Məhkəmə qərarları › İş №2-1(112)-498/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-498/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-498/2024 16.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X8 cəlb olunmaqla) qarşı “torpaq sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair mərhum atası X4 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 2 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin ölmüş şəxs X6 məxsus olması barədə arayışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, X10 iddiaçının atasıdır. X12 İdarəsi ilə iddiaçının atası arasında bağlanmış 27 may 1983-cü il tarixli, 14248 nömrəli müqaviləyə əsasən Zirə qəsəbəsi, 212 saylı sahə ünvanda yerləşən 0,20 ha torpaq sahəsi Y.Heydərova icarəyə verilmişdir. Y.Heydərov xx.xx.1988-ci il tarixdə vəfat etmiş, miras qalmış əmlaka Zirə qəsəbəsi 212 saylı sahə ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə dair ünvan 3 işi açılmış, iddiaçı mərhumun vərəsəsi kimi tanınmışdır. Notarius tərəfindən ünvan 4 ünvanında yerləşən 0,20 ha torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, sonuncunun xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə göstərilən ərazi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-709/22 saylı məhkəmə mübahisəsi mövcuddur, lakin yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. İddiaçı məktubda qeyd edilən məhkəmə mübahisəsinin olması ilə bağlı araşdırma aparmış və sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı hər hansı bir mübahisənin mövcud olmadığını müəyyən etmişdir. Bundan sonra, iddiaçı yenidən cavabdehə müraciət etmiş, sonuncunun 22.07.22-ci il tarixli məktubunda qeyd olunan iradların aradan qaldırılmadığı, bundan əlavə, göstərilən əraziyə digər fiziki şəxsin müraciətinin qeydə alındığı bildirilmişdir. Lakin iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, sözügedən torpaq sahəsi iddiaçının mərhum atasına X12 İdarəsi tərəfindən ayrılmış, həmin vaxtdan da qeyd olunan torpaq sahəsi onların istifadəsində olmuşdur. İmtina məktubunda qeyd edilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə uyğunsuzluq təşkil etməsi formal bir yanaşmadır və burada iddiaçının və mərhum atasının hər hansı bir təqsiri yoxdur və hüquqlarına xələl gətirməməlidir. O ki, qaldı, əraziyə digər fiziki şəxsin müraciəti qeydə alınması ilə bağlı qeydə isə, iddiaçının atasına məxsus olmuş, indi isə vərəsəlik qaydasında iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə başqa şəxsin müraciətinin olması mümkünsüzdür. Çünki, bu vaxta kimi nə qonşularla, nə də ki, başqa şəxslərlə torpaq sahəsinə dair hər hansı bir mübahisə mövcud olmamışdır. Sözügedən torpaq sahəsində ağaclar əkilmişdir. Cavabdehin göstərdiyi əsaslar iddiaçının atasına məxsus bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata almamasına maneçilik törədə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 25 yanvar 2023-cü il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “212” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli və ********** nömrəli, xx.xx.2022ci il tarixli ərizələr ilə İdarəyə müraciət etmişdir. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə göstərilən ərazi ilə bağlı digər fiziki şəxsin (X9) müraciəti daxil olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, **********28 saylı, xx.xx.2022-ci il tarixli, **********39 saylı, xx.xx.2022-ci il tarixli məktublar ünvanlanmışdır. Əlavə olaraq bildirilir ki, bağ sahəsinin iki tərəfinin sərhədləri şərtidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs X9 verdiyi izahatında 212 saylı deyil, 211 saylı bağ sahəsi üzərində hüququnun qeydiyyata alınması üçün cavabdehə və məhkəməyə müraciət etdiyini, iddiaçıya qarşı tələbinin olmadığını və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********39 saylı məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 212 saylı torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin və xx.xx.2022-ci il tarixli **********39 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə yenidən baxılaraq əvvəlki imtina məktubunda qeyd olunanlardan əlavə əraziyə digər fiziki şəxsin müraciətinin qeydə alındığı bildirilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Xəzər RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx/xx-1333 №li 30 oktyabr 2020ci il tarixli arayışdan görünür ki, X11 19 yanvar 1988-ci ildə Bakı şəhərində vəfat etmişdir. Bu barədə 01 fevral 1998-ci il tarixdə Xəzər rayon Zirə qəsəbə İcra Nümayəndəliyində qeydə alınmış 06 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. -Bakı şəhər 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda X5 xx.xx.1988-ci il tarixdə vəfat etməsi ilə əlaqədar mərhumun qanun üzrə vərəsəsinin qızı İddiaçı olması barədə məlumat verilmiş və Bakı şəhəri, Zirə qəsəbəsi 212 saylı sahə ünvanında yerləşən 0.20 ha torpaq sahəsinə dair çıxarışın verilməsi xahiş edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının atası X11 (Гейдаров Ядулла Гасан о.) arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin icarəyə verilməsi haqqında” xx.xx.1983-cü il tarixli, 14248 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Zirə qəsəbəsində 0,20 ha sahəsi olan 212 saylı bağ sahəsi Y.Heydərova icarəyə verilmiş, bağ sahəsinin planı tərtib və təsdiq edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********56 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,20 hektar torpaq sahəsi olan 212 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair X12 İdarəsi ilə X11 arasında bağlanılmış xx.xx.1983-cü il tarixli, 14248 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********31 saylı məktubunun surətindən görünür ki, X2 Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən 211 saylı bağ sahəsinə dair texniki pasportun tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, “göstərilən bağ sahəsi Abşeron rayon ərazisinin hüdudları daxilindədir və bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 211 nömrəsinin bu əraziyə aidiyyəti yoxdur.” -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-709/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ünvanında yerləşən 211 saylı bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi tələbinə dair iş üzrə iddia ərizəsi geri götürülmüş sayılaraq həmin iş üzrə icraata xitam verilmişdir. -Bakı şəhəri, Zirə qəsəbəsi, 212 saylı ünvanda yerləşən 0,20 ha torpaq sahəsi üzərində müraciəti qeydə alınan digər şəxs barəsində məlumat verməklə onun müraciəti üçün əsas olmuş sənədlərin təsdiq edilmiş sənədlərin, habelə göstərilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluğun nədən ibarət olması barədə məlumatın məhkəməyə təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavabdeh inzibati orqan tərəfindən verilmiş cavab məktubunda elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi bildirilmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılmasının ekspertin öz səlahiyyətinə (sərəncamına) buraxılmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. X12 İdarəsi tərəfindən xx.xx.1983-cü il tarixli, 14248 №-li icarə müqaviləsi əsasında X7 ayrılmış ünvan 2 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin yerləşdiyi yer, sərhədləri, döngə nöqtələri və koordinatları müəyyən edilsin.

2. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən edilsin.

3. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi bağların bölgü sxemində nəzərdə tutulmuş 212 saylı bağ sahəsinin yerləşdiyi yerə uyğun gəlirmi? Əgər gəlmirsə, uyğunsuzluğun nədən ibarət olması göstərilsin.

4. ünvan 2 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin bağların bölgü sxeminə əsasən 211 yoxsa 212 saylı bağın ərazisinə uyğun gəldiyi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7808 №li ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir: Göstərilən torpaq sahəsi faktiki olaraq 2528,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sözügedən sahənin sərhədləri iki tərəfdən qonşu bağların çəpəri, iki tərəfi isə şərtidir. Faktiki göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Bundan əlavə olaraq bildirilir ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Ümumi ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinə digər şəxsin müraciəti olmuşdur. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx.xx.1983-cü il tarixli, 14248 nömrəli icarə müqaviləsi əsasında iddiaçının mərhum atasının adına Zirə sahəsində 212 saylı, 0,20 ha bağ sahəsi ayrılmışdır. Lakin cavabdeh inzibati orqan bağ sahəsinin koordinatlarla göstərilən sahəsinin sxematik xəritəyə uyğunsuzluq təşkil etdiyini və digər şəxsin müraciətinin olduğunu səbəb gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı iş üzrə iddiaçının 212 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının vərəsəsi olduğu mərhum Yadulla Heydərov arasında bağlanmış xx.xx.1983-cü il tarixli, 14248 nömrəli icarə müqaviləsinin arxiv əsasları mövcuddur, həmin müqavilənin qüvvədən düşməsi, etibarsız sayılması, yaxud həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyatından imtina edilməsi üçün əsaslı saymır və aşağıdakıları bildirir. Belə ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.89-cu maddəsində təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Məhkəmə qeyd edir ki, iddiaolunan 212 saylı bağ sahəsinin bağların bölgüsünə dair dair sxematik xəritəyə ilə uyğunsuzluq təşkil etməsinə dair cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı tutarlı dəlil təqdim edilməmiş, ekspert rəyində də qeyd olunan məsələyə ümumi, yəni cavabdehin mövqeyinə uyğun cavab verilmişdir. Əgər uyğunsuzluq ümumi ərazidə hasarlama işlərinin bağların bölgüsünə uyğun aparılmaması ilə bağldırsa bu halı iddiaçının məsuliyyət sferasına aid etmək olmaz. Digər tərəfdən, sxematik xəritə ilə uyğunsuzluğun olması təsdiq olunsa belə, vəziyyət yenə cavabdehin xeyrinə dəyişmir. Belə ki, yuxarıda istinad olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən göründüyü kimi bu uyğunsuzluqların aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Göstərilən əraziyə hazırkı iş üzrə üçüncü şəxsin müraciəti ilə bağlı məsələyə qeyd edilməlidir ki, iddiaçı 211 saylı deyil, 212 saylı bağ sahəsinə dair tələb irəli sürmüşdür. Bundan başqa iş materiallarından göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 709/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə üçüncü şəxs X3 Bakı şəhəri, Zirə bağ massivində yerləşən 211 saylı bağ sahəsinə iddia ərizəsi onun özünün müraciət əsasında geri götürülmüş hesab edilmiş, qeyd olunan qərardad mübahisələndirilməmişdir. Bundan başqa üçüncü şəxsin cavabdeh inzibati orqana 211 saylı bağ sahəsinə dair müraciətinə verilmiş cavabdan görünür ki, göstərdiyi ərazinin 211 saylı bağ sahəsinə aidiyyəti yoxdur. Eyni zamanda üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında da tələbin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 2 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin ölmüş şəxs X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin ölmüş şəxs X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar