Məhkəmə qərarları › İş №2-1(112)-4983/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4983/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4983/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən “1273” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlərdə bildirmişdir ki, təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar olunmamışdır. Həmçinin qeyd edilən torpaq sahəsinin nömrəsi X1 sxemində qeyd edilməmişdir. Bundan əlavə elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Odur ki, həmin torpaq sahəsinin qanuni istifadəçiləri ilə notariat qaydasında təsdiq olunmuş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ Massivində yerləşən “1273” saylı bağ sahəsinin mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1 ərazisində yerləşən “1273” saylı bağ sahəsinin mülkiyyət hüququnun mərhum əri X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ Massivində yerləşən “1273” saylı bağ sahəsi onun istifadəsindədir. Həmin bağ sahəsi 1989-cu il tarixli Bakı şəhəri İcra Hakimiyyətinin qərarına əsasən 0.12 ha torpaq sahəsi həcmində əri X4 adına ayrılmışdır. Bağ sahəsi ərinə ayrılan gündən faktiki olaraq 30 ildən artıqdır ki, istifadəsindədir. xx.xx.2019-cü il tarixdə əri rəhmətə getdikdən sonra həmin bağ sahəsinin sənədləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə müraciət edərək, bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, İdarə tərəfindən müxtəlif bəhanələr gətirilərək bağ sahəsi onun adına bugünədək sənədləşdirilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad etmiş və bildirmişdir ki, təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar olunmamışdır. Həmçinin qeyd edilən torpaq sahəsinin nömrəsi X1 sxemində qeyd edilməmişdir. Bundan əlavə elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Əlavə olaraq inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Odur ki, həmin torpaq sahəsinin qanuni istifadəçiləri ilə notariat qaydasında təsdiq olunmuş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********02 nömrəli cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. a) İddianın mümkünlüyü Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayış verilməsindən ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. b) İddianın əsaslılığı İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 10/370 saylı qərarından görünür ki, 114 nömrəli bağ-tikinti kooperativinin 14 nəfərdən ibarət üzvünün siyahısı təsdiq edilmişdir. - Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarından görünür ki, X5 114 nömrəli bağ-tikinti kooperativinin tərkibində Vişnyovka-1 massivində 0,12 ha torpaq sahəsi olan bağ sahəsi ayrılmışdır. - Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 10/370 saylı qərarı ilə təsdiq edilmiş Vişnyovka-1 massivində olan 114 nömrəli bağ-tikinti kooperativinin üzvlərinin siyahısından görünür ki, həmin siyahıda 14 nəfər göstərilmiş, daha sonra M.Cəfərovun adı 11/409 saylı qərara əsas siyahıya əlavə edilmiş və o, siyahıda 15-ci sırada göstərilmişdir. - 114 nömrəli bağ-tikinti kooperativinin xx.xx.1989-cu il tarixli 15 saylı orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11/409 saylı qərarına əsasən vətəndaş X5 114 nömrəli bağ-tikinti kooperativinin tərkibində Vişnyovka-1 massivində 0,12 ha torpaq sahəsi olan 1273 saylı bağ sahəsi verilmişdir. - Bakı şəhəri 10 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X7 oğlu xx.xx.2019-cu ildə vəfatı ilə əlaqədar İddiaçı müraciəti əsasında vərəsəlik işi açılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, hasar daxili torpaq sahəsi 2016.0 kv.m təşkil edir. Sahədə 2(iki) ədəd yaşayış evi, köməkçi tikili və həyət tikilisi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən ərazi sxematik xəritəyə uyğun gəlir. Yaşayış evlərindən birinin bir hissəsi və torpaq sahəsinin 183.0 kv.m hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. Bundan əlavə, hasardaxili sahədə 1273 saylı bağın digər bölünənləri də yerləşməlidir. Odur ki, həmin torpaq sahəsinin qanuni istifadəçiləri ilə notariat qaydasında təsdiq olunmuş bölgü sxemininin təqdim olunması məqsədəuyğundur. - - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, X5 ayrılmış 114 nömrəli bağ-tikinti kooperativinin tərkibində Vişnyovka-1 massivində 0,12 ha torpaq sahəsi olan 1273 saylı bağ sahəsi hasar daxilindədir. Ümumi sahəsi 2016.0 kv.m təşkil edir. Əlavə istifadə olunan 816.0 sahənin sənədləri təqdim edilməyib. Sahədə 2 ədəd bir mərtəbəli ev, köməkçi tikililər və həyət tikilisi var. Bağ sahəsinin şimal hissəsindən hasardan 4.5-5.5-7.0 metr aralı məsafədən yoldan 6-kuq elektrik xətti keçir. Sahədəki 1 evin və torpaq sahəsinin 1 hissəsi elektrik xəttinin mühafizəsinə düşür. Ümumi 2016.0 kv.m sahənin koordinatları əlavə olundu. Arxiv cizgisi olmadığından 1200.0 kv.m sahənin ümumi sahənin hansı hissəsi olduğunu aydınlaşdırmaq mümkün olmadı. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, M.Cəfərova ayrılmış 0,12 ha sahəsi olan 1273 saylı həmin bağ sahəsinə mülkiyyət hüququnun ərinə məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən M.Cəfərova bağ sahəsinin ayrılması barədə qərarı və orderi təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 1273 saylı bağ sahəsinin iddiaçının ərinə ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 114 nömrəli ВТК üzvləərinin arxiv qovluğunda mövcud siyahısında əl yazısı ilə yazılan X4 adı qarşısında qeyd edilən 11/409 nömrəsi Bakı şəhər İcraiyyə Komitəsinin qərarının nömrəsidir. Belə ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/409 nömrəli qərarın 2.3.27 sıra nömrəsində X4 adına ВТК 114 Vişnyovka1 bağ massivi (sənəddə olduğu kimi) göstərilmişdir. Lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlər mötəbər olmuşdur və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ərinə ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyinə deyil, digər əsaslara, yəni:

1. təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar olunmaması:

2. torpaq sahəsinin nömrəsinin X1 sxemində qeyd edilməməsi;

3. torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi;

4. və torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində yerləşməsinə istinad etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin bu dəlillərini əsasız hesab edir. Belə ki, birincisi, qanunverici bağ sahəsinə hüququn qeydə alınması üçün hüquqmüəyyənedici sənəd qismində icarə müqaviləsi, sərəncam və orderin eyni anda deyil, onlardan yalnız birinin təqdim edilməsini təsbit etmiş, iddiaçı torpaq sahəsinin ayrılması barədə qərarı cavabdehə vermişdir. Belə olan halda iddiaçının əlavə olaraq order təqdim etməsinə zərurət qalmamışdır. İkincisi, 15 saylı order cavabdeh İdarənin arxivində olmasa da, əsli iddiaçıda mövcud olmuş, cavabdeh sənədin qeyri-mötəbər olması ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Torpaq sahəsinin nömrəsinin X1 sxemində qeyd edilməməsi isə iddiaçının səlahiyyətində və məsuliyyətində olmamışdır. Belə ki, işdə olan 114 saylı BTK-yə məxsus bağların yerləşmə sxemindən görünür ki, orada cəmi 14 bağ sahəsi göstərilmiş, iddiaçı isə həmin kooperativə sonradan qəbul edilərək, siyahıda 15-ci şəxs olmuşdur. Deməli, ona bağ sahəsi ayrıldıqdan sonra həmin bağ 114 saylı BTK-yə məxsus bağların yerləşmə sxeminə əlavə edilməli idi. Lakin işdən görünür ki, müvafiq səlahiyyətli şəxslər bu dəyişikliyi etməmişlər. Məhkəmə hesab edir ki, müvafiq yerləşmə sxeminə düzəliş edilməsi iddiaçının səlahiyyətində olmadığından bu hal iddiaçının hüquqlarının qeydə alınmasından imtina üçün əsas olan bilməz. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə gəldikdə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən:

6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.

7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində yerləşməsinə gəldikdə, məsələ ilə bağlı məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən torpaq sahəsinə yerli baxış keçirilməklə iddiaçının hüququnun qeydə alınması üçün müraciət etdiyi 0,12 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş və iş materiallarına əlavə edilmişdir. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, cavabdhin imtina dəlilləri formal olmaqla k şəxsin qanunla yaranan hüququnun qeydə alınmasından imtina üçün əsas təşkil edə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə M.Cəfərovun yaranmış mülkiyyət hüququna dair arayış verilməsini tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən “1273” saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar