Məhkəmə qərarları › İş №2-1(112)-4971/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4971/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4971/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər poliklinikasına qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi və Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi) “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər poliklinikası və Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1nun xx.xx.2020-ci ildə vəfat etməsi ilə əlaqədar onun ölümü haqqında tibbi şəhadətnamənin verilməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər poliklinikası ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, X7 onun atasıdır. Atası xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Atasının səhhəti xx.xx.2020-ci il tarixdə pisləşmiş və o, dünyasını dəymişdir. Evə təcili yardım çağırılsa da, yardım gələnədək atası vəfat etmişdir. O, ürək çatışmazlığından vəfat etmişdir. Atasını adət-ənənələrə uyğun olaraq xx.xx.2020-ci ildə 3 saylı Zabrat İstixana qəbristanlığında dəfn etmişlər. Mərhum atası yaşadıqları Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 126, mənzil 20 ünvanında daimi qeydiyyatda olmuşdur. Nizami rayon qeydiyyat şöbəsinə ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etsə də, xx.xx.2020-ci il tarixli məktubla ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilərək imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş səhiyyə İdarəsi 26 saylı Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli məktubu ilə X1nun uzum müddət 26 nömrəli şəhər poliklinikasına müraciət etmədiyi və ölümün səbəbi sahə həkiminə məlum olmadığı üçün tibbi şəhadətnamənin verilməsinin mümkün olmaması bildirilmişdir. X1 evdə vəfat etdiyi və ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ona ölüm haqqında şəhadətnamə almaq bu günə kimi mümkün olmamışdır. Hazırda vərəsəlik işi ilə əlaqədar mərhum atasının ölüm haqqında şəhadətnaməsinin notariusa təqdim edilməsi zərurəti vardır. Bakı şəhər Baş Səhiyyə İdarəsinin 26 nömrəli şəhər poliklinikasına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı dəfələrlə şifahi formada və yazılı müraciət etsə də, həmin tibb müəssisəsindən ona bildirilmişdir ki, ölüm səbəbi sahə həkiminə məlum olmadığı üçün ona tibbi şəhadətnamə verilə bilmir. Lakin atasının vəziyyəti pisləşərkən mənzilə çağırdıqları təcili yardımın həkimi ölümü təsdiq etmiş və bu barədə müvafiq qeydiyyat da aparmışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, X7 onun qardaşıdır. Qardaşının səhhəti xx.xx.2020-ci il tarixdə pisləşmişdir. Bununla əlaqədar təcili yardım çağırılsa da, həkim gələnədək qardaşı vəfat etmişdir. Qardaşını 3 saylı Zabrat İstixana qəbristanlığında dəfn etmişlər. Qardaşı ürək çatışmazlığından vəfat etmişdir. Lakin 26 nömrəli şəhər poliklinikası ölümün səbəbi sahə həkiminə məlum olmadığı üçün tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir və bu günədək ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, X7 onun həyat yoldaşıdır. İlhamın səhhəti xx.xx.2020-ci il tarixdə pisləşdiyi üçün təcili yardım çağırılsa da, həkim gələnədək vəfat etmişdir. Onu 3 saylı Zabrat İstixana qəbristanlığında dəfn etmişlər. İlham ürək çatışmazlığından vəfat etmişdir. Lakin 26 nömrəli şəhər poliklinikası ölümün səbəbi sahə həkiminə məlum olmadığı üçün tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. İlhamın vəfatından bir neçə ay keçsə də, bu günədək ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Binəqədi rayon «Leyla» Nikah Evi tərəfindən xx.xx.2000-ci il tarixli İ-AZ seriyalı 153669 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X1, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 126, mənzil 20-də qeydiyyatda olmuş və yaşamış xx.xx.1967-ci il təvəllüdlü X7 uzun müddət 26 nömrəli şəhər poliklinikasına müraciət etməmiş və ölümün səbəbi sahə həkiminə məlum olmadığı üçün ona poliklinika tərəfindən ölıim haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə (F-106) təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti MKTB Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2020-ci il tarixli 26 nömrəli arayışından görünür ki, X7 3 saylı Zabrat İstixana qəbiristanlığında xx xxxx 2020-ci il tarixində dəfn olunub. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 126, mənzil 20-də qeydiyyatda olmuş və yaşamış 1967-ci il təvəllüdlü X7 poliklinikaya müraciət etməyib və heç bir xəstəliklə poliklinikada qeydiyyatda olmayıb. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarətemə Birliyi Bakı şəhər Təcili və X6 Stansiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: xx.xx.2020-ci il tarixdə saat 01:51-də «103» xidmətinə Nizami rayonu, E.Süleymanov küçəsi, ev 126, mənzil 20 ünvanından İlham Balacayevin (45 yaş) adına «ürəyi» səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 6 saylı bölmənin həkimi Yusif Abbasəliyev icra edərək ünvandan X5 (58 yaş) məxsus meyit ilə rastlaşmış və «Kişi cinsli meyit» daqnozu qoymuşdur. Hadisə barədə 24-cü polis bölməsinin əməkdaşı Mehdiyevə məlumat verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir; 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir; 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır; 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin x xxxx 2015-ci il tarixli 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair Təlimat”ın: 2-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələri, stamotoloji istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq bütün stasionar və ya sanator-kurort müalicəsi aparan tibb müəssisələri və patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. İnsanın ölümü anını tibb işçisi (həkim, feldşer) təsdiq edir; 3-cü bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X6 Stansiyasının həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsinə qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu Təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyri-yaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir; 4-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxatrış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə, faktiki yaşadığı ərazi üzrə ambulator tibb müssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqqında» xx xxxxx 2019-cu il tarixli 03 nömrəli qərarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə saat 01:51-də Bakı şəhər Təcili və X6 Stansiyası «103» xidmətinə iddiaçının X1nun adına «ürəyi» səbəbi ilə çağırış daxil olmuşdur, çağırışı 6 saylı bölmənin həkimi Yusif Abbasəliyev icra etmişdir, ünvanda X5 məxsus meyit müəyyən edilmiş və «Kişi cinsli meyit» daqnozu qoymuşdur. X7 3 saylı Zabrat İstixana qəbiristanlığında xx xxxx 2020-ci il tarixində dəfn olunmuşdur. X3 uzun müddət 26 nömrəli şəhər poliklinikasına müraciət etmədiyi və ölümün səbəbi sahə həkiminə məlum olmadığı əsas gətirilərək cavabdeh tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Göründüyü kimi, X3 adına «103» xidmətinə müraciət olunmuş, Təcili və X6 Stansiyasının həkimi çağırış yerinə gəlmiş və ölüm hadisəsini təsdiq edərək bu barədə müvafiq “Xəbərdarlıq vərəqəsi” tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mərhum atası xx.xx.1967-ci il tarixdə doğulmuş X3 vəfatı ilə əlaqədar “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər poliklinikasının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar