Məhkəmə qərarları › İş №2-1(112)-4980/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4980/2024

15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4980/2024 15.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan təkrar verilməsinin cavabehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı doğum haqqında şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan təkrar verilməsinin cavabehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində doğulmuş, 2002-ci ildə Almaniyaya getmişdir. Əvvəllər doğum haqqında şəhadətnaməsi olub, lakin Almaniyada olarkən bütün sənədlərini itirib. Azərbaycana qayıdış üçün səfirliyə müraciət edib və ona qayıdış sənədi vermişlər. Cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsiyyət vəsiqəsi olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin tərəfindən əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və X1 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 20 № li arayışında qeyd edilmişdir ki, İddiaçı meyiti xx.xx.2024-cü il tarixdə Birliyin Xətai rayon Şöbəsinin meyitxanasında müayinədən keçirilərək dəfn edilməsi üçün sahiblərinə təhvil verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllə: Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə. Məhkəmə hesab edir ki, iddiaçı öldüyündən və hazırkı mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum haqqında şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan təkrar verilməsinin cavabehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar