Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4983/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “alqı-satqı müqaviləsinə əsasən ödənilmiş pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya qaytarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X4 Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “alqısatqı müqaviləsinə əsasən ödənilmiş pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən və AR Maliyyə Nazirliyindən, ünvan 1 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə görə dövlət büdcəsinə ödənilmiş 45000 manat (26470,58 sent (iyirmi altı min dörd yüz yetmiş dollar 58 sent)), maddi ziyan üçün 64.800 AZN ( altmış dörd min səkkiz yüz manat), mənəvi ziyan üçün 20000 manat (iyirmi min manat), bank xidməti üçün 16.7 manat, Çıxarış və Texniki pasport üçün ödənilmiş 80 manat dövlət rüsümünun, xidmət haqqı üçün ƏMDK-nin hesabına ödənilmiş 130 manat, Xətai rayon məhkəməsinin hesabına ödənilmiş 30 manat və Bakı apelyasiya məhkəməsinin hesabına ödənilmiş 15 manat dövlət rüsumunun alınaraq iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 125 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 45000 manat pul vəsaitinin 25%-ni cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından, 75%-ni Azərbaycan Respublikası dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin inzibati məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq sözü gedən əmlakın hərrac vasitəsilə özəlləşdirilməsi barədə ƏMDK-si tərəfindən qərar qəbul edildikdən sonra “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Həmin dövlət əmlakı axırıncı dəfə xx.xx.2018-ci il tarixində açıq hərraca çıxarılmış və o həmin hərracın qalibi olmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsi (Xidməti) ilə o İddiaçı arasında xx.xx.2018-ci il tarixli 10/01 №İi Hərrac protokoluna əsasən, xx.xx.2018-ci il tarixində 3888 №li alqı-satqı müqaviləsi bağlanmışdır. Bu alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə 45 000 manat pui vəsaiti, bank xidməti üçün 16.7 manat ödənilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli RX seryalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən həmin sahə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bu Çıxarış və Texniki pasport üçün 80 manat dövlət rüsümu, xidmət haqqı üçün isə ƏMDK-nin hesabına 130 manat ödənilmişdir. Hərracın nəticələrindən narazı qalan "xxxx"X1 direktoru X7, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının, cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinə (üçüncü şəxs İddiaçı) qarşı xx.xx.2009cu il tarixli 9207/2294 №li icarə müqaviləsinin predmeti olan ünvan 1 ünvanında yerləşən sahəni ona təklif olunmadan açıq hərracda satıldığına görə xx.xx.2018-ci il tarixli hərracın nəticəsinin ləğv edilməsi, AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li Sərəncamının ləğv edilməsi barədə iddia tələhi 1 savlı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-l(81)-143/2019 saylı qərarı ilə təmin edilməmişdir. (hakim Tahirə Əsədova) Həmin qərardan "xxxx" X2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2019-cu il tarixli 2-1(103)-2375/2019 saylı qərarı ilə təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-143/2019 saylı qərarı və AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li Sərəncamı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2-1(102)508/2020 saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdehlər bu işlə bağlı keçirilən məhkəmə proseslərinin heç birində nə iştirak etmiş, nə də ki qəbul edilən məhkəmə qərarlarının mübahisələndirilməsində maraqlı olmuşdular. Hərracın nəticəsi ləğv olunduğundan, iddiaçı cavabdehlərə pul vəsaitin geri ödənilməsi barədə dəfələrlə rəsmi müraciət etsə də məhkəmə qərarlarında bu haqda heçnə yazılmadığını bəhanə edərək yenidən məhkəməyə müraciət etməyini məsləhət görmüşdülər. Ona görədə xx.xx.20220 tarixində dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi ilə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6090/2020-saylı 19 noyabr 2020-ci il tarixli Qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi və mənəvi hissədən isə rədd edilmişdir. Məhkəmə qərarına görə 45000 (qırx beş min) manat pulun 25%-i, yəni 11250 (on bir min iki yüzəlli) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən, 75%-i, yəni, 33750 (otuz üç minyeddi yüz əlli) manat hissəsi isə Azərbaycan Respublikası dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti vermişdi. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3164/2021 saylı 7 aprel 2021-ci il tarixli Qərardadı ilə apelyasiya şikayətləri qismən təmin olunmuş. Həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə müvafiq İnzibati məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsi üçün 30 (otuz) manat, Apelyasiya şikayəti üçün isə 15 (on beş) manat dövlət rüsumu ödənilmişdir. Sonuncu dəfə 25 noyabr 2021-ci il tarixində cvabdehlərə dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılması xahişi ilə müraciət etməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Ona görə iddiaçı hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının iddiasını əsassız hesab edilərək, iddianın Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi 63 kv. m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3888 saylı alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 4 ünvanında yerləşən 60.8 kv. m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır. Hazırda yuxarıda qeyd olunan dövlət əmlakının özəlləşdirilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edildiyindən, iddiaçı əmlakın özəlləşdirilməsi ilə əlaqədar ödənilmiş pulun və digər vəsaitlərin geri qaytarılmasını xahiş edir. Bununla əlaqədar bildirilmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1 -ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə malik deyildir. Qeyd edilən səbəbdən, iddiaçı tərəfindən yuxarıda qeyd edilən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 45.000 manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya ödənilə bilər. Əlavə olaraq bildirimişdir ki, iddiaçı maddi ziyan üçün 64800 (altmış dörd min səkkiz yüz) manatın, mənəvi ziyan üçün 20000 (iyirmi min) manatın, bank xidməti üçün 16.7 (on altı manat yetmiş qəpik) manatın, çıxarış və texniki pasport üçün ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun, xidmət haqqı üçün ödənilmiş 130 (yüz otuz) manatın, Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 (otuz) manatın və Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun da cavabdehlərdən müştərək qaydada tutulmasını da xahiş etmişdir. Bununla əlaqədar bildiririk ki, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona maddi və mənəvi zərər vurulduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, iddia maddi və mənəvi zərər hissəsində də rədd edilməlidir. Eyni zamanda, iddiaçının Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı əsas tələbi rədd edilməli olduğundan, qeyri-yaşayış sahəsinə çıxarış və texniki pasport alınması üçün çəkilmiş xərclərin ödənilməsinə dair əlavə tələbi də təmin edilə bilməz. Qeyd edilənlərdən əlavə bildirilir ki, hazırkı mübahisənin predmeti ilə bağlı iddiaçının eyni məzmunlu iddia tələbinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində bundan əvvəl baxılmış və iş üzrə icraata xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu səbəbdən də bildirilir ki, iddiaçının əvvəlki məhkəmə mübahisələri üzrə Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat və Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 15 manat dövlət rüsumunun geri qaytarılması ilə bağlı məsələyə hazırkı məhkəmədə münasibət bildirilə bilməz.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- iddiaçı xx.xx.2021-ci il tarixli (Dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair) ərizəsi ilə cavabdehlərə müraciət etmişdir. - cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti və Maliyyə Nazirliyinə qarşı əmlakın özəlləşdirilməsi üçün ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlı iddianız hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Məhkəmə işi yekunlaşdıqdan sonra qəbul ediləcək məhkəmə qərarı əsasında qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir. - cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2021-ciil tarixli məktubu ilə bildirilmişdir ki, eyni məzmunlu “ödənilmiş vəsatin geri qaytarılması” barədə müraciətinizə Nazirliyin 28 oktyabr 2021-ci il tarixli MİHO/1.1-2-2021-5688 nömrəli məktubu ilə münasibət bildirilmişdir. - 10/01 nömrəli xx.xx.2018-ci il tarixli Hərrac protokolu. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı müraciəti ilə bağlı aparılmış inzibati icraat materiallarının və digər sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümükün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia tələbi əsaslıdır və iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixlli, 141N-li sərəncam qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 10/01 N-li Hərrac protokolu və xx.xx.2018-ci il tarixli 3888 №-li Müəssisənin alqı-satqı müqaviləsindən görünür ki, ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 60,8 kv.m olan qeyri-yaşayış sahəsi hərraca çıxarılmış, xx.xx.2018-ci il tarixdə 45 000 manata İddiaçı satılmış və Komitə ilə sonuncu arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 143/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiçı "xxxx" X2 tərəfindən cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (3-cü şəxs İddiaçı) xx.xx.2017-ci il tarixli, 141 N-li sərəncamın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İş marteriallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2375/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-143/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 №-li sərəncamı ləğv edilmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin açıq hərracda satışını təşkil etdiyi qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən satın alınmış və həmin əmlaka görə 45 000 manat məbləği ödəmişdir, lakin sonradan qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında hərracın keçirilməsinə dair sərəncam ləğv edilmişdir. Hazırki iş üzrə iddiaçının tələbi məhz həmin ləğv olunmuş sərəncam əsasında keçirilən hərrac nəticəsində onunla bağlanmış alqı-satqı müqaviləsi üzrə ödədiyi pul vəsaitinin qaytarılmasından ibarətdir. İş materiallarından görünür ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı tərəfindən ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 45000 manat pulun 25%-nin, yəni 11250 manat hissəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75%-nin, yəni 33750 manat hissəsinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3164/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixliq ətnaməsi ləğv edilmiş, həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Göründüyü kimi, iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların təsnifatı”na əsasən inzibati orqandır və dövlət büdcəsinə artıq ödənilmiş qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılması yalnız ona xas olan vəzifə olmaqla qanunla ona verilmiş hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə həyata keçirilən hərəkətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hərracın keçirilməsinə dair sərəncam ləğv edildiyindən, əvvəlki vəziyyət bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır. Müvafiq qanunvericilik normalarına əsasən ödənilmiş məbləğin 25 % hissəsi Əmlak Məsələləri Dövlət Komitəsindən, qalan 75 % hissəsi isə dövlət büdcəsi hesabına Maliyyə Nazirliyindən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanların eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən, alınan əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunmaqla), onun dəyərini pulla ödəməlidir. - 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. - 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. - 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. -1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. -1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. -1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.9-cu maddəsinə əsasən əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. - 89.1-ci maddəsinə müvafiq olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri(hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. - 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: - 1.0.1ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. - 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. - 20.1-ci madəsinə əsasən dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Dövlət əmlakının hərrac vasitəsilə satışı baş tutmadıqda (sifariş verilmədikdə və ya start qiyməti ilə satılmadıqda) növbəti hərracda dövlət əmlakının satıcısı müəyyən olunmuş qaydada start qiymətini aşağı sala bilər. - 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikası dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə Qaydaları”nın: - 2-ci bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. - 4-cü bəndinə əsasən ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. - 8-ci bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. - 9-cu bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, sahibkarlığa dövlət köməyinin, o cümlədən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi nin hesabına bu vəsaitin 25 faizi həcmində ayırmalar nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti AR dövlət büdcəsinə daxil olur. Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 8.22-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək Nazirliyin vəzifələrindən biridir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 125 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 45000 manat pul vəsaitinin 25%-ni cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından, 75%-ni Azərbaycan Respublikası dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə tutularaq İddiaçı ödənilməsi barədə iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 125 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 45000 manat pul vəsaitinin 25%-ni cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından, 75%-ni Azərbaycan Respublikası dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə tutularaq İddiaçı ödənilməsi barədə iddia təmin edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev