum haqqında akt qeydində düzəlişlərin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanın əsası kimi təqdim olunan sənədlərdə ziddiyyət olduğunu bildirərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Sonradan iddiaçı iddia tələbininin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən doğum haqqında akt qeydində doğum tarixinin 11 avqust 1980-ci il kimi qeyd edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olunmasını mübahisələndirir və doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsinin, həmçinin akt qeydində düzəliş üçün əsasların olub-olmadığını müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: . 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; -nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; -atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; -atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; -vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; -övladlığa götürmə ləğv edildikdə; -atalığın müəyyən edilməsi ləğv olunduqda; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; -cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; -vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; -qanunvericilikdə müəyyən edilən digər hallarda.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: -övladlığa götürmə barədə məhkəmənin qərarı; -nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; -adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; -yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; -övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; -atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; -atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; -ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; -cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.
10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, doğum tarixi,habelə onun valideynləri haqqında məlumatın doldurulması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Nəzərə alınmalıdır ki, qanunvericilik doğum haqqında akt qeydində səhvlərin yol verilməsi ilə bağlı düzəlişin edilməsi və vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin (ilkin akt qeydində səhvə yol verilməmişdirsə) edilməsinin əsaslarını fərqləndirmiş, lakin konkret olaraq müəyyən şərtlər əsasında təsbit etmişdir. Qeyd olunmalıdır ki, hər iki halda doğum haqqında akt qeydində düzəlişin edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ya ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Məhkəmə icraatı zamanı təqdim olunmuş şəxsiyyət vəsiqəsindən və hərbi biletin surətindən görünür ki, həmin sənədlərdə İddiaçı doğum tarixi kimi – xx.xx.1980-ci il göstərilmişdir. Buna baxmayaraq ki, məhkəmə sorğusuna cavab olaraq təqdim olunmuş doğum haqqında akt qeydində İddiaçı doğum tarixi kimi – xx.xx.1981-ci il göstərilmişdir. Təkzib olunmaz haldır ki, hüquqmüəyyənedici sənədlərdə iddiaçının doğum tarixi ilə bağlı ziddiyyətli məqamlar mövcuddur ki, cavabdeh inzibati orqanda məhz həmin ziddiyyətlərə əsaslanaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Halbuki, inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməzdən əvvəl müvafiq olaraq inzibati icraatı düzgün aparmalı, zəruri olan bütün faktiki halları araşdırmali olduğu halda bunu etməmişdir. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı xx.xx.1980-ci il təvəllüdlü İddiaçı (anası 04 yanvar 1958-ci il təvəllüdlü X1) 10 avqust 1980-ci il və ya 16 yanvar 1981-ci il tarixdə anadan olması ilə bağlı tibbi sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi məqsədi ilə aidiyyəti üzrə sorğu ünvanlanmışdır. Bərdə rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki: -Xəstəxanın doğum evində mövcud olan, doğuşların qeydiyyatı kitabında Abdullayeva (Hüsüyeva) Dürdanə Allahverən qızının qadın cinsli uşaq dünyaya gətirməsi xx.xx.1980-ci il tarixdə qeydə alınmışdır. Xəstəlik tarixlərinin saxlanılma müddəti 25 il olduğundan, tibbi sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, göründüyü kimi iddiaçının doğum haqqında akt qeydində həqiqətəndə də yalnışlığa yol verilmiş, onun doğum tarixi xx.xx.1980-ci il olduğu halda, qeydiyyat xx.xx.1981-ci il kimi aparılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçının doğum tarixinin xx.xx.1980-ci il tarixi olması müvafiq olaraq Bərdə rayon Mərkəzi Xəstəxanasının sorğuya cavab məktubu ilə təsdiq olunmuşdur ki, həmin məktubda qeyd olunan məlumatlar hər hansı şübhə doğurmamış, əksinə mötəbər dəlil kimi qiymətləndirilmişdir. Bununla bağlı Məhkəmə diqqətə çatdırır ki, Bərdə rayon Mərkəzi Xəstəxanası xidmət göstərdiyi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsi istiqamətində fəaliyyət göstərən və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki olan tibb müəssisəsi olduğundan, onun tərəfindən verilmiş məlumatlar şübhə doğurmamışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, doğum haqqında akt qeydində dəyişkliyin edilməsi üçün nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 4-cü bəndində göstərilən hallar müəyyən edildiyindən, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Eyni zamanda Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində doğum tarixi ilə bağlı yalnışlığa yol verildiyindən, doğum tarixi ilə bağlı düzəliş edildikdən sonra iddiaçı gələcəkdə zəruri sənədlərin əldə etməsi üçün yeni doğum haqqında şəhadətnamə ilə təmin olunmalıdır.Odur ki, iddia yeni doğum haqqında şəhadətnamənin verilməsi hissəsində də təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində doğum tarixinin 11 avqust 1980-ci il kimi qeyd edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov