Məhkəmə qərarları › İş №2-1(112)-499/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-499/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-499/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Sadpark küçəsinin Qərb hissəsində əlavə edilmiş situasiya planına uyğun olaraq 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-431/2009 saylı, 11 fevral 2009-cu il tarixli qətnaməsi ilə X3, X5, X10, X8 və İddiaçı Binəqədi rayon Bələdiyyəsi əsasında bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən müvafiq kəmiyyət və keyfiyyət göstəricisinə uyğun torpaq sahəsi ayrılması Binəqədi Bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamənin icrası nəticəsində Binəqədi rayon Bələdiyyəsinin 11 sentyabr 2009-cu il tarixli, 682 saylı qərarı ilə Bİnəqədi rayonu, 6-cı mkr, Sadpark küçəsinin Qərb hissəsində əlavə edilmiş situasiya planına uyğun olaraq 500 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə alğı-satqı yolu ilə ayrılması qərara alınmışdır. Bunun əsasında Binəqədi rayon Bələdiyyəsi (satıcı) ilə İddiaçı (alıcı) arasında torpaqların alğı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləsi əsasında alıcı müəyyən haqqı ödəyərək müqavilə predmetini təşkil edən daşınmaz əmlakı əldə etmişdir. Bundan sonra, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Sadpark küçəsinin Qərb hissəsində əlavə edilmiş situasiya planına uyğun olaraq 500 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət olunmuş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasından görünür ki, imtinanın əsasında 1 hal var, qeyd edilmiş torpaq sahəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasıdır. Cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubu aşağıdakı qanunvericiliyin müddəalarına görə əsassız hesab olunmalıdır. Qanunvericiliyin tələblərinə əsasən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın alğı-satqısına dair qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar daşınmaz əmlakın üzərinə hüquqların qeydiyyatı üçün əsasdır. Bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarın qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən bu qəbildən olan işlər üzrə bələdiyyə qərarının qəbul edilməsindən sonra ona ayrılan torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilib-keçirilməməsi (o cümlədən nturada müəyyən edilməsi), ona verilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması və təyintaının müəyyən edilməsi, torpağın alğı-satqısına dair aktın qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilibedilməməsi (səlahiyyətli şəxslər tərəfindən imzalanması, möhürlənməsi) istiqamətində araşdırılma aparılmalıdır. Qeyd etməyi zəruri hesab edir ki, onun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına səbəb – bələdiyyə tərəfindən qəbul edilmiş qərar və alğı-satqısına dair akt təşkil edir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin alğısatqısına dair müqavilədə Torpaq Xəritəçəkmə Komitəsinin möhürü olmasa da, bu hal onun mübahisəsinə mənfi hal kimi təsir etməməlidir. Belə ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən onun barəsində qərar qəbul edilərkən, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi əsas götürülmüşdür. Nəzərə alınmalıdır ki, Binəqədi Bələdiyyəsi qətnamənin məcburiliyi prinsipindən irəli çıxaraq, Mülki Məcəlləsinin 15-ci maddəsini rəhbər tutaraq, qətnamə ilə üzərində qoyulmuş öhdəliyi icra etmiş, iddiaçı ilə alğı-satqı müqaviləsi bağlamış və situasiya planına uyğun olaraq naturada koordinatları və yeri müəyyən olunmuş torpaq sahəsini ona satmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma zamanı, təqdim edilmiş sənədlərdə qeyd olunmuş torpaq sahəsinin X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı məlum olmuşdur. Bundan əlavə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə qeyd edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və vətəndaşa **********52 saylı, xx.xx.2021-ci il tarixli, **********32 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Sadpark küçəsinin Qərb hissəsində əlavə edilmiş situasiya planına uyğun olaraq 197 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********32 nömrəli vəxx.xx.2021-ci il tarixli, **********52 nömrəli imtina məktubları ilə iddiaçıya bildirilmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı müraciətlərinə cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. İşdə olan qanuni qüvvəsini almış Binəqədi Rayon Məhkəməsinin 2(001)-431/2009 nömrəli, 11 fevral 2009-cu il tarixli qətnaməsinin və həmin qətnamə əsasında tərtib edilmiş icra vərəqəsinin surətindən görünür ki, X3, X5, X10, X8 və İddiaçı Binəqədi rayon Bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən müvafiq kəmiyyət və keyfiyyət göstəricisinə uyğun torpaq sahəsi ayrılması Binəqədi Bələdiyyəsinə həvalə edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, qətnamənin icrası ilə bağlı 28 avqust 2009-cu il tarixli icra vərəqəsi tərtib edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 682 nömrəli, 11 sentyabr 2009-cu il tarixli qərarı, həmin qərara əlavə edilmiş müqavilə, akt və digər sənədlərdən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2009-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar olaraq Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 23 noyabr 2004-cü il tarixli, 299 nömrəli Qərarına dəyişiklik edilərək İddiaçı fərdi yaşayış evinin tikintisi üçün təklif olunan 500.00 kv.m torpaq sahəsinin ünvanı dəyişdirilərək, 29 noyabr 2004-cü il tarixdə torpaq sahəsinin alğı-satqısı ilə bağlı edilmiş ödəniş nəzərə alınmaqla Binəqədi rayonu, 6-cı mkr, Sadpark küçəsinin Qərb hissəsidnə boş torpaq sahəsindən 50.00 kv.m hissəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Bələdiyyənin müvafiq strukturları tərəfindən qətnamənin icrası ilə bağlı torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi xüsusiyyətləri təhlil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Binəqədi rayonu, 6-cı mkr, Sadpark küçəsinin Qərb hissəsində əlavə edilmiş situasiya planına uyğun olaraq 500,00 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə alğı-satqı yolu ilə ayrılmış (29 noyabr 2004-cü il tarixdə torpaq sahəsinin alğı-satqısı ilə bağlı edilmiş ödəniş nəzərə alınmaqla), sözügedən qərarın icrası ilə bağlı müqavilə və akt tərtib edilmiş, və torpaq sahəsinin situasiya planı təsdiq edilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********66 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, qərb hissəsində yerləşən torpaq sahəsi ilə bağlı müvafiq sənədlərin surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 478 nömrəli, 30 dekabr 2006-cı il tarixli qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr, Qərb hissəsində 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, X9 tərəfindən abadlaşdırılaraq yararlı vəziyyətə salındığını və onun tərəfindən istifadə edildiyini nəzərə alaraq onun mülkiyyətinə ayrılmışdır. Daşınmaz Əmlakın DÖvlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən sözügedən torpaq sahəsi mülkiyyət hüququ ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Notarial qaydada təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz Əmlakın Alğı-Satqı Müqailəsi”nə əsasən X9 həmin torpaq sahəsini X1. Sonuncun adına sözügedən torpaq sahəsinə dair xx.xx.2016-cı qeydiyyat tarixli çıxarış tərtib edilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********90 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinin surətindən görünür ki, göstərilən torpaq sahəsi digər sahələrlə ümumi sərhəd daxilində olmaqla bir tərəfdən mişar daş hasar üzəri metal barmaqlıqlardan ibarət, üç tərəfdən isə sərhədləri şərtidir. Ümumi sahənin ara sərhədləri şərtidir. Sözügedən torpaq sahəsinin bir tərəfindən 20.9 m və 17.4 m məsafədən 110 kV-lıq yeraltı (əvvəllər yerüstü olan) yüksək gərginlikli elektrik xətti keçir. Faktiki göstərilən 500 kv.m torpaq sahəsinin 303.0 kv.m hissəsi **********97 reyestr nömrəsi ilə X6 adına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsi keçmiş Zeytun Sovxozunun ərazisidir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfidnən xx.xx.2022-ci il tarixli, **********64 nömrəli məktubla təqdim edilmiş “Torpaq sahəsi barədə məlumatların verilməsi ilə bağlı” məlumatdan görünür ki, faktiki olaraq göstərilən torpaq sahəsi keçmiş Abşeron 2nömrəli Zeytunçuluq sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Torpaq sahəsinin bir tərəfindən 17.4 m və 20.9 m məsafədən 110 kV-luq yeraltı yüksək gərginlikli elektrik xətti keçir. Elektrik xətti yeraltı olduğundan sahə mühafizəyə düşmür. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətindən aşağıdakı əsaslarla imtina edilmişdir:

1. Torpaq sahəsinin X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması.

2. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə qəbul edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilməsi. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdehin 1-ci dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən hal məhkəmə tərəfindən araşdırılmış, araşdırma nəticəsində müəyyən edilmişdir ki, məhkəmə qərarı ilə iddiaçıya ayrılmış 500 kv.m torpaq sahəsinin 303.0 kv.m hissəsi **********97 reyestr nömrəsi ilə X6 adına qeydiyyatdan keçmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, həmin hissədə torpaq sahəsinin adına qeydiyyata alınmasından imtina etmiş, qalan hissədə - 197 kv.m hissədə adına qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, dəqiqləşdirilmiş iddia tələbi həddində cavabdehin imtinası həmin hissədə əsaslı hesab edilə bilməz. Cavabdehin 2-ci dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi bələdiyyə tərəfindən məhkəmə qərarının icrası nəticəsində ayrılmışdır. Bu səbəbdən də, cavabdehin sözügedən qanunvericilik normasına istinad etməklə iddiaçının torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtina etməsi əsaslı hesab edilə bilməz. Eləcə də, iş üzrə təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi bir tərəfdən 17.4 m və 20.9 m məsafədən 110 kV-lıq yeraltı yüksək gərginlikli elektrik xətti keçsə də, elektrik xəti yeraltı olduğundan sahə mühafizəyə düşmür. Həmçinin mütəxəsiss rəyində sözügedən torpaq sahəsinin Abşeron 2 nömrəli Zeytun Sovxozunun ərazisində olması göstərilmiş, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin ərazi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli Fərmanına əsasən Bakı şəhərinin inzibati ərazi hüdudlarına qaytarılmışdır. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci i il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci və 8.0.5-ci maddələrində (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar və 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır) nəzərdə tutulmuş əsaslarla mülkiyyət hüquqları yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Sadpark küçəsinin Qərb hissəsində əlavə edilmiş situasiya planına uyğun olaraq 197 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar