Məhkəmə qərarları › İş №2-1(112)-4984/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4984/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4984/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Binəqədi RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ailə üzvlərilə birlikdə (özü, arvadı və xx.xx.2011-ci il təvəllüdlü oğlu X5) “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi xx.xx.2024-cü il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Binəqədi RİH-yə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək SSRİ SQ-da müddətli həqiqi hərbi xidmət, xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçmişdir. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2015-ci il tarixli 2673ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Dövlət Sərhəd Xidməti X12 Nəzarət Dəstəsi rəisinin xx.xx.2015-ci il tarixli 0364 (nizami hissə üzrə) nömrəli əmri ilə xx.xx.2016-cı il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. O, xx.xx.2024-cü il tarixdə Binəqədi RİH-yə ərizə ilə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə qəbul edilməsi və mənzillə təmin olunnanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsini xahiş etmiş, lakin cavabdeh ona xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, o, təqdim etdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında müvafiq arayışa əsasən ailə üzvlərilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olaraq, yaşayırlar. İmtinanı əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh Binəqədi RİH-nin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh Binəqədi RİH-nin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı 5-10/1-A-147-068/2024 saylı xx.xx.2024-cü il tarixli ərizə ilə Binəqədi RİH-yə müraciət edərək, ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsinə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı təqdim etdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında müvafiq arayışdan müəyyən olunmuşdur ki, o ailə üzləri ilə birlikdə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, döngə 18, ev 8 ünvanında qeydiyyatda olaraq yaşayır. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan va ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu səbəbdən, müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır və iddiaçıya gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə İddiaçı müracəti əsasında məsələyə yenidən baxıla biləcəyi bildirilmişdir. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbinin əsassız olduğu üçün, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş edi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı həmin tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR НЗ seriyalı ******* №li hərbi biletdə (surəti) olan məlumatlardan müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixədək SSR SQ-da müddətli həqiqi hərbi xidmət keçmişdir. DSX rəisinin xx.xx.2015-ci il tarixli 2673ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli 66 nömrəli arayışında göstərilmişdir ki, 1964-cü il təvəllüdlü istefada olan baş gizir İddiaçı həqiqətən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək SSRİ SQ-da müddətli həqiqi hərbi xidmət, xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası SQ-da gizir qismində həqiqi hərbi xidmət keçmişdir. DSX rəisinin xx.xx.2015-ci il tarixli 2673ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. DSX HN SND rəisinin xx.xx.2015-ci il tarixli 0364 (nizami hissə üzrə) nömrəli əmri ilə xx.xx.2016-cı il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli, 12-3/2-A-14xx-xx-1532/2024 №-li arayışında göstərilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində ona verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********67 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti, ev 32, mənzil 38 ünvanı xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 42 saylı notariat kontorunun 4Ə/08- 686 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. İddiaçı adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsinə dair xx.xx.2024-cü il tarixli Müqaviləsindən (kirayə müqaviləsi) müəyyən edilir ki, X4 özünə məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 62.7 kv/m, yaşayış sahəsi 46.05 kv/m olan 3 otaqlı mənzili aylıq 300 manat kirayə haqqı ödəməklə İddiaçı kirayəyə vermişdir. Kirayə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli 3-38- 51/2-A-1xx-xx/2024 nömrəli arayışından görünür ki, xx.xx.2015-ci il tarixindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunun 41.0.3-cü maddəsinə müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmətindən istefaya buraxılmış İddiaçı xidmət etdiyi müddət ərzində dövlət tərəfindən birdəfəlik (xüsusi) mənzil və ya torpaq sahəsi ilə təmin olunmamışdır. xx.xx.2024-cü il tarixdə “Asan 1” tərəfindən xx.xx.1964-cu il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X6, xx.xx.1989-cu il təvəllüdlü X7, xx.xx.1968-ci il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X11 Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Ə/D, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, Döngə 18, ev 8 ünvanında qeydiyyatdadırlar. xx.xx.1989-cu ildə Nəsimi rayon VVAQD şöbəsi tərəfindən verilmiş Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X9 həmin gün nikaha daxil olmuşlar və nikahdan sonra arvada Aydınova soyadı verilmişdir. İddiaçının hazırkı tələbi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinə cavabdeh inzibati orqan Binəqədi RİH-nin xx.xx.2024-cü il tarixli, № 5-10/2-A-147-068/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “... təqdim etdiyiniz yaşayış yeri üzrə qeydiyyat haqqında müvafiq arayışa əsasən ailə üzlərinizlə birlikdə ünvan 5 ünvanında qeydiyyatda olaraq yaşayırsız. Nəzərinizə çatdırırıq ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci madddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu səbəbdən, müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müracətiniz əsasında məsələyə yenidən baxıla bilər”. Məhkəmənin müvafiq sorğularına əsasən: Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə i.ə.d. üzrə Nümayəndəliyinin 5-10-4/2-04/2025 nömrəli xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Sulu - təpə qəsəbəsi R.Allahverdiyev küçəsi 18-ci döngə, 8 saylı evdə aşağıda adları göstərilən şəxslər qeydiyyatdadır və yaşayırlar. 1 İddiaçı-01.01,1964-cü il təvəllüd 2 X8- xx.xx.1968-ci il 3 X6 -xx.xx.1993-cü il 4 Zeynalov Rza Rahim oğlu-1 8.09.2018-ci il 5 X7- xx.xx.1989-cu il 6 X5-xx.xx.2011-ci il Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-3253/2025 №-li cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən ə/d, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 18, 8 saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mənzil Məcəlləsi: .... Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. ... Maddə 51.1 bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2 yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3 vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. ... Maddə 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. ... 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. ... Maddə 55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun: ... Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ. 2-ci bənd. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsiləbu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. ... 7-ci bənd. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: ... Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: ... Maddə 147. 8-ci hissə. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

MƏHKƏMƏNİN MÖVQEYİ

Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sabiq hərbi qulluqçu kimi ailə üzvləri ilə birgə mənzil növbəsinə götürülmə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə nail olmaqdan ibarətdir ki o, qeyd olunan tələblə cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İlkin olaraq iddia tələbinin hüquqi əsası bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, istinad olunan qanunvericiliyə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün müəyyən güzəştlər, o cümlədən onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı güzəştlər, habelə onlar mənzillə təmin edilənədək və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərcləri üzrə kompensasiyanın ödənilməsi ilə bağlı güzəştlər nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, qanunla müəyyən olunmuş qaydada həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərə münasibətdə belə güzəştləri müəyyən etməkdə qanunvericinin məqsədi hərbi xidmətin və konstitusion hərbi vəzifə borcunun əhəmiyyətini və xarakterini, onun cəmiyyətdə xüsusi rolunu nəzərə alaraq, hərbi xidmətdən sonrakı dövrdə həmin şəxslərin sosial müdafiəsini gücləndirmək, onların layiqli həyat və yaşayış səviyyəsini təmin etməkdən ibarətdir. Məhkəmə qeyd ki, iddiaçının hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi hüququnun mövcudluğu işin təkzib olunmaz hallarına aiddir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55-ci maddəsində “yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması”na əsas olmuş hallar sadalanmışdır. Başqa sözlə desək, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması əsaslarının mövcudluğunun aradan qalxması halları təsbit edilmişdir. Cavabdeh inzibati orqanın imtinasından görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmamasında, sonuncunun təqdim etdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında müvafiq arayışa əsasən ailə üzlərilə birlikdə ünvan 5 ünvanında qeydiyyatda olaraq, yaşadıqlarına istinad etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının ailə üzlərilə birlikdə qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. İddiaçının izahatından müəyyən olunmuşdur ki, həmin ev qızı - X3 məxsusdur və onların qeydiyyata düşmək üçün başqa yaşayış sahələri olmadığından, həmin ünvana qeydiyyata alınmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Göründüyü kimi qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı yaşadığı və olduğu yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi iddiaçının pasport qeydiyyatında olması şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması əsaslarının mövcudluğunun aradan qalxması hallarına aid olmadığından əsassızdır. Beləliklə iş materiallarından görünür ki, iddiaçının hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq üçün mənzil növbəsinə qəbul edilməsi və mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqının ödənilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarında göstərilən əsaslar mövcuddur. Belə ki, iddiaçı 15 ildən artıq həqiqi hərbi xidmət keçmiş və qanunun tələblərinə əsasən mənzillə təmin olunmaq üçün hərbi xidmətdən istefaya yaşa görə buraxılmışdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1964-cı il təvəllüdlü İddiaçı ailə üzvləri (arvadı xx.xx.1968-ci il təvəllüdlü X8 və oğlu xx.xx.2011-ci il təvəllüdlü X5) ilə birlikdə istefaya buraxılmış hərbi qulluqçu kimi xx.xx.2024-cü il tarixdən mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunmaları vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar