Məhkəmə qərarları › İş №2-1(112)-4971/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4971/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4971/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğvi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində başlanılmış inzibati icraata xitam verilməsi və pensiyasının xx.xx.2009-cu il tarixdə müəyyən olunan təyinat üzrə ödənilməsinin davam etdirilməsi (pensiyasından hər hansı bir tutulmanın qadağan olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin İddiaçı barəsində qəbul etdiyi 02 noyabr 2023-cü il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 02 noyabr 2023-cü il tarixdə cavabdeh orqana dəvət olunmuşdur. Mərkəzi filialın əməkdaşları iddiaçı ilə söhbət apararaq bildirmişlər ki, xx.xx.2009-cu ildə ona pensiya təyin olunarkən yanlışlığa yol verilmişdir. Belə ki, pensiya güzəştli şərtlərlə yaşa görə 52 yaşı tamam olduğu xx.xx.2011ci il tarixdə təyin olunmalı olduğu halda, səhvən xx.xx.2009-cu il tarixdə təyin olunmuşdur. Ona görə də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən təyin olunmuş əmək pensiyasına yenidən baxılmalı və hesablanmalıdır. İddiaçı bu xəbərdarlıq barədə tərtib olunmuş xx.xx.2009-cu il tarixli aktı həmin vəzifəli şəxslərin qeyd olunan məzmunda söhbət aparmalarının təsdiqi nöqteyinəzərdən imzalamış və ona edilən xəbərdarlıqla əlaqədar öz etirazını bildirmişdir. Bundan sonra o, rəsmi olaraq cavabdehə müraciət edərək barəsində başlanılmış inzibati icraata xitam verilməsi və pensiyasının xx.xx.2009-cu il tarixdə müəyyən olunan təyinat üzrə ödənilməsinin davam etdirilməsini xahiş etmişdir. Həmin məktuba cavab olaraq cavabdeh ona bildirmişdir ki, son üç il ərzində 26630,93 manat artıq pensiya ödənilmişdir və həmin məbləğin pensiyasından tutularaq dövlət büdcəsinə ödənilməsi üçün iddiaçının razılıq verməyi xahiş edilmişdir. İddiaçı cavabdehin bu hərəkətlərini qanunsuz və əsassız hesab etdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, ona pensiya təyin olunan zaman o, hər hansı saxta sənəd və ya məlumat təqdim etməmiş, 1997-ci il avqustun 1-dək onun zərərli sahədə iş stajı 10 ildən çox olmuşdur və 1983-cü ildə zərərli sahədə əmək fəaliyyətinə başladığından 1993-cü ildə o, artıq güzəştli şərtlərlə pensiya hüququnu əldə etmişdir. Pensiya təyin olunan 2009-cu ildə ümumi iş stajı 28 il, zərərli iş stajı isə 26 il olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası cavabdeh tərəfindən aşağıdakı qaydada hesablanmışdır. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 29 il təşkil edir. Bununla əlaqədar iddiaçının xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 34,24 manat (29 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 56,08 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10163,52 manat sığorta kapitalına uyğun 70,58 (10163,52:144) manat və baza hissəsi (85,00 manat) əlavə edilərək xx.xx.2011-ci il tarixinə 211,66 manat (56,08+70,58+85,00) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 277,70 manat) məbləğində əmək pensiyası müəyyən edilmişdir. İddiaçının xx.xx.2017-ci il tarixli müraciətinə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınan 42357,48 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 132 (63 il 6 ay - 58 il 6 ay=60 ay+(144 ay-72 ay)) aya bölünməklə (42357,48/132=320,89 manat) pensiya məbləğinin üzərinə əlavə edilərək əmək pensiyası xx.xx.2017-ci il tarixindən yenidən hesablanaraq 277,70 manatdan 598,59 manata (277,70+320,89) artırılmışdır. (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla və indeksləşdirilməklə xx.xx.2023-cü il tarixinə 1023,05 manat). İddiaçının əmək pensiyası yenidən hesablandıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan 53 262,14 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (53262,14:72 ay (144 ay - 72 ay)=739,75 manat) əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanaraq 1023,05 manatdan 1762,80 manata (1023,05+739,75) artırılmışdır. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə iddiaçıya 26630,93 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, qeyd olunan qanunauyğun olmayan hallarla bağlı cavabdeh tərəfindən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-244401/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. İddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıq ödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-62185/2023 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin iddiaçıya ünvanlanmış 19 oktyabr 2023-cü il tarixli məktubu ilə iddiaçı “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 3 noyabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 2 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli aktdan göstərilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmışdır. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-244401/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixində Mərkəzi Filiala gəlmiş və Filialın vəzifəli şəxsləri tərəfindən qəbul edilmişdir. İddiaçıya araşdırma zamanı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi və yenidən hesablamanın aparılmadığı barədə ətraflı məlumat verilmişdir. Daha sonra iddiaçının qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində iddiaçının mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Bu barədə 2 nüsxədə akt tərtib edilmiş, aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılmış, ikinci nüsxəsi isə iddiaçıya təqdim olunmuşdur. Cavabdehin 06 dekabr 2023-cü il tarixli məktubunda etirazda göstərilən əsaslar qeyd olunaraq, iddiaçıya son üç il üzrə ödənilən 26 630,93 manat artıq pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi təklif edilmiş, habelə əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 1762,80 manat təşkil etdiyi bildirilmişdir. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 05 may 1977-ci il tarixdən 11 iyun 1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. ИТ-İ № ******* nömrəli, 20 aprel 1981-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Serebrovski adına neft və qaz çıxarma idarəsində qazmaçı köməkçisi, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci ilə qədər mühərrik zavodunda çilingər, xx.xx.1983-cü ildən hal-hazıra kimi (xx.xx.1988-ci ildə ləğv edilərək bazasında X3 Partiyasının 12-ci çağırışı adına Neft və qaz çıxarma İdarəsi yaradılmış, sonradan “Azərineft” Konserni adlanmış, sonradan “X2” adlanmışdır) neft-qaz hasilatı üzrə operator, neft-qaz hasilatı üzrə usta vəzifələrində işləyir. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının əmək pensiyası xx.xx.2011-ci ildən, yəni 52 yaşından təyin edilməklə yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 1762 manat 80 qəpik təşkil etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv olunmasını xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaçıya ünvanladığı məktubundan da görünür ki, iddiaçı pensiyasının xx.xx.2009-cu il tarixdə müəyyən olunan təyinat üzrə ödənilməsinin davam etdirilməsini xahiş etsə də, cavabdeh onun barəsində iddiaçının razılığı olmadan “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Qanunun qeyd edilən müddəalarından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı ildən qüvvəyə mindiyi üçün, həmin tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən stajı, yəni kişilər üçün qanunla müəyyən edilmiş 12 il 06 ay stajı topladıqda şəxs yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada pensiya hüququ əldə edir. İşdən görünür ki, iddiaçıya onun 50 yaşı tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, və xx.xx.2023-cü il tarixədək ödənilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçının yaşa görə əmək pensiyasının 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən təyin edilməsi əsası ilə onun əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 13-cü maddəsinin ilkin variantında göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Cavabdehin əsas dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi kişilər üçün 52 yaş müəyyən edildiyindən ona 52 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 01 avqust 1997-ci il tarixədək 1 nömrəli siyahı üzrə tələb olunan güzəştli iş stajını toplamışdır. Belə ki, iddiaçının həmin tarixə 15 il 03 ay güzəştli iş stajı olmuşdur. Eyni zamanda o, xx.xx.2006cı ilədək 23 il 08 ay 18 gün güzəştli iş stajı toplamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi neft və qaz hasilatı üzrə qazmaçı, operator, usta vəzifələri müvafiq kodlarla qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna dəyişlik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanun qüvvəyə minənə qədər 12 il 06 ay güzəştli stajı topladığı üçün ona əmək pensiyası yaşa görə həmin dövrə kimi qüvvədə olan qanunvericilik əsasında təyin edilməlidir. Həmin dövrə qədər qüvvədə olan qanunvericilikdə isə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən yaş həddi kişilər üçün 50 yaş müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli, iddiaçıya xx.xx.2009cu il tarixdə müəyyən olunan təyinat üzrə pensiyasının ödənilməsi davam etdirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 02 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar