Məhkəmə qərarları › İş №2-1(112)-4973/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4973/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4973/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçıya məxsus mənzildə dəyişiklik edilməsi ilə bağlı rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR DŞAK yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və üçüncü şəxs Bakı şəhəri Yasamal RİH-ə qarşı «iddiaçıya məxsus mənzildə dəyişiklik edilməsi ilə bağlı rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı (İddiaçı) ünvan 1, giriş 3-də yerləşən mülkiyyətində olan 2 nömrəli mənzilin təyinatını dəyişərək qeyri-yaşayış sahəsinə çevirmək istəyir. Belə ki, həmin mənzildə “play station” oyun klubu açaraq xırda bizneslə məşqul olmaqla ailəsinin dolanışığını təmin etmək niyyətindədir. Qeyd edilən yaşayış sahəsini qeyri-yaşayış sahəsinə çevirmək üçün ilkin olaraq, pəncərə hissəsinin qapı ilə əvəz edilməsi lazımdır. Bu səbəbdən o, rəsmi ərizə ilə Bakı şəhəri Yasamal RİH-ə müraciət etmişdir. RİH-in xx xxxxxx 2019-cu il tarixli məktubunda mənzilə qapı açılması ilə bağlı fasad dəyişikliyi layihəsi üçün rəy alınmasından ötrü Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə razılaşdırılması göstərilmiş və müraciət aidiyyatı üzrə hazırkı cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yönləndirilmişdir. Öz növbəsində iddiaçı da ərizə ilə həmin quruma bir neçə dəfə rəsmi müraciət etmişdir. Cavabdeh heç bir əsassız və qanunun tələblərini kobud şəkildə pozmaqla xx xxx 2020-ci il tarixdə axırıncı ərizəyə imtina cavabı vermişdir. xx xxx 2020-ci il tarixli və ondan əvvəlki müraciətlərə cavablarda Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi heç bir əsas gətirmədən, AR Şəhərsalma və Tikinti Məcəlləsinin, Nazirlər Kabinetinin qərarlarının müddəalarını kobud şəkildə pozaraq iddiaçıya məxsus mənzildə pəncərə yerinin qapı ilə əvəzlənməsinin binanın görünüşünə xələl gətirdiyi səbəbindən bundan imtina etmişdir. Cavabdehin bu rəyi tamamilə qanunsuz və əsassız olmaqla kobud hüquq pozuntusudur. Çünki, qeyd olunan yaşayış binasının 1-ci mərtəbəsində yerləşən sadəcə 3 mənzil (iddiaçının mənzili daxil olmaqla) yaşayış sahəsi kimi qalmaqdadır. Digər mənzillər müxtəlif iaşə və ticarət obyektləri kimi fəaliyyət göstərməklə yanaşı fasadı tamamilə dəyişdirmişdirlər. Bunlar restoran, kafe və digər adlar altında fəaliyyət göstərirlər. Lakin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi həmin obyektlərə icazə vermiş, lakin iddiaçının mənzilinə qapı açılmasını fasadın görünüşünü korlayacağı səbəbindən imtina rəyi vermişdir. ünvan 1 ünvanında qeyri-yaşayış sahəsinə çevrilən mənzillər foto çəkilişindəndə aydın görünür və bu sadaladıqların tamamilə həqiqət olduğunu təsdiq edir. İddiaçının mülkiyyətində olan mənzilə qapı açılması zamanı isə, digər obyektlərdə olduğu kimi binanın fasadına heç bir zərər verilməyəcəkdir. Sadəcə pəncərə hissəsi qapı ilə əvəzlənəcək və görünüşdə korlanma olmamaqla yanaşı daha estetik görünüşə qovuşacaqdır. DƏDRX-in xx xxxxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1, giriş 3, mənzil 2 onun (iddiaçının) mülkiyyətindədir. Həmçinin işə əlavə olunan fasad dəyişikliyi layihəsinin surətindən aydın olur ki, dəyişiklik zamanı fasada ziyan vurulmur, korlanma olmur. Qeyd edildiyi kimi, bu dəyişikliyi etməkdə məqsəd mənzildə sahibkarlıq fəaliyyəti ilə məşqul olaraq dolanışığı təmin etməkdir. Sahibkarlıq fəaliyyətinin inkişafı ilə bağlı ardıcıl sərəncam və fərmanlarında xüsusən də gənclərə bu sahədə xüsusi dəstək aydın gözə çarpır. Odur ki, cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin qanunsuz rəyinin ləğv edilməsi və ədalətin bərpası üçün məhkəməyə müraciət etmək zərurəti yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 43, 60-cı maddələrinə, AR Mənzil Məcəlləsinin 20, 21, 22-ci maddələrinə, AR Mülki Məcəlləsinin 152-ci maddəsinə, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə, İPM-in 2.2.2, 45, 46, 47, 68, 79-cu maddələrinə, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 79, 89.1.3-cü maddələrinə, AR Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 160 nömrəli qərarı ilə təsdiq olunmuş qaydaların, eləcə də «X1 keçirilməsi Qaydaları»nın müddəalarına əsaslanaraq, iddiaçıya məxsus mənzildə (Yasamal rayonu, S.Dadaşov küçəsi, 556/557-ci məhəllə, bina D, giriş 3-də yerləşən 2 saylı mənzildə) pəncərə yerinin qapı yeri ilə dəyişdirilməsinə dair rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim olunmuşdur. Cavabdeh AR DŞAK yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ilə bağlı məhkəməyə təqdim etdiyi yazılı münasibətində aşağıdakılar bildirilmişdir: - «Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxxxx 2018-ci il tarixli 274 nömrəli Fərmanının 3-cü bəndinə əsasən AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintisinə icazə verilən binaların memarlıq planlaşdırma bölmələrində müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması üçün tədbirlər görür. Belə ki, sözügedən Fərmanın müddəasına əsaslanaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı həmin ünvanda yerləşən yaşayış binasının fasadında dəyişiklik edilməsi və ərazinin (məhəllənin) formalaşmış planlaşdırma həllinə uyğun hazırlanmadığı, habelə pəncərənin qapı ilə əvəz edilməsinə dair aparılması nəzərdə tutulan tikinti işlərinin həmin yaşayış binasının ümumi görünüşünə xələl gətirilməsi barədə x xxxxxx 2020-ci il tarixli 03/03-276 nömrəli, x xxxx 2020-ci il tarixli 03/03-549 nömrəli, xx xxxx 2020-ci il tarixli 03/03-667 nömrəli, xx xxx 2020-ci il tarixli xx/xx-1020 nömrəli və x xxxx 2020-ci il tarixli xx/xx-1395 nömrəli məktublar göndərilmişdir. AR Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidenti xx xxx 2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Yuxanda qeyd olunanlara əsasən, AR DŞAK yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətləri çərçivəsində İddiaçı tərəfindən verilmiş müraciəti cavablandıraraq qaldırıran məsələyə münasibət bildirmişdir və hər hansı qanun pozuntusuna yol verməmişdir. Bununla əlaqədar, İPM-in 48.2-ci maddəsinin rəhbər tutaraq, məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi (vəkili) gəlmişlər, cavabdeh tərəf və üçüncü şəxs (nümayəndələri) gəlməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini, iddianı müdafiə etdi və iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasənm inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə görə yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə» xx xxx 2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2-ci bəndinə görə həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə AR Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin AR Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində AR Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə»nin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 8-ci bəndində nəzərdə tutulmuşdur ki, Komitə bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq (8.1 – 8.31-ci yarmbəndlərdəki) vəzifələri yerinə yetirir: İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı hazırkı cavabdeh inzibati orqan Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən müvafiq rəyi, mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı RİH-ə müraciəti zamanı həyata keçirilən (və ya həyata keçiriləcək) inzibati icraatda təqdim olunması zərurəti ilə əsaslandırır. Nəzərə alınmalıdır ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin struturudur və Komitənin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiqlənmişdir. Adıçəkilən Komitəyə və ya onun tabeliyindəki hər hansı quruma münasibətdə həmin Əsasnamədə və digər müvafiq qanunvericilik aktlarında hüquqi və fiziki şəxslərə onların müraciəti əsasında həmin rəyin verilməsi üzrə icraat aparılması səlahiyyətləri müəyyən edilməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı mülkiyyətindəki mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi üzrə inzibati icraatın nəticələri üzrə onu qane etməyən qərarı və ya hərəkətsizliyi mübahisələndirə bilər, lakin iddiasında göstəridiyi rəyin verilməsini cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində tələb edə bilməz. Məhkəmə həmçinin vurğulayır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh AR DŞAK Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2, 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar