Məhkəmə qərarları › İş №2-1(112)-4984/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4984/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4984/2022 02.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" Mənzil Tikinti Kooperativi və "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunaraq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən binanın 52 saylı mənzilə xüsusi mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının XV mərtəbəsində, 2 otaqlı, sahəsi 94,2 kvm olan 52 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, sifarişçi olaraq "xxxx" MMC (podratçı) ilə ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindəki ümumi sahəsi 94,2 kv.metr olan 2 otaqlı, 52 saylı fərdi mənzilin tikintisi haqqında 20 avqust 2011-ci il tarixli, 62 saylı müqavilə bağlamışdır. Onun tərəfdən müqavilə öhdəliyinə əməl edilmiş, mənzilin müqavilədə göstərilən 47100 manat dəyərini elə həmin gün MMC-nin xəzinəsinə tam ödəmişdir. Əlində kassa mədaxil orderi var. Müqavilədə qiymətin dəyişməz olması öz əksini tapmaqla MMC mənzili tikib sifarişçiyə təhvil verməsi öhdəliyi götürüb. O, öhdəliyə əməl etdiyindən həmin mənzilə sahiblik, istifadə hüququ var. Azərbaycan Respublikası MM-nin (tərəflər müqavilə yazarkən qüvvədə olan redaksiyada) 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraçın koperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər koperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Pay yığımına hüququ olan şəxslər mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu,daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Lakin MMC-nin rəhbərliyi başqalarına qarşı dələduzluq etdiyinə görə uzunmüddətli cəzaya məhkum edilmişdir. Məhkəmə araşdırmaları ilə 15-ci mərtəbədəki 52 saylı mənzilin ona satılması təsdiq olunub. Əlində qüvvəyə minmiş məhkəmə qərarı var. Yaranmış vəziyyətlə əlaqədar MMC-nin adları dəyişmiş, yazışmalara görə sonuncu adı - "xxxx" MMC-dir. Adın və varisin kim olmasından asılı olmayaraq 52 saylı mənzil payçı kimi onundur. Lakin hüquqlarının qeydə alınmasında süni maneələr yaradılır. Ahıl və xəstə anası ilə 11 ildir ki, kirayədə yaşamağa məcbur edilmişlər. Yaranmış vəziyyətlə əlaqədar cavabdehə müraciət edərək lazımı sənədləri təqdim etmişdir. İdarənin rəisinin ona ünvanladığı 13 dekabr 2021-ci il tarixli, **********07 saylı cavab məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) - "xxxx" MMC ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışında "xxxx" MMC - "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" MMC-nin adına Daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra mülkiyyət hüququ qeydiyyata alına bilər. Göründüyü kimi cavabdeh hüququnun qeydə alınmasından imtina etmişdir. Hesab etmişdir ki "xxxx" MMC-nin adına qeyd tələbi və imtina əsassızdır. Belə ki, cavabdan da göründüyü kimi göstərilən binanın istismara qəbul aktı var. Nə qədər ki, dövlət binanın qanunsuz tikilməsini iddia etmir və istismara qəbul aktı verir deməli payçılarında mülkiyyət hüququnu tanıyır. Onun şəxsi mülkünün kiminsə adına mülkiyyətçi kimi qeydə alınması yolverilməzdir. Digər tərəfdən cavabdeh eyni əsasla ondan başqa həmin binadan mənzil almış 31 nəfərində hüquqlarının qeydə alınmasından imtina etmiş, həmin bu 31 nəfər (Nəzərov Fuad, Hüseynov Azad, Salman, Xalidə, D.Əliyeva və başqaları) məhkəməyə müraciət etmiş, məhkəmə qərarı ilə imtina əsassız hesab edilərək bu şəxslərin hüquqları reyestr xidmətində qeydə alınmışdır. Bütün bunlarla yanaşı "xxxx" Mənzil Mikinti Koperativinin özü də hüquqların qeydə alınmasına dair iddia qaldırmış, Bakı inzibati Məhkəməsinin icraatında olmuş həmin 2-1(112)-7440/2020 saylı iş üzrə qeyd edilən binanın 12-ci mərtəbəsindəki 37 saylı mənzilin sahibi, onunla eyni statuslu sifarişçi X5 3-cü şəxs kimi işə cəlb edilmiş, (31 oktyabr 2012-ci ildə bu mənzilə "xxxx" MMC (podratçı) ilə müqaviləsi var) Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin hüquqların qeydiyyatından əsassız imtinası müəyyən edildiyindən iddia təmin edilmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi (“Nəsimi-19" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışında “Alyans-Z" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Mənzil- Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Qeyd olunan səbəblərə görə ərizənin icrası tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli, **********07 nömrəli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslər "xxxx" Mənzil Tikinti Kooperativi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti lazımi qaydada xəbərdarlıq edilsələr də səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” xx.xx.2011-ci il tarixli, 62 №-li müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının XV mərtəbəsindəki 2 otaqlı, 52 №-li 94,2 kv.m. mənzilini tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 47.100 manat müəyyən edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 72 №-li, xx.xx.2011-ci il tarixli kassa mədaxil orderinin qəbzinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixli 62 saylı müqvilə üzrə 47.100 manat kassaya mədaxil etmişdir. - İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış “əsas tikinti işləri” hadqqında xx.xx.2011-ci il tarixli, 1 №-li müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC ilə sifarişçi arasında əsas tikinti işlərinin görülməsinə barədə razılıq əldə edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünün lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin hökmə əsasən X8 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təşkilati-sərəncamverici, inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən səlahiyyətli vəzifəli şəxs kimi, Cəmiyyətin direktoru X4 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək təkrarən eyni niyyətlə, qeyd olunan yaşayış binasının 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 94,2 kv.m. oları 52 №-li mənzilin "xxxx" MMC ilə bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə ilə 47100 manata İddiaçı satıldığını bildiyi halda, göstərilən mənzili yenidən xx.xx.2013-cü il tarixdə X3 118.000 manata qanunsuz satıb, Cəmiyyətin qeyd olunan ünvandakı ofisində həmin pul vəsaitini alıb öz aralarında bölməklə, məbləğin özünə çatan hissəsini şəxsi ehtiyaclarına xərcləyib, sonuncuya məxsus külli miqdarda özgə əmlakını qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirməklə qeyd olunan mənzilin İlqar Yusubovun adına satılması haqqında məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – xx.xx.2013-cü il tarixli, 102 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə və tam ödəniş barədə həmin tarixli AXU 116 nömrəli mədaxil qəbzinin tərtib edilib, imza və möhürlə təsdiq olunmasını təşkil edib, rəsmiləşdirərək sonuncuya verib tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, İddiaçı mənzil üzərində mülkiyyət hüququnu pozaraq onu faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Həmçinin iş üzrə xx.xx.2011-ci il tarixli, 62 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə nəzərə alınmışdır. - Azərbaycan Respublikasının Döblət Şəhərsalma Arxitektura Komitəsinin 246 №-li, xx.xx.2019-cu il tarixli 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşaat daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binası kompleksinin istismarına icazəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllə, 1 girişli, zirzəmi 17 mərtəbəli yaşayış binası istismara verilmişdir. - “Sifarişçi” - "xxxx" MTK və “Podratçı” - "xxxx" MMC arasında bağlanmış xx.xx.2006cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi”-nin tapşırığı ilə “Podratçı” öz vəsaiti və riski ilə Bakı şəhəri icra Hakimiyyəti Başçısının 237 №-li, xx.xx.2004 cü il tarixli Sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsi, 717-cı məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mexmanxanası yerləşdiyi 0,673 ha. torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10242 kv.m., yaşayış sahəsi 8022 kv.m. yaşayış binası və 2220 kv.m. ticarət obyektin inşa edilməsini (bundan sonra müqavilədə «Obyekt» adlanacaq) öhdəsinə götürür, «Sifarişçi» isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşaedilməsi nəzərdə tutulan «Obyekt»in müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi razılaşdıraraq «Podratçı»ya təhfil verməyi öhdəsinə götürür. 3.1.12-ci bəndinə əsasən “Podratçı” obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər 3.1.14-cü bəndinə əsasən mənzillərin satılması üçün alıcılara bağlanan müqavilə "xxxx" MTK tərəfindən bağlanır. - Məhkəmə qərarlarının surətlərindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin iddiası qismən təmin edilərək, ünvan 2dəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsinin iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə qətnaməsi yoxlanılan «ünvan 2də yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. "xxxx" MTK-nın tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin.» hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)-158/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(103)-662/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********07 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinə tərəflərindən baxılmışdır. Azərbaycan Respublikasının Dövlət Şənərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 62 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının XV mərtəbəsindəki 52 №-li, sahəsi 94,2 kv.m. olan mənzili tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib 47100 manatı ödəməsini öz öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 72 №-li, xx.xx.2011ci il tarixli orderin qəbzinə əsasən İddiaçı xx.xx.2011-ci il tarixli, 62 saylı müqavilə üzrə 47100 manat kassaya mədaxil etmişdir. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən müraciəti yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilməsi əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; - 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; - 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir. - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; - 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; - 24-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 nömrəli iş üzrə 02 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ünvan 2 ünvanındakı iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyatını iddia etdiyi mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasının tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi "xxxx" MMC-yə aid edilmişdir. Qətnamə həmin hissədə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Bu hal belə deməyə əsas verir ki, qüvvədə olan vergi qanunvericiliyi ilə "xxxx" MMC ilə iddiaçı arasındakı xx.xx.2011-ci il tarixli, 62 nömrəli müqavilə üzrə mənzilin satışını “malların təqdim edilməsi” kimi qiymətləndirilir, həmin müqavilə üzrə ödənilmiş pul vəsaiti isə vergiyə cəlb olunan gəlir sayılır. Həmçinin "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilə mübahisə predmeti olmuş və qüvvədə olan məhkəmə hökmü ilə həmin müqavilənin qanunauyğunluğu təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Digər tərəfdən iddiaçı müraciəti üzrə inzibati orqan tərəfindən aparılan inzibati icraatda müvafiq mənzilin yerləşdiyi binanın “istismara icazə” sənədinin təqdim etməsə də həmin sənəd Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qəbulundan sonra səlahiyyətli orqan tərəfindən 2019-cu ilin dekabr ayında verilmişdir. Belə olan təqdirdə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutularaq, iddiaçının mənzilinin yerləşdiyi binanın “istismara icazə” sənədinin ilkin müraciət zamanı təqdim edilməməsi, inzibati orqanın imtinası üzrə əsaslar sırasında formal saxlanılmış olur və hazırda imtina üçün əsas sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının XV mərtəbəsində, 2 otaqlı, sahəsi 94,2 kvm olan 52 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının XV mərtəbəsində, 2 otaqlı, sahəsi 94,2 kvm olan 52 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar