Məhkəmə qərarları › İş №2-1(112)-4989/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4989/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4989/2021 08.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə qarşı qeydiyyata alınma tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi rayon polis idarəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı ünvan 1 ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 21 ildir ki, ərizəsində göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır, l-ci Qarabağ müharibəsində iştirak etmişdir, hazırda l-ci qrup əlildir. Faktiki yaşadığı ünvana yaşayış yeri üzrə qeydiyyata alınmağı barədə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın ərizəsinin təmin edilməsindən imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 29.03.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 09 iyun 2021-ci il tarixli 2-1(112)-4989/2021 saylı qərardadı ilə əsl olmayan cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsi əsl cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsi ilə əvəz olunmuşdur. Cavabdeh Bakı şəhər Binəqədi rayon polis idarəsi tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir, cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ağsu şəhəri, D.Qorqud küçəsi, ev 17 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1963-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. AZ-İN 822765 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı ilə X3 29.03.1989-cu ildə Ağsu şəhərində nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1989-cu ilin mart ayının 29-cu günündə 30 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şərifov, arvada Şərifova soyadı verilmişdir. Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən X1 iştirakı ilə təsdiq olunmuş ərizədə sonuncu yazıb bildirmişdir ki, o və ailəsi 2000-ci ildən Bakı şəhəri, ünvan 3 ünvanında yaşayırlar, kiçik övladı Elnarə Sulu-Təpə qəsəbəsində yerləşən 217 nömrəli məktəbdə oxuyur. Yoldaşı İddiaçı yuxarıda qeyd olunan ünvana qeydiyyata alınmağına etiraz etmir. Binəqədi rayon Xocasən Bələdiyyəsi tərəfindən verilmiş 05.11.2019-cu il tarixli 01- 01/A-2082 saylı arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Xocasən Bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində anası X10 ilə birlikdə qeydiyyatsız yaşayır və S.Şərifova bələdyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi RPİ tərəfindən 17.08.2007-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 05932840 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, 1942-ci ildə Ağsu rayonunda doğulmuş X10 ünvan 5 ünvanında qeydiyyatdadır. Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03.02.2021-ci il tarixli 399 saylı arayışda İddiaçı ünvan 7 ünvanında yaşayan ailə üzvləri- X4 (arvadı), X6 (qızı), X7(qızı), X12 (oğlu), X18 (nəvəzi), X19 (nəvəsi), X8 (nəvəsi) qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Xocasən qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 11.06.2020-ci il tarixli 906 saylı arayışdan müəyyən olunur ki, İddiaçı həqiqətən Bakı şəhəri Binəqədi rayon Sulu-təpə qəsəbəsində inşa etdiyi sənədsiz evdə qeydiyyatsız yaşayır. Ailə tərkibi – X4, X13, X2 ibarətdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavabdehin 059-3161Ş-3221 saylı, 04.02.2021-ci il tarixli məktubu ilə imtina edilmiş və imtinada iddiaçının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən onun və ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Yeni Çiçək y/massivi, R.Allahverdiyev 131 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməli olduğu, qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə göstərilən ünvana tərəflərindən qeydiyyata alınmasının qanuna müvafiq olmadığı qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusularıa cavab olaraq; - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 29.04.2021-ci il tarixli **********41 №li məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 131 saylı evin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilməməsi bildirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdrəsinin 07.06.2021-ci il tarixli 018-7751-1221 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyən edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, ünvan 10 ünvanında isə 06.09.2010-cu il təvəllüdlü X27, 08.08.2013-cü il təvəllüdlü X14, 14.09.1987-ci il təvəllüdlü X11, 15.10.2006-cı il təvəllüdlü X20 və 14.06.1963-cü il təvəllüdlü X5 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçının qeydiyyata düşmək istədiyi ünvan 1 ünvanına dair heç bir hüquqmüəyyənedici sənədləri olmadığına görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon polis idarəsinə qarşı Bakı şəhəri, ünvan 11 ünvana qeydiyyata alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar