Məhkəmə qərarları › İş №2-1(112)-4986/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4986/2023

14.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4986/2023 14.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı Rahim qızının iştirakı ilə, İddiaçı Rahim qızının cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı X5, X7 və X6 üçüncü şəxs qismində cəlb olunmaqla “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Rahim qızı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən X1, X4, X2 və onun yetkinlik yaşına çatmamış uşağı X11 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, üçüncü şəxslərin qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi faktiki sahibliyindədir. 1997-ci ildə keçmiş əri X5 ilə birlikdə İmişli rayonundan köçərək Yasamal rayonunda 2-ci Alatava küçəsində kirayədə qalmışdır. Daha sonra 2002-ci ildə eyni məhəllədə qeyd olunan mənzili Qüdrət adlı şəxsdən 2700 ABŞ dollarına almışlar. Onunla birlikdə ailə üzvləri də həmin mənzilə qeydiyyata düşmüşdür. 2013-cü ildə əri Nağıyev Mübarizlə nikahları rəsmi qaydada Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. X5 məhkəməyə ünvanlanmış notarial ərizəsində Bakı şəhəri, 2-ci Alatava 54k ünvanında qeydiyyatda olduğu mənzildən imtina etdiyini, mənzili ona verdiyini və heç bir əmlak bölgüsünü istəmədiyini bildirmişdir. Şəxsi əşyalarını götürərək birdəfəlik mənzildən çıxıb getmişdir. Onların işləri məhkəmədə olarkən yəni 2013-cü ildə qızı Maral atasının himayəsində olmuş və daaha sonra ailə həyatı qurmuş və Şamaxı rayonunda yaşamağa başlamışdır. Onunla heç bir əlaqəsi olmamışdır. Aralarında heç bir gediş-gəliş olmamışdır. İkinci qızı Fəridə onunla müəyyən müddət yaşasa da, 2019-cu ildə ailə qurması ilə əlaqədar mənzildən çıxıb getmişdir. Onda olan məlumata əsasən o, hal-hazırda Badamdar qəsəbəsində ailəsinin yanında yaşyır. Həmin nikahdan bir oğlu X16 doğulmuşdur. Qeyd olunan bir otaqlı ünvanda o, və oğlu X8 yaşayır. Oğlu hal-hazırda müddətli həqiqi hərbi xidmətdədir. Yuxarıda qeyd etdiklərindən də göründüyü kimi, üçüncü şəxslər könüllü şəkildə mənzili tərk edərək özlərinə başqa yaşayış yeri seçmişlər və bir daha geri qayıtmamışlar. Onun onlarla heç bir ailə münasibətləri qalmamışdır. Onlarla aralarında heç bir ünsiyyət, gediş-gəliş yoxdur. Üçüncü şəxs X3 qarşı qeydiyyatdan çıxarılması ilə bağlı 2016-cı ildə Yasamal Rayon Məhəməsində iddia qaldırsa da, məhkəmənin qərardadı ilə inzibati məhkəməyə müraciət etməsi izah edilmişdir. Daha sonra inzibati məhkəmədə iddia qaldırsa da, işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Beləliklə, üçüncü şəxslərlə heç bir əlaqəsi olmadığına, mənzilində yaşamadıqlarına baxmayaraq, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışlar. Bu evin faktiki sahibi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubunda mülkiyyətçisi olduğu ünvan 4 ünvanından qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət edə bildiyi qeyd olunmuşdur. Uzun illərlədir ki, onunla qonşuluqda yaşayan M.Elşən, M.İlqar və B. Elnur birlikdə tərtib etdikləri və Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS tərəfindən təsdiq olunan akt da üçüncü şəxlərin mənzilində yaşamadığını bir daha təsdiq edir. Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS tərəfindən verilmiş arayışlar da üçüncü şəxslərin mənzildə formal olaraq qeydiyyatda olduqları və mənzildə yaşamadıqları qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Eyni zamanda məhkəmənin 2-1(112)-15537/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X5, X7 və X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin və üçüncü şəxslərin iddaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxslərin müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-nin 62-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı X9 iddia tələbini müdafiə edərək, iddianın ümkün hesab olunaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. İş materiallarında olan İddiaçıya məxsus AA*******№-li şəxsiyyət vəsiqəsinin surətindən və “Elektron məhkəmə” sistemindən çap olunmuş şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1973-cü ildə İmişli rayonunda doğulmuş İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən verilmiş N091-81774N-3222 saylı xx.xx.2022-ci il tarixli məktubda Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq Maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirilmişdir ki, mülkiyyətçisi olduğu ünvan 6 ünvanından X5, X7, X6 və X11 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edə bilər. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara cavab olaaraq verilmiş; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********33 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilmədiyi qeyd olunmamışdır. Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin N 3-13-53\2-6295/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda X13 və X10 şəxsiyyət vəsiqələrini Azərbaycan Respublikası Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan 3 saylı “Asan xidmət” mərkəzindən aldıqları qeyd olunmuşdur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırki iş üzrə İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət və ya digər (istifadə, icarə və s.) hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən İddiaçı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, hazırkı iddianı qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar