Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4975/2022 28.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barəsində Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən qəbul edilmiş 02 dekabr 2021-ci il tarixli, 20 saylı qərarın ləğv edilməsi və gələcəkdə Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən hər hansı bir verginin tələb edilməsinin həmin quruma qadağan olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanda yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin balansında dövlət mülkiyyətində olmaqla, həmin sahə üzərində inşa edilmiş “Gəncəli Plaza” otelinin binası İddiaçı KİŞ-ə məxsusdur. Cavabdehin xx.xx.2019-cu il tarixli, 20 nömrəli qərarı ilə əsassız olaraq 2017-2019-cu illər üzrə İddiaçı KİŞ-dən “Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş hər bir şəxs üçün 1.1 manatdan vergi tələb edilmişdir. Sözügedən qərarın ləğvi ilə bağlı olaraq Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəsişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin 02 dekabr 2021-ci il tarixli, 20 saylı qərarı ilə ünvan 2 ünvanda yerləşən “Gəncə Plaza” oteli tərəfindən Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 197 və 198-ci madəllərinə əsasən 2018-2020-ci illər üzrə 9.784,50 manat məbləğin həmin otel tərəfindən bələdiyyənin hesabına ödənilməsi ilə bağlı Səbail rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. Cavabdehin sözügedən qərarında borcu ödəməli olan hüquqi şəxs yanlış göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən otel binası İddiaçı KİŞ-ə məxsusdur. “Gəncə Plaza” oteli hüquqi şəxs kimi mövcud deyil. Bundan başqa həmin qərarda İddiaçı KİŞ tərəfindən 2018-2020-ci illər üzrə vergi ödənilməsi tələb edilir. Məhkəmənin qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qərarı ilə 2017-2019-cu illər üzrə bələdiyyənin vergi ödəməsi ilə bağlı tələbinə qiymət verilmişdir. Bu səbəbdən həmin ödəmənin tələb edilməsi qanunsuzdur. Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubları ilə müraciət edərək xx.xx.2018-xx.xx.2020-ci il tarixləri ərzində olan dövr üçün borcun ödənilməsini tələb etmişdir. Sözügedən ünvanda yerləşən torpaq sahəsi dövlət mülkiyyəti olduğundan, həmin sahə bələdiyyə mülkiyyətində olmadığından cavabdeh tərəfindən hər hansı vergi ödənişinin tələb edilməsi qanunsuzdur. Gəncəli KİŞ torpaq sahəsindən istifadəyə görə icarə haqqını Bakı şəhər İcra Hakimiyyətinə ödəyir. Cavabdeh tərəfindən son üç ildə hesablanmış vergidə Gəncəli KİŞ-in həmin dövr üçün vergiyə və statistikaya verilən hesabatı nəzərə alınmamış və reallıqdan tam uzaq olan bir rəqəm göstərilmişdir. Belə ki, analoji vergi ödəyicilərinə münasibətdə İddiaçı KİŞ-ə də 1,20 manat verginin hesablanması qeyri-qanunidir. Bələdiyyə yerliözünüidarə qurumu olaraq hər ay bələdiyyə binasında elanlar lövhəsində ərazi üzrə ödənilməli olan vergi məbləği barədə orada fəaliyyət göstərən rezidentlər üçün məlumat asmalıdır. Hər bir ödəyiciyə bu barədə məlumatlar verməlidir, lakin cavabdeh qeyd olunan xüsusatları nəzərə almayaraq hər dəfə əsassız olaraq xəbərdarlıq bildirişləri yollamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçı gələcəkdə cavabdeh tərəfindən hər hansı vergi tələb edilməsinin həmin quruma qadağan edilməsinə dair olan öhdəliyin icrası haqqında iddiası üzrə əvvəlcə Səbail bələdiyyəsinə müraciət etməli olduğu halda, belə müraciəti etmədən birbaşa məhkəməyə iddia tələbi irəli sürməsi qanunsuzdur və həmin hissədə iddianın mümükünsüzlüyü üçün əsasdır. Digər tərəfdən yerli vergi və ödənişlərin növləri və onların hesablaması qaydası qanunvericiliklə müəyyən olunub. O cümlədən, bu cür vergi və ödənişlərin ödənilməsinin həmin vergi və ödənişləri ödəmək vəzifəsi olan şəxslərdən tələb olunması da qanunvericiliklə müəyyən edilmiş yerli özünüidarəemə orqanlarının, o cümlədən Səbail Bələdiyyəsinin qanuni səlahiyyətidir. İnzibati orqanın üzərinə onun qanuni səlahiyyətinin həyata keçirilməsinə dair qadağanın qoyulması barədə iddia tələbi mümkün iddia hesab oluna bilməz. Beləliklə, gələcəkdə cavabdeh tərəfindən hər hansı vergi tələb edilməsinin həmin quruma qadağan edilməsinə dair iddia mümkün sayılmamalıdır. İddiaçı bələdiyyənin mübahisələndiridyi inzibati aktında borcu ödəməli olan hüquqi şəxsin, yəni İddiaçı KİŞ-in adının yanlış yazıldığını, “Gəncəli plaza” otel adında bir hüquqi şəxsin mövcud olmadığını əsas göstərir. Lakin qərarda İddiaçı KİŞ-in adı yazılmışdır. İddiaçı 02 dekabr 2021-ci il tarixli, 20 saylı qərarla İddiaçı KİŞ tərəfindən 2018-2020-ci illər üzrə vergi ödənilməsinin tələb olunduğunu, lakin məhkəmənin qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli qərarı ilə 2017-2019-cu İlər üzrə bələdiyyənin vergi ödənilməsi tələbinin rədd edildiyini, yəni hüquqi qiymət verildiyini əsas göstərərək, həmin ödəmənin yenidən tələb edilməsini qanunsuz hesab etmişdir. Sözügedən xx.xx.2020-ci il taixli qərarın sonuncu vərəqinin 2-ci abzasında mübahisə predmeti olan 16 dekabr 2019-cu il tarixli qərarın qanunsuz sayılmasının, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə olmadığı göstərilmişdir. Beləliklə, iddiaçıya yerli ödənişin hesablanması barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu barədə iddiaçının arqumenti tamamilə əsassızdır. İddiaçı onun yerləşdiyi torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmadığından, Səbail bələdiyyəsi tərəfindən hər hansı vergi ödənişinin tələb edilməsinin qanunsuz olduğunu göstərir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.4-cü maddələrinin məzmunlarından aydın olur ki, yerli ödənişin bir növü bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişdir. Beləliklə, bu ödəniş üçün mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən obyektin bələdiyyə mülkiyyətindəki torpaq sahəsində olması tələb olunmur, həmin obyektlərin bələdiyyənin inzibati ərazisində fəaliyyət göstərməsi sözügedən ödənişin onlardan tələb olunması üçün kifayət edir. Hazırda mübahisələndirilən inzibati akt iddiaçının məhz statistik hesabatları nəzərə alınmaqla hesablanmışdır və iddiaçı həmin statistik hesabatlarını özü məhkəməyə təqdim etsə, bunu yoxlamaq çox asandır. Bununla belə, Səbail bələdiyyəsi iddiaçıya statistik hesabatlarındakı guya ödədiyi yerli ödənişlərin ancaq 1/3 hissəsini ona yerli ödəniş kimi hesablamışdır. Bu da İddiaçı KİŞ-in sahibkarıq fəaliyyətinə bələdiyyənin dəstəyidir. Bələdiyyə onun inzibati ərazisində fəaiyyət göstərən bütün digər otel, mehmanxana və bu tipli obyektlər üçün yerli ödənişləri məhz 1,10 manat hesabı ilə hesabladığından, analoji olaraq İddiaçı KİŞ üçün də həmin qayda ilə hesablamanın aparılması qərəzin deyil, ədalətli və bərabər yanaşmanın göstəricisidir. İddiaçı heç Səbail bələdiyəsinin yerləşdiyi ünvanı bilmədiyi halda bələdiyyənin inzibati binasındakı elanlar lövhəsində hansı məlumatın yerləşdirilib-yerləşdirilmədiyi barədə arqumenti doğru deyil. Beləliklə, cavabdehin 02 dekabr 2021-ci il tarixli 20 saylı qərarı qanuni, əsaslı və ədalətli olduğundan, ləğv olunması üçün heç bir hüquqi əsas yoxdur. Göstərilənlərə əsasən “gələcəkdə Bakı şəhər Səbail bələdiyyəsi tərəfindən hər hansı vergi tələb edilməsinin həmin quruma qadağan edilməsinə” dair hissədə iddianın mümkün sayılmaması barədə qərardad, “Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən qəbul edlmiş 02 dekabr 2021-ci il tarixli 20 saylı qərarın ləğv edilməsinə” dair hissədə isə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə məktub ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4975/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası “gələcəkdə Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən hər hansı bir verginin tələb edilməsinin həmin quruma qadağan olunması” hissəsində mümkün sayılmamışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə uyğun olaraq torpağı icarəyə vermək hüququ dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirir. İddiaçınə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi dövlət mülkiyyətində olduğundan həmin torpağa dair icarə müqaviləsi bağlanaraq icarə haqqı dövlət büdcəsinə ödənildiyindən və sözügedən torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış obyekti özəlləşdirildiyindən, qanunvericiliyə uyğun olaraq torpağa dair icarə haqqından başqa heç bir ödəniş tələb edilə bilməz. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin “Özünəməxsus ərazidə ofis və yaşayış binasının, istehsalat və istirahət zonasının layihələşdirilməsi haqqında” 267 saylı, xx.xx.2005-ci il tarixki Sərəncamından çıxarışın surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 1227 saylı razılıq məktubunu, İddiaçı xx.xx.2005-ci il tarixli, 20 saylı müraciətini nəzərə alaraq, ünvan 7 ünvanda yerləşən fərdi qarajların sökülərək, yerində ofis binasının tikintisinin layihələşdirilməsi üçün 1120 kv.m torpaq sahəsinin icarə əsasında İddiaçı KİŞ-in istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış binasına xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin ünvanda torpaq sahəsi 0.0547 ha təşkil edir, dövlət mülkiyyətidir və İddiaçı KİŞ-in istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Səbail Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Səbail Bələdiyyəsinin 20 saylı xx.xx.2021-ci il tarixli iclas protokolundan görünür ki, Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında yerləşən “Gəncəli Plaza” otelinin 2018, 2019 və 2020-ci illər üzrə yaranmış borc üzrə məcburi vergiyə cəlb olunması üçün qəbul olunan qərarın Səbail rayon Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Səbail Bələdiyyəsinin 20 saylı xx.xx.2021-ci il tarixli iclas protokolundan çıxarışından (qərarından) görünür ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında yerləşən “Gəncəli Plaza” oteli, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197 və 198-ci maddəsinə əsasən, vergilərin ödənilməsi üçün vergi borcu Üzeyir Hacıbəyov küçəsi 48 ünvanında yerləşən “Gəncəli Plaza” otelinə görə 2018, 2019 və 2020-ci illər üzrə yaranmış 9.784,50 manat borcun “Gəncəli Plaza” oteli tərəfindən Bələdiyyə hesabına ödənilməsinin icrası ilə bağlı Səbail rayon İcra və probasiya şöbəsinə (Səbail Bələdiyyəsinin 21 saylı xx.xx.2021-ci il tarixli iclas protokolu ilə edilmiş düzəliş əsasında Səbail rayon İcra şöbəsi) göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. 5.0-cı maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən yerli ödənişlərə aşağıdakılar aiddir: 9.1.1. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş; 9.1.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş; 9.1.3. bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş; 9.1.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir; 9.1.5. bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir. 11.1-ci maddəsinə əsasən bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. 11.2-ci maddəsinə əsasən bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 65.1.6-cı maddəsinə əsasən kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 20 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında yerləşən “Gəncəli Plaza” oteli, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197 və 198-ci maddəsinə əsasən, vergilərin ödənilməsi üçün vergi borcu Üzeyir Hacıbəyov küçəsi 48 ünvanında yerləşən “Gəncəli Plaza” otelinə görə 2018, 2019 və 2020-ci illər üzrə yaranmış 9.784,50 manat borcun “Gəncəli Plaza” oteli tərəfindən Bələdiyyə hesabına ödənilməsinin icrası ilə bağlı Səbail rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın ünvanlandığı şəxs “X4” göstərilsə də, qeyd olunan otel İddiaçı Kommersiya İstesalat Şirkətinin təsərrüfat subyektidir. Bununla da «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1.6-cı maddəsinə əsasən həmin qərar, inzibati akt kimi etibarsızdır. Bundan başqa, cavabdeh “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4-cı maddəsinə əsasən hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla ödəniş hesablamalı olduğu halda, heç bir əsas olmadan hesabatı oteldə otaqların maksimum sayına uyğun aparmış, habelə verginin hesablanmasında 1,10 manat maksimum tarifin götürülməsini də əsaslandırmamışdır. Bu isə iddiaçının göstərdiyi müvafiq xidmətə (mehmanxana xidmətinə) görə real göstəricilər üzrə ödəniş hesablanması hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar nəinki maddi hüquqi baxımdan, həm də prosessual hüquqi baxımdan da qanunsuzdur. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, cavabdeh inzibati aktı qəbul edərkən maraqlarına toxunan şəxsi inzibati icraata cəlb etməmiş və sonuncunun qanunla qorunan dinlənilmə hüququnu pozmuşdur. Belə ki, iş materiallarından cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərarın qəbulu zamanı inzibati icraatda maraqlı şəxs kimi çıxış edən İddiaçı KİŞ-in rəsmi qaydada məlumatlandırılması, o cümlədən iddiaçının hüquqi ünvanına hər hansı poçt sənədinin rəsmi qaydada göndərildiyi müəyyən olunmur, bu barədə hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinin 02 dekabr 2021-ci il tarixli 20 saylı qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4975/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4975/2022
28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver