Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4980/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla maddi və mənəvi ziyan barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış faydanın əvəzi olaraq 49.000 (qırx doqquz min) manat vəsaitin, mənəvi zərərə görə 50.000 (əlli min) manat təzminatın cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 09 fevral 2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək, cavabdeh orqana müraciət olunması ilə bağlı sübutların təqdim olunması və iddia ərizənizdə yol verilmiş formal xətaların aradan qaldırılmaqla, iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) təklif olunsa da, iddiaçı tərəfindən həmin sənədlər (cavabdeh orqana müraciət olunması ilə bağlı) məhkəməyə təqdim olunmamışdır. Bundan sonra iddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməs) barədə ərizə təqdim edərək, əldən çıxmış faydanın əvəzi olaraq 50.400 (əlli min dörd yüz) manat vəsaitin, mənəvi zərərə görə 5.000.000 (beş milyon) manat təzminatın cavabdehdən onun xeyrinə tutulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(010)-560/10 saylı, 26.04.2010-cu il tarixli qətnaməsinə əsasən, cavabdehlər Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə, digər cavabdehlər R.Əhmədovanın və A.Əhmədovanın yeni yaşayış sahəsi ilə təmin edilməklə, ona məxsus mənzildən çıxarılmaları qoyulmuşdur. Həmin vaxtdan 11 il 8 ay keçməsinə baxmayaraq, cavabdehlər qərəzli olaraq qətnaməni icra etmirlər. Suraxanı rayon İcra və Probasiya şöbəsinin 18-3260/13-9 saylı, 08.01.2020ci il tarixli məktubunda qeyd edilir ki, icra vərəqəsində, borclular R.Əhmədov və A.Əhmədovanın başqa yaşayış yeri ilə təmin olunması vəzifəsi “Qaçqınkomun” və Suraxanı İcra Hakimiyyətinin üzərinə qoyulduğundan, 04.03.2011-ci tarixdə icra sənədi, icra olunması üçün həmin Dövlət orqanlarına göndərilmişdir. 15.01.2018-ci il tarixdə təkrar müraciət olunmuşdur. Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən növbəti il ərzində Əhmədovların mənzillə təmin ediləcəkləri bildirilmişdir. Suraxanı rayon İcra Hakimiyyəti, qətnamənin icrasının qeyri-mümkün olduğunu bildirmişdir. Bu səbəbdən onun tərəfindən Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4888/2020 saylı 19.11.2020-ci il tarili qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaya dair etirazı məhkəməyə daxil olmamışdır. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblə, yəni cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlara vurulmuş əldən çıxmış faydanın əvəzi olaraq 50.400 (əlli min dörd yüz) manat vəsaitin, mənəvi zərərə görə 5.000.000 (beş milyon) manat təzminatın ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət olunmamışdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə rəsmi qaydada müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından iddiaçının hazırki iddiasına mövcud vəziyyətdə baxıla bilməz. Bundan əlavə materiallarından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə 42 000 manat pulun müştərək qaydada və mənəvi zərərə görə isə 5000 manat pulun ödənilməsi öhdəliklərinin hər bir cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(112)-4888/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 2- 1(103)-656/2021 nömrəli qərardadına görə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(112)-4888/2020 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdırş. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1772/2021 saylı 19.10.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 2- 1(103)-656/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan qərarında (Bənd 29) iddiaçıya icra sənədinin icrası tələbinə dair ərizə ilə müvafiq icra sənədini vermiş məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 25.05.2021-ci il tarixli, 2-1(102)-991/2021 saylı qərarı). Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla maddi və mənəvi ziyan tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4980/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4980/2022
01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver