Məhkəmə qərarları › İş №2-1(112)-4976/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4976/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4976/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi və vəkli X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə Ermənistan SSR Vardenis rayonunda doğulmuşdur. O, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilə qədər X4 xalça toxuyan, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Sumqayıt şəhər Trikotaj Fabrikində toxucu, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə qədər X16 Zavodunda tökmə sexində torpaq tökən, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə qədər tökmə sexində kran maşinisti vəzifəsində işləmişdir. xx.xx.1995-ci ildən hazırki vaxta qədər isə Sumqayıt Etilen-Polietilen zavodunda texniki nəzarət şöbəsində kimyəvi analiz laborantı və nəzarətçi peşəsində işləyir. xx.xx.2017ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən qadınlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdir. Bu əsasdan xx.xx.2017-ci il tarixə qədər 20 il ümumi və 10 il zərərl iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 52 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixə qədər 22 il 10 ay 25 gün ümumi iş stajı, 12 il 0 ay 25 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən müvafiq arayış verilmişdir. xx.xx.2011-ci ildən xx.xx.2017-ci ilə qədər işlədiyi nəzarətçi peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №-li, xx.xx.2007-ci il tarixli qərarının 8-ci bölməsinin 8.3.3-cü bəndinə aid olması müvafiq arayışda qeyd olunmuşdur. Eyni zamanda, xx.xx.11989-cu ildən xx.xx.1996-cı ilə qədər işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının Xİ Bölməsinin 1110400a-13790 və 1110100a- 19252 şifrin aid olması barədə arayış verilmişdir. Nəhayət ona 52 yaşı tamam olan tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, DSMF-nun X10 İdarəsi xx.xx.2019-cu il tarixli, **********3 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Etiraza əsasən, iddiaçının xx.xx.1989-xx.xx.1993-cü illər ərzində “xxxx” ASC-də işlədiyi “torpaq tökən” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarda mövcud deyildir. “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 31 nömrəli arayışda Nazirlər Kabinetinin müvafiq qərarından əvvəl mövcud olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsiq edilməsi haqqında” xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarın 1 nömrəli Siyahısının 11-ci bölməsinin 1110100a-19252 koduna istinad edilmişdir. Həmin Qərarda isə peşənin adı tamamilə fərqlidir: 1 nömrəli siyahısının 11-ci bölməsinin 1110100a-19252 kodu bunkerlərdə (tunellərdə) işlənmiş torpağın və isti posanın təmizlənməsi ilə məşğul olan tökmə sexlərində yığıcılar. Həmçinin, iddiaçı xx.xx.1995-xx.xx.1995, xx.xx.1995-xx.xx.1996, xx.xx.1996xx.xx.1996-cı il tarixlər ərzində ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin müddətlər qanunvericiliyin tələblərinə əsasən ümumi iş stajına daxildir, lakin güzəştli iş stajına daxil edilə bilməz. Bundan başqa, iddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək eyni vaxtda iki fərqli müəssisədə işləmişdir. Bu isə qanuna uyğun deyildir. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək olan redaksiyasının qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlamamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən, xx.xx.1985-ci il tarixədək X4 xalça toxuyan, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Sumqayıt şəhər Trikotaj Fabrikində toxucu, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə qədər “xxxxprokat” Zavodunda tökmə sexində torpaq tökən, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə qədər tökmə sexində kran maşinisti vəzifəsində işləmişdir. İşdə olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X6 xx.xx.1995-ci il tarixdə Sumqayıt “Etilen-Poli-etilen” Zavodunda texniki nəzarət şöbəsinə 4-cü dərəcəli kimyəvi analiz laborantı qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə keyfiyyətə nəzarət laborotoriyasına 2-ci dərəcəli kimyəvi təhlil laborantı keçirilmiş, xx.xx.2011-ci il tarixdə Mərkəzi laboratoriyaya 2-ci dərəcəli nəzarətçi (növbəli) (polmer 120 sahəsi) keçirilmiş, xx.xx.2012-ci il tarixdə İstehsalat və keyfiyyət nəzarət laboratoriyasına Polietlen İstehsalatı üzrə 2-ci dərəcəli nəzarətçi (növbəli) keçirilmiş, xx.xx.2013-cü il tarixdən həmi nlaboratoriyada 3-cü dərəcəli nəzarətçi keçirilmiş, xx.xx.2016-cı il tarixdən həmin laboratoriyanın 3-cü dərəcəli nəzarəçisi kimi 4-cü dərəcə verilmiş, xx.xx.2019-cu il tarixdən həmin laboratoriyada 3-cü dərəcəli nəzarətçi (növbəli) Polietilen istehsalatı üzrə keçirilmişdir. İşdə olan “xxxx” ASC tərəfindən verilmiş 31 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixdən, xx.xx.1996-cı il tarixədək Tökmə sexində və Metal tökmə sexində torpaqla işləyən və şaxta sahəsində kran maşinisti peşəsində işləmişdir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 sayıl qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının Xİ bölməsinin, 5a; 1a yarımbölməsinin 1110400a-13790; 1110100a-19252 şifr ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. xx.xx.1995-ci ildən xx.xx.1995-ci il tarixədək; xx.xx.1995-ci ildən xx.xx.1996-cı tarixədək; xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. İşdə olan “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu Kadrlar Şöbəsi tərəfindən verilmiş 55 nömrəli, xx xxx 2020-ci il tarixli və 122 nömrəli xx.xx.2020-ci il tarixli arayışların surətindən görünür ki, İddiaçı xx xxxxxx 2011-ci ildən hal-hazıra kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunun İstehsalat və X2 Polietilen İstehsalatı üzrə nəzarətçi peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarının 8-ci bölməsinin, 8.3.3-cü bəndinə əsasən siyahıda sadalanan TNŞ-nin işçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********3 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü l tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim edilmiş xx xxxxxx 1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1989-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Boru Yayma Zavodu”nun Tökmə sexində və metal tökmə sexində işlədiyi torpaqla işləyən vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı (1) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də, onun güzəştli iş stajı 10 ildən az təşkil edir. Qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı ona xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 52 yaşı tamam olduğu, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. O, hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindən onun xx.xx.1989-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində “X12 Zavodu”nun Tökmə sexində və metal tökmə sexində işlədiyi torpaqla işləyən vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı (11) bölməsində nəzərdə tutulmadığı əsas gətirilərək imtina edilmişdir. Bundan əlavə cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində əlavə olaraq bildirmişdir ki, iddiaçı xx.xx.1995-xx.xx.1995, xx.xx.1995- .xx.xx.1996, xx.xx.1996-xx.xx.1996-cı il tarixlər ərzində ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin müddətlər qanunvericiliyin tələblərinə əsasən ümumi iş stajına daxil edilir, lakin güzəştli iş stajına daxil edilə bilməz. Bundan başqa, iddiaçı xx.xx.1995-ci il tarixdən, xx.xx.1996-cı il tarixədək eyni vaxtda iki fərqli müəssisədə işləmişdir. Bu isə qanuna uyğun deyildir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin imtinasında və etiraz ərizəsində göstərilənlər dəlillər əsassızdır. Belə ki, hazırki mübahisədə mübahisə predmetini iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının güzəştli iş stajının olmaması təşkil edir. Halbuki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçası və güzəştli arayışlardan müəyyən edilir ki, o, xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək “xxxx” ASC-də Tökmə sexində və Metal tökmə sexində torpaqla işləyən və şaxta sahəsində kran maşinisti peşəsində işləyib. Onun işlədiyi peşələr müəssisənin verdiyi arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının Xİ bölməsində, 110400a-13790 və 1110100a-19252 şifrlərinə uyğundur. “Etilen-Polietilen” Zavodunda isə xx.xx.2011-ci il tarixdən hal-hazıradək işlədiyi peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 8ci bölmənin 8.3.3-cü bəndində nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 işləmiş olduğu peşələr Azərbaycan Respublikaksı Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahı”da və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndagöstərilən peşələrə daxil olduğundan və onun, 20 ildən çox ümumi və 10 ildən çox xüsusi iş stajına malik olması məhkəmə araşdırması zamanı təsdiq olunduğundan iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə eləcə də qeyd edir ki, cavabdeh öz etirazında iddiaçının xx.xx.1995xx.xx.1995, xx.xx.1995-xx.xx.1996, 01,03,1996-xx.xx.1996-cı il tarixlər ərzində ödənişsiz məzuniyyətdə olması səbəbindən həmin müddətlərin qanunvericiliyin tələblərinə əsasən ümumi iş stajına daxil edilib, güzəştli iş stajına daxil edilməməsi ilə bağlı mövqeyinə münasibət bildirirək qeyd edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlər güzəştli iş stajına daxil edilməsə belə, o, xx.xx.2017-ci il tarixədək 10 ildən çox xüsusi iş stajına malikdir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar