Məhkəmə qərarları › İş №2-1(112)-4970/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4970/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4970/2022 28.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məcburi köçkün statusunun və çörək pulunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, müharibə veteranıdır. O, 08 may 1992-ci il tarixdən Şuşa rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı ilə bağlı məcburi köçkündür və hal-hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. O, məcburi köçkün statusu almaq və məcburi köçkünlər üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etməyi üçün AR Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Lakin Komitənin xx.xx.2021ci il tarixli, 01/6378 saylı cavab məktubunda qeyd edilir ki, ““Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, Ermənistan Respublikasında aparılan etnik təmizləmə siyasəti nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və mövcud qanunvericiliyə əsasən daimi yaşayış sahəsi əldə etmiş qaçqınlar daimi məskunlaşmış hesab edilir və onlara məcburi köçkün üçün nəzərdə tutulmuş güzəştlər şamil olunmur. Qaçqın düşdükdən sonra qaçqın kimi Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz Ramana qəsəbəsində yaşayış sahəsi əldə etdiyiniz üçün daimi məskunlaşmış qaçqın hesab edilirsiz və sizə məcburi köçkün statusunun verilməsi imkan xaricindədir”. Cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur. Belə ki, AR Şuşa Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli arayışında da onun məcburi köçkün olduğu hazırda ünvan 1 ünvanında müvəqqəti olaraq məskunlaşdığı qeyd edilmişdir. İddiaçı sözügedən ünvanda müvəqqəti məskunlaşmışdır, həmin ev ona məxsus deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddianın mümkünlüyünə dair: 1. İddiaçı müvafiq iddia tələbinin “çörək pulunun verilməsi” hissəsi üzrə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi cavabdeh qismində çıxış etmir. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi “çörək pulunun verilməsi” qismində qeyd edilsə də, sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırda məcburi köçkünlərə “çörək pulu” formasında heç bir müavinət ödənilmir. Məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı əraziləri işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə əraziləri işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Yuxarıda yazılanlara əsasən bildirilir ki, müvafiq iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi deyil, aidiyyəti rayon icra hakimiyyəti çıxış edir. 2. İddiaçı “ona çörək pulunun verilməsi” tələbi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə heç bir müraciəti daxil olmamışdır. İddiaçının müvafiq məzmunlu müraciəti daxil olmamış və Komitə tərəfindən iddiaçıya heç bir imtina cavabı təqdim olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Qərarın 9-cu bəndinə əsasən, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia tələbinin maddi hüquqi əsaslılığına dair: İddiaçı “məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciəti Komitənin xx.xx.2021-ci il tarixli 01/6378 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafəsi haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, Ermənistan Respublikasında aparılan etnik təmizləmə siyasəti nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və mövcud qanunvericiliyə əsasən daimi yaşayış sahəsi əldə etmiş qaçqınlar daimi məskunlaşmış hesab edilir və onlara məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil olunmur. Yuxarıda göstərilənlərə əsasən, siz Ermənistan Respublikasından qaçqın düşdükdən sonra qaçqın kimi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində daimi yaşayış sahəsi əldə etdiyiniz üçün daimi məskunlaşmış qaçqın hesab edilirsiniz və sizə məcburi köçkün statusunun verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanı ilə Ermənistan Respublikasından olan daimi yaşayış yeri ilə təmin olunmamış və yaşayış üçün yararsız olan binalarda məskunlaşmış qaçqınların daimi yerləşdirilməsi təmin edilmiş və başa çatdırılmışdır. Bildirilir ki, Ermənistan Respublikasının Əzizbəyov rayonunda aparılan etnik təmizləmə nəticəsində İddiaçı oranı tərk edərək Şuşa rayonunda məskunlaşmış, 1992-ci il tarixdə Şuşa rayonunun işğal olunmasından sonra isə Bakı şəhərində məskunlaşmışdır. İddiaçı ailə üzvləri ilə birlikdə 2003-cü il tarixdə Ermənistan Respublikasından qaçqın düşmüş şəxslər üçün dövlət tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində inşa edilmiş 43 nömrəli 2 otaqlı evlə təmin olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı sözügedən yaşayış sahəsində müvəqqəti deyil, daimi məskunlaşmışdır. Belə ki, Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna daxil olan yaşayış sahələri məcburi köçkünlərin müvəqqəti istifadəsinə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında təqdim edilir. Sözügedən yaşayış sahələri dövlət mülkiyyətində olmaqla, kirayə müqaviləsinin şərtlərinə uyğun məcburi köçkünlərin yalnız istifadəsinə verilir. İddiaçı və ailə üzvləri ünvan 2 ünvanında yerləşən yaşayış sahəsində daimi məskunlaşdırıldığından, iddiaçı ilə Komitə arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi də bağlanılmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, İddiaçı qaçqın kimi daimi məskunlaşdırıldığı sözügedən yaşayış sahəsinin mülkiyyətinə verilməsi məqsədilə aidiyyəti sənədlərlə birlikdə müvafiq rayon icra hakimiyyətinə rəsmi müraciət etməli olsa da, iddiaçı ötən dövr ərzində müvafiq əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması istiqamətində tədbir görməmişdir. 1988- 1992-ci illərdə Ermənistan Respublikasında aparılan etnik təmizləmə nəticəsində öz yurd-yuvasından qovulmuş qaçqın soydaşlarımızın məskunlaşdırılması üçün evlər inşa edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanının tələblərinə uyğun olaraq onların yerləşdirilməsi prosesi həyata keçirilmişdir. Həmin Fərmanın 2-ci bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, müvafiq şəhər və rayon icra hakimiyyətləri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Tikinti və Arxitektura Komitəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri və respublikanın digər rayonlarının ərazilərində qaçqınların məskunlaşdıqları yerlərdə ayrı-ayrı və imkan olduğu hallarda qaçqınların yığcam yerləşdirilməsi üçün qəsəbə şəklində fərdi yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin təqdim edəcəyi siyahı əsasında həmin ərazilərdə nəzərdə tutulmuş normalara uyğun müvafiq torpaq sahələrinin ayrılmasını təmin etsinlər. Həmin Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və müvafiq rayon, şəhər icra hakimiyyətlərinə tapşırılsın ki, müvəqqəti məskunlaşmış qaçqınların bu evlərdə daimi yerləşdirilməsini təmin etsinlər. Yuxarıda yazılanların məntiqi yekunu olaraq qeyd olunmalıdır ki, Fərmanın tələblərinə əsasən, müvafiq rayon, şəhər icra hakimiyyətləri qaçqın soydaşlarımızın müvəqqəti məskunlaşdıqları evlərdə daimi yerləşdirilməsini təmin etmişdirlər. İddiaçı qaçqın kimi dövlətin xüsusi qərarı ilə əvəzsiz qaydada ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi ilə təmin edilərək daimi məskunlaşdırıldığından, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və çörək pulunun verilməsi”nə dair iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Ermənistan, Əzizbəyov rayonunda doğulmuş İddiaçı ünvan 3i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Şuşa Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 22/368 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ona görə ki, o həqiqətən 08 may 1992-cı ıl tarixdən Şuşa rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı ilə bağlı məcburi köçkündür və hal-hazırda ünvan 1 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2021-ci il tarixli **********121 nömrəli İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, sizə məxsus olan məcburi köçkün vəsiqəsinin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri üzrə hazırda qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 02/1055 nömrəli məktubunda bildirilmişdir ki, Komitənin Regional idarəetmə və status şöbəsinin elektron məlumat bazası 2007- 2022-ci illəri əhatə etdiyindən İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi, verilmiş vəsiqənin ləğv edilməsi barədə qeyd aşkar edilmədi və həmin şəxsin məcburi köçkün statusunun olub-olmaması barədə məlumat verilməsi imkan xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq Şuşa Rayon İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli, 5/203 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Qərbi Azərbaycandan olan qaçqınların evlə təmin olunması ilə bağlı dövlət proqramına uyğun olaraq 2003-cü ildə mənzillə təmin olunmuşdur. Odur ki, həmin tarixdən məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət həmçinin onun adına kommunal və digər xidmətlərin dövlət tərəfindən ödənişi dayandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-9379- 1222 nömrəli məktubunda qeyd edilmişdir ki, sorğu edilən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1995-ci il tarixdən hazıradək ünvan 3ində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********27 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 559 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Prezidentinin 22 avqust 2001ci il tarixli 562 nömrəli Fərmanı rəhbər tutularaq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 249 saylı xx.xx.2002-ci il tarixli sərəncamını və Qaçqınlar və X6 üzrə Dövlət Komitəsi sədrinin ƏŞ-3797 saylı xx.xx.2003-cü il tarixli məktubu nəzərə alınaraq Ramana qəsəbəsi, Yeni yaşayış massivində 2 otaqlı, tikinti sahəsi 101,80 m2, ümumi sahəsi 78,01 m2, yaşayış sahəsi 34,96 m2, təsərrüfat otağının sahəsi 18,24 m2, açıq eyvan sahəsi 17,01 m2 olan 1200,0 kv.m. torpaq sahəsində tikilmiş 43 saylı evə vətəndaş İddiaçı adına texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilmiş, Bakı şəhər Tİ və MHQİ-dən vətəndaş İddiaçı adına həmin evə texniki pasport və qeydiyyat vəsiqəsi verilməsi xahiş edilmişdir. - xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 28.01.09-cu il tarixdə verilmiş, 11/1361 çıxış nömrəli arayışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivində mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi.sah. 38,76 kv.m., yaş.sah. 34,96 kv.m və köm.sah. 3,8 kv.m olan 43 nömrəli fərdi yaşayış evini oğlu - X1 bağışlamışdır. Bağışlanan ev (yerləşdiyi torpaq sahəsi) Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan xx.xx.2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında bağışlayana məxsusdur. - xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X4 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 43 saylı fərdi yaşayış evini və ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini hədiyyə alan X3 mülkiyyətinə verir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 43 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Şuşa Rayon İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli, 5/299 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanı ilə Ermənistan Respublikasından olan daimi yaşayış yeri ilə təmin olunmamış və yaşayış üçün yararsız olan binalarda məskunlaşmış qaçqınların daimi yerləşdirilməsi təmin edilmiş və başa çatdırılmışdır. Bildirilir ki, Ermənistan Respublikasının Əzizbəyov rayonunda aparılan etnik təmizləmə nəticəsində İddiaçı oranı tərk edərək Şuşa rayonunda məskunlaşmış, 1992-ci il tarixdə Şuşa rayonunun işğal olunmasından sonra isə Bakı şəhərində məskunlaşmış və 19 avqust 1988-ci il tarixdən Şuşa rayonu Malıbəyli kəndində pasport qeydiyyatındadır. İddiaçı ailə üzvləri ilə birlikdə 2003-cü il tarixdə Ermənistan Respublikasından qaçqın düşmüş şəxslər üçün dövlət tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində inşa edilmiş 43 nömrəli 2 otaqlı evlə təmin olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı sözügedən yaşayış sahəsində müvəqqəti deyil, daimi məskunlaşmışdır. Qeyd edilir ki, 1988-1992-ci illərdə Ermənistan Respublikasında aparılan etnik təmizləmə nəticəsində öz yurd-yuvasından qovulmuş qaçqın soydaşlarımızın məskunlaşdırılması üçün evlər inşa edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli Fərmanının tələblərinə uyğun olaraq onların yerləşdirilməsi prosesi həyata keçirilmişdir. Fərmanın tələblərinə əsasən, qaçqın soydaşlarımızın müvəqqəti məskunlaşdıqları evlərdə daimi yerləşdirilmələri təmin edilmişdir. İddiaçı qaçqın kimi dövlətin xüsusi qərarı ilə əvəzsiz qaydada ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi ilə təmin edilərək daimi məskunlaşdırıldığından, ona və ailəsinə vahid aylıq müavinətin verilməsi dayandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli, 02/2095 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının 2003-cü il 16 avqust tarixli 559 nömrəli Sərəncamında istinad olunmuş Komitənin 2003cü il 11 avqust tarixli ƏŞ-3797 nömrəli məktubu qanunvericilik aktlarının tələblərinə müvafiq qaydada məhv edildiyindən, 2-1(112)-4970/2022 nömrəli inzibati işlə əlaqədar sözügedən sənədin təqdim edilməsi Komitənin imkanı xaricindədir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 01/6378 nömrəli məktubunda bildirilmişdir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, Ermənistan Respublikasında aparılan etnik təmizləmə siyasəti nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və mövcud qanunvericiliyə əsasən daimi yaşayış sahəsi əldə etmiş qaçqınlar daimi məskunlaşmış hesab edilir və onlara məcburi köçKünlər üçün nəzəraə tutulmuş güzəştlər şamil olunmur. Yuxarıda göstərilənlərə əsasən siz Ermənistan Respublikasından qaçqın düşdükdən sonra qaçqın kimi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində daimi yaşayış sahəsi əldə etdiyiniz üçün daimi məskunlaşmış qaçqın hesab edilirsiniz və sizə məcburi köçkün statusunun verilməsi imkan xaricindədir. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ünvan 3ində yaşayış yeri üzrə qeydiyyatda olduğunu, 08 may 1992-ci il tarixdən Şuşa rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı ilə bağlı məcburi köçkün düşdüyünü, hal-hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşdığını əsas gətirərək ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının Ermənistan Respublikasından qaçqın düşdüyünü, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində daimi yaşayış sahəsi əldə etdiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddia üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona məcburi köçkün statusu və bunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia tələbi düzgün cavabdehə qarşı yönəlmiş və iddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçının tələbi məcburi köçkün statusunun verilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi imtinasından sonra məhkəmədə iddia qaldırmışdır. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; -məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. -9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. -12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. -14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaydaların 1.3-cü bəndinə əsasən məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir. “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanına əsasən: -1. Etnik təmizləmə nəticəsində Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlılara Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası" əsasında verilən "Qaçqın" statusu öz qüvvəsində saxlanılsın. -2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, müvafiq şəhər və rayon icra hakimiyyətləri, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Tikinti və Arxitektura Komitəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri və respublikanın digər rayonlarının ərazilərində qaçqınların məskunlaşdıqları yerlərdə ayrı-ayrı və imkan olduğu hallarda qaçqınların yığcam yerləşdirilməsi üçün qəsəbə şəklində fərdi yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin təqdim edəcəyi siyahı əsasında həmin ərazilərdə nəzərdə tutulmuş normalara uyğun müvafiq torpaq sahələrinin ayrılmasını təmin etsinlər. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və müvafiq rayon, şəhər icra hakimiyyətlərinə tapşırılsın ki, müvəqqəti məskunlaşmış qaçqınların bu evlərdə daimi yerləşdirilməsini təmin etsinlər. Göründüyü kimi Ermənistan Respublikasında aparılan etnik təmizləmə siyasəti nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş şəxslər qaçqın hesab edilir. Eyni zamanda Azərbaycan Respublikası ərazisində hərbi təcavüz nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs məcburi köçkün hesab edilir. Hər iki kateqoriya statusda olan şəxslər müvafiq səbəblərdən daimi yaşayış yerini tərk etməyə məcbur olmuş və ora qayıda bilməyənlərdir. Daimi yaşayış yeri isə şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı yaşayış sahəsi hesab edilir. Bundan əlavə qeyd edilməlidir ki, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanına əsasən Bakı şəhər İcra hakimiyyəti Başçısının 249 saylı xx.xx.2002-ci il tarixli sərəncamı ilə Bakı şəhəri ərazisində qeydə alınmış, lakin məskunlaşmamış Ermənistan qaçqınlarına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış ərazidə fərdi yaşayış evlərinin tikintisi başa çatdırılmış və Ermənistan Respublikasından olan məskunlaşmamış qaçqınlar həmin evlərə köçürülmüşlər. Hazırkı iş üzrə iddiaçı Ermənistan, Əzizbəyov rayonunda doğulmuş, 1988-1992-ci illərdə Ermənistan Respublikasında aparılan etnik təmizləmə nəticəsində daimi yaşadığı yeri tərk etmək məcburiyyətində qalmış, Azərbaycan Respublikası ərazisində Şuşa rayonuna, 1992-ci il tarixdə Şuşa rayonunun işğal olunmasından sonra isə Bakı şəhərinə gəlmişdir. İddiaçı Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanına uyğun olaraq Bakı şəhər İcra hakimiyyəti Başçısının 249 saylı xx.xx.2002-ci il tarixli sərəncamı və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 559 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Ramana qəsəbəsi, Yeni yaşayış massivində 2 otaqlı, tikinti sahəsi 101,80 kv.m, ümumi sahəsi 78,01 kv.m, yaşayış sahəsi 34,96 kv.m, təsərrüfat otağının sahəsi 18,24 kv.m, açıq eyvan sahəsi 17,01 kv.m olan 1200,0 kv.m. torpaq sahəsində tikilmiş 43 saylı evlə təmin olunmuşdur. Bundan sonra sözügedən fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi ********** olan xx.xx.2008-ci il tarixdə mülkiyyət hüququ ilə qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı hazırkı iddiada Şuşa rayonu Malıbəyli kəndində pasport qeydiyyatında olmaqla Şuşa rayonu işğal olunduqdan sonra oranı tərk etməyə məcbur olduğundan ona məcburi köçkün statusunun verilməsini mübahisələndirsə də işin yuxarıda da qeyd edildiyi hallarından görünür ki, iddiaçı Ermənistan ərazisində olan daimi yaşayış yerini tərk etməyə məcbur olan şəxs olmaqla qaçqın statusunda olmuşdur. İddiaçı Azərbaycan Respublikası ərazisinə gəldikdən sonra Şuşa rayonunda daimi yaşayış yeri ilə təmin olunmamışdır ki, Şuşa rayonunun işğal olunması ilə daimi yaşayış yerini tərk etməyə məcbur olan şəxs kimi məcburi köçkün statusuna hüququ yaranmış olsun. İddiaçı Bakı şəhərinə gəldikdən sonra o məhz Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanına uyğun olaraq yaşayış yeri ilə təmin olunaraq daimi məskunlaşmışdır. Başqa sözlə, iddiaçı Ermənistan Respublikasından qaçqın statusunda olmaqla bu statusu Şuşa rayonuna gəldikdən sonra da saxlamış, statusun itirilməsi ilə bağlı hüquqi vəziyyətində hər hansı dəyişiklik baş verməmiş, bunun sübutudur ki, Şuşa rayonu işğal olunduqdan Bakı şəhərinə köçdükdən sonra ona məhz Ermənistan Respublikasından qaçqın statusunda olan soydaş kimi yanaşılaraq müvafiq icra hakimiyyəti orqanının qərarı ilə əvəzsiz qaydada fərdi yaşayış evi verilmiş, iddiaçı qeyd edilən güzəştdən yararlanaraq fərdi yaşayış evini xüsusi mülkiyyətinə qəbul etmiş, bununla da respublika ərazisində daimi məskunlaşdığından, ona məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin verilməsi də dayandırılmışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırkı iş üzrə iddiaçı barəsində arzuladığı əliverişli inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Cavabdehin iddiaçıya məcburi köçkün statusunu verməkdən imtinası əsaslı olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar